"AŞPA-da da Səməd Vurğun kimi demokrat görmədim"

 

Vaqif Səmədoğlu: "Oğlana necə kəllə atdımsa..."

Xalq şairi Vaqif Səmədoğlunun Kulis.az internet dərgisinə müsahibəsi

- İnternetdə çox fəalsız. Bu, sağlamlığınıza pis təsir etmir ki?

- Mənim yaşımda adamların çoxu bulvarda domino oynayır, mənimsə bulvarım Facebook-dur. Günümün təxminən 4 saatını ara verə-verə internetə həsr edirəm. Bütün günümü sərf etsəm, əlbəttə, pis təsir edər. İnternetdə əsas yazışmalarım Novosibirsk Akademiyasının fizikləri ilə olur. Çünki onlar mənə çox doğmadır. Onlarla söhbətim elə yaxşı tutur ki. Daha sonra Facebook-da dostlarla danışıram. Onların göndərdiyi bütün linklərə "like" qoyuram. Bir məqamsa lap çox diqqətimi çəkir. İstisnaları çıxmaqla, Facebook-da qızların ümumi səviyyəsi, ağıllı oğlanlardan daha çoxdur. Qızlar qat-qat ağıllıdır, hətta siyasətdə də. Mədəniyyətləri oğlanlardan yüksəkdir. Bir də görürsən oğlanlar çatda yazırlar: "Ya Allah, nətərisən, müəllim?". 72 yaşında bir adama necə bu cür yazmaq olar axı... Qızlar isə ədəblə, mərifətlə "Salam, Vaqif müəllim, necəsiz?" - deyə müraciət edirlər.

- Deyirlər, internet asılılıq yaradır. Bəs Sizdə belə bir asılılıq varmı?

- Gənc olanda küçələrdən ayağım çəkilmirdi. Evə gəlib yemək yeyirdim, paltarımı belə dəyişmədən yenə küçəyə qaçırdım. Tez "Torqovu"ya çıxırdım ki, tanış görüm, söhbət edim. İndi isə internet var. Mahiyyətcə eynidir. İnternet insan həsrətini, tək qalmaq qorxusunu aradan götürür. Əvvəl kimisə görmək üçün küçəyə çıxırdın, indi internetə daxil olursan.

- İnternet həm də adamları sıx olan böyük küçədir. Əsl küçədə isə bir-iki adam görərsən, ya görməzsən.

- Əvvəl "Torqovu"da 20-30 adam görürdüm, indi Facebook-da 50-60 adam görürəm. Məsələ burasındadır ki, "Torqovu"da Novosibirsk fiziklərini görmə imkanım yox idi. (gülür)

- İstərdinizmi, gəncliyinizdə də Facebook olsun?

- O vaxt Facebook olsaydı, bu gün göz əməliyyatına dözməzdim. Yəqin, 50 yaşımda rəhmətə gedərdim. Çünki Facebook-un yoxluğu məni küçələrə çıxarırdı, gəzirdim. Oğlanlar indi qızlarla Facebook-da danışır, mənsə o vaxt arxalarıyca düşürdüm, qızın o biri divanəsinə toy tuturdum. Bir-birimizin üstünə bıçaq çıxarırdıq. Enerji var idi.

- İndiki oğlanlarda o cəsarət azalıb, yoxsa?

- Mənim üçün bir gözəl xanım dünya siyasətindən qat-qat maraqlıdır. İndiki oğlanlar qızları Facebook-da yoldan çıxarmağa çalışır. Amma mən saatlarla dalıyca gedirdim, qardaşıyla vuruşurdum. Rəqiblərimə toy tuturdum.

- Amma indi heç bir oğlan qızın qardaşıyla dava etməyə cəhd göstərməz.

- Bir dəfə qızla əl-ələ tutub, gedirdik. Sən demə, qızın qardaşı balkondan görürmüş. Qardaşı gəlib qabağımızı kəsdi, ona necə kəllə vurdumsa, bu günə kimi yadımdan çıxmayıb. İnternetin pis cəhəti odur ki, gəncləri canlı ünsiyyətdən mərhum edib, təbiətdən uzaqlaşdırıb.

(Bu məqamda Vaqif müəllimin xanımı Rəna xanım zəng vurub, harda olduğunu soruşur. O isə müsahibə verdiyini və bizə cavanlığından danışdığını bildirir. Telefon danışığını bitirdikdən sonra Vaqif müəllim üzümüzə baxıb və deyir: "Baxın, budur məhəbbət")

- Deyirlər, şairlər tez- tez vurulur. Vaqif Səmədoğlu neçə dəfə sevib?

- Ən uğursuz ilk məhəbbət səadətdir, ən uğurlu son məhəbbət fəlakətdir. Bu saat ən çox məhəbbətdən qorxuram.

- Yenə sevə bilərsiniz?

- Əlbəttə, hətta uşağım da olar. (gülürük)

- Məhəbbət nədir?

- 40 yaşım var idi. Moskvadan Bakıya qatarla gəlirdim. Bir qadın yarıyolda düşürdü. Mənə dedi ki, mənimlə düş, bir yerdə gedək. Düşmədim, o qadın çıxıb, getdi. Bu günə kimi mənə elə gəlir ki, bəlkə də səadətim, məhəbbətim o idi.

"Evdə siyasi söhbətlər olmurdu"

- Ədəbiyyatdan danışaq. O, sovet dövründə istisnasız şəxsiyyət idi. Atanız Səməd Vurğunu necə xatırlayırsınız?

- Atam rəhmətə gedəndə mənim 17 yaşım var idi. O vaxt hələ şeir yazmırdım. Səməd Vurğunla mənim nə siyasi, nə də başqa səpkidə söhbətlərimiz olub. Siyasi məsələlərdə onunla heç danışmaq mümkün olmazdı. Çünki o nəsil siyasi məsələlərdə çox qapalı idi.

- Evdə də danışa bilmirdilər?

- Əlbəttə, danışa bilmirdilər. Canlarından qorxurdular. Evdə bu barədə hərdən danışanda belə, Stalinin adını böyük sayğı ilə çəkirdilər. Başqa nə danışa bilərdilər ki?..

- Səməd Vurğun necə insan idi?

- Həyati işlərdə mən ona minnətdaram. Onun kimi demokratik ikinci adam tanımıram. Bir neçə il Avropa Şurasının Parlament Assambleyasında üzv olmuşam. Bir avropalıda belə Səməd Vurğun demokratiyası görməmişəm. Şəxsiyyət kimi çox demokratik idi.

- Övladlarına qarşı da?

- Bəli, övladlarına qarşı da demokratik idi. Onun otağı düz mənim otağımın yanında yerləşirdi. Vaqif Mustafazadə, Tofiq Mirzəyev başqaları mənim otağıma yığılıb, fortopianoda, zərb alətlərində məşqlər edirdik. Səməd Vurğun bir dəfə demədi ki, mənə mane olursunuz, sakit olun. Axırda anam gəlirdi ki, Allah evinizi yıxsın, kişinin başı səsdən getdi, sakit olun. Həm ona minnətdaram ki, məni təbiətə öyrədib. 9 yaşım olanda mənə tüfəng aldı ova apardı. Əvvəlcə Yusifi aparmışdı, sonra Yusifin üstündən xətt çəkir.

- Niyə?

- Anam soruşmuşdu ki, ov necə oldu, çörək yedilər? Yusif deyib, . Anam soruşub ki, bəs araq içdilər, Yusif yenə deyib, . Amma məndən anam soruşdu ki, çörək yedilər, dedim, , araq içdilər, dedim ki, balıq tuturdum. Araq içdiklərini demədim, Yusif isə demişdi. Görünür bu xasiyyətim onun çox xoşuna gəlmişdi. (gülür)

- Çoxları deyir, yaradıcılıqda Səməd Vurğunun oğlu olmadınız?

- Niyə olmadım?

- Şeirləriniz çox fərqlidir.

- Dil, səliqə, deyim tərzi Səməd Vurğundan gəlir.

"Deyəcəkdi ki, ən yaxşı yazıçı Yusifdir"

- 70-ci illərin gənc yazarlarını, o cümlədən Sizi ittiham edirdilər. Səbəb kimi isə göstərirdilər ki, oğlu atasından fərqli yazır.

- Elə anlar olub. Siz onları ciddi qəbul edirsiniz?

- Hər halda yazırdılar.

- O fikirləri heç vaxt ciddi qəbul etməmişəm.

- O yazıları yazanlar əsasən partiya tənqidçiləri idi.

- Partiya tənqidçiləri deyildi, avamlığın ruporu idi onlar. Ancaq vacib məsələlərdə partiya işə qarışar, ya kimisə öz xeyrinə, ya da zərərinə işlədirdi. Özlərini elə aparanlar var idi ki, guya Səməd Vurğunu məndən çox istəyirlər. Adamdan soruşarlar, mənə həyat verən insanı kimsə məndən necə çox istəyə bilər?.. Amma yaxşıdır ki, onun sağlığında yazmırdım. Çünki yazdığım kimi yazsaydım, o, mənim gələcək yazılarıma mane ola bilərdi.

- mənada mane olardı?

- Ya yazı tərzimi dəyişərdim, ona uyğunlaşdırardım, ya da ki ümumiyyətlə qələmi yerə qoyardım. Bu iki şeydən biri ola bilərdi.

- Şeirlərinizi oxusaydı, Sizcə, bəyənərdi?

- Səməd Vurğun sağ olsaydı, ondan soruşsaydılar ki, ən böyük yazıçı şair kimdir? Deyəcəkdi ki, ən böyük yazıçı Yusif, ən böyük şair isə Vaqifdir.

- Sizcə, niyə elə deyəcəkdi?

- Yəni övladları olduğumuz üçün elə deyərdi.

- Bilirik ki, həm gözəl foto şəkillər çəkirsiniz. Bir neçə fotoaparatınızın olduğunu da bilirik. Şair olmasaydınız, hansı sənətin sahibi olardınız?

- Ya ədəbiyyatçı olardım, ya da fortopianonu seçərdim. İkisindən birinin sahibi olardım. Fortopianoda da klassik musiqini deyil, caz musiqisini ifa edərdim.

- Bəs aşıq mahnılarını necə, dinləyirsiniz?

- Əlbəttə, dinləyirəm.

- İfa edə bilirsiniz?

- Çox az.

- Səməd Vurğun saz çala bilirdi?

- Çox yaxşı saz çalırdı. Hər halda Hüseyn Arifdən, İlyas Tapdıqdan min dəfə yaxşı çalırdı. Səməd Vurğun skripka, saz, tütək çala bilirdi.

- Qazax seminariyasında öyrənmişdi?

- Bu Qazax seminariyasına bax ha sən. Hər şey öyrədirmişlər, hətta skripka çalmağı da. O seminariyanı bitirənlərin əksəriyyətini tanıyıram. "Komsomol poeması"nın qəhrəmanlarının hamısına "əmi" demişəm, təkcə 37-ci ildə güllənənlərdən başqa. Bəs niyə onlar skripka çala bilmirdilər, Səməd Vurğun çala bilirdi? Ona görə ki, istedadlı adam idi. Osman Sarıvəlli yaxşı saz çalırdı. Onlar bir yerdə oxuyublar.

"Atam Osman Sərıvəllini suda boğacaqdı"

- Sizin keçmiş deputat həmkarınız Nizami Cəfərov orta məktəb dərsliyində Osman Sarıvəllinin anadan olduğu vəfat etdiyi dövrü yazır. Sonda da yazır ki, Səməd Vurğunun dostu olub.

- Düz deyir.

- Orta məktəb dərsliyində, Sizcə, o kəlmənin yazılmasına qədər ehtiyac var?

- Yəqin, ehtiyac var ki, yazıb. Osman Sarıvəlli ilə Səməd Vurğun bir yerdə oxuyublar, həm çox yaxşı dost olublar.

- Osman Sarıvəlli xatirələrində yazıb ki, bir çarpayıda yatırdılar.

- Dost olublar, amma bir dəfə Moskvada az qalıb ki, Səməd Vurğun Osman Sarıvəllini Moskva çayında batırsın.

- Bilə-bilə?

- Moskvada hər ikisi tələbə olublar. Bir qız çimərlik paltarında çayın kənarında uzanıbmış. Səməd Vurğun qıza yaxınlaşıb, deyib ki, sizin yaxşı üzdüyünüzü gördüm, ancaq mənim dostum sizdən daha yaxşı üzür. Üzünü tutub Osmana deyib ki, ə, Osman, soyun bir buna qırdırma göstər (Qırdırma - üzəndə əllərini arxaya tərəf hərəkət etdirmək deməkdir). Bu da başlayıb qızı bişirməyə. Osman da çayın ortasına qədər üzüb, geri qayıtmaq istəyəndə Səməd Vurğun deyib ki, "ə, bir az da üz". Osman Sarıvəlli də az qalıb çayda boğulsun.

"Ciblərim 2 qəpiklə dolu olardı"

- Xanımlara ithaf etdiyiniz şeirləriniz çoxdur?

- Qızlara şeirləri əsasən rus dilində yazırdım. O şairdəki məhəbbət şeiri yoxdur, deməli, onun məhəbbətdə problemləri də yoxdur, işləri yaxşı gedir. Şair məhəbbət şeirlərini qadınsızlıqdan yazır. Elə bilirlər ki, qızlar şeiri oxuyub və onun tənhalığına yazığı gəlib, zəng vuracaq. (gülür) Belə hallar olmur. Yusifin əsərində bir dənə də olsun məhəbbət şeiri yoxdur. Mənim ciblərim 2 qəpiklərlə dolu olurdu. Hamısını da qızlara zəng etməyə xərcləyirdim. Yusifin cibində isə bir dəfə də olsun 2 qəpiklik olmayıb. Əksinə, həmişə qızlar ona zəng vururdu.

- Şeir yazmağa necə başladınız?

- Məktəbdə oxuduğum illərdə ilk məhəbbətdən yazmağa başladım. Həmçinin bir-birimizə həcvlər yazırdıq.

- Səməd Vurğun o vaxt sağ idi?

- Sağ idi, amma şeirlərimi ona göstərmirdim.

- Atanız heç bir şeirinizi oxumayıb?

- Xeyr, oxumayıb. Yusifin bir neçə hekayəsini oxuyub.

- Necə qiymətləndirmişdi?

- Dahi, ondan böyük yazıçı yoxdur, oğuldur demişdi. (gülür) Obyektivlik prinsipi itirdi, sırf ata kimi qiymət verirdi.

 

 

Ədalət.-2011.-22 oktyabr.-S.24.