"QARABAĞIN AĞIR DƏRDİ ÜSTÜMÜZƏ QAR ƏLƏDİ"

 

   Ədəbiyyat kəlməsi sözlər-anlayışlardır. Doğrudan-doğruya yazıçılar və şairlər öz ürək sözlərini, onları düşündürən fikirlərini, mənəvi-etik ideyalarını sözlər-anlayışlar vasitəsi ilə oxucuya çatdırırlar. Sözün mənasını, onun üniversal və dəyişdirici funksiyasını dərindən anlayan söz adamları hər zaman ona ehtiyatla yanaşmağı, bu ecazkar təsvir-ifadə vasitəsinin sosial mahiyyətinə önəm verilməsini istəmişlər.   

  

   Bəlkə həyat bir yuxudur,  

   Yatıb durdun, durub getdin.  

   Bu dünyanın yuxusunu,  

   Bu dünyada qoyub getdin.  

  

   Şeir və ədəbiyyat tarixi bir daha xatırlayır ki, bu qəbildən olan yazar və şairlər hər zaman xalqın ulu keçmişindən gələn zəngin dilinə, buradakı ifadə-təsvir vasitələrinə, eyni zamanda xalq deyimlərinə, atalar sözlərinə, dastanlarımıza, bilməcələrimizə, sözlüsözsüz ədəbiyyatımıza, bir sözlə, hüdudsuz söz imkanlarına sahib folklor yaradıcılığına böyük önəm vermişlər. Onlar öz yaradıcılıqlarında buradakı bədii zənginliklərdən, bədii düşüncə tərzindən məharətlə yararlanaraq dilimizin imkanlarını zənginləşdirmişlər.   

    Bu günlərdə diqqətimi bir şeir kitabı çəkdi. Yazarı Nailə İbrahimova olan "Ürəklə söhbət" (Avropa nəşriyyatı, Bakı. 2010) adlı bu kitabda bir daha sözlə bağlı yuxarıda söylədiyim fikirləri gördüm.   

   Şair haqlı olaraq sözün poetik kredosunu yenə də sözlərə-anlamlara bağlayır:   

  

   Göydən yerə baxaydım,  

   Yağış kimi yağaydım,  

   Nur tək işıqlanaydım,  

   Mən hər kəsin üzündə. 

  

   Nailə İbrahimovanın lirik şeirlərlə zəngin olan bu kitabını səhifələdikcə bir daha onun yaradıcılığında yuxarıda söylədiyim fikirlərə sadiq qaldığının şahidi ola bilirik.

  

   Şimşək çaxır...  

   Ürəyimi oda yaxır.  

   Şimşək çaxır,

   Gözlərimdən şimşək çıxır!  

  

   Eyni zamanda yazarın şeirlərində işlətdiyi sözlərin, kəlmələrin xalq dilinə, ulu keçmişlərdən gələn ədəbi-poetik dilimizə nə qədər qayğı ilə yanaşdığını da hiss edə bilirik.   

  

   Mən hardayam, sizsə harda,  

   Məndən çox-çox uzaqlarda.  

   Gəzirsiniz diyar-diyar,  

   Dolanırsız nə bəxtiyar.  

   Düşüncələr! Düşüncələr!

     

   Hər şeydən öncə şairin səlis dili, açıq ifadə tərzi, şeirlərindəki misraların axıcılığı və səmimiliyi oxucunu dərindən düşündürür.  

   Şeirlərinin demək olar ki, coşğunluğu qədim bayatıların, ozan-aşıq şeirlərinin ruhunu, vəzn, qafiyə, formakompozisya özəlliklərini bizlərə misra-misra pıçıldayır. 

 

   Doğulduğum yurdum mənim,  

   İndi mənə bir qürbətdir.  

   Gözlərimdə donan kədər,  

   Gizli bir dərd, bir xiffətdir. 

  

   Unutmamaq gərəkdir ki, Nailə İbrahimova Türk-Azəri folklor örnəkləri ilə zəngin olan bir muhitdə - Azəri Türklərinin əsrlərdən bəri məskunlaşdığı Zəngəzur bölgəsində boya-başa çatmışdır. Ən kiçik yaşlarından qədim zəngin folklor örnəkləri, eyni zamanda danışıq tərzi və bu diyarın özgə ləhcə özəllikləri Nailə xanımı dərindən özünə çəkmişdir. Bunu onun şeirlərində də açıq şəkildə hiss etmək mümkündür.   

  

   Zəngilandan keçən qatar  

   Yolların dağınıq, cadar  

   Ürəyim təskinlik tapar,  

   Yuxularda görsəm səni  

   Gəl Qafana apar məni. 

  

   Çağdaş poeziyamıza müraciət etdiyi zaman belə şair bu dediyimiz mənəvi köklərdən, klassik şairlərimizin bədii prinsiplərindən ayrılmır, imkan çərçivəsində atalar sözlərinə, ibarələrə, öyüd-nəsihət xarakterli fikirlərə, həmçinin vətənsevərliklə bağlı istək-arzularına böyük önəm verir:   

  

   Gözələ tac olaydım,  

   Dərdə əlac olaydım,  

   Göydə turac olaydım,  

   Uçaydım mən özüm də!   

  

   yaxud  

  

   Qarabağın ağır dərdi  

   Üstümüzə qar ələdi.

  

   Vətən sevər şair Vətənini anasından, babasından belə əziz tutur. Vətənini sinəsində vuran ürək sayır.  

   Şairin üzərində danışdığımız kitabında Vətənə aid bir çox vətənsevərliyi ilə seçilən şeirlərində o, eyni zamanda Vətən torpağını yadelli işgalcılardan qorumaq, Vətən yolunda gərəksə canını fəda etmək, şəhid olmaq, bu yolda xalqın tarixi qəhrəman oğullarından ibrət dərsi almaq, Vətəni ana kimi sevmək kimi aktual problemləri də şeirə gətirmişdir:  

   "Azad edək torpaqları" adlı şeirində isə bu hissləri fəryadlı bir şəkildə ifadə edə bilən şairin bir daha bu misralarını oxuculara çatdırmağı gərəkli bilirik:

  

   Ərşə qalxsın qüdrətimiz,  

   Bütövləşsin vətənimiz.  

   Düşmənə sipər sinəmiz,  

   Qovaq tazı, yaltaqları,  

   Azad edək torpaqları.

  

   Nailə İbrahimova şeirlərində insanları xoş diləklərə, yüksək mənəviyyata, xalqına, Vətəninə faydalı olmağa çağırır. Bunu onun yüksək bədiiliklə yazılmış bütün şeirlərində görə bilirik.   

   Bu şeirləri, oxunaqlı edən onların ideya-məzmunu ilə birlikdə burada işlədilmiş ifadə tərzi, xalq dilinə yaxınlıq, keçmiş klassik şeir mədəniyyətimizdən bacarıqla faydalanmadır. Onun lirik şeirlərində keçmiş ozan dilindən gələn biçim, ifadə tərzi İlə birlikdə günümüzə qədər gələn əbədi danışıq tərzi, sevgi və sevgidən doğan çeşidli ruh hallari və hisslər aləmi məharətlə bədii ifadəsini tapmışdır.  

  

  

   Soyuq qışa dönürəm,  

   Mən içimdən sönürəm.  

   Qışqırıram : - Ölürəm!  

   Daha istəmir dözə,  

   Ürək baxmayır sözə.  

  

   Şairin lirik, sevgi ilə bağlı şeirlərindəki səmimilik, məntiqlilik, eyni zamanda klassik xalq yaradıcılığına bağlılıq onların bədii dəyərini daha da yüksəldir.   

  

   Yollar uzanıb gedir,  

   Əlləri bizə sarı.  

   Axı ordan başlayıb,  

   Bizim ömür yolları.

     

   Hətta onun bir şeirində Qaracaoğlunun nəfəsi duyulur:  

   

   Zaman döndü bir iblisə,  

   Verdiyini aldı bizdən.  

   Yurd yerləri küskün, səssiz,  

   Düşmənlərə qaldi bizdən. 

  

   Nailə İbrahimova sevgisiz, məhəbbətsiz bir dünyanı qəbul etmir, şeirlərində isə açıq bir şəkildə etiraf edir ki, sevgi varsa, ömür solmaz.

  

   Yaşadacaq məni daim,  

   Ölməz, ülvi məhəbbətim.   

   Dostlarıma dərin sevgi  

   Qırılmayan sədaqətim.  

  

   Sağlam, yaxşı yaşamağın təməlini sevgidə, məhəbbədə görən şair Vətəninə, millətinə, ailəsinə, babasına, nənəsinə, dilinə, dininə olan sevgisini ifadə etməklə birlikdə, eyni zamanda daha çox bu fikirlərini duyğularını, hisslərini oxucularına ünvanlayır. Bu misralar səmimidir, qəlblərə olduqça yaxındır.   

  

   İlk məhəbbət təki təkrarsız olur  

   Hər insan surəti, insan xisləti.  

   Hər kəsin ömrünü bəzəsin sevgi,  

   Qoy təmiz məhəbbət olsun qisməti.

  

   Əsasən gənçlik dönəmlərindən xəbər verən bu şeirlərin çoxunda sevgidən doğan intizar, sədaqət, vəfadarlıq, küskünlük kimi hisslər yüksək bir bədii dillə ifadə edilmişdir. Bu şeirlərin bir çoxunu kiçik minyatürlər adlandırmaq da mümkündür.  

  

   Baxışlar gözlərdədir,  

   Əks etdirir gözləri.  

   Göz - ürək sirdaşıdır,  

   Baxış - ürək sözləri.

     

   Onların lakonik açıq dili, ürəkdən gələn misraları öz-özlüyündə sanki musiqi səslərinə yoğrulur, unudulmaz həzin bir mahnıya çevrilir. Təsadüfi deyil ki, şairin bu qəbildən olan şeirləri bəstəkarlarımızın da diqqətini çəkmişdi. Sevda Məmmədli kimi tanınmış çox sevilən bir bəstəkarın şairin şeirlərinə bəstələdiyi gözəl mahnıları örnək olaraq göstərə bilərik.   

  

   Ulduzların içində sən,  

   Niyə təksən, dan ulduzu?  

   Nədən belə seçilirsən?  

   göyçəksən, dan ulduzu!  

  

   Nailə İbrahimovanın bu şeirlərində bir daha klassik şeirimizin dərin izləri görünür. Özəlliklə onun öz baxışlarının mənəvi cismani gözəlliyini vəsf edən mısralarında şairin xalq poetik yaradıcılığında öz yeri olan gözəlləmə biçiminə müraciat etməsini söyləmək mümkündür. Onun "Yarım sən" şeirinin ilk misralarından bu hiss edilir:  

  

   Yarı mənəm, yarım sən,  

   Ömür-günüm, yarım sən.  

   Neylərəm var-dövləti,  

   Axı mənim varım sən.

   

   Nailə İbrahimovanın "Ürəklə söhbət" adlandırdığı şeir kitabını səhifələdikcə gerçəkdən onun zəngin dünyasına, ürəyinin hərarətinə, xeyirxah niyyətlərinə tuş gəlirsən. O insanları xoş əməllərə, doğruluğa, halallığa, sülhə, sevgiyə, gözəlliklərə, yüksək milli-mənəvi dəyərlərə dünya baxışına səsləyir.  

   

   Bir onu bilirəm ki,  

   Bir qəlbi əyməmişəm.  

   Kiminsə ürəyinə,  

   Heç zaman dəyməmişəm.  

  

   Nailə İbrahimovanın yenicə işıq üzü görən bu şeirlərini sevgi dolu oxucularımızın ixtiyarına verməyi özümə bir mənəvi borç olaraq qəbul edirəm. 

  

 

  Nüsrət ABDULOV

  Texniki elmlər namizədi,

  Əməkdar ixtiraçı,

  Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 Ədalət.- 2011.- 12 iyul.- S.4.