Şərəfli ömür yolu

 

ƏHLİMAN TAPDIQ OĞLU ƏMİRASLANOV 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd

 

Müasir Azərbaycan ziyalısından söhbət düşəndə gözlər önünə ilk gələnlərdən biri də dünya miqyasında tanınan alim, məşhur cərrah-onkoloq Əhliman Əmiraslanov olur. Əhliman Tapdıq oğlu Əmiraslanov 1947-ci il noyabrın 17- də qədim Azərbaycan torpağı olan indiki Ermənistanın (Göyçə mahalının) Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində dünyaya gəlib. 1965- ci ildə orta məktəbi qızıl medalla bitirən Ə.Əmiraslanov həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutda təhsil alarkən fitri istetadı, yüksək erudisiyası ilə fərqlənən gənc Ə.Əmiraslanov onkologiya sahəsinə daha çox meyl göstərib və 1969- cu ildə, hələ tələbə ikən, Bakı şəhər onkologiya klinikasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.

O, 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971-74 -cü illərdə Bakı şəhər onkologiya klinikasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Əhliman Əmiraslanov onkologiya sahəsi üzrə ilk müəllimi olan professor Arif Abbasovun əziz xatirəsini həmişə böyük məhəbbətlə yad edir, onun gördüyü işləri yüksək dəyərləndirir.

Ə.Əmiraslanov 1974-cü il oktyabrın 1-də müvəffəqiyyətlə imtahan verərək Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzi nəzdində aspiranturaya daxil olub. 1977-ci ildə aspiranturada təhsil vaxtı hələ başa çatmamış, vaxtından əvvəl, "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların ampultasiyasından sonra xəstələrin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülübdür.

Ə.Əmiraslanov 24 noyabr 1977- ci ildən Moskvada Ümumittifaq Onkoloji Elmi Mərkəzinin ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 16 sentyabr 1981-ci ildən həmin şöbədə böyük elmi işçi vəzifələrində çalışıb. Bu dövrlərdə çoxlu miqdarda mürəkkəb cərrahiyyə əməliyyatlarını, o cümlədən dünyanın yalnız bir neçə məşhur klinikalarında icra olunan və SSRİ miqyasında ilk dəfə Azərbaycan alimi Ə.Əmiraslanov tərəfindən həyata keçirilən "Rotasion plastika" cərrahiyyə əməliyyatını böyük məharətlə yerinə yetirərək, ümidverici göstəricilər əldə edibdir. Gənc alim elmi axtarışlarını uğurla davam etdirərək 1984- cü ildə, 36 yaşında ikən, "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülübdür.

Sümük sarkomasının bütün incəliklərini dünya mətbuatında geniş şərh edən və Beynəlxalq elmi yığıncaqlarda sanballı çıxışları ilə fərqlənən alimin adı, tezliklə, nəinki keçmiş Sovetlər İttifaqının ayrı-ayrı respublikalarında, eləcə də dünyanın hər yerində tanınıb və şöhrətlənib.

Ə.Əmiraslanov 1979-1985- ci illər ərzində Moskvada apardığı səmərəli elmi-tədqiqat işlərinə görə ardıcıl olaraq SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Mərkəzinin rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülübdür. Həmin illər ərzində ümumi onkologiya şöbəsində "Sümük şişlərinin müalicə metodlarının təkmilləşdirilməsi" mövzusu üzrə cavabdehlik görkəmli alim Ə.Əmiraslanova tapşırılıb və o, bu vəzifənin öhdəsindən bacarıqla gəlibdir. Dünya şöhrətli mütəxəssislərdən akademik N.N.Trapeznikov qeyd edib ki, "Əhliman Əmiraslanovun onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə dəyərli yeni elmi nəticələrdir. Bu nəticələr xarici ölkə alimlərinin həmin sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayır".

Ə.Əmiraslanov ardıcıl olaraq bir neçə elmi işləmələri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq edib. Belə işləmələr sırasında dayaq - hərəkət aparatı şişləri zamanı bərpa müalicəsi metodları əsas yer tutur.

Ə.Əmiraslanov iyirminci yüzilliyin 70-80-cı illərində "Dayaq - hərəkət aparatı şişləri olan xəstələrin müalicəsi və reabilitasiyası" üzrə Ümumittifaq məktəbinə rəhbərlik edib və dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalları ilə təltif olunub.

Ə.Əmiraslanovun "Uşaq, yeniyetmə və yaşlılarda osteogen sarkomanın kompleks müalicə metodu" adlı işləməsi SSRİ Səhiyyə Nazirinin 1162 saylı əmri ilə 1983-cü il 3 oktyabr tarixində tibb elminin səhiyyə praktikasında qazanılan mühüm nailiyyətlərin tətbiqinin Ümumittifaq perspektiv planına daxil edilib.

1985-ci iin noyabr ayında ABŞ-ın Orland ştatında keçirilən beynəlxalq simpoziumda Əhliman Əmiraslanovun çıxışı dünya alimlərinin böyük marağına səbəb olub. Elə həmin ildə Ə.Əmiraslanovun məhsuldar fəaliyyəti "Sümük sarkomaları" adlı monoqrafiyada öz əksini tapıb və bu orijinal monoqrafiyaya görə o, SSRİ Tibb Elmləri Akademiyasının 5 ildə bir dəfə təqdim edilən nüfuzlu "N.N.Petrov adına" mükafat və medalı ilə təltif edilib.

Dünyada tanınan və layiqli nüfuz qazanan alim 1986-cı ildə elm və texnika sahəsi üzrə "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi" haqqındakı silsilə elmi - texnoloji işlərinə görə SSRİ Dövlət mükafatı laureatına layiq görülüb.

1987-ci il iyunun 18- də Ə.Əmiraslanov Ümumittifaq Onkoloji Elmi Mərkəzin ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilib. 1988-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin "Dayaq-hərəkət aparatı şişləri" şöbəsində professor vəzifəsinə seçilib.

Professor Ə.Əmiraslanov Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində praktik işlə bərabər böyük elmi-təşkilati işlərlə də məşğul olub. O, həmin illərdə "Onkologiya" ixtisası üzrə İxtisaslaşdırılmış elmi şuranın, həmçinin Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin Elmi Şurasının üzvü olub. Professor Ə.Əmiraslanov Moskvada işlədiyi müddətdə 12 tibb elmləri namizədi və 5 tibb elmləri doktorunun yetişməsinə bilavasitə rəhbərlik eləyib.

Professor Ə.Əmiraslanov 1991-ci ildə yüksək ixtisaslı tibb kadrları hazırlığındakı, eləcə də tibb elminin və səhiyyənin inkişafındakı görkəmli xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan üçün çox çətin, ağır illər idi. Bu illərdə başqa sahələrdə olduğu kimi tibb sahəsindən olan bir çox mütəxəssislər Azərbaycanı tərk edib başqa ölkələrə gedirdilər. Azərbaycanda beyin axının gücləndiyi bir dövrdə Əhliman Əmiraslanov Moskvadakı rahat iş yerindən çıxıb Bakıya gəlməyi və Azərbaycanın ağır illərində ona öz peşəsi ilə, öz peşəkar həkimliyi ilə dayaq olmağı, kömək olmağı qərarlaşdırıb. O, öz xeyirxahlığı, təmənnasız xidməti ilə tezliklə əhalinin hörmət və rəğbətini qazanıb. Alim öz doğma xalqına xidmət etməkdən, çətin günlərdə öz xalqının arasında olmaqdan zövq alıb. Əhliman Əmiraslanov bu ünsiyyəti, bu münasibəti indi də davam etdirir. Rektorluqdakı işləri çox olsa da, o, hər gün səhərlər öz həkimlik peşəsi ilə məşğul olmağa üstünlük verir və xəstələrə şəfa verməkdən məmnunluq duyur. Ona görə də xalq onu təkcə dünya şöhrətli alim, bacarıqlı təşkilatçı, səriştəli təhsil işçisi kimi deyil, həm də qayğıkeş və ünsiyyətli bir həkim kimi sevir. Əhliman Əmiraslanov xalqına, vətəninə xidmət etməyi özünə övladlıq borcu hesab edir.

Akademik Ə.T.Əmiraslanov 18 ildən artıqdır ki, Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışır və bu vəzifəni şərəflə yerinə yetirir.

Ə.Əmiraslanov eyni zamanda 1993- cü ildə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilibdir.

Akademik Ə.Əmiraslanovun elmi-tədqiqatlarının əsasını dayaq - hərəkət aparatı, süd vəzisi və digər orqanların bədxassəli şişlərinin öyrənilməsi, eləcə də onların effektli müalicə metodlarının və profilaktikasının işlənib hazırlanması, bu metodların praktikada uğurla tətbiq edilməsi təşkil edir. Professor Ə.Əmiraslanovun bu sahədə təklif etdiyi yeni müalicə metodları artıq sınaqdan çıxaraq praktik səhiyyədə müvəffəqiyyətlə tətbiq olunub və hazırda ondan müxtəlif klinikalarda geniş miqyasda istifadə edilir. Onun təklif etdiyi müasir müalicə metodu xəstəliyin uzaq nəticələrini yaxşılaşdırır, əlillik dərəcəsini azaldır, qısa müddətdə xəstələrin aktiv əməyə və məişətə qayıtmalarına kömək edir. Professor Ə.Əmiraslanovun təklif etdiyi konstruksiya əsasında hazırlanan və Bakıda ilk dəfə tətbiq edilən endoprotezlər, xaricdə hazırlanan endoprotezlərə nisbətən həm xeyli ucuz başa gəlir, həm də daha praktik hesab olunur.

Akademik Ə.Əmiraslanovun elmi işləri nəinki ölkəmizdə və yaxın xaric sayılan MDB ölkələrində, eləcə də dünyanın digər qabaqcıl ölkələrində geniş yayılıb və onkologiya elmində yeni mərhələnin başlanmasına əsaslı zəmin yaradıb. O, dəfələrlə Amerika Birləşmiş Ştatlarında, Fransada, Yaponiyada, İtaliyada, İsveçdə, Yunanıstanda, Macarıstanda, Bolqarıstanda, Çexoslovakiyada, Almaniyada, Sinqapurda, Türkiyədə, Rusiya Federasiyasında, Polşada, İsraildə, Pakistanda, Kanadada, İranda, Avstriyada və digər ölkələrdə keçirilən qurultay, simozium, konqress və konfranslarda elmi məruzələrlə çıxışlar edərək, onkologiya sahəsində əldə etdiyi yenilikləri beynəlxalq miqyasda böyük müvəffəqiyyətlə nümayiş etdirib.

Akademik Ə.Əmiraslanov SSRİ dövründə sovet nümayəndə heyətinin, hazırda isə ölkəmizin nümayəndə heyətinin rəhbəri kimi dəfələrlə bir çox xarici ölkələrdə elmi ezamiyyətlərdə olub, xarici ölkələrlə elmi və pedaqoji əlaqələrin möhkəmlənməsi yolunda təqdirəlayiq işlər görüb. Hazırda dünyanın ən məşhur onkoloq-cərrahlarından biri kimi tanınan professor Ə.Əmiraslanov bir çox nüfuzlu xarici klinikalarda dərin məzmunlu və dəyərli mühazirələr oxuyaraq, Azərbaycana layiqli başucalığı gətirib. O, həmçinin bir neçə dəfə ABŞ- da Hyüston tibb mərkəzindəki M.D.Anderson onkologiya klinikasında uzunmüddətli elmi ezamiyyətdə olub.

Akademik Ə.Əmiraslanov həm Moskvada fəaliyyət göstərdiyi vaxtlar SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Mərkəzində (ÜOEM), həm də hazırda Bakıda ATU-nun Onkoloji Klinikasında böyük praktik işlər apararaq çoxlu miqdarda xəstə qəbul edir, məsləhətlər verir və bilavasitə özü mürəkkəb cərrahi əməliyyatlar aparır.

Akademik Ə.Əmiraslanov Moskvada Mərkəzi Təkmilləşdirmə İnstitutunun kursantlarına, SSRİ TEA- nın ÜOEM- nin aspirant və ordinatorlarına, Bakıda isə Azərbaycan Tibb Universitetinin tələbələrinə, dinləyicilərinə ixtisası üzrə maraqlı və məzmunlu mühazirələr oxuyaraq təcrübəli pedaqoq kimi dərin hörmət və böyük nüfuz qazanıb. O, 1997- ci ilin noyabr ayının 19- da Respublikanın və xarici ölkələrin tibb alimləri, səhiyyə işçiləri qarşısında "Dayaq - hərəkət aparatının bədxassəli şişlərinin müasir müalicə metodlarının işlənib hazırlanması və təcrübəyə tətbiqi" mövzusu üzrə Akt nitqi söyləyib və həmin nitq tibb ictaimayyətinin böyük marağına səbəb olub. Professor Ə.Əmiraslanov az vaxt ərzində ATU-nun təhsil sistemində bir sıra islahatlar keçirib və kadr hazırlığının təkmilləşməsinin əsasını qoyubdur.

Akademik Ə.Əmiraslanov SSRİ TEA-nın ÜOEM-ində təşkil edilmiş hospitalizasiya üzrə daimi komissiyanın üzvü olub və 1988-ci ildə SSRİ TEA-nın ÜOEM-də keçirilən "Sümük sarkomlarının müalicəsi" adlı Onkoloqlar Məktəbinin Beynəlxalq Təşkilat Komitəsi tərkibində aktiv fəaliyyət göstəribdir.

Akademik Ə.Əmiraslanov 350-dən çox elmi əsərin müəllifidir. Onun əsərlərinin böyük əksəriyyəti dünyanın bir çox ölkələrinin nüfuzlu jurnal, toplu və məcmuələrində nəşr edilibdir. Əsərlərindən 17-si monoqrafiya, 16-sı ixtira və səmərələşdirici təkliflər, 28-i dərslik və dərs vəsaiti, 8-i metodik tövsiyədir. O, həmçinin onlarla elmi-kütləvi məqalələrin və görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən məqalələrin müəllifidir. Akademik Ə.Əmiraslanovun hazırladığı "Onkologiya" adlı ilk orijinal dərslik azərbaycanlı tələbələr üçün əvəzsiz töhfə olub və onların, eləcə də həkimlərin, aspirantların stolüstü kitabına çevrilibdir. Professor Ə.Əmiraslanov 1995-ci ildə Ankarada çapdan çıxan "Bədxassəli sümük şişlərinin proqnozu", 1999- cu ildə çap olunan "Onkoloji kaxeksiya" adlı monoqrafiyaları da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Alimin həmmüəlliflərlə birgə yazdığı "Mədə və qida borusu xərçəngi olan xəstələrdə kaxeksiya" adlı kitab həm rus dilində, həm də Türkiyədə ingilis dilində nəfis şəkildə çap olunub və dünya oxucularının istifadəsinə verilib. Bunlardan əlavə 1987-ci ildə Nyu- Yorkda, 1989-cu ildə Tokioda müvafiq olaraq dünyanın məşhur onkoloqlarından W.F.Enneking və T.Yamamura kimi görkəmli alimlərin redaktorluğu ilə çap olunmuş sanballı rəhbərliklərin hər birinin böyük bir bölməsində Azərbaycan alimi Ə.Əmiraslanovun onkologiyanın müasir problemlərinə dair ümumiləşmiş işlərinin dəyərli nəticələrini əks etdirən yazılara geniş yer verilib.

Akademik Ə.Əmiraslanov elmi-pedaqoji kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirir və bu sahədə də məhsuldar çalışaraq öz yetişdirmələrinə tələbkarlığı bir an belə azaltmadan, böyük qayğı, yüksək həssaslıqla yanaşır. Əhliman Əmiraslanov məktəbinin yetişdirmələri nəinki Azərbaycanın, eləcə də keçmiş SSRİ- nin müxtəlif klinikalarında çalışaraq, onun yolunu davam etdirirlər. Professor Ə.Əmiraslanovun bilavasitə rəhbərliyi altında 41 nəfər dissertasiya müdafiə edib və onlardan da 30 nəfəri tibb elmləri namizədi, 1 nəfəri tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Akademik Ə.Əmiraslanov Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, üzvü Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvü, Amerika Klinik onkoloqlar Cəmiyyətinin üzvü, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

1998-ci ildə professor Ə.Əmiraslanovun adı dünya tibb elminə verdiyi dəyərli töhfələrə görə Kembricdə çapdan çıxan "XX əsrin 2000 görkəmli şəxsiyyəti" məcmuəsinə daxil edilibdir. O, həmçinin həmin ildə tibb elminin, tibb təhsili sisteminin inkişafı yolunda, eləcə də onkologiya sahəsində əldə etdiyi nailiyyətlərin səhiyyə praktikasında geniş tətbiqi yolunda qazanılan yüksək nəticələrə görə Amerika Bioqrafiya İnstitutunun "Qızıl Heykəl" mükafatına, 1999-cu ildə isə Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına Böyük qızıl medalına və mükafatına layiq görülübdür. Professor Ə.Əmiraslanov 1998-ci ilin yanvarında aparılan sorğuya əsasən "1997-ci ilin elm adamı" fəxri adına layiq görülüb.

1999-cu ildə YUNESKO xətti üzrə Azərbaycan Milli "Bioetika, elm və texnologiyaların etikası" Komitəsinin sədr müavini seçilib, 2000 -ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub, 2001 - ci ildə Rusiya Tibb Elmləri Akademiyasının akademiki və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 2006-cı ildən YUNESKO-nun "Bioetika, elm və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvüdür, YUNESKO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik- katibi seçilib.

Akademik Ə.Əmiraslanov 2007-ci ildə RTEA- nın akademik N.N. Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın "XXI yüzilliyin liderləri" proqramı çərçivəsində "Millətin intellekti" adlı beynəlxalq təltifə layiq görülüb, 2010-cu ilin aprel ayının 30-da ölkə Prezidentinin sərəncamına əsasən akademik Ə.Əmiraslanovun adı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, həmçinin Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri siyahısına salınıb.

Akademik Əhliman Əmiraslanov 1995-ci ildən Azərbaycan-İran İslam Respublikası Dostluq Cəmiyyətinin sədridir.

Görkəmli alim 1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı (millət vəkili) seçilib. 5 il ərzində o, deputat səlahiyyəti ilə dövlət səviyyəli nümayəndəliklərin tərkibində bir sıra xarici ölkələrdə olub, Azərbaycanı müdafiə edən siyasi məsələlərin müzakirəsində, ərazi bütövlüyümüz, dövlət müstəqilliyimiz və dövlətçiliyimizin qorunmasında fəal iştirak edib, Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleya Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərib.

 

Görkəmli alimlər akademik Əhliman Əmiraslanov haqqında

 

Nikolay Nikolayeviç Bloxin, SSRİ TEA-nın prezidenti, SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru, akademik:

- Məmnunam ki, son dərəcə çətin əməliyyat sayılan "Rotasion plastika" əməliyyatını Sovetlər İttifaqında ilk dəfə, dünya miqyasında isə birincilər sırasında yerinə yetirməyi bacaran cərrah-onkoloq bizim yetirməmiz olan azərbaycanlı alim Əhliman Əmiraslanov olub. Mən SSRİ miqyasında kiminsə risq edib "Rotasion plastika" əməliyyatını aparacağına əmin deyildim, ona görə də belə risqi münasib saymırdım. Lakin Əhliman Əmiraslanov gənclik entuziazmı ilə bu növ təsəvvürləri yaxşı mənada dağıdaraq onkologiyada inamla inqilabi sıçrayış etdi. O, əsl qalibdir! Qaliblər mühakimə olunmurlar!

 

Nikolay Nikolayeviç Trapeznikov, Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru, akademik:

- Çox şadam ki, mənim Əhliman Əmiraslanov kimi bir tələbəm var. Arxayınam və şərəf duyuram ki, istənilən anda o məni Onkoloji Elmi Mərkəzin baş direktoru vəzifəsində əvəz edə bilər.

Ə.Əmiraslanovun onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə yeni elmi nəticələrdir. Bu nəticələr xarici ölkə alimlərinin həmin sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayır.

 

Ş.Edxad, Amerika Birləşmiş Ştatlarının Los-Anceles Ştatının Onkologiya İnstitutunun direktoru, professor:

- Hər sahədə yaxın dostum və məsləkdaşım olan professor Əhliman Əmiraslanov görkəmli alim, dünyada tanınan cərrah-onkoloq olmaqla yanaşı, həm də qəlb genişliyinə malik büllur kimi saf insandır.

 

İhsan Doğramacı, Türk dünyasının dünya şöhrətli alimi, professor, doktor:

- Əhliman müəllim dünya miqyasında tanınan çox böyük alimdir. O, 20 il Moskvada çalışdığı dövrdə onkologiya sahəsində çox böyük şöhrət qazanıb. Lakin onun Moskvada çalışdığı uğurlu fəaliyyətindən sonra Bakıya - Azərbaycana qayıtması onun öz xalqına, vətəninə bağlılığının təntənəsinə çevrildi. Belə vətənpərvərlik alqışa layiqdir.

A.Mürey, Amerika Birləşmiş Ştatlarının Hyüston Onkologiya Klinikasının rəhbəri, professor:

- Professor Əhliman Əmiraslanov son dərəcə istedadlı, işgüzar, əməksevər, təvazökar, xeyirxah alimlərdən, nadir şəxsiyyətlərdəndir.

 

Ənvər Həsənoğlu, Türkiyənin Qazi Universitetinin rektoru professor, doktor:

- Əhliman bəyi mən xeyli vaxtdır tanıyıram. O, dünyada məşhur bir alimdir. Uzun müddət Moskvada çalışdı. Sonra Bakıya gəlib işləməyi isə böyük bir fədakarlıqdır. O, dünya çapında məşhur bir alim, məşhur bir həkimdir. Əhliman bəy Türkiyədə də yaxşı tanınır. Onun adı istər Ankarada, istər İstanbulda, istər Hacəttəpədə, istər İzmirdə, İstər Adanada, istərsə də Türkiyənin digər şəhərlərində hörmətlə çəkilir, rəğbətlə qarşılanır.

 

Pyotr Proskurin, Rusiyanın görkəmli dramaturqu:

- Akademik Ə.T.Əmiraslanov tibb üzrə istənilən Akademiyanın fəxri sayıla bilinən dünya şöhrətli alim, bəşəri duyğulara malik əsl insandır.

 

Mixail İvanoviç Davıdov, Rusiya Tibb Elmləri Akademiyasının prezidenti, RTEA-nın Onkoloji Elmi Mərkəzinin baş direktoru:

- Dünyanın bütün məşhur onkoloqları Əhliman Əmiraslanovla sıx əlaqə saxlayır, onu öz ölkələrində görməkdən qürur duyurlar. O, həm keçmiş SSRİ dövründə, həm də hazırda beynəlxalq əlaqələri genişləndirərək onkologiya elmini yeni nailiyyətlərlə zənginləşdirir. Bunun müqabilində akademik Əhliman Əmiraslanov onkologiya sahəsində ən yüksək təltiflərə, ən yüksək mükafatlara layiq görülüb. O, bunlara layiqdir!.

 

Ağabəy Sultanov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor:

Məni hər vaxt insanda iki xüsusiyyət valeh etmişdir. Bu xüsusiyyətlərdən biri yaxşı mütəxəssis, ikincisi isə xeyirxah və mədəni insan olmaqdır. Bu xüsusiyyətlərin hər ikisi görkəmli alim, tanınmış cərrah-onkoloq Əhliman Əmiraslanovda bərqərardır. O, həm Moskvada işlədiyi müddətdə, həm də Azərbaycandakı elmi-pedaqoji fəaliyyəti dövründə öz xeyirxahlığı və yüksək səviyyəli xidməti ilə xalqın hörmət və rəğbətini qazanmışdır. Akademik Əhliman Əmiraslanov kimi mütəxəssislərə heç də hər yerdə, hər vaxt rast gəlinmir. O, elm aləmində, praktik həkimlikdə, eləcə də ictimai həyatda nadir inci kimidir.

 

J.N.Abdrahmanov, Qazaxıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunun direktoru, akademik:

Akademik Əhliman Əmiraslanovun elm sahəsində və kliniki praktikada əldə etdiyi nailiyyətlər dünya miqyasında yüksək dəyərləndirilir və bu, mənim də ürəyimcədir. Onun dayaq-hərəkət aparat şişlərinin müalicəsində tətbiq etdiyi metodlar Qazaxıstan alimlərinə, həkim-onkoloqlarına yaxşı tanışdır və bu metodlardan Qazaxıstanın onkoloji klinikalarında da geniş istifadə olunur. Dünya şöhrətli Azərbaycan alimi Əhliman Əmiraslanov eyni zamanda bacarıqlı təşkilatçı, görkəmli ictimai xadimdir.

 

 

Ədalət.- 2010.- 3 noyabr.- S. 4.