"Yalnız Məmməd Araz Araz oldu"

 

Dünən Azərbaycanın böyük şairi Məmməd Arazın doğum günü idi. Təbii ki, hər zaman ürəyində Məmməd Araz sevgisi yaşadanlar üçün bəlkə də onun nə zaman dünyaya gəldiyi maraqlı deyil. Belələrinə görə özünü tanıyan gündən millət, dövlət yanğısı ilə yaşayan insanların nə vaxt dünyaya gəlməsi də maraqlı olmur. Çünki hər bir kəs üçün Məmməd Araz onu tanıdığı gün doğulur. Ona görə də çoxları üçün əsas odur ki, onu tanısın, şeirləri ilə böyüsün, nəinki böyüsün, həm də bir vətəndaş, insan kimi yetişsin.

Amma bununla yanaşı, böyük əksəriyyətin qürrələndiyi bir nəsnə var ki, o da Məmməd Arazla bir dövrdə yaşamaq, onun bir ucu Şimalda, bir ucu Cənubda, bir ucu isə Qərbdə olan, bölünmüş Azərbaycanın birləşdirilməsi, rusun, farsın caynağından xilas olunaraq, müstəqilliyinin bərpa olunmasına haraylayan, səfərbər edən yaradıcılığından mənəvi qida alaraq o taylı, bu taylı dövlətinin istiqlalını əldə etməkdir. Onlara görə bu yolda çəkilən bütün əzablar Məmməd Araz şeirinin şirinliyində, daha doğrusu özünü tanımağa çağıran yanğıda çoxdan əriyib yox olub.

Sağlığında arzuladığını görsə də amma onun mənəvi tələbələri yenə də ondan vətəni, milləti sevmək, onu hər zaman qorumağı öyrəndiklərinə görə böyük ustadı ziyarət etmək, ruhu ilə söhbətləşmək, bu mübarizliyi onun şeirlərindən aldıqlarını bir daha dilə gətirməyi özlərinə borc bilirlər. Elə dünənki anımda da onlar göründü. Onlar milyonların Məmməd Araz sevgisini özləri ilə onun uyuduğu məkana gətirdi. Burada ifadə etdikləri hər bir fikirdə ürəyi Məmməd Araz sevgisi ilə aşıb-daşan minlərin-milyonların səsi də eşidildi.

Millət vəkili, tanınmış ədəbiyyat adamı Aqil Abbas öz adları ilə uyuduqları məkanı Fəxri Xiyabana çevirənlərin böyük əksəriyyətinin ölmədiyini və oranın məzarlıq da olmadığını xüsusilə vurğuladı: "Biz həmişə burada uyuyan böyük insanları elə onların öz məkanında anırıq. Məmməd Araz elə bir iz qoyub ki, o həmişə milyonların qəlbində yaşayacaq. Mən həmişə demişəm və inanıram ki, Allahın dərgahında şairlər üçün elə bir yer var ki, onlar orada qorunur. Bəzən 124 min peyğəmbəri Allahın göndərdiyi deyilir. Amma onlardan cəmi yeddisinin adı tanınır. Dünyada isə mindən çox şair, yazıçı, ədəbiyyat adamının adını çəkmək olar ki, onlar hər zaman yaşayacaq. Məmməd Araz da dünya durduqca yaşayacaq, anılacaq ədəbiyyat adamlarındandır. Nizamidən, Füzulidən başlanan yolu davam etdirib, insanları yetişdirən şairlərdən biridir. Bir çox yazarların seçilmiş əsərlərindən söhbət açılır. Amma Məmməd Araz yeganə adamdır ki, onun seçilmiş əsərləri yoxdur. Demək olar ki, bütün yaradıcılığı bir-birindən güclüdür. Ona görə də onun hansısa bir şeirini digərindən üstün tutmaq mümkün deyil".

Onunla zamandaş olan, şeirləri ilə böyüyən və bunu böyük xoşbəxtlik hesab edən ictimai xadim Qorxmaz İbrahimli hələ sağlığında Məmməd Arazın kitablarını tələbələrin, sıravi oxucuların əldə etmək üçün saatlarla növbəyə durduqlarını bildirdi: "Hesab edirəm ki, bu gün bizim onun aramızda olmamasından təəssüflənməyə haqqımız yoxdur. Çünki, Məmməd Araz hər gün, hər an bizimlədir. Biz xoşbəxt insanlarıq ki, onunla bir dövrdə yaşamışıq, əsərlərindən mənəvi dəstək almışıq. Onun sağlığında yazıb qoyduğu yaradıcılığı hamı üçün bir məktəbdir. Bundan sonra da bu məktəbdən dərs alınması istiqamətində təbliğatın aparılması hər birimizin borcudur. Məmməd Arazın "Atamın kitabı"nın orta məktəblər üçün dərs vəsaiti olması barədə fikirlər səsləndirildi. Amma onun nəinki hər bir kitabı, hətta hər bir sözü belə dərslikdir. Təkcə "Vətən mənə oğul desə, nə dərdim" misrasında əksini tapan məqam bəs edir. Bundan artıq nə istəyə bilərik? Onun hər bir misrasında vətənin hər qarışının müdafiəsi əksini tapdığından hər bir kəs onu mənimsəsə, yaşadığı dövlətin külünü belə heç kimsəyə güzəştə getməz".

Hələ orta məktəbdə təhsil aldığı dövrlərdə Məmməd Arazın şeirləri ilə vətəni, milləti sevməyin nə demək olduğunu dərk etdiyini deyən digər ictimai-siyasi xadim Qulamhüseyn Əlibəyli dedi ki, təkcə "Azərbaycan deyəndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər" misrası onun nə demək istədiyini milyonlar anlayırdı: "Məmməd Araz həyatı boyu həm bir insan kimi dövlətini, millətini sevən olub, həm də bir şair kimi milyonları öz ideyalarının ardınca aparmağı bacarıb. O, öz yaradıcılığı ilə yeni ədəbi növün əsasını qoyub ki, bu bəlkə də bir neçə məktəbin yaradılması deməkdir".

Böyük bir məhəbbətlə yad etdiyi insan barəsində hansısa fikir səsləndirməyin böyük məsuliyyət olduğunu deyən "Bizim yol" qəzetinin baş redaktoru, tanınmış jurnalist Bahəddin Həziyev qeyd etdi ki, Məmməd Araz kimi böyük şəxsiyyət haqqında söz deyənlərin müəyyən meyarlara cavab verməli, şəxsiyyəti ilə seçilməli, davamçıları ilə tanınmalıdır: "Biz hamımız Milli Azadlıq Hərəkatına Məmməd Arazın şeirlərindən silahlanaraq qoşulmuşduq. O, həm bir ziyalı, həm də bir şair kimi Azərbaycanın müstəqilliyinə bağlı insan idi. Bu gün də Məmməd Arazın adı müstəqilliyimizin simvoludur. Heç şübhəsiz, nə qədər Azərbaycan yaşayacaq, bir o qədər də Məmməd Araz anılacaq".

Ədəbiyyat adamı olaraq tanınan Əbülfət Mədətoğlu Məmməd Arazla təmasda olduğu, onunla eyni dövrdə yaşadığı üçün özünü xoşbəxt sayanlardandır: "Dünyada nə qədər yaxşı sözlər yazılıb və bundan sonra yazılsa da yenə də Məmməd Arazın sözləri qarşısında acizdir. Çünki o, dünyanın ən gözəl sözlərini öz şeirlərində əks etdirib. Bu mənada onun barəsində ən gözəl sözü ifadə etmək belə Məmməd Araz yaradıcılığı qarşısında çox zəif görünər. Məmməd Arazın arzuları o zaman yerinə yetəcək ki, müstəqil Azərbaycanın bayrağı həmişə başımızın üzərində dalğalanacaq".

Digər ictimai-siyasi xadim Əliməmməd Nuriyev də Məmməd Araz haqqında söz söyləməyin asan olmadığını vurğuladı. Böyük yazarın şeirləri ilə böyük bir nəslin böyüyüb boya-başa çatdığını qeyd edən Ə.Nuriyev onu da bildirdi ki, Milli Azadlıq Hərəkatına qalxanların əksəriyyəti məhz onun şeirlərinin təsiri altında ayağa qalxıb, müstəqilliyi əldə etdi: "Böyük şairlərin əsərləri həm də onların özləridir. Bütövlükdə böyük yazarları öz yaradıcılıqlarından kənarda təsəvvür etmək mümkün olmur. Məmməd Araz məhz Azərbaycanın belə dahi insanlarından biri idi. Mən də onunla bir dövrdə yaşamağımdan çox böyük qürur duyuram. Hesab edirəm ki, "Arazdan çox adam yazıb, amma heç kimi Araz ola bilməyib. Məmməd Araz məhz Araz olmağı bacardı" ifadəsi olduqca yerində səsləndirilmiş fikirdir. Nə yaxşı ki, Azərbaycanın Məmməd Araz kimi böyük insanları var. Böyük insanları olan xalq isə hər zaman böyük işlər görəcək və həmişə də tarixdə yaşayacaq".

Nəvəsi Toğrul Abbasov isə Məmməd Araz barəsində nəvədən çox, bir şair sevicisi kimi fikirlər səsləndirməyi üstün tutduğunu dilə gətirdi: "Mən Məmməd Arazla nəvəsi kimi deyil, bir aydın olduğu üçün qürur duyuram. Çünki o, aydınlığa doğru gedən bir paroldur. Çox istərdim ki, hər bir kəs öz timsalında onun tanınıb seçilməsində üzərinə düşən missiyanı yerinə yetirməyə çalışsın".

  

  

Gültəkin

 

Ədalət.- 2010.- 15 oktyabr.- S. 3.