Təbiətçilik - İnsançılıq

 

(Atanın əsərlərindən seçmələr)

 

(əvvəli ötən sayımızda)

 

Təbiətə insani münasibət yaranmalıdır

 

...Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif Atanın) yaradıcılığında təbiətə münasibət ayrıca yer tutur. Türk fitri təbiətçidir. Onun insana, həyata, dünyaya münasibəti fitri xarakterinin ucalığından irəli gəlir. O, həyata daim yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir. Bu cəhəti qoruyur, yaşadır və sabaha çatdırır. Türkün təbiətə münasibəti onun dağı, daşı, səmanı, çayı, meşəni, təbiətdəki müxtəlif varlıqları ilahiləşdirməsi demək olub. O, ilkin mifoloji düşüncəsində fitrətən ilahi keyfiyyətlərini ifadə edib. Türkün mifoloji düşüncə sistemi heyrətamiz dərəcədə insana doğma təsir bağışlayır: Türk təbiətdə, onun müxtəlif varlıqlarında daim özünü görüb, bu heyrətamizliyi müxtəlif formalarda vəsf edib.

"Ədalət"in sayğılı oxucularına ötən saylarda Atanın "10 Kutsal Bitiq"inin 2-ci cildinə daxil olan "Mütləqləşmək-Var Olmaq" Kitabından bölümlər təqdim edilmişdi. Bu sayda isə Atanın digər əsərlərindən təbiət-insan mövzusundakı fikirləri təqdim edilir. Atanın fikirlərindən almalı olduğumuz dərs budur: İnsan indiyə kimi əslində səthi yaşayıb, öz insani-ilahi imkanlarını axıradək aşkarlamayıb, bu səbəbdən də təbiətdəki ilahiliyi, insaniliyi axıradək görə bilməyib. İndi bəşərin az qala ölüm ayağında olduğu bir zamanda insanın qurtuluşu həm də onun təbiətə ilahi, səcdəli münasibətinin yaranmasındadır.

 

 

Ərk Hökmü

 

Qədim Türk Ruhaniyyatında İnsan Təbiətə hökm eləyirdi, Ancaq Ağalıq eləmirdi.

Çünki İnsanın Təbiətə hökmü istək idi - Ərk idi; İnsan Təbiətə Ərk eləyirdi - bala anasına ərk edən kimi.

 

Təbiətçilik – İnsançılıq

 

Qədim Türk təfəkküründə Təbiət Ruhu - Allah deyil - İnsandır.

Burada Təbiətin Ruhlaşması - onun İnsani keyfiyyət kəsb etməsi olur - Təbiət İnsani yaşayır.

 

Təzad

 

Qədim Türk Tanrıçılığı Dünyanı Müqəddəsləşdirdi.

Allahçılıq - Dünyanı Faniləşdirdi.

Tanrıçılıqda Dünya Ucalırdı - Allahçılıqda Alçaldı.

 

Dünyaçılıq – Müqəddəslik

 

Dünyaçı - Dünya Müqəddəsliyini, Dünyadan Üstün İnsan Müqəddəsliyini Təsdiq edir - Dünyaüstü Allahçı əsil Müqəddəsliyi rədd edir.

Dünyaçılıqda Müqəddəslik Özümləşir - Özgəlikdən Ayrılır.

 

Gedişat

 

Qədim Türkün Tanrısı Təbiət idi.

Adamlar Tanrısına Yırtıcı Münasibət bəsləyə bilməzdilər

Sonradan Tanrı Allahlaşdı və Adamların Təbiətə qarşı Yırtıcılıq Tüğyanı başladı

Bəndələr Təbiətə yağı kəsildilər.

 

Qurbançılıq – Ağaçılıq

 

Qurbançılığı Allahçılıq yaratdı, burada Ağaçılığın Mahiyyəti bariz şəkildə aşkarlanır!

Əslində Bəndə Allaha Qurban verilir; Rəiyyət Ağaya Qurban verilir.

Aşağı Təbəqə Yuxarı Təbəqəyə Qurban verilir, Təbiət Adama Qurban verilir

Qurbançılıq Ağaçılıqdır əslində.

 

QədimlikYenilik

 

Qədimlik - Köhnəlmir. Yenilik - Köhnəliyi əvəz edir; Qədimləşəndə Yaşayır - Köhnələşəndə ölür.

 

Ölümə Acımaq

 

"Ölüm varsa - Həyat cəfəngiyyatdır" deyirlər ekzistensialistlər.

Həyat Cəfəngiyyat olsaydı - Ölümə Acımazdıq.

Ölüm – Ölümsüzlük

Ölüm - Həyatın Şərtidir.

Ölüm olmasa - Həyat ölər.

 

Üstünlük – Əskiklik

 

Adam - Dünyaüstüçüdür, bu səbəbdən də Dünyadan Əskikdir.

İnsan - Dünyaçıdır, bu səbəbdən də Dünyadan Üstündür.

"Təbiət İnsan üçündür!" - Hökmündə, Əməlində İnsan Təbiətlə Yadlaşır.

"Təbiət Təbiət üçündür!" - Hökmündə, Əməlində İnsan Təbiətlə Doğmalaşır.

Təbiət Özümləşdiyi dərəcədə İnsan Təbiətlə Doğmalaşır.

Təbiət Özgələşdiyi dərəcədə İnsan Təbiətlə Yadlaşır.

İnsan Təbiətlə Yadlaşdığı dərəcədə - Təbiətsizləşir.

 

***

 

Müasir Həyatda - Var Haqqı Var və Zor Haqqı Var əslində.

Hər iki Haqq - möhtəşəm Haqqsızlıqdır.

Müasir Həyatda Haqsızlıq Haqqı Var əslində.

 

***

 

Təbiətdəkiləri Təbiət idarə eləyir - İnsanı özü.

Bu, İnsanın ilkin Azadlığıdır ki, cəmiyyət onu İnsanın əlindən alır.

 

***

 

İdrak Ağalığı - əslində Ağa İdrakıdır.

İdrak Nökərliyi - əslində Nökər İdrakıdır.

İdrak Təbəqəliyi - əslində Təbəqə İdrakıdır.

İdrak Özgəliyi - əslində Özgə İdrakıdır.

 

***

 

İnsan Təbiətin Təzyiqindən çıxa bildi - cəmiyyətin Təzyiqindən çıxa bilmir.

Təbiətin Təzyiqindən çıxmaq üçün - Adam olmaq kifayət idi; cəmiyyətin Təzyiqindən çıxmaq üçün İnsan olmaq gərəkdir.

 

***

 

İnsan öz İnsaniliyiylə - Təbiətdən Fərqlənir.

Təbiət İnam tanımır, İdrak tanımır, Mənəviyyat tanımır, İradə tanımır.

İnsan öz İctimailiyiylə Təbiəti Davam etdirir...

Ağalıq - Təbiətdəki Yırtıcılığın Davamıdır.

Nökərlik - Təbiətdəki Zalımlığın Davamıdır.

Təbəqəlik - Təbiətdəki Yadlığın Davamıdır.

Özgələşmə - Təbiətdəki Yağılığın Davamıdır.

İnsan - cəmiyyətdə Özündən Aşağıdır.

Cəmiyyət - İnsanın əksilməsidir...

Kantda - İnsanı Təbiət İdarə eləyir; Dövlət Təbiətin iradəsini ifadə eləyir: beləliklə də Kantda Dövlət - Təbiətləşir və Əbədiləşir.

 

***

 

İnsan Təbiətdən Adamlıq səviyyəsi aldı, həmin səviyyə onu cəmiyyətləşdirdi; həmin səviyyədən çıxmaq istəyir - İnsan ola bilmir. Özünə sahib ola bilmir - Cəmiyyət ona sahib olur.

Eyni bitkilərdən ibarət olan Təbiət - Təbiət deyil - Bitkilərdir.

Eyni adamlardan ibarət olan Bəşər - Bəşər deyil- Adamlardır.

 

 

Kəndliyim

 

Birinci fikirlərimi kəndliyim üstə deyirəm. Evimizin qarşı tərəfində qaya. Gözünü açanda qaya görürsən. Qayanın başına yollar dolanır, qayanın başına yağış yağır, dolu düşür. Ancaq qaya tərpənmir, sabitdi, qaya vüqarını pozmur, qaya özü olur. Heç zaman qaya yağışlanmır - yağış yağsa da belə, dağın dağlığında yağışlıq olur. Dolu ağacları qırır, amma dolu dağın başına dəyir və geri çəkilir.

Evimizin üst tərəfində qaya. Həssas bir körpə ürəyi - qayayla danışan (ürəyində danışan, təbii ki). Və qaya ilə təmas yaradan, özü də daim qayaya küsənən. Bu, onu çox mənada yalqız eləyirdi, tənha eləyirdi. Heç kəs dağı inkar eləmirdi, amma heç kəsin gözündə dağ bu qədər açılmırdı. Uşaq başa düşürdü ki, daha doğrusu, hiss eləyirdi ki, bu dağ yalnız daş deyil, yalnız maddiyyat deyil. Bu dağ nəsə hikmətdi, mənadı. Lakin onun mənası nədi, hikməti nədi, bunu hansı dildə oxumaq olar, bunu hansı sözlə demək olar, izah eləmək olar bu mənanı?! Çox belə içəridə, daxildən güclü bir ehtiras, vücudu titrədən, narahatlıq yaradan, qeyri-adiliyə çağıran gözəl bir əhval ki, bunu sözlə ifadə eləmək çox çətindir. Bu qayanın üstünlüyü, qayanın səsi - qayalıq. Deyə bilmərəm ki, məndə o dövrdə filosofluq başladı indiki mənada. Bircə onu deyə bilərəm ki, qayanın qayadan böyük mənası mənə çatdı, ürəyimə çatdı. Bəlkə ağlıma çatmadısa da, ürəyimə çatdı. Hədsiz dərəcədə xoşbəxt idim ki, belə bir qayalı kənddə yaşayıram. Və bu Qaya ilə Göy arasında elə bir ahəng var! Axşam düşəndə Qaya kölgələnir, sonra Göydə Ay doğur, ulduzlar doğur. Elə bil bunlar dağın başına qonur. Hədsiz dərəcədə həyəcanlı idim, hədsiz dərəcədə zəngin duyğuluydum, duyğularım axar çay kimi daxilimdə axırdı. Lakin kimə deyəsən bu fikirləri?! Onda başa düşürdüm ki, bu fikirlər deyiləsi deyil. Təəssüf ki! Anlamazdılar...

Dağın aşağısıyla çay axırdı - şırıltıyla, daim dəyişkən. Çayın yaz vaxtı olurdu, payız vaxtı olurdu, qış vaxtı olurdu. Çay danışırdı. Mən qəti əmin idim ki, bu söhbətdi, danışıqdı. Bu eşqdi, bu izhardı - demək istəyir dağa. Dağla Çayın nəcabəti yaranırdı xəyalımda. Xəyal da məni aparırdı. Lakin yenə də gətirib çıxarırdı əfsanələrdən mənaya: niyə Çayla Dağ arasında belə bir uyğunluq olsun?! Nəsə, bu dünya sirli bir şeydi - kobud dünya görünəndən artıqdı. Məgər söhbət ondadır ki, dağda dağlıq var, dağda nə bilim, metal var? Məndə olan o daxili ruhaniyyat pərvazlanırdı - xüsusilə axşamlar, gecələr..

Çay həm də bizim kəndi iki hissəyə bölürdü. "O tay" deyirlər, "bu tay" deyirlər... Səhər o başdan o taydan bu taya danışırdılar. Çox doğma bir danışıq idi. Telefon danışığından yerdən göyə qədər fərqlənən. Belə bir qəribə dünyaya düşmüşdüm - qayalı çaylı. Yaşamaq istəyirdim. Dünyaya gəlməyimə hədsiz dərəcədə minnətdar idim. gözəl şeydi bu həyat, yaşamaq, insanlarla yanaşı Qayanın olması... Bu cür bu "dünyanın mənası dünyadan artıqdır" ideyasının rüşeymləri mənim qəlbimə çatdı. Yox, dünya görünən deyil, dünya bu deyil. Dünyanın görünəndəkində görünməzlik var. Təbiidir ki, bəlkə bu sözlərlə deyilmirdi, amma duyğuların axarı, duyğuların ahəngi bunu deyirdi. Daha doğrusu, bunu duyğular deyirdi, hisslər deyirdi, həyəcan deyirdi, fərəh deyirdi, qanad deyirdi.

Evimizin üst tərəfində təpə var idi. O təpədən uzun bir meşə yaranırdı - təpə üstə. O təpə mənim başımın üstəydi həmişə. Üzüm dağa olurdu, başımın üstündə də təpə olurdu. Təpənin də üstündə meşələr olurdu. Bu, möcüzəni lap artırırdı. Meşələr, o yerlər hamısı elə bil göylə birləşirdi. Adama elə gəlirdi ki, göy də burdadı, bu meşənin içindədi. Bu, məni lap dəhşətə gətirirdi. İçimdə mahnılar öz-özünə oxunurdu. Çıxırdım təpəyə, bəzən yoldaşlarla, amma onlar öz aləmlərindəydilər, mən də öz aləmimdə. Lap təpənin yuxarısından bütün kəndimiz görünürdü. Elə doğma görünürdü mənə o kənd zirvədən! Tüstülər görünürdü. Axşamüstü çıxırdım ("qaranlıq qarışanda" deyirdilər bizdə) tamaşa eləməyə. Orda çıraq yanırdı bütün evlərdə. Necə bunlar bir-birinə oxşayırdılar! Necə doğmaydılar! Çıraq, qaya, meşə... Bax, belə, məndə filosofluq belə yarandı - öz-özünə. İntəhası, burda bir ziddiyyət də ondan ibarət idi ki, bütün bunları heç kəsə deyəmməzdim. Hiss eləyirdim ki, heç kəs mən deyəni deməyəcək, soyuq bir şey deyəcəklər, qıracaqlar qanadı. Ona görə özümə qapılmalı olurdum.

Ondan sonra, kəndimizdən başqa kəndlərə yollar gedirdi. Uzun-uzun yollar idi. Yolların qırağında yenə də balaca təpələr olurdu və dağlar olurdu. Yollar da bir-birinə calanardı. Qəribə-qəribə zəncir halqası yaranırdı, əl-ələ verirdilər, qol-qola gəzirdilər, yallı gedirdilər yollar - dəhşətli dərəcədə bir-birinə doğma. İstəyirdim ki, o yollara nəsə yaxşı bir söz deyəsən, onlara bir nəğmə qoşasan, onları bir oxşayasan, bağrına basasan, deyəsən: "A yollar, bilirsənmi ki, sən mənim üçün nəsən?!"

 

DOĞMALARIMA

 

Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.

Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan, Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək Nərəsi, Sel Əzəməti var...

Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başında oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var.

 

 

İşıqlı Atalı

 

Ədalət.- 2010.- 26 noyabr.- S. 7.