Məyusluq
ardınca məyusluq
Dünyanın müxtəlif bölgələrin
səpələnən ermənilərin
"soyqırım"a məruz qalmalarını əldə
bayraq etmələri türklərdən çox onların
öz əlehlərinə çevrilə bilər.
Çünki tarixdə olmayan bir hadisəni olmuş kimi təbliğ
etmə son nəticədə bəd niyyətləri faş edə
bilər. Doğrudur, "siyasət mümkün olandan istifadə
bacarığıdır" deyiminə söykənənlər
maraqlar tələb edəndə uydurma bir olaya boyun əyə
bilərlər. Amma həqiqəti heç nə əyə,
sındıra bilməz. Fərqli-fərqli
ölkələrdə ermənilərin təsirinə
düşüb parlamentlərində erməni
uydurmasının müzakirələrə
çıxarılması bütövlükdə digər
parlamentarilərin də ədalətliliyinə xələl gətirir.
Bu üzdən də onlar maraqlarının əsirinə
çevrilən həmkarlarının xəcalətini çəkməli
olurlar. Necə ki, biz bunun dəfələrlə şahidi
oluruq. Qeyd edək ki, artıq neçənci dəfədir ermənilər
türklərə dost münasibəti ilə seçilən
İsrail Knessetində (parlamentində) də
"soyqırım" məsələsinin müzakirəyə
çıxarılmasına nail olublar. Knessetdə erməni
"soyqırım"ının müzakirəyə
çıxarılması ilə bağlı xəbər
yayılar-yayılmaz dünyanın əksər ölkələrində
yaşayan ermənilərlə yanaşı, İrəvanda da
şadyananlıq etməyə başlayıblar. Kimi Təl-Əvivə
təşəkkür məktubları yazdı, kimi yoldan
keçənlərə gözaydınlığı verdi,
kimi də "soyqrım"ın bütün dünya tərəfindən
mütləq tanınacağına dair dəqiq proqnozlar verməyə
başladı. Ən əsası isə erməniləri
ümidləndirən əsas amil Ankara-Təl-Əviv
münasibətlərinin pisləşməsidir.
"Mavi
Mərmərə" olayı ilə sərinləşən
münasibətlərə söykənən ermənilər əmindirlər ki, Ankara
Təl-Əvivdə "soyqırım" sənədinin qəbul
olunması prosesinin qarşısını almaq
üçün bütün imkanlarını itirib. Onu da
xatırladaq ki, əslində Ankara müzakirəyə
çıxarılacaq məsələ ilə bağlı hər
hansı şərh verməyi belə lazım bilməmişdi.
Görünən o idi ki, onlar da İsrailin ermənilərin
lehinə qərar qəbul edəcəklərinə
inanırdılar. Qətnamənin əleyhinə heç bir
deputatın səs verməməsi də bu ehtimalı
artırırdı. Yalnız ərəb mənşəli
millət vəkilləri bunun İsrail üçün
yaxşı heç nə vəd etmədiyini deyirdilər.
Rəsmi
Ermənistanın hədsiz dərəcədə sevindirən
daha bir məqam Təl-Əvivin Vaşinqtonla müttəfiq
olması idi. Çünki İsrailin bu qərarı qəbul
edəcəyi təqdirdə ABŞ-la bağlı şübhələr
ortadan qalxacaq və konqresmenlərin də
"soyqırımı" tanıyacağı daha real
görünəcəkdi. Bir məqama xüsusilə diqqət
yetirmək zəruridir ki, yəhudi parlamenti müzakirələrin
açıq şəkildə keçiriləcəyini bəyan
etmişdi. Bu isə o demək idi ki, qətnamənin qəbul olunmasında
iştirak edəcək şəxslərin kimliyi bütün dünyada bəlli
olacaq və bu proses açıq-açığına
dünyanın gözü qarşısında
baş verə bilərdi. Amma sonradan cərəyan edən
proseslər ermənilərin arzusunun ürəklərində
qalmalı olacağını göstərdi. Dostluq münasibətlərinin
dərin köklərə
söykəndiyini nəzərə alsaq Knessetin bu jestini anlamaq
çətin deyil. Görünür, digər türk, dost
ölkə olan Azərbaycanın mövcudluğu bu məsələdə
həlledici rol oynamış oldu. Bunu etirafdan da anlamaq
mümkündür.
Qeyd
edək ki, İsrailin Xarici İşlər Nazirliyinin yaydığı bəyanat
Azərbaycanın onlar üçün heç də
sıradan bir dövlət olmadığını bir daha təsdiqlədi.
Bəyanat olduqca
maraqlı fikirlə başlayır": Parlamentin erməni
"soyqırım"ını
tanıması üçün heç bir şansı yoxdur.
Bu qeyri-mümkündür. Çünki İsrail
üçün müsəlman dünyasında ən
yaxın mütəffiq olan Azərbaycan amili var. Bakının
qətiyyətlə rədd etdiyi bir məsələni, biz
heç bir halda qəbul edə bilmərik. Bir əsr bundan
qabaq gerçək olub-olmadığı məlum olmayan məsələyə
görə Azərbaycanla münasibətləri korlamaq niyyətimiz
yoxdur. Unutmaq olmaz ki, Bakı heç vaxt Təl-Əviv əleyhinə
addımlar atmayıb".
Heç
şübhəsiz, yeri düşdükcə türklərə
zərbə vurmaq yanğısından çabalayan ermənilər
bundan öz paylarına düşəni götürüblər.
Onlar Ermənistandan
fərqli olaraq Azərbaycanın ən güclü ölkələr
tərəfindən belə müstəqil dövlət kimi qəbul
olunduğunun fərqindədirlər. Açıqlamanın
növbəti hissəsində qərarın müzakirəyə
çıxarılmasına səbəb olan amillərə
toxunulub. Bu, sadəcə tarixə baxmaq məqsədi
daşıyır. Hər hansı siyasi qərarın qəbul
olunması müzakirə mövzusu deyil. Çünki İsrail parlamenti tarix mərkəzi
hesab olunmur. Hər hansı millət vəkillərinin
mövqeyi isə həlledici qərarın qəbul edilməsinə
maneçilik törədə bilməz.
Bundan
sonra xarici işlər naziri Avidqor Liberman yenidən
diqqəti Azərbaycanın üzərinə gətirib":
Azərbaycan nəinki müsəlman aləmində, ümumiyyətlə,
dünyada İsrailin
ən yaxın tərəfdaşı hesab olunur. Türkiyə-İsrail
əlaqələrinin korlanması, o demək deyil ki, Azərbayacanın
maraqlarına cavab verməyən məsələləri qəbul
etməliyik. Təəssüf ki, bəzi millət vəkilləri öz
hisslərinə əsaslanıb mənasız qərarları
gündəliyə çıxarmağa meyl edirlər. Hazırda
İsrail Azərbaycanla ilk müsəlman ölkəsi kimi viza
rejimini ləğv etməyi nəzərdən
keçirir. Digər tərəfdən bir qrup millət vəkili
heç bir hüquqi əsası olmayan məsələni müzakirəyə
çıxarmaq istəyirlər. Biz bütün resurslarımızdan istifadə edib, dost Azərbaycanın
maraqlarını qoruyacağıq".
İsrail
XİN, Türkiyəyə qalsa, bu günə qədər
"erməni məsələsinin"
qəbul oluna biləcəyini xüsusi olaraq vurğulayıb.
Bununla belə müzakirələr hələ ki, baş
tutmayıb. İsrailin Azərbaycana qarşı nə dərəcədə
səmimi olduğunu məhz müzakirələr zamanı biləcəyik.
İsrail parlamentindəki "Evimiz-İsrail" fraksiyası
uydurma erməni soyqırımının tanınmasını
əngəlləmək üçün bütün
gücündən istifadə edəcək. Bu məsələdə
prezident Şimon Peresin də dəstəyini alan xarici işlər
naziri Aviqdor Liberman və onun partiya yoldaşları əmindirlər
ki, bu tanınma Azərbaycanla strateji əməkdaşlığı
təhlükə altında qoya bilər.
Xatırladaq
ki, hər il parlamentdə saxta erməni
soyqırımının tanınmasına dair məsələ
qaldıran MERETS Partiyası bu il mayın 18-də eyni məsələni
bir daha gündəmə gətirib. Parlament bu təklif əsasında
məsələni Təhsil, mədəniyyət və idman
komissiyasına həvalə edib. Komissiyaya
"Evimiz-İsrail" fraksiyasının üzvü Aleks
Miller sədrlik edir. A.Millerin məsələyə münasibəti
belə olub: "Biz soyqırımın olub-olmadığına
qərar vermək niyyətində deyilik. Təhsil, mədəniyyət
və idman komissiyasının yüz il əvvəlki məsələlərin,
hələ üstəlik İsrailin müsəlman
dünyasındakı əsas müttəfiqi ilə strateji
münasibətlərinin həll ediləcəyi bir instansiya
olacağını düşünmək sadəlövhlükdür".
"Evimiz-İsrail"
parlament fraksiyasının lideri Robert İlatov eyni zamanda
İsrail-Azərbaycan parlamentlərarası
assambleyasının rəhbəridir. Keçmiş
bakılı İosif Şaqal da bu partiyanın önəmli
simalarından biridir. Onun Belarusiyaya səfir göndəriləcəyi
gözlənilir.
Nilufer
Ədalət.- 2011.- 26 may.- S. 2.