VƏTƏNİN AĞDAM ADLI ÜMİD QAPISI

 

   Həyat davam edi

  

   Mən Ağdam rayonu haqqında nə vaxt söhbət açsam, düşüncələrimi, arzularımı hər dəfə mütləq bu Yaralı Giriş Qapısından keçirəcəm, oxucularımla birlikdə qarşıdakı yeni şəhərimizə - Quzanlıya bu möhtəşəm meydanda bir müddət dayandıqdan sonra gedəcəm. Bunları mənə "təkrardır" deyib irad tutmayın. Həyat onsuz da davam edir, acısıyla, şiriniylə. Ancaq nikbinlik üçün daha çox əsaslar yaranır. Azərbaycan Respublikasının büdcəsi 20 milyard dollara çatıb. Strateji valyuta ehtiyatı 38 milyard dollar təşkil edir. Ordu quruculuğu diqqət mərkəzindədir. Hazırda xərclər 3,3 milyardı keçir.   

     

   Prezidentin xüsusi sərəncamı  

  

   Ölkədəki iqtisadi yüksəliş bütün istiqamətlərdə öz əksini tapmaqdadır. Əvvəllər hər hansı sosial bir problemin həlli üçün uzun bir müddət lazım gəlirdisə, indi məsələlər ardıcıllıqla həll olunur. Bu cür sevindirici hallar Ağdam rayonunun da həyatında yaşanır.   

   Xatırlayırsınızsa cənab Prezident Nazirlər Kabinetinin iclasında respublikanın kənd yollarının çəkilməsini, abadlaşdırılmasını da xüsusi olaraq qeyd etmişdi. Bu işin ilki məhz Ağdam rayonundan başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında" sərəncam imzalamış, rayonun 46 min nəfər əhalisinin yaşadığı 21 kəndi, 6 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi üçün 6 milyon manat vəsait ayırmışdır. Bu, həqiqətən cənab Prezidentin Ağdam rayonuna, bütün ağdamlılara böyük qayğı və diqqətinin təzahürüdür.  

 

   Hər yerdə görünən rayon rəhbəri  

 

   Mən Quzanlıya, Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasına çatanda məlum oldu ki, başçı Nizami Sadıqov ucqar kəndlərə çıxıb. Nizami müəllimin dəyişməz xarakteri onu tanıyanların hər birinə məlumdur. Dövlətçiliyə və xalqa xidmət, bütün məsələlərdə yüksək prinsipiallıq və sadəlik. Vacib işi, qəbulu, görüşü olmasa onu kabinetdə tapmaq mümkün deyil. Rayon ərazisində aparılan işlərə mütləq baş çəkməlidir, camaatı ilə bir yerdə olmalıdır, xeyir-şər məclislərinə baş çəkməlidir.  

   Bu söhbətə ayrıca qayıdacam.  

 

   İnkişaf yeni uğurlara aparır

    

   İndi isə 2011-ci ilin birinci yarısında rayonda baş verən yeniliklərdən söhbət açaq. Onu da qeyd edim ki, bir sıra məlumatların, vacib sənədlərin əldə olunmasında qələm dostumuz Vasif müəllimin operativ köməkliyi, səmimi qonaqpərvərliyi yaddan çıxan deyil.  

   Ötən müddət ərzində rayon üçün mühüm obyektlər olan doğum eviuşaq xəstəxanasının tikintisi, mədəniyyət evinin əsaslı təmiri başa çatdırılmışdır. Rayonun Bayraq Meydanı yenidən qurulmuşdur. Heydər Əliyev prospektində abadlıq işləri davam etdirilmişdir. Akademik Zərifə Əliyeva küçəsində Olimpiya İdman Kompleksindən yeni yaşayış qəsəbəsinin sonuna qədər müasir görkəmli səki salınmış və işıqlandırma sistemi quraşdırılmışdır.  

   2011-ci ilin birinci yarısında Su-kanal idarəsinin, Subartezian quyularının istismarı idarəsinin, Sığorta idarəsinin inzibati binaları istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin stadionunda və tribunalarında əsaslı təmir işləri aparılmış, stadionun ot örtüyü dəyişdirilmişdir. Rayonda yolların saxlanılması və təmiri sahəsində müəyyən işlər görülmüşdür. Ayaq Qərvəndə gedən yol, Mirəşəlli, Kollışlaq və Təzəkənd kənd yolları əsaslı təmir olunmuşdur.

   "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı nəzərdə tutulan işlər davam etdirilmişdir. 2011-ci ilin birinci yarısında bütün sahələrdə yaxşı nəticələr qazanılmışdır.   

   Rayon üzrə cari ilin 6 ayı ərzində ümumi məhsul istehsalının həcmi artaraq 29 milyon 998 min manat olmuş və keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artmışdır. Sənaye məhsulunun ümumi həcmi 1 milyon 864 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 18 milyon 926 manat, ticarətin dövriyyəsi 3 milyon 513 min manat olmuş, əsas kapitala yönəldilən vəsaitlər 5 milyon 695 min manata yüksəlmişdir.

   

 

 (ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 19 iyul.- S.3.