NƏDƏN BİLİM

 

Bu dünyanın öz sözü var,

Gecəsi var, gündüzü var,

Xoş üzü var, sər üzü var,

Nə vaxt dönər, nədən bilim?!

 

O hakimdir, hökmü qəti,

Yenilməzdir cəsarəti,

Nə dərdi var, nə möhnəti ,

Varsa əgər, nədən bilim?!

 

Öz atını çapar gedər,

Köç etdirər, qatar gedər,

Neçə ömrü satar gedən,

Nə vaxt gülər, nədən bilim?!

 

Gah bal verər dərdtək acı,

Gah köz üstə yanar sacı,

Gah başına qoyar tacı,

Qan eyləyər, nədən bilim?

 

Demə gəldi-gedərdi o

Bir fanidi, hədərdi ,

Bir taledi-qədərdi o,

Nə vaxt gülər, nədən bilim?!

 

Var quranı-bir ustası,

Qabsız, susuz qurar tası,

Bir şənliyə salar yası,

Qurban dilər, nədən bilim?!

 

 

YAMAN DARIXIRAM

 

Yaman darıxıram bu gün, nədənsə,

Arayır hər yerdə gözlərim səni.

Qəlbim həsrət qalıb bir incə səsə,

Ovutmaz bir qeyri incə səs məni.

 

Yaman darıxıram sənsizliyindən,

Elə bil, qəlbinə od düşüb, gülüm.

Gözlərim önündə olmayanda sən,

Haray çəkmək üçün odlanır dilim.

 

Bəzən oynayıram bir uşaq kimi,

Sənin dadlı, şirin xəyallarınla.

Eşqindən alışıb yanan qəlbimi,

Çəkirəm sınağa coşan varımla.

 

Baxır gözlərimə gözlərin bir an,

Nəyisə axtarır, bilmirəm düzü.

Süsüz lal baxışlar, süzür durmadan,

Ömrümə gətirir xoşbəxt gündüzü.

 

Nələr var o sirli baxışlarında,

Sancılır qəlbimə, oxmudur, nədir?!

Ömrüm çiçəklənən ilk baharında

Bəlkə bir çiçəkdir, ərşə yüksəlir.

 

Yoruldum, oynayıb xəyallarla mən,

Gəl daha, hicrana qalmayıb dözüm.

Ayrılıq acısı qopur sinəmdən,

Qəhər boğur məni, dolubdur gözüm.

 

Tez gəl, dözmür ürək, sənsizəm yaman,

Sıxır varlığımı bu dəhşətli qəm.

Sanki hücum çəkir üstümə hicran,

Düşüncəm kütləşir, korlaşır qələm.

 

Yaman darıxıram sənsizliyindən,

Elə bil, qəlbinə od düşüb, gülüm.

Gözlərim önündə olmayanda sən,

Haray çəkmək üçün odlanır dilim.

  

  

Əfrahim ABBAS

 

Ədalət.- 2010.- 27 oktyabr.- S. 6.