Metafiziki ağlıq

 

yaxud, "Yol ağardıram" kitabının iradi-emosional ovqatında mexaniki güclənmə

 

İqtisadi-siyasi, mədəni, eləcə də ədəbi-bədii həyatımızda uğurlu strateji amillərə xüsusi önəm verən dinamik inkişaf zəruri həyati meyarların başlıca xarakter daşıdığını təsdiq edir, güclü ədəbi templi poeziyamızın bədii uğurları barədə inandırıcı fikir yürüdür. Elmi-bədii meyarların dünyəvi xüsusda təsbitlənməsi kimi bir sıra məsələlər və prinsiplər də bu məqama məxsusi zərurilik verir. Bu baxımdan, istedadlı şair-alim, qəlbcə, könülcə ziyalı Tahir Taisoğlunun ədəbi və elmi sahələrdə əldə etdiyi nailiyyətlər də müstəsna əhəmiyyət kəsb edir.

Təxminən 70-80-ci illərdə ədəbiyyata gəlmiş Tahir Taisoğlu sözün ovqata bürünməsi naminə hər bir çətinliyə qatlaşan qələm sahiblərindəndir. Onun bu vaxtadək işıq üzü görmüş kitablarında əsas məqsədi demək olar ki, ədəbi qayədə həyati manevrləri gücləndirmək və bununla da, poetik əhval yaratmaq olub. İstedadlı şairin 2009-cu ildə "Azərbaycan" nəşriyyatında işıq üzü görmüş "Yol ağardıram" kitabının da məqsəd və məramı məhz bəhs etdiyimiz qayədir. Kitabdakı şeirlər demək olar ki, bütünlükdə maddi, mənəvi və zahiri məsələlərə toxunur, həyati gerçəklikləri yaşam üçün meyar kimi səciyyələndirir.

"Yol ağardıram" kitabında təsadüfün zərurəti tamamlaması, adi bir fikrin poetikaya çevrilməsi hallarına tez-tez rast gəlirik. Bu hallar bəlkə də həyatın şərtlər məcmusudur, hər halda nisbi xarakter daşıyır və istedadlı şairin yaradıcılıq nisbətində zəruri əhəmiyyət kəsb edir. Diqqət yetirək: "...Poetik bir böcək işıldayır otların arasında...", "Köhnə budaqlarda təzə pöhrə vermiş zoğlar kimidir barmaqlarım...", "Bakıda ağacların özünə də əl ağacı lazımdır, ...Bu şəhərdə ağaclar böyrək xəstəliyindən əziyyət çəkir" və s. misralarda poetik tamamlanma bədii zərurətlərə keçid edir, fikri məzmun geniş və uyğun forma yaradır. Kitabda bu cür uğurlu misralar (əslində, bütöv şeirlər) çoxluq təşkil edir.

Tahir Taisoğlu bəlkə də ona görə çoxlarından fərqli şair təsiri bağışlayır ki, onun şeirləri subyektin seçdiyi şərtlər əsasında müəyyənləşir. İlk baxışdan adama elə gəlir ki, ruhca, qəlbcə subyektin mahiyyət qatında əyləşən şairin hər şeiri bir həyat predmetidir və məkanca bir-birinə əks qütblərdə yerləşirlər. Lakin poetik əhval daxili əlaqələri sistem halına saldığı üçün Tahir Taisoğlu yaradıcılığı "Yol ağardıram" kitabında qeyri-poetik əhvala qarşı durur.

Kitabda şair-oxucu münasibətlərinə poetik zəmin yaradan məqamlar da çoxdur. Şair əksər şeirlərində poetik duyğuların öz orbiti üzrə hərəkətini təmin edir, fikir və düşüncələrinin fəza mexanikasını oxucu marağı kontekstində cilalyır, ovqatının metafiziki əhatəsini genişləndirir. Bu genişlikdə biz şairin fikir dəyişkənliyindən zərurətə keçid edən təsadüflərə də meyl edirik, dialektik ziddiyyətli münasibətlərə də. Bu iki fərqli xassənin bir-birində şərtlənməsi şübhəsiz, adıçəkilən kitabın uğurudur.

"Yol ağardıram" kitabında toplanan şeirlər arasındakı uyğun bağlılıq həm də bu şeirlər arasındakı funksional asılılığı ifadə edir. Bu şeirlər öz xarakterlərinə uyğun təsir gücünə malikdirlər.

Məlumdur ki, hər bir fikir və düşüncə oxşar səbəb və xarakterlə şərtlənir. Bu şərtlənmə də qanunauyğun ədəbi əlaqələrin artmasına yol açır. "Yol ağardıram" kitabının oxucuya açmaq istədiyi fəlsəfi-bədii məqamlardan biri məhz budur.

Tahir Taisoğlunun yeni kitabına daxil etdiyi şeirlər təkcə onun poetik əhvalını açmaq missiyası güdmür, eyni zamanda, ətraf mühitə təsirlə də müşayiət olunur. Bu təsir oxucu düşüncələri ilə universal, obyektiv və zəruri əlaqələr qurur.

"Yol ağardıram" kitabında cəm olan şeirlərin əksərinin süjet xətti onların daxili formasını təyin edir. Bu şeirlərin xarici forması isə müəllifin bədii dili və yazı üslubu ilə özünü təcəssüm etdirir. Və hər iki əhatədə kitab məzmun sistemi ilə uyğun formaya keçid edir.

Kitabdakı şeirlərin bir qismi bədii təfəkkürümüzün incəlikləri və zəriflik xüsusuna istinad edir, aşiq-məşuq faktoru burada ayrı-ayrı epizodik surətlərdə bədii lövhələrlə verilir. Hətta, burada elə şeirlərə də rast gəlmək mümkündür ki, lakonikliyi, obrazlılığı, mükəmməlliyi və ifadə vasitələrinin zənginliyi baxımından oxucunu heyran edir. Ən yaxşı hal odur ki, sağlam təfəkkürlü ziyalı-vətəndaş, ömrünün müdrik çağını yaşayan şair bütün şeirlərində hadisələrə ədəbi baxışını aydın şəkildə şərh edə bilmişdir.

 

bucaq şəkilli

uçur durnalar.

Həyat sırası kimi

keçir durnalar.

Bir bucağı ömürdü,

bir bucağı ölümdü.

O birisi nədir bəs?

Üçüncüdədir hər şey!...

 

***

 

...Elə bil yuxulu,

yorğun yolçulara əl edir

pəncərənin "əlləri"

Ey... bayaqdan bəri.

İmtahanqabağı, bir axşamüstü

küləkliyindən o pəncərənin

sallanıb bir şülək işıq –

ağappaq kəndir kimi...

 

***

 

Hönkürdü üstümə

gecələrin sonsuzluğu,

islandım təkbaşıma...

o ki var...

 

***

Gecənin sakit çağında

Yonca ətri qoxuyur səma.

Poetik bir böcək işıldayır

otların arasında.

Uzaq arzuya bənzəyir

sevdiyim gözəlin

gözlərinin qarasında...

 

***

 

Səni yol salır bir topa adam,

Mənə əl eləyir tənha bir bulud.

Bu boyda vağzalda ögeyəm, yadam,

Burda hamı sənin əlindən tutub...

 

***

 

Məni gözəl qızlar məşhurlaşdırıb,

Yoxsa nə idim ki, uzun bir oğlan...

 

Göründüyü kimi, Tahir Taisoğlunun şeir dili sadədir, lakin ədəbi dil normaları mürəkkəb quruluşludur və geniş panoramda təzahür edir. Bu, bizə onun şeirləri arasındakı əlaqələrin xarakterini müəyyən etməyə imkan verir. Elə yuxarıda sitat gətirdiyimiz nümunələrdə də fikri-struktur əlaqələr bədii istiqamətlidir.

Həm sadə, həm də mürəkkəb bədii təsvirlərlə zəngin olan "Yol ağardıram" kitabı Tahir müəllimin yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Birincisi, ona görə ki, buradakı şeirlər buçağacan heç harada çap olunmayıb, ikincisi, ona görə ki, bu şeirlər kitab boyu tam keçirici xassə yaradıb, özünün məkan və zaman nisbətini müəyyən edib.

Gözəl həyat lövhələri, bədii mahiyyət, iradi keyfiyyət, poetik ovqat, lirik əhvalla süslənmiş "Yol ağardıram" kitabı əslində, həm də epik quruluşludur. Düzdür, burada lirik meyarlar epik məqamların adekvat inikası kimi özünü göstərir, hər halda, kitabdakı bir neçə şeirlə biz epik ovqatı aydın müşahidə edə bilirik.

Şairin kitab boyu qələmə aldığı hadisələrə kompleks yanaşması da diqqət çəkən məqamlardandır.

Kitabdakı şeirlər oxucu qəlbini isidir, onun daxili aləminə zənginlik bəxş edir. Vətəndaşlıq yanğısı, təbiət və insan gözəllikləri, saf məhəbbətin tərənnümü, bugünümüzlə bağlı həqiqətlər, zamanın və mürəkkəb hadisələrin mənəvi dünyamızda doğurduğu duyğular və s. şairin adıçəkilən kitabının əsas xəttidir.

Tahir müəllimi yeni uğurlu kitabı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Hikmət Məlikzadə

 

Ədalət.- 2010.- 21 oktyabr.- S. 6.