İlyas Tapdığı düşünərkən...

 

  bitməmiş yazı

 

  Mən, Fəxrəddin Meydanlı(Əzizov) 10 aprel 1954-cü il tarixində doğma Azərbaycanımızın özünəməxsus təbiəti, əməksevər və etibarlı insanları olan Ucar rayonunun Boyat kəndində müəllim ailəsində doğulmuşam.

   Lap uşaq vaxtlarımdan aşıq havalarına, saza, şeirə, sənətə böyük həvəsim olub. Hələ orta məktəb illərində, növbə üzrə qoyun, mal nobatına gedərkən, gün ərzində əvvəldən seçib-hazırladığım və şeir kitablarında qeyd etdiyim 5-10 səhifə şeiri əzbərləyəcəyimi özümə "öhdəlik" götürərdim.

   Səməd Vurgunun, Əliyağa Vahidin, Süleyman Rüstəmin, Rasul Rzanın, Məmməd Rahimin, Bəxtiyar Vahabzadənin və digər şairlərimizin şeirlərini sevə-sevə oxuyar və əzbərləyərdim.

   Uşaqlıqdan şeirlərinin vurğunu olduğum ədiblərdən biri də hörmətli şairmiz İlyas Tapdıq olmuşdur. İlyas Tapdıqın təbiəti tərənnüm eləyən şeirlərini oxuyanda elə bil insan özünü şairin döğulub, boya-başa çatdığı əsrararəngiz təbiəti və gözəlliyi olan Gədəbəyin meşələrində, talalarında, dağlarında, dağ gədiklərində, saysız-hesabsız şərbət tamlı buz bulaqlarının əhatəsində hiss edirsən.

   İlyas Tapdıqla görüşmək üçün məqam, münbit bir şərait axtarmışam həmişə. Deyirlər Allah öz sevimli bəndələrinin istəyini gec də olsa yerinə yetirir. İçimdə belə bir istəyin çağlayan vaxtı, Tanrı özü bu böyük şairi mənə tuş gətirdi.

   Mən də bir çox sənət adamları kimi, 2006-cı ilin payızında Kürdəmirdə keçirilən Aşıq Şakirin 80 illik yubileyinə dəvət almışdım.

   Aşıq Şakirin şəxsiyyətinə və sənətinə layiq bir məclis keçirildi. Möhtəşəm bir məclis...

   Taleyin qismətindən elə gətirdi ki, İlyas Tapdıq da mənimlə, mənim maşınımda Bakıya qayıdası oldu. Büruzə verməməyə çalışsam da, hüdudsuz sevincimi davranışım şəstlə yayımlayırdı. Biz yol boyu şeirlə, sənətlə bağlı geniş söhbət eləsək də, bir çox digər həyati məqamlara da "əl gəzdirdik"...

   Bayramdan bayrama, seçilmiş günlərdə telefon bağlantılarımız olsa da, görüşlərimiz kütləvi-mədəni tədbirlərin keçirildiyi mərəyə təsadüf edərdi.

     Mən 3-cü - "Sevənlər qocalmır" kitabımı çapa hazırlayan zaman, həmkarlarımdan bəziləri bu kitaba redaktorluq etmək niyyətlərini ortaya qoysalar belə, kitabın redaktorunun İlyas Tapdıq olması ürəyimdən qırmızı xətt ilə keçirdi. Sözün düzü bu barədə usdad şairimizə fikrimi bildirməyə uzun müddət cürət etmədim. Bu barədə onunla söhbət edən zaman isə onun bir neçə ay əvvəl ayağının sındığı və indi-indi əsanın köməyi ilə hərəkət etməyə başladığından xəbərdar oldum və əlbətdə ki, özümü qınadım. Özümü qınadım ona görə ki, İlyas müəllimin bu vəziyyətindən daha əvvəl xəbər tutmamışam və ona lazımınca diqqət göstərə bilməmişəm və həm də qınadım ona görə ki, onun fiziki durumunun hələ də qənaətbəxş olmadığı bir halda, ondan yardım da istəmişəm.

   Ancaq İlyas müəllimin dahiyana, əsl sənət fədaisinə məxsus bir cavabı oldu. "Fiziki durumumun necə olmasından asılı olmayaraq, kitabının ərsəyə gəlməsində sənə hər cür kömək göstərəcəyəm, çünki sən mənim qəlbimdə özünə yer tuta bilmisən, mən səni çox istəyirəm!.."  

   İlyas müəllim soyuq havada, ayağının ağrılı bir vaxtında, hətta kürsüdə otura bilmədiyi vəziyyətdə, nəinki kitabı redaktə elədi, hətta kitaba "Ana məhəbbətli, Haqq sədaqətli - şeirlər" sərlövhəli səmimi bir ön söz yazdı. Hələ bu azmış kimi, eyni ərəfədə ərsəyə gələn "Həyatın yolları keşməkeş - Fəxrəddin Meydanlı - 55" kitabına da "Şirvanın şair oğlu Fəxrəddin daqqında" adlı bir yazı da yazdı.  

   2009-cu ilin oktyabr ayının 14-də saat 14-00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda "Sevənlər qocalmır" kitabımın təqdimat mərasimi idi. İlyas müəllimin Rəyasət Heyətinin üzvü olduğu Azərbaycan Aşıqlar Birliyinin "Atatürk mərkəzi"ndə həmin gün, həmin saatda vacib bir tədbiri keçirilirdi və İlyas müəllim mütləq orada olmalı idi. İlyas Tapdıq əvvəlcə bizim tədbirə qatıldı, dəyərli çıxışı ilə məclisi rövnəqləndirdi, sonra isə ikinci məclisə yol aldı. Onun bu münasibəti daxili intellektinin aliliyindən, mənəviyyatının duruluğundan, ruhunun paklığından, hələ o qədər də çox tanınmamış bir şairə sevgiləri və nüfuzu ilə verdiyi mənəvi və əvəzsiz dəstəyin bariz nümunəsi deyilmi?!

   İlyas müəllimlə bağlı yazdığım bu yazıya niyə bu qədər təfsilatla ilə giriş verdım? Elə məsələ də burasındadır.

   Mənim İlyas müəllimlə olan son sıx təmaslarım zamanı onun bir çoxlarının bilmədiyi keyfiyyətlərini kəşf etməklə yanaşı, onun keçmiş əmək fəaliyyəti ilə bağlı bəzi məqamlardan da hali ola bildum.

   İnsan bir sənətin gözəl bilicisi ola bilər, şəxsi keyfiyyətlərinə gəldikdə isə tamamilə başqa bir mənzərənin şahidi olmuş olarsan.

   İlyas Tapdığın yaradıcılığından və ya əmək fəaliyyətindən söz açanda, onun şəxsi keyfiyyətlərini bu göstəricilərdən kənarda görmək mümkün deyil. O, kompleks adamdır. Onun hər şəraitdə bütün məziyyətləri vahid bir mərkəzdən idarə olunmaqla, bir mövqeyin, özü də obyektiv və ədalətli bir mövqeyin haləsində inkişaf edir.

   İlyas müəllimin istər Vətən, istər təbiət, istər gözəllik, istər millətin gələcəyi olan uşaqlar üçün və həm də digər mövzularda yazmış olduğu şeir nümunələrini oxuduqca, elə oxumaq istəyirsən. Çünki İlyas Tapdığın şeir dili, elə nənələrimizin, analarımızın layla dilidir, adamın ruhuna, canına işləyir, adamı qidalandırır.

   İlyas Tapdıq yaradıcılığının ayrı-ayrı inciləri Azərbaycan poeziyasının tacının bəzəklərindəndir desək, heç də yanılmarıq.

   Onun əsərləri ədəbi tənqidçilər tərəfindən mütəmadi olaraq təhlil edilərək müxtəlif mətbu orqanları vaistəsilə ədəbi ictimaiyyətin diqqətinə təqdim olunur. Onun əsərlərinin mükəmməl elmi-tədqiqat mövzularına çevriləcəyi heç bir qədirbilən mütəxəssis tərəfindən təksib edilə bilməz.

   Çoxlarına məlum olduğu kimi, İlyas müəllim peşəkar nəşriyyat işçisi olmuşdur. O, uzun müddət "Gənclik" nəşriyyatında fəaliyyət göstərməklə, gənc şairlərin şeirlərinin kitab şəklində işıq üzü görməsində nəinki redaktor qismində, həm də bu kitabların çap olunması üçün dövlət planına salınmasında müstəsna xidmətləri olmuş, indi tanıdığımız bir çox şairlərə sözün əsl mənasında ustadlıq etmişdir.

   Bu baxımdan mən İlyas müəllimi özümün də ustadım hesab edir, həmişə ona "Ustadi mükəmməl" deyə müraciət edirəm. İlyas müəllim doğurdan da usdad sənətkardır.  

   Mən İlyas müəllimgildə olanda, hazırda Haqqın dərgahına qovuşmuş bir neçə şairlərimizin ona ünvanlamış olduğu qeyd-məktublarla tanış olmuşam. Bu məktublarda İlyas müıllimə onların şeirlərini redaktə etməsinə görə minnətdarlıq, İlyas müəllimin redaktorluğu ilə yeni çapa hazırlanan kitaba yeni yazılmış şeirlərini əlavə etmək və ya həmin kitabda yer almış hansısa zəif şeirin çıxarılması xahiş olunur.

   İlyas müəllim nəinki çağdaşı olmuş həmkarları, həm də özündən xeyli əvvəl yaşayıb-yaratmış şairlərin həyat və yaradıcılığı barədə elə qatı açılmamış söhbətlər eləyir ki, adam döya bilmir  

   O, təkcə ayrı-ayrı həmkarlarının deyil, geniş mənada Azərbaycan ədəbiyyatının, xüsusilə poeziyamızın bilicisi, qayğıçəkəni, təəssübkeşi, ən başlıcası isə himayədarıdır. İlyas Tapdıq Azərbaycan ədəbiyyatının yeriyən ensiklopediyasıdır.

   İlyas Tapdığın olduğu məclislərdə, onun ara-sıra, ancaq maraq doğuran söhbətləri, arxa tarixə "ekskursiyası" əhatədəkiləri təəccüübləndirməyə bilmir. O, çox danışmağı sevməz, ancaq onun hər söhbəti yaddaşlara əbədi həkk olunur. O, uşaqla uşaq, böyüklə böyükdür, təkəbbür onun təbiətinə yad olan bir ünsürdür. Nənələrin nağılları nə qədər şirindirsə, onun söhbətləri də bir o qədər tamlıdır. İlyas müəllim söhbət edədə adam az qalır nəlbəki tutsun onun dodaqlarına ki, bal dadlı sözlər yerə "düşməsin". Paxıllıqdan, xəbislikdən, yaltaqlıqdan, riyakarlıqdan, sətiraltı məna daşıyan fikirlərdən xəbəri yoxdur İlyas Tapdığın 

   İlyas müəllim xasiyyətcə mülayim, çox mehriban bir adam olmaqla, elə bunun davamı olaraq, həm də çox qayğıkeş bir insandır. O, həm də çörəyini verən adamdır. Onun evində olmaq və tamından dadmamış getmək mümkünsüz bir şeydir.

   Tanrının ovqatının xoş çağında dünyaya təşəkkül tapmış şəxsiyyətlərdəndir İlyas Tapdıq. O, heç kimdən inciməz, heç kimi incitməz, bacardığı qədər hər kəsə yarıyar, kimsədən yararlanmağa can atmaz, heç kimdən ummaz. Günahsız körpə məsumluğu var bu kişidə. Salamı ikiəlli alınan kişilərdəndir İlyas Tapdıq. Nurlu adamdır İlyas Tapdıq. Kim desə ki, onun xoş aurasından müsbət enerji almıram, əhvalım xoşalmır, beləsinin səmimiliyinə şübhə ilə baxmaq lazımdır. Yaşının müdrük çağlarının cığırına yol almış tanınmış böyük türk şairi İlyas Tapdığın onu, onun yaradıcılığını sevənlərə hələ deyiləsi çox sözü, açılmamış söz boxçası qalıb, çünki bu cığırın sonu görünmür, ulu sözün sonu görünmədiyi kimi.

   Allahın hər kəs üçün ayırdığı ömür kəsiyi hamı üçün yetərlidir. Ömür kəsiyini mahiyyətləndirən, əbədiləşdirən, onun saldığı iz, tarixləşən məqamlarıdır. İlyas Tapdıq ömrünün bugünkü günə qədər bizə təqdim olan hissəsi bu keyfiyyətləri özündə ehtiva etdimi? Birmənalı şəkildə HƏ!!! Şair üşün bundan böyük xöşbəxtlik olarmı? Birmənalı şəkildə YOX!!!

   İlyas müəllimə sağlamlıq arzulasaq da, arzulamasaq da, Maşalah-Maşallah canı bülöv daşı kimi safdır.

   Mən ona bu gündən sonra da güclü ruh, düşünən beyin, duyan qəlb, döyünən ürək, yazan əl, yaradıcılıq uğurları, "Xalqın şairi" olduğu kimi, "Xalq şairi" titulunun da daşıyıcısı olmasını qəlbən diləyirəm.

   Ey böyük şair, həyat və yaradıcılığınızın hesabatını 100-də şəxsən öz dilinizdən eşitmək arzuları ilə bu yazını "bitməmiş yazı" olaraq yarımçıq saxlayıram.

   100-də görüşənədək şair! Amin!

   Az qala unutmuşdum, 75-ə həsr olunmuş şeirimi bu gün təqdim eləməsəm, sonra köhnəlmiş hesab edilər.

 

   İlyas Tapdığın

  

   Şair pərvazlanar doğma elində,

   Hər çiçək gözəldir öz güllüyündə.

   Söz mumtək əriyər şair dilində-

   Hopub təravəti baxçanın, bağın,

   Şeirinə-sözünə İlyas Tapdığın.

  

   Batırıb hər sözü bala, yazıbdır,

   Bürüyüb qumaşa, şala, yazıbdır.

   Yapıb qala üstən qala, yazıbdır-

   Yonubdur hər sözün tinin, bucağın,

   Bərq vurur kalamı İlyas Tapdığın.

  

   Bağlayar ünsiyyət hər adi kəslə,

   Səsləyər dostları ahəstə səslə.

   Oxuyar şeirini hamı həvəslə-

   Verməyib hədərə ömrün bir çağın,

   Qızıldır hər anı İlyas Tapdığın.

  

   Onun könlü-gözü dağda, meşədə,

   Tutub qərarını çətin peşədə.

   Hələ deyilməmiş sözü şişədə-

   Pöhrələr bürüyüb qolun-budağın,

   Yetmişbeş baharlı İlyas Tapdığın.

  

   Ömür pay-pay olar, hamıya çatmaz,

   Hamı pay istəyər, əl paya çatmaz.

   Paylar da pay alar, pay, paya çatmaz-

   Əsrin dörddə üçü şair, dayağın,

   Bir payı hələ var İlyas Tapdığın.

  

   Şair doğma yurda, elə bağlıdı,

   Şairin ömürü xoş növrağlıdı.

   Şair mərd doğulub, bir mərd oğludu-

   Odur yetirməsi ana torpağın,

   Gədəbəy vətənli İlyas Tapdığın.

  

   Güvənib əqlinə, işə, əməyə,

   Kimsəni çağırmaz gəlsin köməyə.

   Haqqın var Fəxrəddin, belə deməyə-

   Zirvəsi qar olar vüqarlı dağın,

   Bəyaz saçları tək İlyas Tapdığın.

 

 

   Fəxrəddin Meydanlı

 

   Ədalət.-2011.- 17 noyabr.-S.6.