1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti

 

(əvvəli ötən saylarımızda)

 

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

1906-cı ilin dekabr ayında Naxçıvan qəzasının keçmiş rəisi podpolkovnik Engel difaiçilər tərəfindən öldürülmüşdü. 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı münaqişələri zamanı Engel qoşunların köməyi ilə Azərbaycan kəndlərinin talan olunmasında açıq aşkar iştirak etmişdi. Ordubadi yazır ki, polismeyster Angil (Engel - Müəllif) könüllü döyüşən cavanları qan tökməyə və quldurluqla təşviq edirdi. Engelin Naxçıvanda törətdiyi cinayətlər nəticəsində bir ailə tamamilə məhv edilmiş Cəhri kəndi ermənilər və kazaklar tərəfindən yandırılmışdı. 1907-ci il iyulun 11-də Yevlax stansiyasında jandarm Jukov öldürülmüşdü. O, həmin dövrdə sanballı mükafat müqabilində silah daşınmasına və silah alverinə şərait yaradır, silah daşıyanların şəxsiyyətini müəyyən edir və onların barəsində müdriyyətə məlumat verirdi. Bu aksiyaların məqsədi Azərbaycanın şəhər və kəndlərinə təcavüzkar hücumları dəstəkləmək, yerli etnosu öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq idi. Bundan əlavə, "Difai"nin öz xalqına xəyanətdə, müsəlmanlara zərər vuran hərəkətlərdə ittiham etdiyi şəxslər də onun qurbanları olurdu. Partiyanın proqramına uyğun olaraq, özlərini müsəlmanların rəhbərləri hesab edən, əslində isə xalqın məhvi üçün çalışan ağaların aqibəti ağır olacaqdır. Partiyanın qılıncı daim onların cinayətkar başları üzərində asılacaq və onların bütün əməllərinə görə amansızcasına qisas alınacaqdır". "Difai"nin Şuşa komitəsinin qərarı ilə 1907-ci il mayın 1-dən 2-nə keçən gecə Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilmişdir. Onlar ermənilərin xeyrinə cəsusluqda ittiham edilirdi. Tiflis Quberniya Jandarm İdarəsinin rəisinin Yelizavetpol quberniyasındakı köməkçisinin 14 dekabr 1903-cü il tarixli məlumatında bildirilir: "Muxtar Cabbar oğlu çox pis ad çıxarmışdı və həm Şuşa şəhərinin, həm də qəzanın bütün xadimləri onu "əclaf Muxtar" kimi tanıyırlar".

Kiçik zabit S.Kaçenovskinin birinci polis sahə pristavı Qrişinin məlumatlarına və şəhid ifadələrinə əsaslanan məruzəsindən məlum olmuşdur ki, 1906-cı ildə "Difai"nin Malıbəyli kəndindəki komitəsinin rəhbəri Əşrəf Məşədi Molla İmran oğlunun sərəncamı ilə Xankəndi postunun stajniki Şahmərdanov ermənilərin xeyrinə satqınlıq etdiyinə görə öldürümüşdür. "Difai"nin hər bir terror aktından sonra çağırışlar buraxılır, difaiçiləri həmin şəxslərə münasibətdə bu aktı törətməyə sövq etmiş səbəblər izah edilir və bu çağırışların hər biri belə xəbərdarlıqla bitirdi ki, müsəlmançılığın bütün düşmənlərini və müsəlmanların öz aralarındakı xəyanətkarları da bu cür aqibət gözləyir.

"Difai"nin fəaliyyətinin genişlənməsi nəticəsində partiya dünyada baş verən hadisələrlə, proseslərlə fəal maraqlanmağa başlamışdı və heç də həmişə passiv müşahidəçi rolunda qalmırdı. Hüquq-mühafizə orqanlarının sənədlərindən məlum olur ki, partiya İranda Səttərxan hərəkatını, eləcə də Türkiyədə gənc türkləri dəstəkləyirdi. Məsələn, 1908-ci ilin martın 3-də Yelizavetpol şəhərinin fəxri şəxsləri adından Yelizavetpol qubernatorunun adına daxil olmuş anonim məlumatda deyilirdi: "Difai" adlı komitə göstərir ki, tezliklə Türkiyə ilə müharibə olacaqdır və biz silah və patron almaq üçün pul yığırıq. Bu məqsədlə onlar Rəfibəyovun evində toplaşır, orada kimin nə qədər pul verməli olması barədə siyahılar tərtib edilirdi. Bizə 50000 rubl məbləğində pul toplamaq təyin edilmişdi, biz isə bunu edə bilmədik və sizdən kömək istəməyə başladıq". Məktubun müəllifləri başda Ələkbər bəy Rəfibəyov olmaqla "Difai"nin Yelizavetpol mərkəzi komitəsinin bütün üzvlərinin adlarını da göstərirlər. Elə həmin gün Yelizavetpol qubernatorunun işlər müdiri Q.Kovalyov Yelizavetpol Quberniya polis rəisinə tam məxfi sirkulyar məktub göndərmişdi. Məktubda xəbərdarlıq edilirdi: "Məndə olan məlumatlara görə, "Difai" müsəlman partiyasının üzvləri hazırda aşkar türkpərəst yönümlü güclü təşviqat aparır və öz cinayətkar fəaliyyəti ilə yerli əhali arasında son dərəcə narahat əhval yaradırlar. Son vaxtlar bu təşviqat xüsusi ilə geniş miqyas almışdır. Mən bunu qəza polis məmurlarının tamamilə fəaliyyətsizliyi kimi qiymətləndirirəm. Onlar bu partiya barəsində mənim dəfələrlə göndərdiyim təlimatlara məhəl qoymadan partiya təbliğatçılarının fəaliyyətinin bu qədər güclü inkişaf etməsinə və onların əhaliyə təsirinin artmasına imkan vermişlər. Deyiləni nəzərə alaraq, mənə etibar edilmiş quberniyanın polis rəislərinə təklif edirəm ki, yuxarıda göstərilən təşviqatçıların onlara etibar edilmiş qəzalarda görünməsinə yol verməmək üçün bütün tədbirləri görsünlər və bu barədə onların tabeliyində olan polis məmurlarına dərhal müvafiq göstərişlər versinlər və təşviqatçılar aşkar edildikdə onları tutub həbs etsinlər".

Lakin 1908-ci il mayın 24-də Yelizavetpol şəhərinin özlərini fəxri şəxslər adlandıran sakinlərindən jandarm rotmistri Qrekova yeni məktub daxil oldu. Məktubda deyilirdi: "Silah və patron almaq üçün Komitənin xeyrinə 15 min rubl pul toplanmışdır və komitə bizdən daha 5 min rubl tələb edir. Lakin biz imtina edirikg Biz nə vaxta qədər pul ödəyəcəyikg Ümid edirik ki, ali həzrətləriniz bizim xahişimizi cavabsız qoymayacaq və siz bizə rəhm edəcəksinizg Biz pul ödəməkdən təngə gəlmişik". Sənədlərdən göründüyü kimi, difaiçilər tərəfindən yığılan pulun bir hissəsi İranda və Türkiyədə qiyamçılara kömək üçün göndərilirdi. Təkcə Şuşa şəhərinin ətrafındakı Çuxurməhlədə difaiçilər Məşədi Ələsgər Abbas oğlu və Bahadur Kərim oğlu yerli sakinlərdən 3000 rubl pul yığmış, bu pula silah, patron, revolver alınmış, adamlar hazırlanmış və Cənubi Azərbaycana Səttarxanın köməyinə göndərilmişdi.

Yuxarıda göstərilən polis materiallarından və məmur məruzələrindən götürülmüş, difaiçilərin ayağına yazılan faktlar XX əsrin əvvəlində Rusiya İmperiyasında inqilabi hadisələr dövründə bir sıra partiyaların fəaliyyəti üçün səciyyəvi idi. Rusiya İmperiyasının tarixindən məlum olduğu kimi bolşeviklər bu məsələdə çox irəli getmişdilər. Bəzi hallarda partiyaların maliyyə problemləri bu cür radikal metodlarla həll edilirsə, başqa hallarda bu, son məqsədləri təkcə partiyanın proqram vəzifələrini yerinə yetirməklə məhdudlaşmayıb özlərinin merkantil tamahkar məqsədlərindən ibarət olan partiya daxili kriminal qrupların yaranması ilə bağlı idi. Bir qayda olaraq, bu cür qruplar dövlətə və ya dövlət quruluşuna bilərəkdən meydan oxumurdu, partiya mənsubiyyəti isə onların öz məqsədlərini reallaşdırması üçün münasib pərdə idi. Sənədlərdən göründüyü kimi "Difai" partiyasının bəzi üzvləri də bu cür cinayətlərə ittiham edilmişdir. Bu ittihamlar həmin cinayətlərin qurbanları olmuş şəxslərin şikayət teleqramlarına əsaslanırdı. Lakin belə cinayətlərin çox vaxt tamah məqsədi ilə törədildiyi və ya sadəcə olaraq şəxsi münasibətləri ayırd etmək üsulu olduğunu nəzərə alsaq, onda aydın olur ki, bu cinayətləri bütün partiyaya aid etmək olmazdı. Digər tərəfdən, rəsmi şəxslərin məruzələrindən göründüyü kimi həmin dövrdə partiyanın güclü fəaliyyətini nəzərə alan hakimiyyət orqanları "Difai"ni ləğv etmək üçün həmin cinayətlərə ilk növbədə siyasi xarakter verməyə çalışırdılar.

1908-ci ilə qədər "Difai"nin fəaliyyəti o qədər geniş miqyas almışdı ki, Azərbaycan qəzalarında çar hakimiyyəti orqanlarının mövcudluğuna təhlükə yaranmışdı. Partiya üzvlərinə qarşı repressiya başlanmışdır. Qafqaz canişini özünün 4 mart 1908-ci il tarixli fərmanı ilə "Difai partiyasının ləğv edilməsi barədə tapşırıq vermişdi. Yelizavetpol general-qubernatoru Q.Kovalyov cavab məktubunda yazmışdı ki, cari ilin mart ayında bu partiya tamamilə ləğv ediləcəkdir.

 

(ardı var)

 

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 3 mart.- S. 6.