"ÜRƏK YANMASA..."

 

O şeirlər yadda qalır ki, həmin misralar ürəkdən gəlir və oxucuların qəlbinin sarı siminə toxunur. Bu mənada "Adiloğlu" nəşriyyatı tərəfindən çapdan çıxan istedadlı şair Vahid Əlioğlunun "Ürək yanmasag" şeirlər kitabı neçə-neçə oxucu qəlbinin sarı siminə toxunacaq. Ən azından ona görə ki, şairin bu şeirlərində milli ruh, insanı düşündürən və ilahi eşqdən yaranan səmimi məhəbbət daha obrazlı və şirin bir dillə oxucuya çatdırılır.

Kitabdakı şeirlər şərti olaraq bu bölmələrdə toplanıb: "Eldən ayrı yaşamaram", "Alnıma yazılan yazı", "Haqqa könül vermişəm", "Qayıt", "Unuda bilməzsən", "Sən niyə demirsən, günahın nədir?" . Əlbəttə, şairin yaradıcılığında öncə vətən, xalq, millət sevgisi daha qabarıq vəsf edilir. Məsələn, "Eldən ayrı yaşamaram" şeirində oxuyuruq:

 

Eldən ayrı yaşamaram,

Mən elimə qurban olum.

Ruh oxşayan, can oxşayan,

Öz dilimə qurban olum.

 

Vətənin hər qarış torpağını müqəddəs varlıq kimi qəbul edən şair öz elinin torpağını və yurdunu hər şeydən üstün tutur. Onun yolunda ölümə getməyə hazır olduğunu bildirir.

 

"Haqqa könül vermişəm" şeirində isə şair yazır:

 

Haqqa könül vermişəm,

Hər sözüm haqdan gəlir.

Mən Adəm övladıyam,

Səsim uzaqdan gəlir.

 

Yaxud:

 

"Qayıt" şeirində şair görün öz poetik fikrini necə obrazlı ifadə edir:

 

Ərimək bilməyir həsrətin canda,

Dərdimi duyarsan tarda, kamanda.

Səni düşünəndə, səni ananda,

Ürəyim od tutub alışdı, yandı,

Qayıt qurban, olum, qayıt, amandı.

 

Vahid Əlioğlunun şeirlərində vətən məhəbbəti ilə yanaşı, ailə sədaqəti, ailə məhəbbəti, əbədi eşq, nəvə sevgisi çox bədii və poetik bir şəkildə öz ifadəsini tapıb. Hər bir şeirdə sanki yeni bir ətir, yeni bir qoxu hiss edirsən və hər şeirin öz rəngi, öz çaları var. Məsələn, "Unuda bilməzsən" şeirində aşağıdakı misralar hər bir oxucunun iç dünyasına bir işıq gətirir:

 

Ömrümü, günümü zaman biçsə də,

Gözümün yaşını torpaq içsə də.

Aylar ötüşsə də, illər keçsə də,

Unuda bilməzsən, ancaq sən məni.

 

Həqiqətən də heç bir insan sevdiyi adamı ömrünün sonuna qədər yaddan çıxara bilmir. Hətta sevdiyimiz gözəllər gecələr də yuxumuza girirlər. Deməli, əsl sevgini heç vaxt unutmaq və yaddan çıxarmaq mümkün deyil, çünki o, insanın "qəlbinin sahilləri"nə elə həkk olunub ki, onu nə zamanın fırtınası, nə də tufanı silə bilməz.

 

Vahid Əlioğlunun bu şeirlər kitabına iki poeması da daxil edilib: "Yad ovçu" və "Yol polisi". Vahid müəllim nədən yazırsa yazsın, həmişə onun şeirlərində şairin ürək çırpıntılarını duymaq olur. Ürək çırpıntıları ilə yazılan şeirlər, misralar isə minlərlə ürəyi fəth eləyir və orda özünə yuva qurur. O şairlər xoşbəxt şairdi ki, onun şeirlərini oxuyan var. Məhz Vahid Əlioğlu da belə şairlərdəndir. İnanırıq ki, "Ürək yanmasa..." şeirlər kitabı ilə şair yenidən oxucuların könüllərinə yol tapacaq və onların ürəyinin sarı siminə toxunacaq.

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2010.- 30 yanvar.- S. 17.