MİRZƏ İBRAHİMOV XX ƏSRİN NADİR HADİSƏLƏRİNDƏN İDİ...

 

(əvvəli 4 noyabr sayımızda)

O Cənubla bağlı xatirələrini danışanda həmişə məni qəhər bürüyərdi. Atam Təbrizi çox sevirdi. Biz bağa gedəndə uşaqlıq illərindən xatırlayar və nisgilli səslə deyərdi: "Anam həmişə mənim başımı sığallayardı..." Tez-tez həsrətlə bir sual verərdi: "Görəsən, mənə qismət olacaq ki, nə vaxtsa sizi Təbrizə aparım?" Amma Bakını da çox sevirdi və heç vaxt tərk etməzdi. O, təkcə bizə yox, çoxlarına mənəvi atalıq etmiş, ehtiyacı olanlara dayaq durmuş, hər cür maddi yardım göstərmişdi. Xatirimdədir, rəhmətə gedəndə məndən arxada bir qadın ağlayaraq "naş papa umer", - dedi. Soruşdum ki, siz onu tanıyırsınız? Dedi ki, "mən uşaq evində böyümüşəm. 50-ci illərdə o, Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu həmişə "ata" deyə çağırardıq". Atam həmişə deyərdi ki, mən yazıçılıqdan yaxşı qonorar alıram. Ancaq o vaxta qədər atam kirayədə qalırdı, bircə çamadanı vardı. İnsanların etibarsızlığı, bir-birinə paxıllığı onu çox üzərdi. O, müxtəlif vəziyyətlərə düşüb. Belə ki, vəzifədə də olub, işsiz qaldığı vaxtları da. Ancaq biz onu evdə həmişə çox təmkinli görmüşük. Bir vaxt atam deputatlığa namizəd idi. Amma sonra anama dedilər ki, onu təqdim etməyiblər. Anam çox sakit adam idi, atam içəri girən kimi olanları danışdı. O isə "Canın sağ olsun, Sara!" - dedi. Atam möhkəm və iradəli insan idi. Heç vaxt özünü itirməzdi. Bəlkə də bu onun ata-anasız böyüməsindən irəli gəlirdi. Bizə də həmişə deyərdi ki, sakit olun, çox şeyə fikir verməyin. Yalnız 1983-cü ildə anam rəhmətə gedəndə çox qəhərlənmişdi. Anam dünyasını dəyişəndə atam elə bil, yetimləşdi. Həyatının o qədər ağır, çətin keçməsinə baxmaya-raq anamı heç kəs əvəz edə bilmədi. Hətta bağda anamın çarpayısını yığışdırmağa da qoymadı. Bütün vaxtı ora qızıl güllər səpərdi. Atam üçün anamın itkisi təsəllisiz oldu, sanki bir daha yetimləşdi... Təqdir olunası örnəkdi, deyilmi?!

 

Mirzə İbrahimov görkəmli ictimai xadim,xalqının, millətinin taleyini düşünən böyük vətəndaş idi

 

O, uzun illər Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq Maarif komissarı, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan KP MK-nın büro üzvü, hətta Respublika Ali Sovetinin sədri və s. kimi yüksək vəzifələrdə işləyib... Əslində I katiblikdən başqa, hansı mötəbər kürsüdə əyləşməyib ki? Yüksək vəzifələr icra edib, səsi dünyanın altı qitəsindən gəlib, ancaq heç dəyişməyib, xarakterindəki sadəlik, təvazökarlıq, alicənablıq, kasıb-kusubun, sadə xalqın hamisi, elinin və ana dilinin fədaisi olmaq cəhətlərinin yerini xudbinlik, özündənmüştəbehlik, ədabazlıq hissləri tutmayıb. M.F.Axundov adına Azərbaycan Dövlət Dram və Balet Teatrının direktoru, sonra isə XKS-da incəsənət işləri idarəsinin rəisi olub. İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə inam, düşmənə nifrət və qəzəb duyğuları aşılayıb. 1941-ci ildə Sovet ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində çalışıb. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edib. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərləri də qələmə alıb. Azərbaycan SSR Xalq maarif komissarı kimi fəaliyyət göstərib (1942-1946). Azərbaycan SSR EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilib (1945). Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləyib, Azərbaycan KP XIV-XIX, XXU-XXVUI qurultaylarında MK-nin Büro üzvü seçilib. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki-1955, Banqkok-1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. kimi beynəlxalq məclislərin iştirakçısı olub. O, Sov.İKP XX-XXI və XXUI qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilib. 1977-ci ildən isə Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olub, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı missiyasını şərəf və ləyaqətlə icra edib. Onun başçılığı ilə komitə möhkəm sülh və sabitlik uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə müxtəlif tədbirlər həyata keçirilib. O, milli filologiya elmi üzrə kadrların hazırlanması sahəsində miqyası (milli mənəvi dəyərlər baxımından) ölçüyəgəlməz dərəcədə böyük işlər görüb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil edib, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olub (1948-1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq edib(1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ikinci dəfə sədri və SSRİ Yazıçılar İttifaqının katibi (1970-1986) olub. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olub. Fədakar əməyi rəsmi dairələr tərəfindən yüksək qiymətləndirilib. Sanki gözəgörünməz bir qüvvə onu daim qoruyub. Hər dəfə başının üstünü qara buludlar alanda, hətta "Xalq düşməni" damğası ilə həbs edilib Sibirə sürgünolunma təhlükəsi ilə üz-üzə qalıb. Sevda xanımın xatirələrinə üz tuturam: "Atam həmişə bizə Azərbaycan dilini təbliğ edər, "gözəl dildir" deyərdi. Yadımdadır ki, 51-ci ildə kiçik bacım məktəbə getməli idi. Onu rus bölməsinə apardı və anama dedi ki, "bilmək olmaz, biz də Sibirə gedə bilərik. Ona görə də qoy uşaqların biri rus dilində oxusun". O vaxt biz bunu zarafat sanırdıq. Bir dəfə də M.C.Bağırov çıxışında deyib: "Mənə elə gəlir ki, Səməd Vurğun və Üzeyir Hacıbəyov xalq düşmənidirlər. Düzdür, yoldaşlar?". Heç kəs səsini çıxarmır. Atam dözməyib deyir: "Mən sizinlə razı deyiləm. Üzeyir bəy necə xalq düşməni ola bilər ki, "Koroğlu" kimi opera yazıb? S.Vurğun necə xalq düşməni ola bilər ki, "Vaqif" dramını yazıb?". Hamı qorxusundan sarısını udur, heç kəsin cınqırığı da çıxmır. M.C.Bağırov hirslənərək: "Otur, elə sən də onların sırasındasan!" - deyib. Yadımdadır ki, Bağırov atamı iclasa çağıranda anam bütün gecəni yatmazdı. Atam hər dəfə bizi öpüb gedərdi. Anam da yatmayıb səhərə qədər onu gözləyərdi. Biz balaca idik, nələr baş verdiyini anlamırdıq. Atam rəhmətə gedəndən sonra DTK-nın əməkdaşı olmuş yazıçı Yasif Nəsirli arxivdən tapıb ki, heç demə, atamı da "xalq düşməni" elan ediblərmiş. Növbəti iclasların birində atam dil məsələsi ilə bağlı kəskin çıxış edib. İclasdan sonra bizə danışırdı ki, xitabət kürsüsündən düşəndən sonra yanında oturanların hamısı arxaya keçdilər. Hətta çölə çıxanda başqa vaxt "Mirzə müəllim" deyənlərin də heç biri yaxına gəlmədi, bircə Nəsir müəllimi çıxmaqla... O zaman əslən Cənubi Azərbaycandan olan 3 məşhur insan vardı: Şəfaət Mehdiyev, Nəsir İmanquliyev, bir də atam. O dedi ki, bir də gördüm N.İmanquliyev yaxınlaşdı ki, Mirzə müəllim, gəlin mən sizi ötürüm." Qəribədir, qoruyucu mələyi onu həqiqətən hifz edir, pisliklərdən qoruyurdu. Hər bir cəsarətli çıxışından, xalq üçün, onun dilinin inkişafı və saflaşdırılması uğrunda yeni, mühüm bir addım atanda öncə təzliq və basqılar nəfəsini kəsər, az keçməzdi ki, yüksək dövlət ödülünə layiq görülər, yaxud daha yüksək vəzifə kürsülərinə əyləşdirilərdi... Fəxri adlarının, təltif və mükafatlarının sırası xeyli zəngindir: 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni, çoxlu sayda digər orden və medallar, Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə dəfə millət vəkili statusu və s.

O, milli ruhunu, vətəndaşlığını son nəfəsinədək qoruyub, nəfsinin hakimi olub, fəaliyyət göstərdiyi hər bir sahədə vicdanla, ləyaqətlə, ədalətlə çalışıb, heç kimin haqqını əlindən almayıb, qismətinə şərik çıxmayıb, bir anlıq da olsa, humanist mövqeyini itirməyib, bu həddi yalnız ermənilərlə və digər daxili və xarici düşmənlərimizlə münasıbətdə aşıb. Repressiya illərində çoxlarının qarşısında tir-tir əsdiyi M. J. Bağırova qorxmadan sözünü deməyi bacaran Mirzə müəllim 1989-cu ildə, Qarabağ hadisələrinin qızğın çağında Moskvada, SSRİ Ali Sovetinin tribunasından eyni cəsarət və müdrikliklə ermənilərə sözünü deyib: "Allah bir xalqı cəzalandır-maq istəyəndə onun ağlını başından alır. Atdığınız addımlar sizi uçuruma aparır".

 

O, istedadlı ədəbiyyatşünas və tərcüməçi idi...

 

M.İbrahimov görkəmli ictimai xadim, istedadlı yazıçı, publisist , tərcüməçi olduğu kimi həm də istedadlı ədəbiyyatşünas idi. Onun 30-cu illərdən başlayaraq ədəbi və ictimai tədbirlərdə etdiyi çıxışları, müxtəlif qəzet və jurnallarda çap etdirdiyi dərin mündəricəli, dolğun məzmunlu məqalələri, kitab və araşdırmaları Azərbaycan ədəbiyyatşınaslığının qızıl səhifələrindəndir. Azərbaycan ədəbiyyat tarixini bütöv şəkildə öyrənməyə çalışan alim Cənubi Azərbaycanla, orada yaranan zəngin ədəbi irslə bağlı çatışmazlıqları, boşluqları görürdü. Harda, hansı vəzifəsində işləməsindən asılı olmayaraq yalnız xalqını, onun taleyüklü məsələlərini düşünən və onları bacardığı qədər həll etməyə çalışan məhsuldar alimin bütün fəaliyyətində bu boşluqları doldurmaq cəhdləri apaydın özünü göstərir.. Bir sıra oçerkləri, eləcə də Cənubda və eləcə də "İranda nəşr olunan ədəbi mətbuatın icmalları məhz bu mərama xidmət edirdi."

XIX-XX əsrlərdə Cənubi Azərbaycan ədəbiyyatı tarixinin, Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyasının, klassiklər, ədəbi şəxsiyyətlər haqqında monoqrafiyaların yazılmasının gərəkliliyini ilk olaraq məhz Mirzə müəllim dərk etmiş, həmkarlarını və həmçinin rəhbərlik etdiyi AMEA-nın Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində yetirdiyi neçə-neçə alimi bu işə səfərbər etmişdi. Onun hələ 1939-cu ildə nəşr etdirdiyi "Böyük demokrat" monoqrafiyası Mirzə Cəlil haqqında, ictimai-bədii fikir tariximiz haqqında ilk fundamental tədqiqatlardan biri idi. Maraqlıdır ki, bu əsərdə "Molla Nəsrəddin" jurnalında geniş yer verilən Cənub mövzusu, eləcə də jurnalın Təbriz dövrü də işıqlandırılmış, Mirzə Cəlilin unikal fəaliyyətinə layiqli qiymət verilmişdir. Mirzə müəllimin "XIX-XX əsrlərin ədəbiyyatı haqqında fikirləri ədəbiyyatşünaslıq üçün daim maraqlı olmuş, ədəbi-nəzəri axtarışlara, müxtəlif elmi diskussiyalara təkan vermişdir. O, ədəbiyyatşünas olaraq Azərbaycan ədəbiyyatı üzrə fundamental problemlərin həllində yaxından iştirak etmiş, elmi-nəzəri istiqamətlərin işlənib hazırlanmasında mühüm rol oynamışdır. Hərəkatın rəhbər xadimlərindən biri olmuşdur. Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı inkişaf dövrləri və nümayəndələri haqqında dəyərli fikirləri vardır. Ədibin Xaqani, Şirvani, Nizami Gəncəvi, Marağalı Əvhədi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Saib Təbrizi, Molla Pənah Vaqif, Heyran xanım, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Mirzəli Möcüz, Səməd Vurğun, Əli Nazim, Mehdi Hüseyn və b. haqqında mülahizələri ədəbi-tarixi fikrin inkişafına müəyyən təsir göstərmişdir.

Alim M.İbrahimov saydığı Azərbaycan ədəbiyyatının tədqiqinə "tükənməz xəzinə" folklor və aşıq ədəbiyyatından başlayır. Aşıq ədəbiyyatını "realist bir sənət" kimi qiymətləndirən M.İbrahimov xalq yaradıcılığının həm xalqın mənəvi şüurunu, həm də bədii ədəbiyyatı qidalandıran ən zəngin qaynaq olduğunu görürdü." "Xəlqilik və realizm cəbhəsindən", "Həyat və ədəbiyyat", "Gözəllik qanunu ilə", "Ədəbi qeydlər", "Aşıq poeziyasında realizm", "Böyük demokrat", "Böyük satira ustası", "Böyük şairimiz Sabir" kitablarında mütəfəkkir alimin xəlqilik və müasirlik, ənənə və novatorluq, müsbət qəhrəman, yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq məsələləri, bütövlükdə sənətin problemlərinə dair baxışları öz əksini tapmışdır...

 

Mirzə İbrahimov qeyri-adi publisistik yaradıcılığa malik idi...

 

O, həyata, hadisələrə və insanlara, cəmiyyətdə baş verən proseslərə qarşı çox həssas idi, bütün bunlara öz baxış bucağından baxmağı bacarırdı və münasibətini yaradıcılığın müxtəlif sahələrində bildirirdi. Mirzə müəllim publisist kimi fəaliyyətə 1930-cu illərdən başlayıb. İlk olaraq yaşadığı dövrün tələblərinə əsasən, "Şuranı zərbəçi qüvvələrlə möhkəmləndirməli", "İşlərimizi bolşevikcəsinə yenidən qurmalı", "Kadrlar kursu açmalı", "Firqəvilik və yüksək prinsiplik uğrunda", "Qaranlıqsız və kölgəsiz", "Yeni kadr uğrunda" adlı məqalə və oçerklərini yazıb, partiya və sovet dövlətinin hər bir sovet adamının qarşısına qoyduğu vəzifələri xalqın anlayacağı bir dillə kütlələrə çatdırıb. Onun istəkli oxucuları da onun hər bir yazısını anlayıb və sevgi ilə qarşılayıb, maraqla oxuyub. Onun yazılarındakı bu publisistik təsir gücünü artıran isə "yalnız bədiilik və məntiq deyil, həm də yazıçı müşahidəsinin çoxcəhətliliyi" idi (Prof. Abbas Hacıyev). Ədibin "yaxşı adamların daxilən zənginləşməsinə, yaradıcı əməyə, Azərbaycan təbiətinə, sosialist münasibətlərinin ailə və məişətə yeriməsinə, gəncliyin inqilqbi ənənələr ruhunda tərbiyə edilməsinə" həsr etdiyi "Yeni il, yeni arzular", "Bahar ümidləri", "İsti su", "Sönməz işıqlar", "Kənd lövhələri", "Yaradıcılıq ilhamı", "Gələcəyin sahibləri" və s. kimi publisistik yazılarında sanki məlum olan, bir növ köhnə məzmun orijinal müqayisə, təkrarsız detal və bədii lövhələrlə, rəqəmsal göstəricilərin köməyi ilə yenidən yaradıb. Lakin o, publisistik yazılarında da Güney Azərbaycanı unutmayıb, "Təbriz səfəri", "Onlar da günəşi görəcəklər", "Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında", "Firidun İbrahimi", "Azadlıq mübarizəsi", "Xalqın səsi" və s. məqalələrində nəzər-diqqəti İrana, Güney Azərbaycana, Güney xalqının həyatına, burada "döyüşən, mübarizə aparan siniflərin, iki ictimai qüvvənin mübarizəsinə " yönəldir. O, əsasən kiçik həcmli oçerklər yazıb, lakin məzmunu məna geniş və dərin olub, faktlar danışıb, surət və personajlar dindirilib, nitq təbii alınıb, təəssürat genişləndirilib, oxucu mükəmməl, orijinal, şirin bir təhkiyə ilə təsvir olunan məlumatlar alıb və nəticədə publisistik janrın yeni, gözəl nümunələri yaradılıb.

 

Bütün bunlardan başqa, o, hər kəs üçün sadəcə "Mirzə müəllim" idi...

 

O, müəllimi uşaqların bəsirət gözünü açan, onları elmin sirlərlə dolu cazibədar dünyasına aparan müqəddəs varlıq sayıb, gələcəyin qarantları olan bu günün şagirdlərini əsl vətəndaş kimi böyüyüb formalaşdırmaq kimi ali missiyanın daşıyıcısı kimi dəyərləndirib, haqqında dürlü-dürlü sözlər yazıb. "Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək tutduğum bir sənətdir. Gərək uşaqlarla o qədər həssas olasan ki, onların ürəyindəki qığılcımları alovlandıra biləsən," deyirdi sevimli qızı Sevdaya. "Ana, ata və müəllim" adlı təsirli məqaləsini vaxtilə "Azərbaycan müəllimi" qəzetində dərc etdirərək təlim-tərbiyə işinin pərvanələrinə həm də öz ehtiramını bildirib. Sevda xanımın yazdığına görə, özü məktəbə gedəndə arıq, boyu da balaca imiş. Məktəbə gələn şagirdlərin də boyunu ölçürmüşlər. Barmaqlarının ucuna qalxaraq boyunu uzadır ki, onu da qəbul etsinlər və... ömrünün ilk ən sevincli hadisəsi baş verir, həvəslə başa vurduğu təhsil illəri bir-birini qovalayır. Dərin zəkası, ağlı, gücü, zəhməti hesabına oxuyur. Müəllimlərindən öyrənə-öyrənə özü də dövrünün ən çox sevilən, hər kəsin hörmət və ehtiramını haqq edən müəllimə çevrilir. Hər kəsin sevdiyi müəllim, hamının sevdiyi insan olmaq çox çətin, amma son dərəcə şərəfli, uca bir məqama yetmək deməkdi. O, məhz həmin məqama yetən, hər kəs üçün əziz olan bir insan - "Mirzə müəllim" idi. Sevda xanım yazır ki, sənətimi mənə atamla, müəllimlərim sevdirib. Atam sevilən yazıçı olmaqla yanaşı, həm də gözəl, sadə, son dərəcə gözütox bir insan idi. Bizim ailədə israfçılığa, şöhrətpərəstliyə meyl olmayıb. "Qızım, otur, işlə, əsl səadət - yaradıcılıqdır. İşdən gözəl bir şey yoxdur" - atamın həmişə mənə dediyi sözlər idi.

O insan xoşbəxt hesab olunur ki, ölümündən sonra da yaşayır. Ölümündən sonra onu yaşadansa yaratdığı əsərlər, yazdığı kitablar, böyüdüb boya-başa çatdırdığı, şəxsiyyət kimi formalaşdırdığı övladları olur. Onu tanıyanlaın sadəcə "Mirzə müəllim" deyə çağırdıqları böyük insan-yazıçı, publisist, alim, vətəndaş, şəxsiyyət olan Mirzə İbrahimov bu xoşbəxtliyə elə sağlığındaykən qovuşmuşdu, çünki çox-çox gərəkli alimlik fəaliyyəti boyunca, həm də onlarca mənəvi övlad yetişdirmişdi... böyük əməllərini, misilsiz işlərini, arzu və istəklərini bu dünyada olmadığı zamanlarda da davam etdirə biləcək ağıl, savad və mərifətdə...

 

 

Esmira Fuad (Şükürova),

Filologiya üzrə fəlsəfə doktoru,

Mirzə İbrahimov adına Kitab

Fondunun sədri

 

Ədalət.-2011.-11 noyabr.-S.4.