ELMİ ARAŞDIRMALARDA PLAGİAT, ƏNƏNƏVİLİYİN VƏ YENİLİYİN SƏRHƏDLƏRİ

 

"Elm" qəzetinin nömrələrindən birində (26 noyabr 2009-cu il) Azərbaycan Pedaqoji Universitetinin müəllimi Y.Babayevin mənim təkzibimə zahirdə təkzib niyyəti ilə yazdığı, amma elmi mübahisə və iradlarımı fərqli müstəviyə keçirən, tənqidlə təhqirin sərhədini itirən yazısını oxudum və heyrət etdim. Əvvəla, cavab altı aydan sonra gəlmişdi. İkincisi, bu təkzibin yazılma səbəbi heç də onun dönə-dönə vurğulamağa cəhd etdiyi kimi, "böhtan" və "yalanlar"a məruz qalması deyildi... İstinadsız "bəhrələnmə"lərinə (yəni: plagiat) bəraət qazandırmanın uğursuz cəhdlərinin ifadəsi olan bu yazının yazılması səbəbini yaxın dostlarından biri belə izah etdi ki, müəllimin işini Ali Attestasiya Komissiyası (AAK) ləğv edib. AAK-dakı bir "xeyirxahı" ona: "Sənin işin S.Şıxıyevanın təkzib məqaləsinə görə ləğv olunub, cavab yaz, işinə yenidən baxılacaq" (?) deyibmiş. Və beləliklə də, müəllim təkzibə "təkzib" yazıb. Daha bir kiçicik araşdırma aparıb, Y.Babayevin doktorluq dissertasiyası kimi AAK-a təqdim etdiyi işin başdan-başa plagiat və mənə tam bəlli olmayan bir çox elmi xətalara görə ləğv edildiyini öyrəndim. Əslində onun kitabı ("XIII-XIV əsr anadilli lirik şerimizin inkişaf yolu") elmi səviyyəsi yalnız mənim məqaləmdə tənqid hədəfinə çevrilməmişdir. Eləcə də orta çağ ədəbiyyatının tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru Xəlil Yusifovun da məqaləsi ona ünvanlanmış ciddi və tənqidi yazıdır ("Şeyx Səfiəddin Ərdəbili, yoxsa Səfiqulu xan Səfi", "Elm" qəzeti, 15 aprel 2009-cu il). Nəzərə alsaq ki, Xəlil Yusifov həm də kitabın rəyçisidir və ümumiyyətlə, elmi ədəbiyyat nəşri üçün qeyri-ənənəvi olan bir cəhət - rəyçinin özünün kitab nəşr olunandan sonra onu tənqid etməsi də bir göstəricidir...

  

   Babayevin əvvəlindən-sonunadək saxtalaşdırmadan ibarət olan cızmaqarasını oxuyan kimi cavab yazsam da, onu çap etdirməyə tələsmədim, bir müddət bu qeyri-ciddi yazını cavabsız qoymağı da düşündüm. Çünki "Qələm olsun əli ol katibi-bədtəhririn.." ("Elm", 22 iyun, 15 iyul 2009-cu il) adlı məqaləmdə kifayət qədər aydın bir tərzdə plagiat örnəklərindən bir qismini paralellər şəklində təqdim etmişdim. Bununla belə, Babayevin yazısı son aylarda çoxlu suallar doğurduğumaraqlananlara bəzi mülahizələrdə ənənəvi və fərdinin sərhədini, yəni nəsimişünaslıqda öncə deyilənləri (ənənəvini), eləcə də mənim axtarış və tapıntılarımı (fərdi) izah etmək məcburiyyətində qıldığımdan həmin "təkzibə" yazılı cavab vermək və məsələni ictimailəşdirmək qərarına gəldim.    

   İlk öncə qeyd edim ki, yazıdan da göründüyü kimi, altı ay ərzində "plagiator" adına "görünməmiş səbirlə dözən" Y. Babayevə birdən-birə bu ad yamanca təsir edəsi oluro "ən yaxşı müdafiə hücumdur", - deyərək, hər sətri iftira dolu və nifrət püskürən yazısını yazmalı olub. Məqsəd nəyin bahasına olursa-olsun, doktorluq dissertasiyası adına yazdığı quramalara bəraət qazandırmaqdır. Bu niyyətini reallaşdırmaq yolunda o, böhtan, yalan, avantüra, saxtakarlıqdan belə çəkinmir... Maraqlıdır ki, Y. Babayev hətta təkzib məqaləsində belə orijinal yol tuta bilmir, neçə illər öncə mübahisəmiz olan tədqiqatçı xanımın (bu tragikomik durumu dəyərləndirməkdə acizəm) məqaləsini örnək götürür, bəzi üsulları da əxz edir. (Türklər demişkən, "hayret bir şey"...) Əslində onun bu yazısı uğursuz manevr və fənd xarakterlidir. Yəni iz azdırmaq, diqqət yayındırmaqla zəfər çalmaq...  

   Babayevin bu yazısından doğan bir sual zehnimi xüsusilə məşğul etdi... Yaşca məndən böyük olduğu halda, özünü heç bir sahədə təsdiq etməyi bacarmamış, heç bır sahənin "şünası" kimi tanınmayan və imzası elmi-ədəbi ictimaiyyətə bəlli olmayan Y. Babayev hansı haqla bu sahədəki araşdırmaları ölkə daxili və xaricində təsdiqini tapmış tədqiqatçını "birisi" və dırnaq arası nəsimişünas adlandırır? Halbuki təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, onun adının kölgəsində gizlənməyə cəhd etdiyi elmimizin ağsaqqalları da bunu fakt olaraq təsdiqləyirlər. Görünür, Y. Babayev daha çox bilir. Elə istinad etdiyi o V sinif şagirdi kimi... Burada sevimli müəllimim olmuş və qarşılıqlı ehtiramımız olan AMEA-nın müxbir üzvü Ə. Səfərlidən eşitdiyim bir məsəli xatırlatmaq istəyirəm: "Bir abbasını bəyənməyən beş şahı çıxarır". Beş şahının bir abbasıdan artıq olduğunu da hər kəs bilir. Y. Babayev isə qarşımıza qəlp pul çıxarıb, ciddi-cəhdlə onun saxtalığını ört-basdır etmək istəyir.   

   Görəsən, Y.Babayevin yazısı hansı auditoriya üçün nəzərdə tutulub? "Elm" qəzetinin oxucuları Elmlər Akademiyasının əməkdaşları olduğundan tədqiqat, plagiat, ənənə və yenilik arasındakı fərqi bilirlər. İllər boyu apardığım tədqiqatın nəticələri çeşidli ölkələrin internet səhifələrində yayınlandığı, imzam Azərbaycan və ölkənin sərhədlərindən çox kənarda belə nəsimişünas olaraq tanındığı halda, kim bu iddiaçıya mənim halal haqqıma şübhə yaratmaq hüququ verib? 1988-ci ildə təsdiqlənən "Nəsiminin lirikası" adlı namizədlik dissertasiyamı 1990-cı ildə bitirmiş və 1991-ci ildə müdafiə etmişəm. Çox uğurlu müzakirə və müdafiəsi keçən bu dissertasiya işi neçə illərdir ki, bir çox elmi işlərdə istifadə olunurona istinadlar verilir. (Yeri gəlmişkən, Y. Babayevo dissertasiyamın adını kitabının ədəbiyyat siyahısına daxil edib. (Amma kitabın mətnində istinad yoxdur (?!)). 1992-1997-ci illər arasında "Seyyid İmadəddin Nəsimi: dövrü, həyatı və yaradıcılığı" adlı monoqrafik araşdırmam ilk variantda bitmiş və Ədəbiyyat institutunun iki uğurundan biribirincisi olaraq, Milli Elmlər Akademiyasının illik hesabatında qeyd olunmuşdur. Qısa zamanda doktorluq dissertasiyası yazmaq sevdasına düşən Y. Babayevdən fərqli olaraq, doktorluq işi kimi nəzərdə tutduğum və üzərində çalışdığım bu mövzunu rəsmi təsdiqlətməyə tələsmədim və 1997-ci ildə İnstitutun müdiriyyəti, xüsusilə prof. Məhərrəm Qasımlının məsləhəti ilə bu mövzu doktorluq dissertasiyası olaraq adıma təsdiq olundu.    

   Özümə hədsiz tələbkarlığım, mövzunun mürəkkəbliyi, boşluq və dolaşıqlıqların çoxluğu, lazımı ədəbiyyatın ölkə kitabxanalarında olmaması, onları elmi ezamiyyətlərim zamanı və ya xeyirxah həmkarlarım vasitəsilə əldə etmə məcburiyyəti və s. doktorluq dissertasiyasının son variantını yubatdı. Yazdıqlarımı yekunlaşdırmağım və bəzi dəqiqləşdırmələrlə bağlı çətinliklərin üzərinə son iki ildə AMEA-nın kitabxanasının təmir üçün bağlanması da əlavə olundu. Bununla belə, çox həcmli dissertasiya işimin mətnini aprobasiya üçün ayrı-ayrı mövzular üzrə məqalələr şəklində dərinləşdirməklə işlədim. Sayı 100-ü keçən məqalələrim Azərbaycan və xaricdə çap olundu, İran, Türkiyə və Suriyada keçirilən mötəbər tədbirlərdə - qurultay (İran-Turan, Türk Tarix Qurumu, İCANAS), çoxsaylı konfransyubiley tədbirlərində, əsasən, nəsimişünaslıq və hürufiliyin problemlərindən bəhs edib, bu sahənin tanınmış mütəxəssislərinin müsbət rəyini aldım, rəğbətini qazandım. Dissertasiya, bir neçə dildə çoxsaylı məqalələrin müəllifi olaraq mənim bu sahədəki fəaliyyətimi dırnağa alan "həmkar" son iki ildə yayınladığı iki kitabından öncə nəsimişünaslıq və hürufiliklə bağlı bircə elmi tezisin belə müəllifi deyil. Xarici ölkələrdə mötəbər tədbir və məcmuələrdə iştirakından isə heç sözgetmir.    

   Hər işdə - istər "yararlanma" (opponentimin plagiat sözündən xoşu gəlmədiyindən onu demədim. Allah bilir, bu dəfə qeyzlənib, nələr yazar...), istər cavab yazma, istərsə də özünü müdafiədə (?) - ifrata varan Y.Babayev mənim yerini dəyişməyimi, indi həyatda olmayan bir tədqiqatçı xanımla mübahisəmi ön plana çəkməklə nə demək istəyir? [Yeri gəlmişkən, mən Şərqşünaslıq İnstitutuna mütəxəssis olaraq dəvət olunmuşdum]. O xanımla bağlı düşüncələrimi onun sağlığında özünə bildirdiyimdən, həyatda olmayan bir insanın əməllərini, onun kölgəsinə sığınmaqla iz azdıran Y.Babayevdən fərqli olaraq, müzakirə obyektinə çevirmək niyyətim yoxdur. Onu ittihamıma bu məsələlərin, eləcə də mənim yaşımı artırmaqla təqdimin nə əlaqəsi var? Bu deyilənlər həqiqət olardısa, görəsən, onda mənim araşdırmalarımdan istinadsız mənimsəmələr haqlı və yerindəmi olacaqdı? Sanki insanın müəyyən yaşadək əqli mülkiyyət hüququ var, sonra bu haqq əlindən alınır. Halbuki maddi mülkiyyətdən fərqli olaraq, əqli mülkiyyət üzərində sahiblik hüququ yalnız insanın həyatda olduğu deyil, sonrakı illər və yüzilliklərdə də qorunur və saxlanılır.    

   Mən ona: "Nəsimişünaslıqda öncə fəaliyyətin yoxdur, 2009-da birdən-birə nəşr edilən kitabında çap olunanlar ya köçürmə, ya da ki icmaldır", - demişəm. Bu fikrimdə də qətiyyətlə qalıram. Onun guya cavab olaraq yazdığı yazı dünyada olmayanların əməyi və adı ilə spekulyasiya etdiyini, adların kölgəsinə sığındığını, bununla belə, kitabına qədər tək bir məqalənin belə müəllifi olmadığını bir daha ortaya qoymuş və mənim ittihamlarımı dolayısı ilə təsdiqləmiş oldu. Eləcə də təkzib məqaləmdə araşdırmalarımı qara şriftlə verməm bu sahədəki fəaliyyətimi nəzərə çarpdırmaq niyyətimdən irəli gəlirdisə, Babayevin digərlərinin adını qara şriftlə verməsi onun bu adların kölgəsində sığınacaq axtarmaq istəyindən qaynaqlanır və dolayısı ilə onun bu sahədə məhsulsuzluğunu ortaya qoymuş olur. Babayevin mənim araşdırmalarımın mövzu, təhlil və nəticələrini digərlərinin adına yazması, kimləri isə mənə şərik qoşması və ya dünyasını dəyişmiş alimlərin vəkili kimi çıxışı, hətta mənim araşdırmalarımı "dəyərləndirmə" cəhdi acı gülüş doğurur. Çünki namizədlik dissertasiyamda, eləcə də daha sonra yazılmış onlarla məqaləmin hər birində araşdırdığım mövzu ilə bağlı hər bir təhqiqatçının adını və əməyini dönə-dönə qeyd etmiş, nəsimişünaslıqdakı yerini müəyyənləşdirmiş, düşüncələrinə münasibət bildirmişəm. Araşdırma boyu isə qəbul etdiyim fikirlərə yeri gəldikcə istinad etmiş, qəbul etmədiklərimlə polemikaya girmiş, öz qənaət, müşahidə və nəticələrimi bildirmişəm. Yəni klassik filologiyanın sağlamdünya elmi fikrində məqbul qayda və ənənələrinə, son nəticədə halallılığa sadiq qalmışam. Mənim istənilən məqaləmdə bunu görmək mümkündür. Bir çox məqalələrim 30-40 və bəzən daha artıq ədəbiyyat əsasında yazılmışdır. Halbuki araşdırmalarımda dönə-dönə istinad etdiyimya polemikaya girdiyim Məmmədəli Tərbiyət, Salman Mümtaz, Həmid Araslı, Əliəjdər Səidzadə, Rəsul Rza, Ziya Bünyadov, Əbülfəz Rəhimov, Mirzağa Quluzadə kimi müəlliflərin heç birinin adı və əsəri Babayevin kitabının "Ədəbiyyat" qismində yer almır. Onun "təkzib"ində bu müəlliflərin əsərlərinə təhrifli istinadı mənim araşdırmalarımdan uğursuz bəhrələnmənin nəticəsidir. Eləcə də kitabının ədəbiyyat bölümündə C.S. Triminqem, A. Yüce, Ə. Gölpınarlı, Bəkir ən-Nasir, İdris Şahbir çox başqa müəlliflərin adları yer alsa da, onlara mətndə istinad verilməməsi də o kitablardan istifadə olunmadığı və adlarının digər araşdırmalardan götürüldüyünü göstərir.   

   Ciddi-cəhdlə, qəzəblə və iz azdırmaqla fikri mənim əsas ittihamlarımdan yayındıran Y.Babayev buya digər müddəam haqqında: "bunu öncə də deyiblər", - söyləyir. Tutaq ki, bir anlıq bunu qəbul etdik. Tutaq ki, bu belədir. Elə isə o müəlliflərə niyə istinad olunmayıb? Bəlkə o tədqiqatçılar elmi bilik və əqli irslərini Y. Babayevə vəsiyyət etmişmiras olaraq qoyub getmişlər?! Hətta o alimlərlə müəyyən məsələlərə münasibətdə mövqe eyniyyəti nəyi dəyişir? Əgər öncəkilərdən öyrənərək, istinad edilirsə və fərdi əqli nəticəyə gəlinirsə, bunu elmi araşdırmanın ciddiyyətinin göstəricisi saymaq lazımdır...

  

 

   (ardı var)

 

   Səadət Şıxıyeva,

   filologiya elmləri namizədi,

   Azərbaycan Milli Elmlər Akademiyası

   akad. Z.Bünyadov adına Şərqşünaslıq

   İnstitutu

 

   Ədalət.-2011.-5 oktyabr.- S.7.