"OTURUB ÖMRÜN İÇİNDƏ, ÇİÇƏK ŞƏKLİ ÇƏKİRƏM"

 

   ƏDƏBİ HƏYAT

 

   Oturub ömrün içində  

   Çiçək şəkli çəkirəm.  

   Yalan rəngləri götürüb,

   Gerçək şəkli çəkirəm.  

   Kimsə bilməz nə çəkdirir,  

   Mənə mən çəkdiklərim.  

   Ölümlərə cücərirlər   

   Olmağa əkdiklərim.

  

   Dəryalar mənə çəkilir,  

   Tufanlar məndən qopur.  

   Başıma odlar ələnir

   Ruhuma sular hopur.

  

   Şəkillənir qələmimdə  

   Doğulmamış bir adam.  

   Mən şair deyiləm, yavrum,  

   Mən bir dəli rəssamam.

  

   Bu şeirin müəllifi İbrahim İlyaslıdır, elə güman edirəm müasir şeirimizlə tanış olan əsl oxucular belə bir imzaya öyrəşməmiş deyillər. O, əslən Qazağın İncədərəsi məkanındadı. O məkanda Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndləri yerləşir və bu üç balaca kənd Azərbaycan poeziyasına Ağamalı Sadiq. Akif Səməd, Məmməd İlqar, Aslan Kəmərli, Məhəmməd Aslanbəyli, Məmməd Dəmirçioğlu, Mahmud Vəli, Avdı Qoşqar, Rəfail İncəyurd kimi şairlər bəxş edib. İbrahim Aslanbəylidəndir, on yeddi yaşında,1980-ci ildə İncədərəsindən çıxıb gəlib Sumqayıta və taleyini həmişəlik bu şəhərə bağlayıb. Sumqayıtda "Əli Kərim poeziya klubu"nun rəhbəridir və o şəhərin ədəbi mühitinin saf-sağlam qalmasında İbrahimin rolu böyükdür. Və bir məqamı da qeyd edim ki, müasir poeziyamızda irfan şairi kimi tanıdığımız Məhəmməd Aslanbəyli İbrahimin dopdoğmaca qardaşıdır. Amma Məhəmməd İncədərəsini tərk etməyib. İbrahimin bir qardaşı da var ki, sazını, səsini Kərəm edib ustad aşıqların layiqli varisi kimi öz sənət dünyasını yaradır.  

Yazının əvvəlində misal gətirdiyim şeir İbrahim İlyaslının "Yuxuma söykənmiş adam" adlı təptəzə şeirlər kitabındandır. "Oturub ömrün içində Çiçək şəkli çəkirəm" deyən İbrahim şeirə könül bağladığı illər ərzində cəmi üç kitab çap elətdirib, amma onun hər kitabında o çiçəkli duyğularla qarşılaşırsan.   

İbrahim İlyaslının şair səciyyəsi -şairlik sifəti doğulduğu saz-söz dünyasının rəngləriylə, naxışlarıyla yoğrulub. Dəxli yoxdur, o, nə yazır-yazsın, şeirlərində o ruh həmişə yaşayır. Bir dəfə təsadüfi görüşlərimizin birində, İbrahim mənə oxumaq üçün bir gəraylısını verdi (çox təəssüf ki, o gəraylını İ.İlyaslı təzə kitabına daxil eləməyib). O şeiri oxuyandan sonra məndə qəti bir qənaət yarandı ki, ənənəvi dediyimiz şeirdə də hünər göstərmək müşgül deyil. Gəraylı sevgidən idi.

 

   Səni görən divanədi,  

   Ölürəm səndən ötəri.  

   Göz yaşımla dağı-daşı,  

   Dəlirəm səndən ötəri.

 

   Uydurmadım, daha nələr?  

   Tükənibdi bəhanələr.

   Qonşumuza axşam-səhər,  

   Gəlirəm səndən ötəri.

 

   İbrahiməm, için-için,  

   Göynəyirəm, gedir köçün,  

   Ölmürəm yaşamaq üçün,  

   Ölürəm səndən ötəri!

 

   Fikrimcə, bu gəraylı bizim aşıq poeziyamızın inciləri olan o gözəl gəraylılardan heç də geri qalmır. Bəlkə də ifrata varıram, amma deyəcəyəm: əgər Dədə Ələsgər ya Bozalqanlı Aşıq Hüseyn bu gün yaşasaydılar, məhz belə gözəl gəraylılar yazardılar.  

   İ.İlyaslı ovqat şairidir. İnsanın ovqatı isə müxtəlif hadisələrə, içində keçirdiyi cürbəcür hisslərə, duyğulara köklənir. İbrahimin "Ruhani" saz havasına yazdığı bir şeiri var, o şeiri elə bilirəm, hansı bir kədərli hadisədən sonra qələmə almaq olar. Yəni o AN o şeiri doğurub:

  

   Səsinin sehrindən qara daş yanır,

   Bulaqlar dil açır,

   qayalar çopur.  

   Elə çağlayırsan-qanım   

   daşdanır,  

   Elə eydirirsən-ürəyim  

   qopur.  

   Bağrımın başına   

   batan oxdumu,  

   Yoxsa ki, saplandı

   xəncər tiyəsi?

   Allahın yoxdumu,   

   Tanrın yoxdumu?-  

   Tifaqın dağılsın   

   adam yiyəsi!

 

   Aman ver,   

   salamat çıxaq sabaha,  

   Buna nə Göy dözər,   

   yer, Aşıq. 

   Dedim bir Rühani dilləndir,   

   daha,

   demədim qətlimə   

   fərman ver, Aşıq.

 

   Bu şeir təzə kitabda yoxdu - "Hamı bir körpüdən keçir" kitabındadı.   

   Təzə kitabında da İ.İlyaslının öz şairlik stixiyasına sadiq qaldığının şahidi oluruq, yenə qoşma, gəraylı yazır, hecanın müxtəlif şəkillərinə müraciət edir, amma bütün şeirlərində İbrahim "köhnə havalarda" təzə söz deməyə can atır əksər hallarda, buna nail olur. İbrahim üzünü kağız-qələm korlayan bir müasirinə tutub deyir ki:

 

   baxırsan varaqa umudla -   

   Görmürsənmi,   

   ilham səndən qaçaqdı?   

   Əlin saza,   

   könlün sözə yatmırsa   

   Şair qardaş,   

   demək ruhun naçaqdı.

 

   O, şeirə PİR OCAQ kimi baxır. Bu mənada onun doğma xalaoğlusu Akif Səmədnən həm şair qohumluğu, ürək qohumluğu çatır. İ.İlyaslının Akif Səmədə həsr elədiyi şeir isə Akif Səmədin ruhuna poetik salavatdı:

  

   Qorxu olmaz dedi  

   türkün qanında,  

   Qılınc tək sıyırdı   

   qələmi qından.  

   Millətin ruhunda,   

   yurdun canında  

   Talanlar öldürdü   

   Akif Səmədi.

 

   Şuşaya dönərik   

   dedi gün gələr,  

   Qəhr olar   

   yağılar-qalxar süngülər.  

   Qaçqınlı, köçkünlü tinlər,   

   döngələr,  

   Dalanlar öldürdü   

   Akif Səmədi.

 

   Şairlər tanıdı-yaramaz,   

   yaltaq,  

   Könlündə darğalıq,   

   boynunda xalta.  

   Həqiqət deyənin   

   dilinə balta  

   Çalanlar öldürdü   

   Akif Səmədi.

  

   Qalxdı yamacların   

   görkək yerinə,

    Sitndi bərələrin   

   hürkək yerinə.  

   Bənövşə-nərgizi   

   türpək yerinə  

   Yolanlar öldürdü

  Akif Səmədi.  

  

   Yeri gəlmişkən deyim ki, İncədərəsindən çıxan şairlərin hamısında bir ruh oxşarlığı var. Ağamalı da, Akif , Məmməd İlqar da, Dəmirçioğlu da. Məhəmməd Aslanbəyli -bunların hamısı bir körpüdən keçib. Rəhmətlik deməyə dilim gəlmədiyi Akif Səməd İbrahim İlyaslının bundan öncəki kitablarının birinə yazdığı ön sözdə deyib ki: "İbrahim İlyaslı rahatsızdır ki, mövzuları Ağamalı Sadiqə, Məmməd İlqara, Məhəmməd Aslanbəyliyə, mənə, daha doğrusu, bizim mövzulara oxşayır. Ancaq gərək zərrəcə rahatsız olmasın bu oxşarlıqdan, bu bənzərlikdən. Əksinə, bənzəməsəydi, soruşardıq ki, ayə, biz İncədərəsini yazırıq, olum-ölüm, səbri-qəbri, dağ-aran köçünü, mürid cezvini yazırıq. sən yazırsan? Yaxşı ki, İbrahimin şeirləri Avdının, Cəlalın, Kərəmin halal sazının köynəyindən keçib. Kökü Molla Gülüstanın oxuduğu Qurandan su içir İbrahim ilhamının. İbrahimin rahatsızlığı bizə, sözə, saza sevgisindəndir. Görəcəksiniz ki, oxşar olduğu qədər orijinaldır. Dünyada eyni iki barmaq izi yoxdur. O barmaq izi qədər oxşardır. İki eyni qar dənəsi yoxdur, qar dənəsi qədər oxşardır. İki eyni tut yarpağı yoxdur, tut yarpağı qədər oxşardır. Oxşarlığıynan orijinaldır. Orijinallığıyla oxşardır". Akif Səmədin neçə il öncə İ.İlyaslının şeirləri barədə söylədiyi bu sözlər indi qüvvəsini itirməyib.

 

   Uca Tanrım,   

   ucalığın haqdandı  

   Bir mətləbim var,

    başına döndüyüm:-

   Məni qoymur   

   öz ömrümü yaşayam,  

   Abır-həya,   

   ar başına döndüyüm.

  

   Dindirirəm,   

   qara daşlar ağlayır,  

   Dillənmirəm,   

   dilim mamır bağlayır,  

   Dərələrdə sellər   

   məni haqlayır,

   Zirvələrdə qar,   

   başına döndüyüm.  

   Ətək-ətək üstümə   

   od tökdü ki,  

   Kəlmə-kəlmə

   ürəyimi sökdü ki,  

   günümü   

   göy əskiyə bükdü ki,  

   Bir nainsaf yar,   

   başına döndüyüm.  

  

   Təmənnam yox-kimlərdənsə   

   baş olum,

   İbrahiməm,   

   İbrahim kaş olum.  

   Ya bilmərrə   

   daşa döndər daş olum,  

   Ya neynirsən gör,   

   başına döndüyüm.

 

   Bu qoşmada İbrahim klassik aşıq şeirindən İncədərəsinin Ağamalısından, Akifindən, Məmməd İlqarından təpər alsa da, Akif Səməd demişkən, oxşarlığıynan orijinaldır orijinallığıynan oxşardır. Ruhca həmin şairlər sanki bu şeirdə birləşirlər, amma hər misrasıynan bu şeir İbrahimindir. Mən İbrahimin şeirlərində irfan, təsəvvüf qığılcımlarını görürəm. O da haqqa gedən yolun yolçusudur.   

  

   "Yox"dan yola çıxdım,   

   yol məni getdi,

   Kəm məni kəsdirdi,   

   bol məni getdi.

   Mən sağı getdikcə,   

   sol məni getdi,  

   Axır ki, sol nədi,   

   sağ nədi, bildim.  

  

   Doldu piyalələr,   

   boşaldı camlar,  

   Sərxoş damağımı   

   dəyişdi tamlarg

   Qaranlıq könlümdə   

   yandıqca şamlar  

   Ürəkdən əriyən yağ nədi,   

   bildim.  

  

   İbrahim İlyaslı,   

   budurmu danmaq?  

   İşin-peşən oldu   

   tutuşub yanmaq.

   Haqqı buluncaymış   

   fələyi danmaq,-  

   Bildim nahaq nədi,   

   haqq nədi, bildim.

  

   İbrahimin sevgi şeirlərində klassik aşıq şeirinin sanki bu çağacan deyilməmiş, pünhan qalıb İbrahimin qələmində üzə çıxan poetik incəliklərin şahidi olursan. Bayaq İbrahimin gözəl bir gəraylısını misal gətirdim. O da sevgidəndi. İndi isə "Köhnə gözəlləmə" adlandırdığı bu qoşmaya diqqət yetirin:  

  

   Tanrım, bu gözəli   

   sən yaradıbsan.  

   Nurdan yoğurubsan  

   mah camalını.  

   Tullayar tacını ayaqlarına  

   Görsə dərgahında  

   şah camalını.  

  

   Onu görənlərin   

   gün deyil günü,-  

   Görürsən ərşdəki fəryadı,   

   ünü 

   Meh vurub oynadır   

   qara zülfünü,-  

   Gah köksünü örtür,   

   gah camalını.

 

   Məni bu heyrətdə   

   bir az da əylə,  

   Ahımı xəncər et, bağrımı teylə-  

   Qanımı qaşına vəsməlik eylə,  

   Bəzəsin çəkdiyim ah camalını.

  

   Bu gözəl qoşmanı bu gün yüzlərlə, minlərlə "qoşma" adıyla şairlik edən şeirbazlara oxumaq lazımdır ki, bilsinlər qoşma necə yazılar.  

   İbrahim İlyaslının təzə kitabı əvvəlkilərdən çox balacadı. Cəmi altmış səhifə qırx şeir. İndiki zamanda qalın-qalın şeir kitablarının yanında bu kitab bapbalaca görsənir. Amma poeziya həcmlə yox, şeirlərin sayıyla yox, bədii dəyərlə ölçülür.

 

 

Vaqif YUSİFLİ

 

Ədalət.- 2011.- 9 iyul.- S.10.