"LALLARIN ƏLİ DANIŞIR"

 

Ötən ilin sonlarında "Vektor" nəşrlər evi tanınmış qələm adamı, şair və yazıçı kimi oxucular tərəfindən sevilən Vaqif Nəsib Sarıhüseynoğlunun şeirlərindən ibarət olan 180 səhifəlik "Lalların əli danışır" kitabı müəllifin annotasiyası ilə başlayır. Yəni ilk səhifədə verilmiş qısa anonsdan bəlli olur ki, "Lalların əli danışır" şeirlər toplusu üzürlü səbəblərə görə, kitab sarıdan 18 il lal qalmış Vaqif Nəsib Sarıhüseynoğlunun bir növ oxucu qarşısında dilaşdısıdır.

Onu ərsəyə yetirən Elçin İsgəndərzadə xeyirxahına dualar sonra şeirləri tələbkardan tələbkar Azərbaycan oxucusunun mühakiməsinə verir".

Bəli, 18 ildən sonra oxucu qapısını döyən Vaqif Nəsib Sarıhüseynoğlu poeziyası ağır samballı gəlmişdi. Vəzndə və fikir yükündə ağırsamballı olan bu şeirlər özü özlüyündə həm Vaqif Nəsib Sarıhüseynoğolunu təqdim edir, həm də onun həsrətli şeirlərinin istisini. Şair yazır:

 

Bir göz açıb ara gördük

Ara boyda yara gördük

Yurdu iki para gördük-

Yarı Azər, yarı Baycan.

 

Araz adlı nəhri yarı

Neçə kəndi, şəhri yarı

Qan ağladı Şəhriyarı-

Sazı Azər, tarı Baycan.

 

Bir şeirdən gətirdiyimiz bu nümunə özü-özülyündə elə kitabın ilk vərəqindən oxucunu böyük söz dünyasına çəkib aparmağa, üz tutub getməyə həm güc göstərir, həm vadar edir. Oxucu Vaqif müəllimin müxtəlif illərə aid olan şeirlərində bir poetik fəlsəfənin, bir işıqlı səhəri özü üçün qaranlıqlardan seyr edilən ulduz kimi kəşf edir, görür və ona yaxınlaşır.

 

Yağar sal daşlara əldən yağışlar

Ancaq ürəkləri sevgi naxışlar

Çaxıb buludundan yaylım baxışlar,

Dağlar qucağında Sinə dağlayar.

 

Və yaxud da:

 

Mərdlik xərçəng tutub, oyunu daldalı,

Aslanlar, pələngələr boynu xalxalı.

Keçəlhəmzələrin əli baltalı,

Atlar cilovlanır-

Haqqlar çapılır...

 

Gəl bu keşməkeşə dözə bir görüm,

Üzə bil, süzə bil, gəzə bil görüm.

Dolaşıq dünyanı çözə bil görüm-

Ovçular ovlanır,

Ovlar sapılır...

 

Şeir parçalarından göründüyü kimi bu sətirlərin arxasında böyük bir məna, böyük bir fikir yükü dayanıbdı. Bax, elə şairin də sözünün gücü, qələminin məharəti burda görünür. Vaqif Nəsib Sarıhüseynoğlunun dost itkiləri ilə bağlı yazdığı şeirlər, yurd nisgilli misraları bütövlükdə zamanın, onun qüsurlarını qamçılayan qələm nümunələrinin hər biri ayrı-ayrılıqda oxucu üçün yeni bir səhifə açır. Məsələn, şair "Zaman cəzalılarına" şeirində yazır:

 

Üzü,

Gözü,

Özü

Bir mətləbə tuşlanmış,

Qarğışlanmış lallar

Zamanın dinləmək istəmədiyi

Sözlülərdi bəlkə də...

 

Bax, elə bu bir parça çox mətləblərdən xəbər verir. Ümumiyyətlə, "Lalların əli danışır" kitabında yer almış istənilən şeir barəsində təkcə müzakirə açmaq yox, həm də mühakimələr də vermək mümkündü. Zənnimcə, Azərbaycan oxucusu artıq onlara ünvanlanmış bu kitabda öz istədiklərini bir növü gerçəkləşdirib rahatlıq tapa biləcəklər. Amma bu rahatlıq əslində müvəqqəti olacaq. Çünki o şeirlər həm də düşünməyə məcbur edəcək. Bax, elə bu şeirdə olduğu kimi:

 

Mən gedirəm,

gülüm, arım

quşəppəyim, sünbül, sarım.

çöldü quşlara quşlara,

sərçələr nə yaxşı qalıb.

 

Son olaraq sizlərə təqdim etdiyim "Lalların əli danışır" kitabı yəqin ki, hər biriniz üçün maraqlı olacaq. Oxumağa tələsin.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 22 yanvar.- S. 7.