VƏTƏNİN AĞDAM ADLI ÜMİD QAPISI

 

   (əvvəli ötən sayımızda)

    

   Muzeyin kollektivi rayonda keçirilən bütün ictimai-siyasi və kütləvi tədbirlərdə yaxından iştirak edirlər. Muzeydə 20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr olunmuş video materiallar, o cümlədən Ulu Öndərin həyat və fəaliyyəti barədə süjetlər ziyarətçilərə müntəzəmliklə nümayiş etdirilir.  

   Artıq bir neçə gün öncə Heydər Əliyev muzeyi Heydər Əliyev Mərkəzinə çevrilmiş, Mərkəzdə kitab fondu yaradılmış, xüsusi kompüter otağı hazırlanaraq 4 ədəd kompüter qoyulmuş, Mərkəz sürətli internet xəttinə qoşulmuş, binada kompüteringilis dili kursları təşkil olunmuşdur. Mərkəzlə Milli kitabxana arasında internet əlaqəsi yaradılmışdır.  

  

   Sağlamlıq əsas şərtdir  

 

   Əhalinin böyük əksəriyyətinin rayon ərazisində yaşaması, onların sağlamlığının qayğısına qalınması bu gün səhiyyə işçilərinin məsuliyyətini daha da artırır. Artıq səhiyyə sahəsində son bir ildə xeyli yeniliklər və irəliləyişlər olmuşdur. Ağdam Mərkəzi Rayon Xəstəxanası demək olar ki, tam gücü ilə işləyir.  

  

   Yeni xəstəxananın müasir avadanlıqları  

  

   Xəstəxana zəruri avadanlıqlarla təchiz olunmuşdur. Təkcə son 6 ayda 1 ədəd ultrasəs qurğusu, 2 ədəd EKQ cihazı, 1 ədəd ensefaloqramma aparatı, 1 komplekt biokimyəvi analizlər üçün avadanlıqlar alınaraq istifadəyə verilmişdir. Çox qısa müddətdə ruhi-əsəb dispanseri, ciyər xəstəlikləri dispanseri üçün ayrıca binalar tikilmiş və istifadəyə verilmişdir. Hazırda mərkəzi rayon xəstəxanasının binalarında son tamamlama işləri aparılır. Yaxın günlərdə həmin xəstəxanaların açılışı olacaqdır.

   Son 6 ayda rayon mərkəzi xəstəxana sistemində 229 Qarabağ müharibəsi əlilinə, 72 Böyük Vətən Müharibəsi əlilinə, 82 Çernobıl əlilinə, 348 ciyər xəstəsinə, 35 nəfər xroniki böyrək çatışmazlığı olan xəstəyə pulsuz tibbi xidmət göstərilmişdir.  

   Yarım il ərzində şəkərli diabet xəstələrinin sayı 1790 nəfər olaraq müəyyənləşdirilmişdir.  

   Son 6 ayda rayon mərkəzi xəstəxana sistemində 1230 xəstə stasionar müalicədə olmuş, onlardan 269 nəfərində cərrahiyyə əməliyyatı aparılmışdır. Yarım il ərzində ambulator poliklinika xidmətində də xeyli irəliləyişlər olmuşdur. Ötən dövr ərzində 27329 ambulator xəstə qəbul edilmiş, onlardan da 341 nəfər hamilə qadın qeydiyyata götürülmüşdür.  

   Bütün bunlara baxmayaraq, rayonun səhiyyə sistemində bir sıra çatışmazlıqların da mövcudluğu narahatlıq doğurur. Mama-ginekoloq, rentgenoloq, travmotoloq ixtisaslı həkimlərə ehtiyac var, olanlar kifayət etmir. Rayon rəhbərliyinin məsələyə ciddi yanaşması bir sıra əməli tədbirlərin həyata keçirilməsini sürətləndirmişdir. 

  

   Elbrus Abbasovu unutmadınız?  

  

   Nizami müəllim ucqar kəndlərdən elə bir vaxt qayıdıb gəldi ki, mən artıq müəyyən işlərimi görüb yola düşürdüm. Təbii ki, buraxmadı, hörmətli bir şəxsin toy məclisi var, gedib birlikdə iştirak edək dedi. Əslində Nizami müəllim mümkün olduğu qədər rayondakı əksər xeyir-şər məclislərində iştirak edirya diqqət göstərir. Bu onun sadəliyini, səmimiliyini, camaatla daha yaxın olduğunu göstərsə də, hər halda rəhbər dövlət məmuru üçün ən gözəl keyfiyyətlərdən biridir. Bu səbəbdən də rayonda böyükdən kiçiyə kim onunla rastlaşırsa mütləq yaxınlaşıb əl verir, səmimi sözlərini bildirirlər. Məni başqa bir fakt isə əməlli-başlı təəccübləndirir. Başçı görüşdüyü, rastlaşdığı adamların əksəriyyətini adıyla çağırır, yəni onları tanıyır.

  

   Ağdamın bənzərsiz toyları  

  

   ... Toy da kitoy! Qarabağ, xüsusilə Ağdam toylarının özəlliyini sözlə ifadə etmək də çətindir. Həm də doğrudan da hörmətli bir ağdamlının toy məclisidir. Bir vaxtların məşhur futbolçusu Elbrus Abbasovun övladının xeyir işinə, sevincinə sanki bütün ağdamlılar qoşulub. Elbrus Abbasov Azərbaycanda 5 ən güclü hücumçudan biri olaraq futbol tarixinə düşən, həm də şəxsiyyət kimi qalan idmançılarımızdandır. O gəlib başçı ilə birlikdə gələn hamıyla görüşür, Nizami müəllimdən xeyir-dua alır, sevincini bölüşür. Zəndlə baxsa da hiss edirəm ki, məni tanımır. Gör neçə illər keçib o görüşlərdən. Hətta Elbrus Abbasov, Qədir Rüstəmov, Şahin Abbasov, Aqil Abbas və mənim birgə şəkillərimiz də var.   

   Toy məclisi bu gününbu yazının ilahidən gələn ən gözəl sonluğudur. Ancaq qarşıda bizi hələ yeni-yeni şənliklər gözləyir. Ağdamda, Şuşada, Cəbrayılda, Füzulidə, Laçında, Qubadlıda, Kəlbəcərdə, Zəngilanda, Xocalıda, Xocavənddə...

    

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 22 iyul.- S.3.