UĞURLARIN SİRRİ - FƏDAKARLIQ

 

Təbiidir ki, bu günlər diqqət mərkəzində olan ən vacib məsələlərin önündə növbəti parlament seçkiləri dayanır. Ölkə boyu ciddi hazırlıq işləri aparılır. Zaqatala rayonunda da belədir. Seçki məntəqələri yüksək hazırlıq səviyyəsindədir. Sakinlər gündəlik işləri və məişət qayğıları ilə bərabər Milli Məclisə seçkilər haqqında da düşünür, gələcəyə inamla baxırlar.

Yazımızın mövzusu rayonun təhsil sistemi haqqındadır. Ancaq ictimai-siyasi hadisələrdə həmişə özünəməxsus rolu olan, fəallığı ilə fərqlənən Zaqatala rayonunun parlament seçkisinə gözəl əhval-ruhiyyə ilə köklənməsini də diqqətə çatdırmamaq mümkün deyildi...

Rayon rəhbərliyi camaatla əl-ələ verib çox işlər görür. Respublikamızın bu böyük və gözəl kənd rayonu iqtisadi yüksəlişi və müasirliyi ilə daha böyük uğurlara imza atmaqdadır. Bu barədə əvvəllər də söhbət açmışıq. Ancaq rəhbərliyin rayonun həyatında daha həssas məsələlərə az qala gündəlik diqqət ayırması, nəzarətdə saxlaması xüsusi rəğbətlə qarşılanır. Əsasən də təhsil sistemində. Belə bir iş üslubu heç kəsi təəccübləndirmir də. Çünki xalqa xidmətin, dövlətçiliyə, Prezidentə sədaqətin, Ulu Öndərin Azərbaycan sevgisinə layiq yaşayıb çalışmağın Əhmədzadələr ailəsinin əbədi amalı olduğunu bölgədə hamı gözəl bilir.

Bəli, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayon həyatının digər sahələri ilə yanaşı, təhsilə xüsusi diqqətlə yanaşır.

Təhsil islahatlarına dair Dövlət Proqramları, Prezident İlham Əliyev cənabları tərəfindən təsdiq edilmiş Təhsil Qanunu Zaqatala rayonunun təhsil işçiləri tərəfindən uğurla həyata keçirilir. Bu il daha ciddi tədbirlərə meydan açılmaqla effektiv nəticələr qazanılmaqdadır.

Rayonda 67 ümumtəhsil məktəbi, 39 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. 18993 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3262 nəfər müəllim məşğul olur.

Zaqatalada Azərbaycan türkləri ilə yanaşı, bir sıra digər xalqların da təmsilçiləri dost, qardaş, qohum olaraq birgə yaşayır və çalışırlar. Məsələ təhsil sistemində də öz əksini tapır. Rayon məktəblərinin 51-ində tədris Azərbaycan dilində, 11-ində Azərbaycan-rus dillərində, 4-ündə Azərbaycan-ingiloy (gürcü etniki) dillərində aparılır. 18 məktəbdə azsaylı xalqların dilləri, 12 məktəbin I-IV siniflərində avar, 6 məktəbin I-IV siniflərində isə saxur dili tədris edilir.

Şagirdlərin təlim-tərbiyəsi ilə əlaqədar tədbirlərin keçirilməsi zamanı onların ideya, əxlaqi, əmək və peşə yönümü, estetik, ekoloji, dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik tərbiyəsi sahəsindəki işlərə xüsusi diqqət yetirilir. Təhsil müəssisələrində dövlət rəmzlərinin öyrənilməsi işi davam etdirilir, dərslər hər gün Dövlət himninin oxunması ilə başlanır.

Bu il rayonun orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 1325 nəfər məzundan 628 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişdir. Rayon üzrə 13 nəfər 600-dən yuxarı, 34 nəfər 500-600 arası, 80 nəfər 400-500 arası, 103 nəfər isə 250-400 arası bal toplamışdır.

Azərbaycan cəmiyyətində nüfuzlu müəllim həmişə hörmətli insan kimi qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, mən müəllimdən yüksək ad tanımıram. Dövlətimiz müəllimlərin əməyinə həmişə yüksək qiymət vermişdir. Zaqatala müəllimlərinin də bu mənada uğurları çoxdur. Rayonda çalışan müəllimlərdən son illər 5 nəfərin "Əməkdar müəllim" fəxri adına, 4 nəfərin "Tərəqqi" medalına, 16 nəfərin isə "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülməsi buna misaldır.

Məktəblərin maddi-texniki bazasının yaradılması daim diqqət mərkəzindədir. Proqrama əsasən dövlət büdcəsi hesabına, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hesabına, Təhsil Nazirliyinin xətti ilə və yerli büdcə hesabına indiyə kimi rayonda bir çox məktəb binası yenidən tikilmiş və əsaslı təmir edilmişdir.

Bu il Təhsil Nazirliyinin "Təhsil sahəsində müasir yanaşmaların təşəkkülü ili"nin davamı olaraq xeyli tədbirlər həyata keçirilmiş, "İlin ən yaxşı məktəbi", "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı pedaqoji mühazirəçisi", "İlin ən yaxşı şagirdi" və "İlin ən yaxşı məktəbdənkənar müəssisəsi" müsabiqələri keçirilmişdir. Rayon üzrə "İlin ən yaxşı məktəbi" nominasiyasının qalibi Akademik Zərifə Əliyeva adına litsey olmuşdur.

5 oktyabr Müəllim günüdür. Biz "Ədalət" qəzeti olaraq respublikamızın bütün təhsil işçilərini, eləcə də sıralarında çoxsaylı oxucularımız olan Zaqatala müəllimlərini müqəddəs peşə bayramları münasibəti ilə təbrik edirik.

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2010.- 5 oktyabr.- S. 4.