Mənsum İbrahimovun yubileyi dövlət səviyyəsində qeyd olundu

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, Milli Konservatoriyanın dosenti, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

Lent.azn məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib.

Tədbirdə ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Mənsum İbrahimovu Məcnun obrazının əvəzsiz ifaçısı kimi dəyərləndirib. O bildirib ki, Mənsum İbrahimovun opera, pedaqoji sahədəki fəaliyyəti ilə yanaşı, xanəndəliyi də tərifəlayiqdir. Çünki o, bir xanəndə kimi Azərbaycanı digər ölkələrdə yüksək səviyyədə təmsil edirsevilir. Buna misal olaraq nazir Mənsum İbrahimovun İranda keçirilən Azərbaycanın mədəniyyət günləri çərçivəsində Tehran və Təbrizdə iştirak etdiyi konsertləri xatırlayıb: "Mənsum İbrahimov əsl sənətkar, gözəl muğam ifaçısı və Məcnun obrazının ən yaxşı ifaçılarındandır. Düşünürəm ki, 50 yaş cavanlığın növbəti mərhələsidir. Mənsum İbrahimov bu mərhələni şərəflə keçdi. Onun yaradıcılığına ən layiqli qiyməti prezident İlham Əliyev "Şərəf" ordeni ilə verdi".

Çıxışdan sonra nazir yubilyara "Şöhrət" ordenini təqdim edib. Gecədə Mənsum İbrahimovun həyat və yaradıcılığını əks etdirən "Zirvəyə ucalan səs" filmi nümayiş olunub. Filmin ssenari müəllifi Mustafa Çəmənli, rejissorları Elnur Əhmədov, Elçin Həşimovdur. Şərqşünas alim Vasim Məmmədəliyevin idarə etdiyi tədbirdə Siyavuş Kərimi, Bəkir Nəbiyev, Əlibaba Məmmədov, Zəlimxan Yaqub, Arif Babayev, Canəli Əkbərov, Mustafa Çəmənli yubilyar barədə xoş fikirlərini bölüşüblər.

Sonda Mənsum İbrahimov tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib. Bu cür gözəl tədbirlərin, muğam gecələrinin tezliklə Qarabağda keçirilməsini arzulayıb: "Mustafa Çəmənlinin dediyi həqiqətdir. Mən Məcnunun Məcnunuyam. Amma mən həm də Qarabağımızın Məcnunuyam. Ümid edirəm və inanıram ki, tezliklə Qarabağda da belə gözəl tədbirlər keçirəcəyik". Tədbir Mənsum İbrahimovun möhtəşəm ifası ilə başa çatıb.

 

 

Ədalət.- 2010.- 4 noyabr.- S. 8.