1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti

 

(Əvvəli ötən saylarımızda)

 

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

1909-cu ilin may ayında "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. İş üzrə müttəhimlər kimi "Difai"nin Şuşa bölməsinin üzvləri Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayı Usub Mirsiyabov, İrzabəy İrzabəyov və Məmməd İsmayıl oğlu Ağdam bölməsinin üzvləri Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə, Baxış bəy Kazımbəyov, Hacı Cümşüd Hacı Cəfərqulu oğlu, Zülfüqar bəy Abdullabəy oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd oğlu keçirdi. Adları çəkilən şəxslər "fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökumətin sərəncamlarına itaət etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman "Difai" partiyası və "Qarabağ Məclisi" adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə" ittiham olunurdu. Araşdırma nəticəsində Yelizavetpol mahal məhkəməsi 1909-cu il mayın 15-də "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi.

Qarabağ məclisinin ardınca partiyanın Yelizavetpol komitəsi də dağıdıldı. Difaiçilərə qarşı repressiya tədbirləri görülməsinin bir qədər ləngiməsi jandarm hakimiyyəti dairələrinin xüsusi mülahizələri ilə izah edilirdi. Məsələn, Yelizavetpol qubernatoru Q.Kovalyov 1908-ci il martın 14-də Qafqaz canişininin dəftərxanası yanında polis hissəsinin xüsusi böləsinə təqdim etdiyi məlumatda Yelizavetpolun sabiq general-qubernatoru general-mayor Volskini "Difai"nin Yelizavetpol bölməsinin ləğvini 1907-ci ildə təxirə salmağa sövq etmiş səbəbləri aşağıdakı kimi izah edirdi: "sonuncu (general Volski.-Müəllif) o dövrdə (yəni 1907-ci ildə -Müəllif) "Daşnaksutyun" erməni inqilabçı partiyasını ləğv etməyi nəzərdə tutarkən "Difai" partiyasının üzvlərinin həbsini müəyyən qədər təxirə salmağı zəruri hesab etmişdi.O, ehtiyat edirdi ki, bu iki inqilabi təşkilatın üzvlərinin eyni vaxtda həbs edilməsi onların hökumətə qarşı birgə müxalifətçi fəaliyyətinə səbəb ola bilər".

"Difai"nin Yelizavetpoldakı təşkilatının ləğv edilməsi tədbirləri 1908-ci il iyun ayında başlandı. 1908-ci il iyunun 24-nə keçən gecə Yelizavetpolda kütləvi axtarışlar aparıldı. Axtarışlar zamanı M.M.Pişnamazzadə, Ə.Rəfibəyov, Ə.Xasməmmədov, M.Q.Rəfiyev və Q.Usubbəyovun evlərində rus, fransız, və türk dillərində çoxlu miqdarda inqilabi ədəbiyyat aşkar edilmişdi. Ə.Xasməmmədovun evində gənc türklərin tanınmış lideri doktor Abdullah Cövdətin 1905-ci ildə Cenevrədə "Qafqaz müsəlmanlarına müraciət" adlı kitabçası da tapılmışdı. Bu kitabça erməni-azərbaycanlı münaqişəsinə son qoymağa və bütün qüvvələri əsas müstəbidlərə - rus çarına və Türkiyə Sultanına yönəltməyə çağırırdı: "Parçala və hökm et!" prinsipini rəhbər tutan çarın səyləri sayəsində siz gələcəkdə daha çox əziləcəksiniz, xüsusən ona görə ki, bu səylər digər müstəbid Əbdülhəmid tərəfindən tam rəğbətlə qarşılanır". Bu sənədlərdən göründüyü kimi, gənc türklər Sultan hakimiyyətinə qarşı geniş mübarizə cəbhəsi təşkil etməyə, həm ölkə daxilində, həm də Rusiya İmperiyasının milli-inqilabi təşkilatları arasında özünə dayaq yaratmağa çalışırdı. Belə təşkilatlardan ən münasibi "Difai" idi. Maraqlıdır ki, bu kitabçanı Cenevrədən "yaxşı savadlı müsəlmana" göndərən "Daşnaksutyun"un üzvü Leon Mnatsakanov olmuşdu. Bu, belə güman etməyə əsas verir ki, daşnaklar gənc türklərin təbliğat ədəbiyyatının yayılmasında fəal rol oynamışlar. Ə.Xasməmmədovda aşkar edilmiş ədəbiyyat arasında P.Lafarq, Ged, K.Kautski və başqalarının sosial-demokratik yönümlü işləri xeyli yer tutur. Bu, çar məmurlarının fərziyyəsini sübut edir ki, "Difai" partiyası öz siyasi məqsədlərinə görə demokratik yönümlü olmuş, milli zəmində sosial-demokratik ideyaları təbliğ etmiş və əhalinin bütün demokratik təbəqələrini öz bayrağı altında birləşdirməyə çalışmışdır. M.Axundov, H.Usubbəyov, M.İsmayılzadənin evlərində də xeyli miqdarda qeyri-leqal ədəbiyyat və silah aşkar edilmişdi. Bu şəxslər həbs edilmiş, sonra isə 1909-cu il avqustun 4-də polisin aşkar müşahidəsi şərti ilə azad edilmişdilər.

Qeyd etmək lazımdır ki, hökumət orqanları "Difai" partiyasının üzvlərinin həbs edilməsi məsələsinə çox ehtiyatla yanaşırdılar. Məsələn, Yelizavetpol general-qubernatoru vəzifəsini müvəqqəti icra edən polkovnik Klementovun Tiflis Quberniya Jandarm İdarəsinin rəis köməkçisinə 10 yanvar 1909-cu il tarixli teleqramında deyilirdi: "Nəticəsiz kütləvi axtarışlar və xüsusən yerli əhali arasında görkəmli mövqe tutan şəxslərin kifayət qədər əsaslandırılmamış həbsləri, mənim inamıma görə əhalini terrora məruz qoyur və nəinki hakimiyyətin nüfuzunun artmasına imkan verməmək və dövlətdə asayişin və təhlükəsizliyin saxlanması vasitəsi olmamaqla yanaşı, həm də əhalinin nəzərində bu hökuməti aciz və vəziyyətdən tamamilə bixəbər kimi göstərir. Həmin teleqramda yerli əhalinin nümayəndələri tərəfindən verilən məlumatlara da münasibət bildirilir, onlar yalnız şəxsi düşmənçilik münasibətlərinin nəticəsi kimi qiymətləndirilirdi. Buna görə də hüquq-mühafizə orqanları partiyanın fəaliyyətinə öz məxfi agentləri vasitəsilə nəzarət edir, onların verdiyi məlumatlar diqqətlə yoxlanılırdı.

Tiflis Quberniya Jandarm İdarəsinin rəisi vəzifəsini icra edən podpolkovnik Başinski öz raportunda Yelizavetpol komitəsinin bütün rəhbər heyətini (10 nəfər) aşkar polis nəzarəti altında inzibati qaydada sürgün etməyi təklif edirdi. Lakin onlardan yalnız iki nəfəri - N.Axundov Səmərqəndə və H.Usubbəyov Baxçasaraya sürgün edildi. Onlar 5 il sürgün həyatından sonra çarın 21 fevral 1913-cü il tarixli fərmanına əsasən Romanovlar evinin hakimiyyətinin üç yüz illiyi münasibətilə amnistiyadan sonra 1914-cü ildə vətənə qayıtdılar. Repressiyalar nəticəsində partiya faktiki olaraq başsız qalmışdı. Lakin ayrı-ayrı sənədlər və dəlillər göstərir ki, onun fəaliyyəti passiv formada da olsa davam etmişdir. Bərdəli mülkədar İsmayıl bəy Tağıbəyovun romistr Kornilova ünvanlanmış 8 aprel 1910-cu il tarixli məktubunda qeyd edilir ki, polkovnik Qamkrelidzenin səyləri sayəsində bu il hökumətin düşmənləri, "Difai"nin Bərdə komitəsinin üzvləri tutulub saxlanmışdır. 1912-ci ildə "Difai"ni bərpa etməyə, eləcə də partiyanın Qarabağ fəaliyyətinin təbliğat işini dirçəltməyə cəhd göstərilmişdi. Bununla əlaqədar, "Qarabağ məclisi"nin katibi Xuduş Quliyev Şuşada tutulmuşdu. Yelizavetpol sakinləri Musa Bağır oğlu, Baba Allahverdi oğlu, Şuşa sakini İldırım bəy Şərifbəyov bu partiyaya mənsub olmaqda şübhə doğurduğuna görə həbs edilmişdi. Elə həmin vaxt, 1912-ci il mayın 21-də Nuxada Zaqafqaziya şeyxülislamı A.M.Pişnamazzadənin evində Azərbaycan dilində 11 kitabça və 17 vərəqə aşkar edilmişdi. Bundan əlavə, 1912-ci ilin avqust ayında Nuxada yerli polis tərəfindən tapılmış türk dilində proklamasiyaların birində deyilirdi: "İslamın və millətin təmiz adını qoruyub saxlamaq naminə biz bir müddət öz fəaliyyətimizi dayandırmağa məcbur olmuşduq. Lakin indi topladığımız məlumatlar nəticəsində yenidən öz müqəddəs borcumuzu yerinə yetirməyə başlayırıq və əvvəlki proqram üzrə hərəkət edəcəyik. Nuxada və Qafqazın bəzi başqa məntəqələrində yaranmış bəzi fikir ayrılıqlarına səbəb olan şəxslər haqqında şayiələri diqqətlə yoxladıqdan və onların təqsirkar olması yəqin edildikdən sonra biz onlara münasibətdə insan ləyaqəti qaydalarına uyğun hərəkət edəcəyik ki, rəzil insanlar bundan sonra öz arzularını həyata keçirməyə, millətimizin nümayəndələrinin namusuna toxunmağa cəsarət etməsinlər". 1912-ci il aprel ayında Ərəş qəzasında da Azərbaycan dilində vərəqələr paylanmışdı. Lakin difaiçilər öz fəaliyyətini əvvəlki miqyasda bərpa edə bilmədilər. Bu dəfə polis daha sayıq idi və azacıq şübhə yarananda difaiçiləri həbs edir, onları Qafqaz hüdudlarından kənara sürgün edəcəyi ilə hədələyirdi. "Difai"nin fəaliyyətinə xitam verilməsinin dəqiq tarixi barədə tarixşünaslıqda vahid fikir yoxdur. M.B.Məmmədzadə və H.Baykara qeyd edirlər ki, "Difai" partiyası öz mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov isə belə hesab edir ki, partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdır. Difaiçilərin çoxu sonradan 1911-ci ildə yaradılmış Müsavat partiyasına daxil olmuşlar.

Ayrı-ayrı işlərdə göstərilən faktlar bu qənaətə gəlməyə əsas verir ki, "Difai" I Dünya Müharibəsinə qədər və hətta 1917-ci il fevral inqilabından sonra da mövcud olmuşdur. Məsələn, T.Sventoxovski Türkiyə mənbələrinə əsaslanaraq göstərir ki, Fətəli xan Xoyskinin qardaşı oğlu, keçmiş difaiçilərin səlahiyyətli nümayəndəsi Aslan xan Xoyski Qafqaz cəbhəsində döyüş əməliyyatları zamanı sərhədi keçmiş və 1915-ci il fevral ayında Ərzurumda Ənvər Paşanın qərargahına gəlmişdir. Onun bu səfərinin məqsədi istər Rusiyadan, istərsə də Türkiyədən asılı olmayan müstəqil Respublika yaradılması üçün Türkiyə və Almaniya nümayəndələrindən zəmanət almaq idi. Həmin respublikaya Bakı, Yelizavetpol və İrəvan quberniyaları, habelə Dağıstan və Terek rayonunun daxil olması nəzərdə tutulurdu.

N.Şeyxzamanlının öz xatirələrində yazılır: "1917-ci ildə çar hökuməti devriləndən və Rusiya İmperiyası dağılandan sonra başda Kerenski olmaqla müvəqqəti hökumət yaradıldı. Qubernator vəzifəsi ləğv ediləndən sonra vilayət komissarı vəzifəsi tətbiq edildi. O dövrdə həmin vəzifəyə Xəlil bəy Xasməmmədov təyin edilmişdi. İcraiyyə komitəsi yaradılmışdı. Həmin komitəyə ictimai təşkilatların və partiyaların hərəsinin bir nümayəndəsi daxil olmalı idi. İcraiyyə Komitəsinin üzvlüyünə "Difai" partiyasından nümayəndə seçilməsi məsələsi qaldırılmışdı. Bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə ediləndən sonra iclasın protokolu Kerenskiyə göndərilmişdi. Bir həftədən sonra Kerenskidən cavab teleqramı alındı. O, "Difai" partiyası haqqında məlumat verilməsini tələb edirdi. Tezliklə cavab göndərildi. Biz yenidən fəaliyyətə başlamağın zəruri olduğunu hiss edirdik. Bu yolda ilk addım Gəncə şəhərinin hər bir məhəlləsində gənclərdən ibarət silahlı dəstələr yaradılması oldu. Həmin dəstələrə zabitlər başçılıq edir, hərbi təlimlər keçirirdilər. İki ay ərzində "Difai"nin hərbi hissələrinin köməyi sayəsində Gəncə Milli Komitəsi şəhərdə dislokasiya edilmiş 218-ci və 219-cu rus alaylarını tərkisilah etməyə müvəffəq oldu. Tezliklə onlar şəhəri tərk etdilər. "Açıq söz" qəzetinin 13 oktyabr 1917-ci il tarixli nömrəsində belə bir məlumat verilmişdi ki, Azərbaycan siyasi partiyalarının Gəncədə keçirilmiş müşavirəsində "Nicat" və "Difai" partiyalarının üzvləri "Müsavat" sıralarına daxil olmuşlar, çünki bu partiyaların proqramları oxşardır. Nəhayət, M.B.Məmmədzadə qeyd edir ki, "Difai" üzvləri sonradan ADR Milli ordusunun əsasını təşkil etmişlər.

 

 

(Ardı var)

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 5 mart.- S. 9.