AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ AQRAR TƏHSİL VƏ ELM OCAĞI

 

1918-ci ilin may ayında şərqdə ilk müstəqil müsəlman respublikası olan Azərbaycan Demokratik Respublikasının yarandığı gündən kənd təsərrüfatının inkişafına, ölkənin aqrar bölümü üçün mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilirdi.

1920-ci il noyabrın 14-də görkəmli dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan İnqilab Komitəsinin qərarına əsasən Bakı Politexnik Məktəbinin bazasında Əzizbəyov adına Azərbay-can Politexnik İnstitutu təsis edildi. Həmin il dekabrın 14-də bu İnstitutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi də yaradıldı.

1922-ci ildə kənd təsərrüfatı fakültəsinə keçmiş şəhər məktəbinin binası verilir və burada tez bir zamanda botanika, zoologiya, kənd təsərrüfatı maşınları, kənd təsərrüfatı heyvan-larının anatomiyası və fiziologiyası, meteorologiya, torpaq-şünaslıq və ümumi əkinçilik kafedraları yaradılır.

1929-cu il mayın 15-də Azərbaycan SSR Xalq Komissarları Soveti kənd təsərrüfatı fakültəsini Azərbaycan Politexnik İnstitutunun tərkibindən ayırıb Azərbaycan Kənd Təsərrüfatı İnstitutu təşkil etmək və bu institutu Xalq Maarif Komissariatının tabeliyindən Xalq Torpaq Komissariatının tabeliyinə vermək haqqında qərar (protokol ¹ 10, 35-ci bənd) çıxarır.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 23 avqust 1929-cu il tarixli (protokol ¹ 22, 5-ci bənd) qərarı ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Əsasnaməsi təsdiq edilir.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülüb.

Yeni yaradılmış institutun (AKTİ) tərkibinə bitkiçilik, heyvandarlıq, pambıqçılıq və balıqçılıq təsərrüfatı fakültələri daxil idi. Bitkiçilik fakültəsinin tərkibində meyvəçilik, subtropik və texniki bitki, üzümçülük və şərabçılıq, meşəçilik və tərəvəzçilik, heyvandarlıq fakültəsinin tərkibində isə qaramal, süd təsərrüfatı, atçılıq, qoyunçuluq, inəkçilik və heyvandarlığın xırda sahələrinə məxsus şöbələr yaradıldı.

İnstitut Gəncəyə köçürüldükdən sonra onun fəaliyyəti və inkişafı üçün yeni perspektivlər açılır. Respublikada şəbəkəsi genişlənən kənd təsərrüfatı elmi tədqiqat müəssisələri burada cəmləşməyə başlayır və qədim Gəncə Respublikamızda kənd təsərrüfatı elmi fikrinin mərkəzinə çevrilir. Bu elmi müəssisə-lərin AKTİ ilə sıx əlaqəsi onun fəaliyyətinə müsbət təsir göstərirdi.

Azərbaycan Dövlət Himninin müəllifi, görkəmli istiqlal şairi Əhməd Cavad Axundzadənin adı hazırkı ADAU-nun salnaməsinə qızıl hərflərlə yazılmışdır. Onun ədəbi-ictimai fəaliyyətinin müəyyən bir dövrü - 1931-1934-cü illər bu qocaman təhsil ocağı ilə bağlı olmuşdur. Ə.Cavad əvvəllər dilçilik kafedrasının dosenti olmuş, sonralar kafedraya rəhbər-lik etmiş və ilk professor olmuşdur. Hazırda ADAU-nun dillər kafedrası onun adını daşıyır.

Dünya şöhrətli alimlər Yusif Məmmədəliyev, Çingiz Cuvarlı, Əlisöhbət Sumbatzadə və Aleksandr Qrossheym bu Universitetdə çalışmış, mütəxəssis hazırlığında böyük xidmət göstərmişlər. Sonralar Y.Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş, Ç.Cuvarlı SSRİ Dövlət mükafatına layiq görülmüş, Ə.Sumbatzadə, Y.Hacıyev Azərbaycan Elmlər Akademiyasının, A.Qrossheym isə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Milli kadrların yetişdirilməsində sonralar yeni uğurlar əldə edildi. AKTİ-nin yetirmələri, akademiklər Həsən Əliyev, Validə Tutayuk, İmam Mustafayev, İlyas Abdullayev, Firuz Məlikov, Məmmədtağı Qəniyev, Cəbrayıl Hüseynov, Ələkbər Quliyev və başqaları yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlığında böyük rol oynamışlar.

1941-1945-ci illərin müharibəsi təbii ki, İnstitutun fəaliyyətinə xeyli mənfi təsir göstərmişdi. Tədris prosesində gərgin vəziyyət yaranmışdı. Elmi tədqiqatlar çox zəif aparılırdı və ya heç aparılmırdı. Ağır müharibə illəri bu ali aqrar elm ocağının işinə zərbə vursa da, onun professor-müəllim heyəti və bütün kollektivi çətin və taleyüklü sınaqlardan çıxmaq üçün yollar axtarırdı. Müharibə çoxlu problemlər yaratmışdı. Bütün bunlar üçün kollektiv ciddi səylər göstərirdi. Sonralar yeni kafedra və laboratoriyalar yaradıldı və bir sıra əsaslı dəyişikliklər aparıldı.

2008-ci il noyabr ayının 26-da Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rəhbərliyin təqdim olunmasından sonra universitetdə ilk öncə yeni düşüncə tərzi ilə idarəetmə həyata keçirilməyə başladı, uzun illər kollektivi narahat edən problemlər araşdırıldı və onların həlli istiqamətində tədbirlər həyata keçirildi.

Tədris prosesinin təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldü.

Boloniya Bəyannaməsinin tələbləri baxımından təhsilin məzmununun müasirləşdirilməsi məqsədilə alimlərimizdən bir qrupu təcrübə mübadiləsi üçün Oklahoma Dövlət Universitetinə (ABŞ), Serbiya Kruçevaç Yem Bitkiləri İnstitutuna, Belqrad Torpaqşünaslıq İnstitutuna, K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinə, Sankt-Peterburq Dövlət Aqrar Universitetinə və Dövlət Baytarlıq Akademiyasına, Belorus Dövlət Aqrar Universitetinə, İstanbul Universitetinə, Qrayfsvald Universitetinə ezam edildilər.

2009/2010-cu tədris ilindən Universitetin bütün ixtisaslarının I kurslarında tədris prosesi kredit sistemi ilə həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) Siyahısına" müvafiq olaraq "torpaqşünaslıq və aqrokimya", "aqronomluq", "zootexniklik", "baytarlıq", "yerquruluşu, torpaq və şəhər kadastrı", "aqromühəndislik", "meşəçilik", "balıqçılıq və balıqçılıq təsərrüfatı işi" ixtisasları üçün Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş yeni nəsil Dövlət Təhsil Standartlarının əsasında tədris planları hazırlandı.

2009-cu ildə Universitetə tələbə qəbulunda da xeyli irəliləyiş oldu, qəbul planı 27 ixtisas üzrə 1035 nəfərə qarşı 97 % təşkil etdi.

Mütəxəssis hazırlığına dair dünya təcrübəsinin öyrənilməsi məqsədilə 2009-cu il mayın 14-16 tarixlərində Universitetdə "Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri: müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsilin modeli" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransa 6 xarici ölkədən, o cümlədən Türkiyə, Gürcüstan, Almaniya, İran, ABŞ və Norveçdən elm xadimləri iştirak etdi.

2009-cu ildə Universitetdə imtahanların keçirilməsi ilə bağlı rektorluq konkret tədbirlər həyata keçirdi. Qış və yay imtahan sessiyalarında obyektivliyi təmin etmək məqsədilə "Qaynar xətt", tədris-nəzarət və monitorinq komissiyası yaradıldı, bu qurumlara Universitetin nüfuzlu alimləri, mətbuat və ictimai təşkilatların nümayəndələri cəlb edildi, "Qaynar xətt"in səmərəli fəaliyyətinin təşkili məqsədilə Universitetin inzibati binasında və bütün tədris korpuslarında xüsusi otaqlar ayrıldı, əlaqə telefonları, rektorun elektron ünvanı, "Qaynar xətt" haqqında ictimaiyyətə məlumat verildi, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə tələbə və valideynlər üçün tam şərait yaradıldı, valideynlərə imtahanlarda iştirak etməyə icazə verildi.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"ndan irəli gələn müddəaların icrası ilə bağlı Universitetdə əsaslı struktur dəyişiklikləri aparıldı, bir neçə kafedra ləğv olundu, bir yeni fakültə yaradıldı.

Rektorun müşaviri və tədris işləri üzrə köməkçisi vəzifələri təsis edildi, yeni şöbələr - "elm şöbəsi", "beynəlxalq əlaqələr şöbəsi", "informasiya və kommunikasiya texnologiyaları mərkəzi", "tələbə şöbəsi", "təcrübə və işədüzəltmə şöbəsi", "distant və əlavə təhsil mərkəzi", "magistr hazırlığı mərkəzi" yaradıldı, bu qurumlara bacarıqlı və perspektivli gənclər rəhbər təyin edildi.

2009-cu ilin may ayında Universitetin tələbələri "Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində" (SIFE) adı altında keçirilən respublika çempionatında 12 ali məktəb arasında yarışın qalibi olmuş, 2009-cu il oktyabrın 2-dən 9-dək həmin komanda Almaniyanın Berlin şəhərində 48 ölkənin təmsil olunduğu dünya çempionatında Respublikamızı təmsil etdi.

Məzunların işlə təminatına dair problemlərin həlli məqsədilə 2009-cu il iyunun 2-də Universitetdə ilk dəfə "Məzun-2009" yarmarkası keçirildi, aqrar mütəxəssislərə olan ehtiyac öyrənildi, 300-dən artıq məzunumuz ixtisaslarına uyğun müvafiq işlərlə təmin edildi.

2009-cu il iyunun 12-də xüsusi proqram çərçivəsində məzun buraxılışına həsr olunan "Məzun günü" keçirildi.

2009-cu ilin iyun ayında Azərbaycan Dövlət Aqrar Universitetinin yeni Nizamnaməsi təsdiq olundu.

Universitetin rəsmi websaytı yaradıldı.

Son 20 ildə Universitetdə heç bir tikinti-quraşdırma və abadlıq işləri aparılmadığından on doqquzuncu əsrin axırlarında, iyirminci əsrin əvvəllərində və ortalarında inşa edilmiş tədris binaları, bu binalardakı auditoriyalar və laboratoriyalar yararsız hala düşmüş, tədris prosesinin normal gedişini təmin etmək məqsədilə texniki vəsait və avadanlıqlar alınmamışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə Universitetdə əsaslı təmir-tikinti və abadlıq işlərinin aparılması məqsədilə Respublika hökuməti tərəfindən 2009-2010-cu illərdə maliyyə vəsaiti ayrıldı.

Bu vəsait hesabına aqrar mühəndislik, zoobaytarlıq və əmtəəşünaslıq, aqronomluq, inzibati binada, tələbə qızlar yataqxanasında əsaslı təmir-tikinti və abadlıq işləri aparıldı. Qızlar yataqxanası "Süleyman" kəndli fermer təsərrüfatının hesabına müasir mebel dəstləri ilə təchiz olundu. Bütün binalarda qazanxanalarla birlikdə istilik sistemləri də quraşdırıldı.

Cəmi bir neçə kompüteri olan Universitetin bütün dekanlıqları, kafedraları, laboratoriyaları, şöbə və bölmələri müasir kompüter texnikası ilə təchiz edildi. Tədris prosesinin səmərəli təşkili məqsədilə ehtiyacı olan kafedralar üçün zəruri cihaz və avadanlıqlar alındı.

İnzibati binanın foyesində və iclas salonunda Ümummilli liderimiz Heydər Əliyevin büstləri qoyuldu, foye və Heydər Əliyev muzeyi vaxtilə onun xüsusi xidmət orqanlarında, Naxçıvanın, Azərbaycanın və keçmiş SSRİ rəhbərliyində fəaliyyəti, həmçinin 1980-ci il dekabrın 16-da bu ali təhsil müəssisəsinə "Şərəf nişanı" ordeninin təqdim edilməsi ilə bağlı zəngin fotoşəkillərlə bəzədildi.

Heydər Əliyev məktəbinin işi daha da canlandırıldı, bu gün həmin məktəbdə Ümummilli liderimizin həyat və fəaliyyəti ilə bağlı müntəzəm tədbirlər keçirilir.

İctimai rəy sorğularının nəticələrinə görə "İlin ən yaxşı müəllimi" və "İlin ən yaxşı laborantı" müəyyənləşdirilərək onlara hədiyyələr verildi ki, bu da pedaqoji və tədris-köməkçi heyətdə daha yaxşı işləmək həvəsini xeyli artırdı.

2009-cu il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə gəlişi zamanı Universitetin inzibati binasının önündə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı lövhənin açılışında iştirakı bütün professor-müəllim heyətinin, tələbələrin böyük sevincinə və ruh yüksəkliyinə səbəb oldu.

Tələbə yataqxanalarında məskunlaşan Kəlbəcər rayon məcburi köçkünlərinə diqqət və qayğı xeyli artırıldı, onların məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görüldü.

Şəhərdə SOS Uşaq Kəndinə, əlillər evinə, hərbi hissəyə, hərbi hospitala, Universitetdə işləyən imkansız ailələrə, tələbələrə maddi yardımlar edildi.

2009-cu ilin iyul ayında Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə universitetimizdə oldular.

2009-cu ilin sentyabrında Bakıda Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirilmiş üçüncü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgi və Konfransında ADAU ilk dəfə rektorumuz professor Mirdaməd Sadıqovun rəhbərliyi ilə iştirak edərək Sərginin ən böyük "Möhtəşəm debut" mükafatı ilə təltif edildi.

2009-cu ilin oktyabrında Bakıda keçirilmiş Beynəlxalq Kənd Təsərrüfatı, Ərzaq Emalı və Qablaşdırma Sərgi və Konfransında ADAU ilk dəfə iştirak etməsinə baxmayaraq yüksək səviyyədə təmsil olundu. Ən fərəhli hal ondan ibarətdir ki, ölkə Prezidenti cənab İlham Əliyev və Kənd Təsərrüfatı naziri cənab İsmət Abasov həmin sərgidə ADAU-nun pavilyonunu ziyarət etdilər.

Bu gün Azərbaycan aqrar elm alimlərinin çox hissəsinin cəmləşdiyi Azərbaycan Dövlət Aqrar Universitetində 445 professor-müəllim heyəti, o cümlədən 1 akademik, 1 AMEA-nın müxbir üzvü, 29 elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi, dosent 3000-dən artıq tələbənin təlim-tərbiyəsi ilə məşğul olur.

Professor-müəllim heyətindən 3-ü Əməkdar Elm Xadimi, 3-ü Əməkdar Kənd Təsərrüfatı İşçisidir.

"Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" Kənd Təsərrüfatı Nazirliyinin 28 sentyabr 2009-cu il tarixli 269 saylı əmrinə əsasən yubileyin keçirilməsi ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən rəngarəng tədbirlər, o cümlədən, Gəncə şəhər ali məktəb tələbələrinin xarici dillərdə "Aqrar sahənin inkişafı və onun ekoloji aspektləri" və "Qloballaşan Dünya və milli mənəvi dəyərlərimiz" mövzularında elmi praktik konfranslar, "Heydər Əliyev və aqrar sahənin inkişaf istiqamətləri" mövzusunda "Dəyirmi Masa", Gəncə ali məktəb tələbələrinin kross yarışı, kütləvi qiraəti keçirilmişdir.

"Aqrar təhsil və elm muzeyi"nin yaradılmışdır.

Yubileylə bağlı monoqrafiya nəfis şəkildə nəşr olunmuşdur.

Bu gün universitetin qarşısında həlli vacib olan xeyli vəzifələr dayanır. Ümdə vəzifəmiz ölkəmiz üçün mütəxəssis hazırlığı keyfiyyətinin daha da yaxşılaşdırılması, elmi tədqiqatların genişləndirilməsi və dərinləşdirilməsindən, məhsul istehsalının artırılması üçün aqrar bölməyə hərtərəfli kömək göstərilməsindən ibarətdir.

Əminik ki, yaxın zamanlarda Universitetimiz Qafqazın ən nüfuzlu ali məktəblərindən birinə çevriləcəkdir. Bunun üçün kollektivimiz əlindən gələni əsirgəməyəcəkdir.

 

 

Nüsrət Hüseynov

 

Ədalət.- 2010.- 22 may.- S. 17.