DÜNYA ŞÖHRƏTLİ ALİM, MAHİR TƏŞKİLATÇI

 

Məşhur fransız humanist-filosofu Mişel Eykem Monten hələ XVI əsrin ortalarında demişdi: "Əsl alimlər tarlada sümbüllərə bənzəyirlər. Nə gədər ki, sümbül boşdur həvəslə böyüyür və başını qürurla uca tutur; dənlə dolanda və yetişəndə isə itaətkarcasına başını aşağı salır." Məhz bu kimi fikirlər həmin müəllifə dövrünün ən yaxşı əsəri sayılan və bu gün də öz əhəmiyyətini qoruyub saxlayan "Təcrübələr" essesini yazmağa imkan vermişdir.

Əziz oxucu! Siz taxıl tarlasının yanından müxtəlif vaxtlarda keçərkən yəqin ki, Montenin dediyinin əyani şahidi olubsunuz. Doğrudan da, taxıl yenicə sümbül açarkən şax durur, sümbül saralmağa doğru gedəndə isə başını aşağı salır. Gözəl müqayisədir, elə deyilmi? Sümbül bərəkət rəmzidir, bolluq nişanəsidir. Alim özü də bütün kəşflərini insana, insanın rifahına, bəşəriyyətin gələcəyinə ithaf edir.

Alim və elm haqqında cox deyilmiş, cox yazılmışdır. Alimsiz ölkənin elmi inkişaf edə bilməz, xaricdən gələn elmi kəşflərdən isə lazımi səviyyədə bəhrələnə bilməz.

Hardasa oxumuşam: əgər kimsə yalnız hər hansı bir ixtisası bilirsə o, yəqin ki, həmin peşənin də lazımi səviyyəli mütəxəssisi deyildir. Əsil ixtisas sahibləri digər ixtisaslar barəsində də biliyə yiyələnmiş olmalıdırlar. Belə şəxslərdən biri Bakı Dövlət Universitetinin rektoru, akademik, ölkə parlamentinin üzvü, neçə-neçə xarici ölkənin elmlər akademiyalarının üzvü Abel Məhərrəmovdur.

Onun haqqında yazmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, fəaliyyət dairəsi həddindən artıq genişdir, çoxtərəfli, çoxcəhətlidir. Bu istiqamətlərdən birini götürüb yazmaq, ortalığa nəsə çıxarmaq olar. Çətindir ona görə ki, fəaliyyətinin bütün istiqamətlərini qəzet üçün hazırlanan bir yazıda əhatə etmək mümkün deyildir. Ən yaxşı ümumiləşdirmə qabiliyyətinə malik olan jurnalistin qələmi belə bu cür vəzifənin öhdəsindən gəlməkdə yəqin ki, acizdir. Elmin zirvəsində olan alim, ölkəmizdə ən böyük ali məktəbin rəhbəri, mahir siyasətçi - bütün bunların bir insanın simasında birləşməsi asan məsələ deyildir. Bunların arxasında nə qədər böyük zəhmətin durduğunu təsəvvür etmək çox fikirləşməyə lüzum yoxdur...

Nə isə... O, Qarabağın yuxarı hissəsi ilə aşağı hissəsi arasında körpü rolunu oynayan Ağdamda dünyaya göz açdı. Valideynləri onu riyaziyyatçı görmək istəyirdilər. Dünyanın məşhur riyaziyyatçılarından birinin adını da ona qoymuşdular. Hər şeylə maraqlanan, hər şeyi dərindən öyrənməyə çalışan oğlan məktəbdə keçilən bütün fənləri eyni səviyyədə öyrənir, müəllimlərin tapşırıqlarını layiqincə yerinə yetirirdi. Beləcə illər sürətlə gəlib keçir, o, orta məktəbi qurtarmağa hazırlaşırdı. İstədiyi ali məktəbin istənilən fakültəsinə imtahan verib qəbul oluna bilərdi, lakin daha çox maraq göstərdiyi kimyanı seçdi.

Müasir müstəqil ölkədə rəhbər vəzifədə çalışmaq çətindir. Amiranəlik işə yaramır, əlini stola döyüb kiminsə "öhdəsindən gəlmək", kimisə hədələmək ənənələri artıq arxivlərə atılmışdır. Rəhbər indi zəngin təcrübəsinə, səriştəliliyinə, insanlarla işləmək bacarığına arxalanmalı, hər bir əməkdaşın fərdi xüsusiyyətlərinə bələd olmaqla kollektivi idarə etməlidir. İndi biz elə bir dövrdə yaşayırıq ki, insanlar öz hüquqlarını yaxşı bilirlər və vay o gündən ki, kiminsə hüququ işlədiyi kollektivdə pozula. Rəhbər kollektivin sevimlisinə çevrilməyi bacarmalıdır, əlbəttə, öz fədakar, ürəklərə yatan işləri, əməlləri, bütün kollektivin, onun hər bir üzvünün qayğıları ilə yaşaması əsasında.

Bakı Dövlət Universitetində tez tez müxtəlif ixtisas sahibi olmuş və ya olan görkəmli alimlərin yubileylərinə həsr edilmiş tətbirlər keçirilir. Bunlar Azərbaycan elminin inkişafında misilsiz xidmətləri olan riyaziyyatçılar, fiziklər, filosoflar, şərqşunaslar, filoloqlardır. Bu çür tədbirlərin az qala hamısını Abel Məhərrəmov giriş sözü ilə acır. Giriş sözü isə həmişə qısa və lakonikliyi ilə seçilir; məharətlə hazırlanmış məruzə təsiri bağışlayır. Filosof haqqında danışarkən onun filosof olduğunu, fizik barəsində söhbət açarkən fizika elmini dərindən bildiyini zənn edirsən. Bu və ya digər yazıçının yubileyi ilə bağlı giriş sözü onu həmin ədibin yaradıcılığının ən yaxşı tədqiqatçılarından biri kimi tanıdır. Bu, yubilyarlar haqqında məruzə etməli olanların işini həm asanlaşdırır, həm də çətinləşdirir. Belə ki, məruzəçilər hazırladıqları mətnlərə yenidən baxmağa, təkrar olmasın dəyə, bəzi hissələrini ixtisar etməyə məcbur olurlar. Bəzi məruzəçilər isə mətni kənara qoyub Abel müəllimin demədiyi məsələləri toplaşanların nəzərinə çatdırırlar.

Tədbirlərdə onun giriş sözləri dərin məzmunlu mühazirə təsiri bağışlayır, yadda qalan dərsə çevrilir, Vətənimizə, dövlətçiliyimizə dərin məhəbbət hissindən yoğrulmuş mənəvi tərbiyə vasitəsi olur, diqqəti qarşıda duran vəzifələr üzərində cəmləşdirməyə kömək edir.

Onun yüksək təşkilatçılıq bacarığına malik olması universitetin bütün həyatında nəzərə çarpır.

Hər həftənin beşinci günləri qəbulu olur. Buraya ali məktəbin müəllimləri, digər əməkdaşları, tələbələr, onların valideynləri, bir sözlə, universitetlə bağlı hər hansı problemlə üzləşmiş insanlar gəlirlər. Saat 17-də başlayan qəbul bəzən saat 23-dək davam edir. Universitetin müxtəlif qurumlarının rəhbərlərinin, o cümlədən properkorların, fakültə dekanlarının iştirak etdikləri qəbulda rektor gələnlərin hər biri ilə ayrıca söhbət edir, onları narahat edən məsələləri dərindən araşdırır, qayda-qanun çərçivəsində bir çox problemləri yerindəcə həll edir, xüsusi araşdırma tələb edən məsələlər barəsində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilir, nə qədər yorğun olsa da, şikayətcinin sözlərinə, əsaslandırmalarına qətiyyən biganə qalmır, hər şeyə həssaslıqla yanaşır. Həlli mümkün olmayan problemlərin "sahiblərinə" hər şeyi təmkinlə izah edir, məsələnin gələcəkdə həllinin yollarını göstərir. Maraqlıdır ki, bu qəbullar zamanı işi düzələnlər də, düzəlməyənlər də rektordan razı gedirlər.

Abel müəllim təkcə Azərbaycanda deyil, Müstəqil Dövlətlər Birliyində, xarici ölkələrdə kimya elminin görkəmli simalarından biri kimi tanınır. Onun ixtisası ilə bağlı xarici ölkələrin ən nüfuzlu jurnallarında çap olunmuş məqalələrinin gələcək alimlərin taleyində çox böyük rol oynaması faktı hər bir azərbaycanlıda iftixar hissi oyadır.

BDU təkcə ölkəmizdə deyil, həm də bütün dünyada böyük nüfuz qazanmışdır. Onun məzunlarının səsi-sorağı Müstəqil Dövlətlər Birliyinin müxtəlif guşələrindən, dünyanın bir çox ölkələrindən gəlir. Şübhəsiz, bu faktın özü də ölkəmizin beynəlxalq aləmdə yüksək səviyyədə tanınmasında böyük rol oynamışdır və bu gün də böyük rol oynayır. Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı, XX əsrin ən görkəmli dövlət və ictimai xadimləri arasında mühüm yer tutan Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olması da böyük iftixar hissi doğurur.

Bu gün dünyanın tanınmış ali məktəbləri arasında özünə layiqli yer tutan BDU yer üzünün aparıcı ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır, onun beynəlxalq əlaqələri daim inkişaf edir. Bu əlaqələrin inkişafında universitetimiz xarici ölkələrin ali məktəbləri ilə ikitərəfli əməkdaşlığa, beynəlxalq təhsil proqramlarında iştiraka, beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlığa, universitetlərin beynəlxalq assosiasiyalarında təmsil olunmağa, xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəliklər ilə əməkdaşlığa, Azərbaycan dili və ədəbiyyatının xarici öləkələrdə təbliği və yayılmasına xüsusi əhəmiyyət verir. Universitetimizin professor-müəllim heyətinin xarici elmi-tədris ocaqlarında fəaliyyəti, tələbə, magistrant və doktorantların xarici ölkə universitetlərində, əcnəbi vətəndaşların isə Bakı Dövlət Universitetində təhsili məsələlərinə xüsusi diqqət yetirilir.

Bütün deyilənlərdən əsas məqsəd universitetimizin dünyanın elm və təhsil məkanında nüfuzunu artırmaq, ən məşhur universitet assosiasiyalarına qəbul olunmaq və orada mühüm mövqe tutmaq, Avropanın elm və təhsil məkanında gedən inteqrasiya proseslərinə qoşulmaq və bu sahədə səmərəli fəaliyyyət göstərmək, Avropa Birliyinin və dünyanın elm və təhsilə ayırdığı qrantları qazanmaq, müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaq, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və həmin tələbələrin təmsil etdikləri ölkələrdə diplomlarımızın tanınması istiqamətində həlledici addımlar atmaqdır.

Ayrı-ayrı görkəmli alimlərin Abel müəllim barəsində ürək sözləri bizi sevindirir. Rusiya Elmlər Akademiyasının akademiki Nikolay Zefirov deyir: "Dünyada tanınmış kəşflərin müəllifi olan Abel Məhərrəmov həm də çox gözəl insandır."

Bizim sevimli xalq şairimiz Bəxtiyar Vahabzadə Abel müəllim barəsində ürək sözlərini belə ifadə edirdi: "Universitetdə həyata keçirdiyi böyük quruculuq işləri, yorulmaq bilmədən çalışması ona hamıya diqqət göstərməyə mane olmur".

Görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyev onun ən yaxşı keyfiyyətlərini belə göstərir: "Akademik Abel Məhərrəmov həm məşhur alim, həm mahir pedaqoq, həm də gözəl təşkilatçıdır. Bu üç xüsusiyyətin bir insanda cəmləşməsi özü nadir hadisədir. Qadir Allah ondan hec bir nəcib keyfiyyəti əsirgəməyib".

Bakı Dövlət Universitetinin və onun rəhbəri Abel Məhərrəmovun beynəlxalq əlaqələri inkişaf etdikcə xarici alimlər onun işləri ilə tanış olduqca gözəl fikir formalaşır. Bu baxımdan Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçinin dedikləri diqqəti cəlb edir: "... o öz ölkəsini sevən insandır; çox müasir rəhbərdir."

Abel Məhərrəmov bütün çıxışlarında özününü azərbaycanlı olması ilə fəxr etdiyini,ölkəmizi ürəkdən sevdiyini, Azərbaycanın uğurlarını daim artırmağa hazır olduğunu nümayiş etdirir. Onun "ümummilli lideri olan xalq xoşbəxt xalqdır" deməsi bütün tədbirlərdə böyük razılıq hissi ilə qarşılanır, həm tələbələrimizin, həm də müəllimlərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Abel Məhərrəmov yenilik hissi ilə yaşayan, daim qurub-yaratmaqla məşğul olan, elmimizin və təhsilimizin dünya şöhtəri qazanmasına dəyərli töhfələr verən ziyalılarımızdandır. Seçicililərin yəqin ki yadındadır: 2005-ci il seçkilərində Abel müəllim öz platformasını elan edərkən bir sıra problemlərin həllinə çalışacağını vəd edirdi. Bu gün artıq hesabat vermək olar. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu- bütün ölkədə yolunu çoxdan gözlədiyimiz qanun qəbul edilmişdir. İndi bizim dünya standartları ilə ayaqlaşa bilən təhsil qanununmuz vardır, işləyir. BDU-da Bolonya prosesi uğurla tətbiq edilir. Elə buradaca hamı üçün aksiom olan bir məsələni qeyd edtmək olazımdır. Yenilik özünə həmişə çətinliklə yer tapır. Bolonya prosesi də bir yenilik kimi tətbiqi zamanı çətinliklərlə rastlaşdı. Bununla belə, məhz Abel müəllimin yüksək təşkilatçılıq məharəti, təhsil sistemini, xüsusilə xarici ölkələrin təhsil təcrübəsini dərindən bildiyinə görə Bolonya prosesi univertsitetimizdə nisbətən ağrısız keçdi. Dövlət imtahanlarında tələbələrin yüksək bilik nümayiş etdirmələri bu prosesin nümunəvi hazırlandığını, test sualları bu və ya digər fənnin dərindən öyrənilməsi ilə başa çatdığnı nümayiş etdirdi. Semestr imtahanlarının da test üsulu ilə aparılması öz səmərəsini verir.Bütün bunlar həm tələbələrin , həm də müəllimlərin məsuliyyət hissini artırır. Məsuliyyət hissi olan yerdə isə həmişə uğur qazanmaq mümkündür.

Bu gün BDU-da sözün həqiqi mənasında böyük intizam hökm sürür. Müəllimlər, fakültələrin dekanları, kafedra müdirləri, texniki işçilər öz üzərilərinə düşən vəzifələrini layiqincə yerinə yetirməyə çalışır, ali məktəbin nizam- intizam qaydalarına dönmədən riayət edirlər.

İndi xalq kimin kim olduğunu yaxşı bilir. Xalqı aldatmaq, onu vədlərlə qidalandırmaq mümkün deyildir. Parlament seçkiləri ərəfəsində əhali ilə görüşlər zamanı bəzi namizədlər bol-bol vədlər verir, lakin həmin vədləri işə çevirmək üçün hansı tədbir görəcəkləri barəsində bir söz belə deyə bilmirlər. Əslində onların deməyə sözləri də yoxdur.

Abel müəllim də seçkilərə qatılmışdır. Özü də əvvəlki dairədən. Dairənin ərazisində yaşayan və səs vermək hüququ olan bütün əhali onun necə bir deputat olduğunu, xalqın istək və arzularını necə həyata keçirdiyini yaxşı bilir.Onlar onu da bilirdilər ki, Abel müəllim bu çağırışda da Milli Məclisə deputat seçilərsə, problemlər daha tez və daha asan həll olunar.

Böyük rus yazıçısı, "lakin"lərin müəllifi elm haqqında maraqlı fikir söyləmişdir: "Vurma cədvəlinin vətəni olmadığı kimi, elmin də vətəni yoxdur". Bəli, elm,elmi kəşf hər hansı ölkədə yaranır, inkişaf edir, yarandığı ölkənin sərhədlərini aşaraq digər ölkələrə, bütün dünyaya yayılır. Məhz buna görə də elmin vətəni yoxdur deyirlər. Amma alimin vətəni yoxdur deməyə heç kəsin cəsarəti çatmaz. Abel müəllimin də elm sahəsində kəşfləri dünyaya yayılmış, dünyanın mənəvi sərvətinə çevrilmişdir. Lakin bu kəşflərin müəllifinin vətəni Azərbaycandır

Abel müəllimə parlament seçkilərində uğurlar arzulayır, onun Milli Məclisimizin yenidən layiqli üzvlərindən biri olacağı günü böyük səbirsizliklə gözləyirik. Yəqin ki, bu, Abel müəllimin deputatlığa namizədliyi irəli sürülmüş dairənin bütün seçicilərinin fikridir.

 

 

Həmid VƏLİYEV

 

Ədalət.- 2010.- 22 oktyabr.- S. 7.