Su - susuz çöllərin dərdinə dərman

 

Burda həyat çox erkən başlayır, xüsusən ilin isti aylarında. Günəş üfüqdən boylanır-boylanmaz hərə öz işini nizamlamaq üçün tələsər. Tələsərlər ki, Muğan çölünün istisi tüğyan etməmiş işlərini səhmana salsınlar. Çünki bu çöllərdəki əkin sahələrinin diriliyi, həyatı onlardan asılıdır.   

Biləsuvar Suvarma Sistemləri İdarəsi rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi məsuliyyətini daşıyan böyük bir kollektivdir. Məhsul bolluğunun əsasını isə düzgün suvarma təşkil edir. Relyefinə görə çox mürəkkəb suvarma mexanizminə malik Biləsuvar rayonunda isə hər bitki öz vaxtında suvarılmalıdır. Yoxsa aylarla çəkilən zəhmət, tökülən alın təri hədərə getmiş olar. Pambıq, taxıl, yonca, günəbaxan, tərəvəz, bostan sahələrinin vaxtında suvarılmaması məhsuldarlığa böyük təsir edir. Pambıq isə yay aylarında suvarılma üçün daha əsas bitkidir.

 

Ayaqüstü söhbət

 

İdarəyə xeyli tez gəlməyimə baxmayaraq burda canlanma çoxdan başlamışdı. Qaynaqçı, çilingər, müxtəlif təmir sexləri öz "müştərilərini" yola salmaq üçün sanki yarışa girmişdilər. Sahələrdəki su nasoslarına yanacaq daşıyan maşınlara hətta motosiklqoşulmuşdu. Çünki bunlar fövqəladə vəziyyətdə mənzil başına daha tez çatırlar. Bu rejimi ilə fəaliyyətə başlayan idarə mənə 20-30 il əvvəl arxada qoyduğumuz, saat mexanizmi kimi işləyən planlı təsərrüfatları xatırlatdı. Suallarıma ağızucu, həvəssiz cavab verən idarə işçilərinin ayaqüstü söhbətlərindən belə məlum oldu ki, iş başına tələsən bu insanlar hələ dünən görəcəyi işləri müəyyənləşdiriblər. İşin üstündə vaxtında olmaq mütləq lazımdır, çünki yarımçıq qalan torpağı suvarmaq bütöv sahəni yenidən suvarmaq kimi bir şeydir. Ona görə nə elektrik enerjisi ilə, nə də dizel yanacağı ilə işləyən su nasoslarına lüzumsuz fasilə vermək olmaz.   

 

Hər gün təkrar olunan iş üsulu

 

Cəmi 4-5 il əvvəl tanıdığım, ancaq iş-gücündən böyük zövq aldığı üçün söhbətinə can atdığım Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevlə sahələrə getmək yenə mənə qismət olmadı. İşçilər bildirdilər ki, gərək ona görə gecəni Biləsuvarda qalasan. Bəlkə onda, hələ hava ağarışmamış onu tuta biləsən: "Yay aylarında, şənbə-bazardan asılı olmayaraq bu adam hər gün "planirovkaya" qədər mütləq sahələrə baş çəkməlidir, narahat olduğu bütün nasosları yoxlamalıdır. Suvarılan, suvarılmayan əraziləri gəzməlidir. Yox, bu ona görə deyil ki, guya o bizə inanmır. Ona görə gəzir ki, ümumi mənzərəni dəyərləndirsin. Bu ona günün başlanmasında çox kömək edir. İndilərdə gələr, vaxtıdır".  

Həmsöhbətim sözünü qurtarmamış toz-torpaqlı ağ "NİVA" idarənin qarşısındakı gül-çiçəyə bürünmüş lövhənin önündə dayandı. lövhədə 3 qara daşa döyülmüş Qarabağ uğrunda şəhid olanların şəkli önündə ayaq saxladı. Axı bu 3 nəfər gəncin hamısı bir vaxtlar bu idarədə çalışmışlar.  

Xatırlayıram ki, mən ilin hansı fəslində olursa-olsun bura gələndə bu ağ lövhəni həmişə gül-çiçəklərin əhatəsində görmüşəm.  

 

"Planirovka"dan əl çəkmək olar?  

 

Görüşürük, yüngülcə gülümsünür və mən anlayıram ki, bu təbəssüm onu yenə haqlaya bilmədiyimə bir işarədir: "Onda bir bizim "planirovka"da otur, səni maraqlandıran çox şeylərin cavabları burdadır. "Planirovka"dan əl çəkmək olar? Əks təqdirdə bütün işlərimiz bada gedər, indi özün görəcəksən."  

Müavinlərin, mühəndis və texniki işçilərin, Sudan İstifadə Birliyinin icraçı direktorlarının və digərlərinin toplaşdığı otağa, həm də ona müraciət edənlər yığışmışdılar.   

xeyli çəkən "planirovka" doğrudan çox şeyi ortaya qoydu. Su istəyən sahələr, suvarılması yarımçıq qalan ərazilər, elektrik enerjisi dizel yanacağı ilə işləyən su nasoslarının vəziyyətləri bəlli oldu. Bəlli oldu ki, elektrikin olmadığı yerdə yanacaqla işləyən su nasos stansiyalarına diqqət daha çox tələb olunur. Bəlli oldu ki, isti aylarda daha çox su istəyən pambıq, taxıl, yonca sahələrinə həssaslıqla yanaşılmalıdır. Bəlli oldu ki, məhz ona müraciət edən mülkiyyətçilərin qayğıları, problemləri elə yerindəcə həll edilir.   

Həm də bəlli oldu ki, rəis Ədalət Babayev işçiləri ilə mülayim və mehriban olduğu qədər də sərt və ciddidir.  

 

Su işçilərinin yay qayğıları  

 

İdarənin topoqraf-mühəndisi, Nəsimikənd Sudan İstifadə Birliyinin sədri Kərəm Bayramov ara sakitləşəndə müəyyən məlumatlar verdi. Bildirdi ki, Sudan İstifadə Birliklərini yerli icra nümayəndələri seçki yolu ilə müəyyən edirlər. Ərazilərdə suvarma işlərinə birbaşa bu SİB-lər cavabdehdir. Məhz onlar öhdələrində olan əkin sahələrinin hansı qayğılarla yaşadıqlarını müəyyənləşdirir idarənin belə yığıncaqlarında hesabat verirlər. Kərəm müəllim bugünkü "planirovka"da Əsgərabad kəndindən Təriş Məmmədovun, Cürəli kəndindən Adnaqulu Quliyevin, Ağalıkənddən Malik Babayevin digərlərinin yay qayğılarının, narahatlıqlarının başa düşülən olduğunu bildirdi:  

- İdarənin işi həmişə var, ancaq apreldən avqustun axırına kimi baş qaşımağa vaxt olmur. Gecə-gündüz tüğyan edən istilər sanki insanların əkib-becərdiklərini əlindən almaq istəyir. Rayonda ən çox taxıl əkilir. Bununla belə pambıq, yonca, xiyar, pomidor, günəbaxan əkənlərimiz az deyil. Bax indi pambığı istidən qorumaq çox vacibdir. Çünki bu dövrdə onların su istəyən vaxtlarıdır. Rayonumuzun ərazisinin 90 faizi suvarıla bilən torpaqlardır. Digər elə ərazilər var ki, onu müxtəlif istiqamətlərdən həm təbii yolla, yəni öz axarı ilə su ilə, həm mexaniki yolla suvarmaq lazımdır. Ərazimizdə olan suvarılan torpaqlara 60-dan çox su nasos stansiyaları xidmət edir. Onlara bir anlıq nəzarəti itirmək kifayət edir ki, bir günlük işi yenidən təkrar edəsən. Elektrik enerjisinin olmadığı ərazidə şübhəsiz ki, dizel yanacağı ilə işləyən su nasos stansiyalarından istifadə edilir. Yanacaq sahələrə maşınlarla, hətta müşahidə etdiyin kimi motosikllə daşınır. Bir sözlə, Biləsuvar rayon ərazisində məhsul götürmək üçün əkilən sahələri yay aylarında susuzluqdan qorumaq bizim işimizdir bu elə asan deyil.   

Cəmi 4 il əvvəl bu idarəyə gələn Kərəm müəllim kollektiv haqqında da ürək dolusu danışdı.   

 

Məhsul bolluğunun yeganə yolu     

 

Doğrusu isti olsa da əraziyə getmək istəyim həyata keçmədiyindən bir az məyus olmuşdum. Ancaq həmişə müşahidə etdiyim, lakin birinci dəfə iştirakçısı olduğum bu "planirovka" məndə Biləsuvar Suvarma Sistemləri İdarəsi haqqında xeyli genişkonkret təəssürat yaratdı: İdarə işçilərinin dedikləri kimi mülkiyyətçilərin və ayrı-ayrı qurumların əkdikləri ərazilər yayda istidən, quraqlıqdan mütləq qorunmalıdır. Əks təqdirdə bu rayonda kənd təsərrüfatı məhsullarının bolluğundan danışmaq əbəsdir.  

Araz çayından gələn Əzizbəyov su kanalı vasitəsilə Biləsuvar rayonunda suvarılan ərazilər kifayət qədər genişdir. Ümumiyyətlə isə rayon ərazisində suvarılan ərazi 48 min hektardan çoxdur. Bu böyük ərazidə işə nəzarət etmək və hər bir vətəndaşı nəzərdə saxlamaq elə də asan deyil. Yayın istisi, quraqlığı hər an aylarla çəkilən əziyyətin üstündən xətt çəkə bilər. Elə ona görə su işçiləri yay aylarında daha intensiv çalışmalı olurlar.   

 

"Hər şey nizam-intizamdan başlayır"  

 

Nəhayət, Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevlə qısa da olsa söhbətləşə bildim. Çünki ərazidə müxtəlif işlərin həyata keçirilməsinə tələsirdi:  

- Neçə vaxtdır bu idarə ilə tanışlığın var, iş-gücümüzü də az-çox özün bilirsən.   

Təsəvvür edin ki, yay aylarında idarə işçilərinin nə vaxt işlədikləri, nə vaxt işləmədikləri bilinmir. Başqa cür alınmır, axı günlərlə, həftələrlə əziyyət çəkən, torpaqla əlləşən sonda məhsul götürməlidir. Bu məhsulu götürmək üçün isə suvarılma işləri vaxtında, gecikmədən olmalıdır. Soruşursan ki, mülkiyyətçilərin razılıq etdiyi bu kollektiv necə formalaşıb? Əvvəl onu deyim ki, bizim mülkiyyətçilərin sayı 13 mindən çoxdur, əksəriyyətini mən şəxsən tanıyıram. Mən əvvəlcə idarədə nizam-intizamdan başladım. Hamıdan əvvəl işə gəlir, hamıdan sonra işdən gedirəm hamı da bilir ki, lap gecəyarısı belə yay aylarında ən gözəl, ən vacib məclisi tərk edib başına tələsərəm. Başqa cür ola bilər ki? Hazırki meliorasiya irriqasiya sistemini qoruyub saxlamaq, təmir-bərpa işlərini nəzarətdə saxlamaq elə asan deyil. Ancaq qədər ki, bütün bunların məsuliyyəti bizim üzərimizdədir, biz öz məsuliyyətimizi dərk etməliyik. Suvarma işləri ilə bərabər min kilometrə yaxın suvarma kanalları lildən təmizlənmişdir. Hidromexaniki qurğuların bərpası, nasos stansiyalarının daim saz olması da işlərimizin əsas hissələrindəndir...  

Ədalət müəllim yay qurtarmamış məni Muğan çölündəki suvarılan əkin sahələrinə aparacağına söz verib və yəqin ki, ən yaxşı yazı da onda yazılacaq. Yay isə hələ qabaqdadır...

  

  

Səxavət Məmmədli

 

Ədalət.- 2011.- 28 iyul.- S.3.