BİR KÖNÜLÜN HARAYI

 

  ƏDƏBİ HƏYAT

 

   (İradə Aytelin şeirləri haqqında)

 

   Əlimə bir kitab keçdi. "İkimizin bir evimiz varıydı"-müəllifi İradə Aytel. Adətim budur ki, lap bəsit, zəif, ortabab bir şeir kitabı ola, mütləq oxumalıyam. Əgər çox zəifdisə, bir-iki şeir də kifayət edər onu qurtarasan. Ortababdırsa, o kitabın ortasına qədər oxumaq olar. Amma səni həyəcanlandıran, içindəki duyğulara həmahəng olan şeirlər varsa, onda oxu, lap son nöqtəsinə qədər.  

   İradə Aytelin şeir kitabında yaxşı şeirvar, ortabab da. Amma hamısında ilhamdan, o ilhamın mənbəyi olan ürəkdən kənar şeir yoxdu. Səviyyəsindən asılı olmayaraq bütün şeirlər sənə "bu qız istedadlıdır" sözünü pıçıldayır.   

   Bizim poeziyada qadın yazarlarımızın istedadlıları var və onların şeirlərini oxuyanda mənə elə gəlir ki, Xan qızı Natəvan diridirdeyim ki, Firuzə Məmmədli, Nisəbəyim, Gülnarə Cəmaləddin, Səhər, Fərqanə Mehdiyeva, Mahirə Abdulla, Aləmzar Əlizadə, Ofelya Babayeva,Narıngül, Aysel Əlizadə libasında dünyaya gəlib. İradə Aytelibu sırada görəcəyimə inanıram. Çünki o, istedadlıdır.  

   Nədir onun şeirlərinin başlıca məziyyəti və özünəməzsusluğu?  

   Birincisi; hissin, duyğunun səmimi poetik ifadəsi. İradənin şeirlərində yalan yoxdu, sən bu şeirləri oxuyursan hətta lirik qəhrəmanın-sevən qadının az qala sevgi tərcümeyi-halını vərəqləyirsən.  

    İnsan sevə bilər, bu sevgidə təbii ki, aldanışlar olacaq. Ümidsizlik, çarəsizlik, bir dəli hicranın, ömrü bitməyən ayrılığın gətirdiyi qüssə qapının ağzında dəli küləklər kimi əsəcəkgbu motivlər şeirimizin sevgi ərazisində əbədi bitən güllərdir. Bəli, güllər. Çünki sevgi elə bu ayrılıqlarla gözəldir. İradə Aytel dediyim bu şairənin lirik qəhrəmanı da vüsala yox, hicrana doğru yol gedir.

 

 

   Qısılıb payız budağına,  

   Bircə gün işartısından  

   nicat uman,  

   zərif yarpaq,  

   Payız səni üşütmürmü?  

   Dəli-dolu əsən külək,  

   Güllərin, çiçəklərin  

   Səbrini kəsən külək,  

   Qocaman palıdlardan,  

   Yalçın,  

   Qırçın qayalardan  

   Sivişib keçən külək  

   Fəryadını,  

   İmdadını eşitmirmi?

    Gəl gedək,  

   Gedək bu payızdan.  

  

   Məncə, İradənin şeirlərinin əsas qəhrəmanı elə bu zərif yarpaqdır. Bircə gün işartısından nicat uman, küləyin əlində əsir olan o zərif yarpaq. O yarpaq küləyin amansız qəzəbiylə budağından qopub torpağa döşənəcək. Sonra dəli küləklər o zərif yarpağı uçuracaq. o zərif yarpaq min bir xəyal içində gözləri yol çəkən bir zərif məxluqun pəncərəsinə qonacaq. (Əli Kərimin şah misrası yada düşür: Gözlərim yol çəkir, çəkir yolları).

  

   Üşüyürəm   

   bahar yarpağı kimig  

   Gözləyirəm bircə himi  

   düşəm budağından.  

   Yazda qoyub ümidimi,  

   payıza aşam budağından.

  

   İradənin şeirlərində payızla bahar bir fəsildir hətta mənə elə gəlir ki, bu fəsillərin hər birinə qış kədəri çöküb. Dərdin qışı. Bu hissləri, duyğuları o, çox səmimi şəkildə ifadə edə bilir. Daha doğrusu, öz dərdinin poeziyasını yaradır.  

   İkincisi; İradə Aytelin şeirlərində xəyalla gerçəklik arasında bir uyuşmazlıq var bu da gerçəkləşməyən xəyalların yaratdığı görünüşdür. O xəyallarda İ.Aytelin qəhrəmanı "ağappaq, ləçək-ləçək, çiçək qar yağacaq günlər" var,

 

   çiçək,  

   ləçək,  

   örpək..  

   Sonra da ağappaq   

   "ölümü "içəcəyəm",  

   Sevə-sevə,  

   Sevinə-sevinə  

   Öz dünyama  

   Gəlin köçəcəyəm.

 

   Lirik qəhrəmanın xəyalları gerçəkləşmir. Onun "barmağında bir üzük yeri göynəyir". Ümidləri doğranır, "xışma tutub doğram-doğram ümiddən sökür donumu barmağım".  

   Mən İradənin sevgi şeirlərinin qəhrəmanını-sevən qadını çox saf, təmiz duyğulu bir zərif məxluq kimi görürəm. Müasir həyatımızda belə zərif ürəklilər azdır demirəm. Amma R.Rövşənin "Sevgi tükənib bu yer üzündə" misrası yalan deyil. İndi bəzi qadın yazarlarımızın da seksual şeirlər yazıb abır-həya örpəyini namusu kimi ayaqlar altına atdığı bir dövrdə İradə Aytelin bir çox qadın şairlərimizin zərif hissiyyatları ilə o cür şeirlər arasında yerlə göy qədər fərq görürəm.   

   Üçüncüsü: İ.Aytelin sevgi şeirlərində təlqin olunan fikir bundan ibarətdir ki, məhəbbət bu dünyanın ən ali nemətidir. qədər ömrün varsa, sev, sevil. Məhəbbətin əlacı elə sevməkdədir. Qoy dərmanı olmasın, amma sev. Füzuli babamız necə gözəl deyib: " müşgül dərd olursa. Bulunur aləmdə dərmanı, müşgül dərd imiş eşqin ki, dərman eyləmək olmaz".

  

   Sən dünyanın ən alisi,  

   Mən dünyanın ən dəlisi.  

   Dilə gəlsə qəlbin səsi,  

   Ali bir, dəli bir.

  

   O səs dağda gül bitirər,

    Varı gözündə itirər,  

   Dinsizi dinə gətirər,  

   O sevgidir! O sevgidir!  

  

   Mən İradə Aytelin şeirlərini yalnız bir dairədə-sevgi şeirləri ilə məhdudlaşdırmaq istəməzdim. Onun dərd dəftərində bu misralar da haray çəkir ki:

  

   Ürəyim ağrıyırg  

   Vətənimi Qarabağsız-  

   Laçınsız,  

   Şuşasız,  

   Dəlidağsız görəndə.  

   Ürəyim ağrıyır..  

   Qartalı zirvəsiz   

   kəkliyi dağsız,  

   bülbülü bağsız görəndə.  

 

   Onun dərd dəftərində məni ən çox təsirləndirən bir şeir var: "Əsgəri dilənən gördüm"  

  

   Geyinib əyninə   

   əsgər libasın,  

   Küçədə birini

   dilənən gördüm.  

   Al şəhid qanını   

   ayaqlar altda,  

   Göynəyə-göynəyə   

   çilənən gördüm.

  

   Əlbəttə, İradə Aytelin şeirləri haqqında ümidlə söz açmağım səbəbsiz deyil. Mən onun şairlik potensialını hiss edirəm, duyuram. Bu potensiya hələ tam üzə çıxmayıb. Olsun ki, özünə, sözünə, istedadına biganə qala o potensiya da sönə. İlhamına, istedadına biganəlik göstərən azmı olub? İradə deyir ki, bir ümid asılıb ürəyimdən, bir ümid qısılıb ürəyimə, nəyimə gərək, nəyimə? Təbii ki, bu üç misra onun bir sıra şeirlərinin pessimist ovqatından doğur bu ümidsizlk olsun ki, şəxsi yaşantıların bəlirtisidir. Qorxu budur ki, bu ümidsizlik onun şeirlərinin mahiyyətinə çökə.. Dünyada ümidsiz yaşamaq sabaha, gələcəyə inamı itirmək deməkdir. İnamsızlıq isə ilhamı da, istedadı da vərəmlədər, çərlədər beləliklə,gşairin mənəvi ölümü başlayar. Qoy İradə təkcə küçədə dilənən əsgər şinelli bir insanı yox, "al qanı axa-axa tarixləri qızardan" (Əli Kərim) Nəsimi ürəkli Mübarizləri şeirinə gətirsin. Onlarla, bəlkə yüzlərlə rüşvətxorları, namussuzları, maşennikləri yox, öz sadə, amma təmiz mənəviyyatı ilə seçilən bacılarını, qardaşlarını görsün. Təbii ki, görür.   

   İradənin şeirlərinə bəzən dilimizin qanunlarına uyuşmayan, kələkötür, nahamar sözlər, ifadələr yol tapır. Bunları deməsəm, göstərməsəm olmaz.

  

   Mən deyənlər   

   heç bilmirəm hardadı,   

   Yad deyənlər sırasında   

   qalmışam.

  

   deməkdir "yad deyənlər". Anlaşılmır bu ifadə.  

 

   Hərdən əqlim üstə   

   daşır xəyalım,  

   Həsrət yollarımdan   

   baxır hər gecə.  

  

   İkinci misra gözəldir. Uğurlu metafora saymaq olar. Amma "əqlim üstə daşır xəyalım" çox uğursuz metaforadır.

  

   Çiçək açsın, sevinsin yaz,  

   Çin-çin olsun arzu-muraz,  

   Ruhumuz mülayim Araz,  

   Vücudumuz Kür olsun.  

  

   Bənzətmə uğursuzdur.   

   Belə misallardan yenə gətirə bilərəm. Yəni bunlar olmasa yaxşıdır. Hisslərində zərif olan şairin dili bəzən nahamvar olmasın gərək! Bu iradlarımı söylədim İradə Aytelə onun ən gözəl şeirlərindən birini misal gətirirəm ki, həmişə şeir yazanda belə obrazlı, dili səlis misralar qələmə alsın:

  

   Gecə tale yaşıdım,  

   Qəm şələsi daşıdım,  

   Çox gecələr yaşadım,  

   Yox beləsi... 

   

   Bu yol görəmim deyil,  

   O kül Kərəmin deyil,  

   Yrək sinəmin deyil,  

   Dağ laləsi.

 

 

  Vaqif YUSİFLİ

 

  Ədalət.- 2011.- 16 iyul.- S.10.