"Millət vəkili xalqla dövlət arasında körpü rolunu oynamalıdır"

 

Həmsöhbətimiz 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Əziz Mikayıl oğlu Həsənovdur.

 

Qısa arayış: Əziz Mikayıl oğlu Həsənov 1952-ci ildə Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1969-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra təyinatı Bakı şəhərinə olsa da, rayona qayıtmağa üstünlük vermiş və Salyan rayon Statistika İdarəsində 1991-ci ilədək proqramçı-mühəndis, rəis müavini vəzifələrində çalışmışdır. Həmin ərəfədə, yəni Qanlı Yanvar hadisələrindən sonra Kommunist partiyasının üzvlüyündən imtina etdiyinə görə Statistika idarəsinin rəis müavini vəzifəsindən kənarlaşdırılır və Salyan rayon Pambıqtəmizləmə Zavoduna direktor müavini vəzifəsinə təyin edilir.

Ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, yəni 1993-cü ilin axırlarından Salyan rayon İcra Hakimiyyətində şöbə müdiri işləyərkən cəbhə bölgəsindəki əsgərlərə yardımların aparılmasında, rayonda çörək qıtlığının aradan qaldırılmasında, insanların rifah halının yaxşılaşdırılmasında yaxından iştirak etmişdir.

1995-ci ildə respublikamızda aqrar islahatların başlaması ilə əlaqədar o, Salyan Rayon Torpaq Şöbəsinin müdiri Nəbi Xəlilovla ölkəmizdə ilk dəfə olaraq məhz Salyan rayonu üzrə aqrar islahatlar proqramını hazırlayaraq onun təsdiq edilməsinə nail olmuşdur. 1996-cı ildən etibarən yenə də ilk dəfə olaraq Əziz Həsənovun təşəbbüsü ilə rayon kəndləri üçün İslahata Yardım Fondu yaradılır. Beş kəndi və üç kolxozu əhatə edən fondun direktoru vəzifəsində işləyən Əziz Həsənov bir qədər sonra TASİS proqramı çərçivəsində, Dünya Bankının maliyyə dəstəyi ilə kəndlilərin maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir. Nəticədə 1997-ci ildə ölkəmizdə ilk dəfə olaraq yeni bir maliyyə institutu, öncə Kredit Birliyi, sonra isə "Altun" Kredit İttifaqının yaradılmasına nail olur. Bu ittifaqa rayonun daha 26 fermeri daxil idi və o, 1998-ci ilin avqust ayında Milli Bankdan Lisenziya almağa nail olur. Həmin dövrdə ölkəmizin müxtəlif bölgələrindən belə bu ittifaqa müraciətlər olurdu.

1999-cu ildə Kredit İttifaqlarının fəaliyyətinin daha da gücləndirilməsi, genişləndirilməsi ilə əlaqədar olaraq Ə.Mikayıloğlu ölkəmizin bir qrup bank işçisi ilə birgə ABŞ-ın Ayova ştatındakı Eymis Dövlət Universitetində bir aylıq ixtisasartırma kursu keçir.

O, 1999-cu il Bələdiyyə seçkilərində iştirak edərək, Salyan rayonunun Aşağı Noxudlu kəndində bələdiyyə üzvü, 2003-cü ildə bələdiyyə sədri seçilir. İşlədiyi müddətdə yerli ehtiyatların və xarici qrant təşkilatlarının yaratdıqları imkanlardan istifadə edərək ərazidə yolların qaydaya salınması, su kanallarının təmizlənməsi və s. işlərin yerinə yetirilməsinə çalışıb.

Əziz Həsənov 2005-ci il parlament seçkilərində də fəal iştirak etmişdir.

- Əziz müəllim, indi ölkəmizin bütün regionlarında deputatlığa namizədliyini irəli sürənlərin təbliğat kampaniyası gedir. Bir namizəd kimi seçki dairəsində yaradılan şərait, mövcud ab-hava sizi qane edirmi?

- Öncə qeyd etmək istərdim ki, yerli əhalinin böyük əksəriyyəti, xüsusilə də mənim ötən illər ərzindəki fəaliyyətimdən xəbərdar olanlar təkidlə məndən namizədliyimi irəli sürməyi xahiş etdilər. Yerli əhali, xüsusilə 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin əhatə etdiyi 40 kənddə yaşayan insanlar mənim bu günədək bir iqtisadçı kimi gördüyüm işlərin şahididirlər. Ancaq çox təəssüflər olsun ki, ölkəmizdə insanların həyat şəraitinin yaxşılaşdırılması və s. kimi sahələrdə aparılan genişmiqyaslı işlər bu kəndlərdə görünmür. Bildiyimiz kimi, ölkəmizdə həm sosial sahənin, həm də iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində böyük islahatlar həyata keçirilir. Ancaq qeyd etdiyim bu məntəqələr bütün ölkə miqyasında görülən işlərlə müqayisədə müəyyən mənada geri qalmışdır. Yalnız bir faktı qeyd etməyi özümə borc bilirəm ki, Neftçalanın Surra, Aşağı Surra, Qardaşbəyli, Qaraqaşlı, Şorkənd kəndlərindən keçən 8-9 km-lik yol hələ sovet dövründən bu günədək tam baxımsız vəziyyətdə qaldığından həmin ərazidə yaşayan 10 minə yaxın adam illərdir ki, çox böyük əzab-əziyyətlərə düçar olurlar.

Görülən işlər isə yalnız yerli əhalinin, yerli sahibkarların hesabına həyata keçirilmişdir. Qarabağlı kəndi istisna olmaqla digər kəndlər, o cümlədən Xıdırlı, Kürsəngi, Peyk və s. kəndlərdə Dövlət proqramlarının həyata keçirilməsi üçün heç bir iş görülməmişdir.

-Yeri gəlmişkən, sizin fikrinizi bilmək istərdim. Sizcə, namizədliyini irəli sürən şəxs həmin ərazidən olsa yaxşıdır, yoxsa bunun heç bir fərqi yoxdur?

- Siz həqiqətən də çox gərəkli bir məsələyə toxunursunuz. Ümumiyyətlə, Milli Məclis hakimiyyətin bir qoludur və millətin hər bir üzvünün, hər bir kəsin əsas hüquqlarından biri də seçmək hüququdur. Hər bir demokratik cəmiyyətdə insanlar bu və ya digər formalarda, xüsusilə, seçdikləri millət vəkillərinin vasitəsi ilə bir növ dövlətin idarə olunmasında iştirak edirlər. Yəni vətəndaş seçdiyi millət vəkilinə öz təkliflərini edir və o da həmin təkliflərin həyata keçirilməsinə çalışmalıdır. Çox təəssüflər ki, hələ də bəziləri kimlərinsə köməyi ilə deputat mandatlarını ələ keçirməyə çalışırlar. Ancaq belələri yalnız deputat mandatını əldə edə bilər, lakin millətin vəkili ola bilməzlər.

Bu gün Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında çox böyük işlər görülür. Demokratik, sivil dəyərlərə üstünlük verildiyi indiki zamanda insanların səsini alıb onların heç bir problemini həll etməyən, yaxud ümumiyyətlə həll etmək fikrində belə olmayan şəxslərin bu ali kürsüyə seçilməsi yolverilməzdir. Odur ki, mən tam açıq şəkildə və səmimiyyətimlə deyirəm: Xalq özü seçim etməlidir!

Yenə də deyirəm, bu gün dövlət başçısının apardığı işlər, etdiyi çıxışlar, verdiyi bəyanatlar bir daha seçiciləri əmin edir və əhali inanır ki, builki seçkilər tam demokratik və şəffaf şəkildə keçiriləcəkdir. Biz ziyalılar, regionların gündən-günə daha da inkişaf etməsini istəyən və bütün varlığı ilə buna çalışan əsl vətənpərvər insanlar əminik ki, bu seçkilər həqiqətən də demokratik şəraitdə keçəcəkdir. Bu, həm ölkə rəhbərliyinin, həm də bütün insanların istəyidir.

- Biz bilirik ki, siz bu bölgədə kifayət qədər tanınmış bir insansınız. Sizin bu bölgə üçün etdiklərinizi də nəzərə alsaq, seçkilərdə qalib gələcəyinizə əminsinizmi?

- Hesab edirəm ki, şəxsən mən bu bölgədə, qeyd etdiyiniz kimi, kifayət qədər tanındığıma görə namizədliyimi irəli sürdüyüm seçki dairəsindən deputat seçilə bilərəm. Hətta buna öz əminliyimi də bildirmək istəyirəm. Bu günədək yerli insanların mənafeyi naminə gördüyüm işlər bunu söyləməyə imkan verir. Gəlin açıq danışaq. Axı hansı yerli sakin istəməz ki, onun bütün problemlərindən xəbərdar olub, özü də həmin problemlərin içində olan və bu torpaqla bağlı bir şəxs onların vəkili olmasın. Axı bu, həm yerli sakinlər üçün, həm də dövlətimiz üçün sərfəlidir. Məlumdur ki, hər bir yerli sakin o bölgənin problemlərini də kənar adamdan daha yaxşı bilir və onun qısa bir vaxtda aradan qaldırılmasında da maraqlıdır. Bu, artıq aksiomadır və bu barədə uzun-uzadı danışmağa da lüzum yoxdur. Bundan əlavə, dövlətimizin qəbul etdiyi və böyük əzmkarlıqla həyata keçirdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları da bunu tələb edir. Fürsətdən istifadə edib bütün seçicilərimə müraciət etmək istəyirəm.

- Əziz həmyerlilərim! Əziz həmkəndlilərim! Konstitusiyamızın sizlərə verdiyi seçmək hüququ sizin növbəti 5 ildə haqlarınızın təminatçısıdır. Kimlərinsə xoş sözlərinə, şirnikləndirici təkliflərinə aldanmayın. Öz şəxsi mənfəətləri naminə bu prosesə qoşulmuş şəxslərin yağlı vədlərinə inanıb, gələcəyinizi sual altında qoymayın. Yüz ölçüb, bir biçin.

Əziz həmvətənlərim! Tanımadığınız, etibar etmədiyiniz insanlara səs verməyin. Sizi düşünən, övladlarınızın gələcəyini, onların firavan həyatını düşünən namizədlərə səs verin.

- Əziz müəllim, namizədliyinizi irəli sürdüyünüz seçki dairəsindən millət vəkili seçiləcəyiniz təqdirdə hansı işləri görməyi planlaşdırırsınız?

- Çox sağ olun, bu sual açığı qeyd edim ki, bilavasitə hər bir namizədin həyat qayəsi ilə bağlıdır. Hər şeydən öncə kəndlərimizin inkişaf etdirilməsi və onların baş verə biləcək təbii fəlakətlərdən müdafiəsi bu gün məni düşündürən, narahat edən bir məsələdir. Məlumdur ki, bu ərazilər mütəmadi olaraq ekoloji problemlərlə, xüsusilə daşqınlarla üz-üzə qalır. Ötən əsrin 90-cı illərindən bu günədək bu mühüm məsələ məni həmişə qayğılandırıbdır və müvafiq istiqamətdə, zənnimcə, kifayət qədər işlər görə bilmişəm. Xüsusilə bölgənin iqtisadi potensialının gücləndirilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması mənim üçün ən əhəmiyyətli məsələlərdəndir. Aydındır ki, dağılmış keçmiş sosialist iqtisadiyyatı bazasında yaradılmış kəndli sahibkarların bu gün inkişaf etdirilməsi ən zəruri, vacib məsələlərdən biridir. Bəs bunun üçün nə lazımdır? Bunun üçün birincisi, kəndlilər dövlətin maliyyə dəstəyi ilə tam təmin olunmalıdırlar. İkincisi, regionda təsərrüfat müəssisələrinin maliyyələşdirilməsi üçün yeni bank, yaxud kredit institutları yaradılmalıdır. Bundan əlavə, aydındır ki, dövlət aqrolizinq xidmətləri üçün hər il böyük məbləğdə maliyyə vəsaitləri ayırır. Çox təəssüflər olsun ki, kəndlilər bu vəsaitlərdən səmərəli şəkildə istifadə edə bilmirlər.

Başqa bir mühüm məsələyə də toxunmaq istəyirəm. Aydındır ki, hər bir yerli adam yaşadığı ərazidə, məsələn, söhbət əgər təsərrüfatın inkişaf etdirilməsindən gedirsə, hansı sahənin daha çox prioritet olduğunu bilir. Məlumdur ki, Kür çayı boyu ərazilərdə qədim ənənəyə müvafiq olaraq balıqçılığın inkişaf etdirilməsi birinci dərəcəli məsələdir. Təəssüflər olsun ki, bu sahə unudulub və insanlar pərakəndə şəkildə balıqçılığın inkişaf etdirilməsi ilə məşğuldurlar.

Həmçinin Salyan və Neftçala rayonlarında ötən əsrin 90-cı illərindən etibarən qazlaşdırma dayandırılmasına baxmayaraq, bu günədək kəndlər mavi yanacaqla təmin olunmamışdır.

Namizədliyimi irəli sürdüyüm ərazidə 50-60 min əhali yaşayır ki, bunun 37 mini seçicilərdir. Bu qədər insanın ağrı-acısını duymaq, onlara məlhəm olmaq üçün onların yanında olmalısan. Başqa heç bir yolla insanların mövcud problemlərini araşdırıb onların həlli yollarını tapmaq və bu sahədə əhəmiyyətli uğurlar əldə etmək mümkün deyildir.

Son zamanlar mətbuatda da geniş şəkildə qeyd olunduğu kimi, Kür çayı sahilində yerləşən bəzi ərazilərin su altında qalması məsələsinə də toxunmağı özümə borc bilirəm. Məsələ bundadır ki, heç bir ölkə, yaxud heç bir bölgə təbii fəlakətlərdən sığortalanmayıb. Ancaq mən başqa bir məsələyə toxunmaq istəyirəm. Məlumdur ki, Kür çayının sahilyanı ərazilərə ziyan vurmaması üçün tələb olunan işlər ardıcıl olaraq davam etdirilsəydi (xatırladıram ki, dövlət bu məqsədlə böyük maliyyə vəsaitləri ayırır) və regionun səlahiyyətli şəxsləri, həmçinin də bu bölgənin seçdiyi millət vəkili heç olmasa ildə bir dəfə əraziyə gəlib seçicilərlə görüşsəydi, mən sizi əmin edirəm ki, belə bir fəlakət də baş verməzdi. Unutmamalıyıq ki, hələ ötən əsrin 30-cu illərindən etibarən bu ərazilərdə daşqınlardan müdafiə olunmaq üçün həmişə çayın sahillərində bəndatma işləri aparılmışdır.

- Ancaq bəzən səlahiyyətli şəxslərin, habelə millət vəkillərinin verdikləri vədlər həyatda öz əksini tapmır. Sözləri ilə əməlləri üst-üstə düşmür. Amma onlar müəyyən olunmuş müddətlərinin sonunadək öz postlarından əl çəkə bilmirlər.

- Əvvəla, qeyd edim ki, əgər mən bu seçki dairəsindən millət vəkili seçilsəm, məni bu ərazidə tanıyanlar da bilirlər ki, öhdəmə götürdüyüm işləri tam ləyaqətlə yerinə yetirəcəyəm. Mənim bu dairədən namizədliyimi üzvü olduğum Demokratik Azərbaycan Dünyası Partiyası irəli sürdüyündən mən həm də partiya qarşısında məsuliyyət daşıyıram. Yeri gəlmişkən qeyd etmək istərdim ki, 2007-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyasının Salyan rayon təşkilatı yaradılmışdır və elə həmin vaxtdan bu günədək mən bu təşkilatın sədriyəm. Yerli təşkilatın 600 nəfər üzvü vardır və gənclər üstünlük təşkil edir. Partiyamız "Bizim yolumuz haqq yoludur, Heydər Əliyev yoludur" devizini öz fəaliyyətində əsas kimi götürərək, respublikamızda demokratiyanın getdikcə daha da inkişaf etdirilməsinə çalışır. Fürsətdən istifadə edərək namizədliyimi irəli sürən partiya rəhbərliyinə, xüsusən DADP-ın sədri Məmməd Əlizadəyə öz minnətdarlığımı bildirirəm.

  Həmçinin demək istəyirəm ki, əgər mən seçicilərə verdiyim vədləri yerinə yetirə bilməsəm, qısa bir vaxtda öz seçicilərimdən üzr istəyib istefa verəcəyəm. Mən belə hesab edirəm ki, millətin səsini alan hər bir şəxs bu məsuliyyəti tam aydınlığı ilə dərk etməli və lazım gəldiyi məqamda ondan imtina etməyi bacarmalıdır. Yəni hər birimiz lazım gəldiyi təqdirdə xalqın, insanların mənafeyi naminə öz şəxsi niyyət və məqsədlərimizdən əl çəkməyi bacarmalıyıq. Açığını deyim ki, bu gün əgər bu ərazidən vaxtilə yaşayıb-yaradan İbrahim Qurbanov, Səfər Bəşirov, Mayıl Ağamalıyev, Oruc Dünyamalıyev kimi şəxslər öz namizədliklərini irəli sürmüş olsaydılar, məmnuniyyətlə namizədliyimi geri götürərdim.

Ümumiyyətlə, millət vəkili olmaq istəyən hər bir kəs yaxşı-yaxşı düşünməlidir ki, o, xalq üçün nə edə bilər, hansı işləri görə bilər. Əgər millət vəkili xalqa xidmət etməyəcəksə, onun qayğı və problemləri ilə maraqlanmayacaqsa, onda vay bizim halımıza. Artıq seçkilərə də çox qalmayıb. Odur ki, bir daha seçicilərə müraciət edərək, onları tələsməməyə və layiqli namizədlərə səs verməyə çağırıram.

- Sağ olun.

 

 

Əliəsgər Behbudlu

 

Ədalət.- 2010.- 22 oktyabr.- S. 4.