Dağlıq Qarabağın çözümündə səmimilik çatmır

 

Cəhdlər hələ xidmət etməli

Super güclərin maraq dairəsində olan, mövqe savaşının açıq-aşkar hiss olunduğu Cənubi Qafqaz neçə illərdir ki, qaynar qazana çevrilib. Sovetlərin çöküşü ilə region ölkələri müstəqilliklərini əldə etsələr də imperiya maraqları hələ də bu dövlətləri rahat nəfəs almağa imkan vermir. (Hərçənd ki, Ermənistan adlanan ölkənin müstəqilliyindən söhbət açmaq yersiz görünür. Çünki məhz SSRİ-nin süqutu gedişində həmişə alət kimi istifadə edilən ermənilər bu dəfə də rus maraqlarının əsirinə çevrilib regionda bədbəxtlik atmosferinə çevrildilər). Məhz imperialist siyasətinin nəticəsidir ki, bütövlükdə Qafqazda proseslər gündən-günə daha təhlükəli vəziyyət alır. Xüsusilə Azərbaycandan sonra qonşu Gürcüstan daxilində də iki münaqişə ocağı süni şəkildə alovlandırıldı ki, bu qaynar bölgələr ölkələrə bir çox hallarda maneəyə çevrilir. Amma istiqlalın əldə olunması ilə istənilən maneəyə baxmayaraq, daxili sərvətlərə malik dövlətlər regionun sürətlə inkişaf etməkdə olan ölkələrinə çevrildilər. Belə bir vaxtda burada yenidən başlayacaq istənilən toqquşma bütövlükdə dünyanın əksər dövətləri üçün xoşagəlməz nəticələrə səbəb ola bilər. Bu baxımdan dünya gücləri səbəbkarlara bir qədər təzyiqləri artırsalar, şübhəsiz, müsbət nəticəyə nail olmaq da mümkün olar. Hələlik arzuolunan istiqamətdə cəhdləri hiss olunanlar arasında səmimiliyi ilə qardaş Türkiyə seçilir. Son illərdə Azərbaycanın Dağlıq Qarabağ probleminin daha çox əks olunduğu Türkiyə mətbuatında bu il məsələnin mahiyyətinin açıqlanmasına tez-tez rast gəlinir.

Müəlliflər hər şeydən əvvəl azərbaycanlılar və ermənilər arasında yaranan problemin tarixinə diqqət yönəldərək tarixi faktları qabartmağa çalışırlar. Bildirilir ki, əslində 1828-ci il Türkmənçay müqaviləsinin bağlanması və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə iki xalq arasında problemlərin əsası qoyulub. Həmin dönəmdən keçən bu müddət ərzində milyonlarla Azərbaycan türkü məhv edilib, torpaqlarından qovulub, minlərcə kənd, qəsəbə, şəhər yer üzündən silinib. Vəhşiliklər yüz illər boyunca davam etdiyindən iki xalq arasında unudulması mümkün olmayan nifrət hissləri yaranıb. Bu özünü 1905, 1918, 1992-ci illər soyqırımlarında bir daha göstərdi.

Region çar imperiyasının xarabalıqları üzərində bərqərar olan rus imperiyasının tərkibinə ilhaq edilməklə həm də genişmiqyaslı ruslaşdırma siyasətinə məruz qaldı. Din baxımından ermənilər ruslara yaxın olduğundan, onlardan istifadə olunmağa başlandı. Bu baxımdan ermənilərin törətdiyi bütün vəhşiliklərə qəsdən göz yumuldu. Çünki bunlar imperiya maraqlarının ümumi işinə yardımçı olurdu. Əks halda uzun illər İslam dininə ibadət etmiş bir xalqı istədikləri səmtə dəyişə bilməzdilər. Güclü dayaqların yaradılması üçün regiona kütləvi şəkildə rus və erməni əsilli insanlar köçürüldü. Onların çoxalıb, artması üçün geniş ərazilərə ehtiyac var idi. Bu baxımdan Azərbaycan türklərinin başqa yerə köçürülməsi və ya məhv edilməsi zərurəti yaranırdı. O zaman Çar Rusiyasının Osmanlı imperiyası ilə aramsız müharibələri də bu işin sürətlənməsinə səbəb olurdu.

 

Ortaq variant niyə tapılmır?

 

Qarabağ düyününün kökünün də məhz burada axtarılmasının vacibliyini vurğulayan yazarlar qeyd edirlər ki, hazırda həm Azərbaycan, həm də Ermənistan müharibənin başlaması üçün kiçik bir bəhanənin kifayət edəcəyini anlayırlar. Bu baxımdan münaqişə iki dövlətin yox, bütün regionun problemi hesab olunmalıdır. Rusiyanın süni olaraq yaratdığı Dağlıq Qarabağ konfilikti ətrafında davam edən danışıqlar getdikcə daha çözülməz hala gəlir. Səbəb çox sadədir. Bu Moskvanın maraqlarına cavab verir. Hazırda vəziyyət elə bir mərhələyə daxil olub ki, danışıqlarda həmsədrlər yeni bir şey söyləyə bilmirlər. Hər şey masa üzərindədir. Metodun dəyişdirilməsi üçün digər dövlətlərin işin içinə daxil olmasına isə imkan verilmir. Halbuki münaqişənin həll olunmamasına görə həmsədr dövlətlərə heç bir zərər dəymir. Amma Türkiyə buna görə milyardlarla dollar vəsait itirir. Gündəmdə olan iqtisadi layihələrin böyük əksəriyyətini ya reallaşdırmaq olmur, ya da nəzərdə tutulduğundan daha çox vəsait xərcləmək lazım gəlir. Ermənistan-Türkiyə arasında imzalanan protokolların ortaya çıxardığı nəticələr buna əyani sübutdur.

Dağlıq Qarabağ müharibəsinin başlanması ilə nəticələrinə gəldikdə, qalib haqqında danışmaq gülüncdür. Çünki hər iki tərəf sonda sosial, iqtisadi, mədəni iflasa uğradı. Azərbaycan torpaqlarını, mədəni, tarixi abidələrini itirdiyi halda, Ermənistan bu günə qədər içindən çıxa bilmədiyi sosial, iqtisadi böhrana düşdü. Əsası tərəflərin heç birinin məğlubiyyəti qəbul etməməsidir. Bu, II Qarabağ müharibəsinin başlama ehtimallarını artırır. Baxmayaraq ki, Gürcüstanda baş verən savaş, bunun nə qədər təhlükəli olduğunu göstərdi. Etiraf etmək lazımdır ki, nə Ermənistan, nə də Azərbaycan müharibəni inkar etmək niyyətində deyillər. Amma regionda mənfəəti olan dövlətlər bunu qətiyyən arzulamırlar. Hər kəs, müharibə başlayacağı halda maraqlarının sual altında qalacağını anlayır. Amma vəziyyəti dəyişə də bilmirlər.

 

Tərəflərin hədə çıxışları

 

1994-cü ildən demək olar ki, mütəmadi görüşlər keçirilir. Münaqişənin uzaq keçmişdə baş verməməsi, hər hansı qaranlıq məqamın ortaya çıxmasına da imkan vermir. Həmsədrlərdən biri hansısa irəliləyişə nail olmaq istəyəndə, digəri ona mane olur. Tərəflərin öz aralarında ortaq məxrəcə gəlmək imkanı isə sadəcə sıfra bərabərdir. Lap əvvəldən oraya qoyulmuş mövqelərdə demək olar ki, heç bir dəyişiklik olmayıb. Əksinə şərtləri getdikcə sərtləşdirirlər.

Azərbaycan mütəmadi olaraq hərbi variantı gündəliyə gətirir. Ermənistan müxtəlif bəhanələrlə danışıqları pozur və ya daha sərt tələblər irəli sürür. İrəvanın bu səpkili hərəkətləri həmsədrlər tərəfindən anlayışla qarşılanır. Çünki bu elə onların istədikləri metodudur. Azərbaycan müharibə haqqında danışdığından təzyiqlər də ona olunur. Belə bir təəssürat yaranır ki, İrəvan ortaq nəticəyə gəlmək üçün yollar axtarır, enerjisi tükənməyib. Bakı isə sülhlə uğura imza atmaq niyyətində deyil. Onun fikri ancaq müharibədədir. Hər halda dünya vəziyyəti bu cür qəbul edir.

Ermənilər yaranmış vəziyyətdən maksimum istifadə etmək niyyətindədirlər. Paralel olaraq 1915-ci il "soyqırımını" gündəmə gətirməklə əlavə dividentlər qazanmağa çalışırlar. 2015-ci ilə kimi qarşılarına iki məqsəd qoyublar. 1. 1915-ci il hadisələrini bütün dünyaya qəbul etdirmək və yəhudilərlə eyni statusa sahib olmaq. Bundan sonra Türkiyədən torpaq və təzminat əldə etmək arzusundadırlar. 2. I Qarabağ müharibəsində əldə etdikləri uğurları rəsmiləşdirmək. Onlar bu müddət ərzində işğal etdikləri ərazilərin müstəqil dövlət kimi tanınacağına ümid edirlər.

Bu, iki məqsədi kölgədə qoyacaq istənilən addımı atmaqdan qaçırlar. Şübhəsiz, burada erməni lobbisinin də böyük təpkisi var. Bütün bunlar nəticə olaraq hər iki tərəfi bir-birindən getdikcə daha da uzaqlaşdırır. Xaricdə fəaliyyət göstərən erməni lobbisinin apardığı işlər həqiqəti ört-basdır etdiyindən vəziyyət daha da ağırlaşır.

 

Sonda daxili imkanlar rol oynayacaq

 

Bununla belə Azərbaycan öz maraqlarını beynəlxalq güclərin mənfəətləri ilə uzlaşdırıb mövqelərini möhkəmləndirməyə çalışır. Bakı anlayır ki, sonda problemləri o təkbaşına həll etməli olacaq. Beynəlxalq təşkilatlar, dövlətlər bəyanat verməkdən başqa heç nə edə bilmirlər. Onu da anlayır ki, Qarabağ işğal altında qaldıqca onun müstəqil olma ehtimalları da artır. Ermənilər müxtəlif yollarla bura millət vəkillərini, siyasətçiləri gətirməyə nail olur. Bu hələlik bir qədər çətinliklə həyata keçirilir. Amma bir neçə ildən sonra vəziyyət tamamilə dəyişə bilər. Bu isə Bakı üçün yaxşı heç nə vəd etmir. Azərbaycan liderinin bəyanatlarına baxdıqda, onun narahat olduğunu və tələsdiyini açıq-aşkar müşahidə etmək olur. O, dünyanın Azərbaycanın başını aldatdığını birmənalı olaraq qəbul edib. Bu baxımdan müharibə qaçılmaz olacaq. Və dünya dövlətləri bunun nələrə səbəb olacağının fərqindədir. Buna görədir ki, müharibə təhlükəsinin artması ilə bağlı bəyanatlar verməyə başlayıblar. Amma sadəcə bəyanatlarla məsələ həll olunsaydı, o zaman dünyada heç bir problem olmazdı.

Müəlliflər müharibədən qaçmağın yeganə yolunu, tam yeni format axtarıb tapmaqda görür. Belə ki, tərəflər beynəlxalq hüququn qərarlarına qeyd-şərtsiz əməl etməlidir. Ermənilər torpaqları boşaldır, Azərbaycan orada yaşayan ermənilərə yüksək həyat şəraiti vəd edir. Hətta lazım gəlsə onların ayrıca qurum şəklində yaşamasına razılıq verməlidir. Hər halda bu formatı iki dövlət təklikdə razılaşdıra bilərlər. Yoxsa rayonun birini iki ilə boşaldılması razılaşdırılır. Növbəti dəfə bunun beş ilə mümkün olacağı bəyan edilir və s. Bunlar vaxtı uzatmağa və müharibəni tezləşdirməyə imkan yaradan amillərdir.

Nilufər

 

Ədalət.- 2011.- 19 aprel.- S. 3.