BİR ƏHMƏD ELBRUS YAŞARDI...

 

Bəli, dünyada bir Əhməd Elbrus yaşardı, yazardı, yaradardı. Orta məktəbdə oxuyanda, şeirlərini əzbərləyəndə elə bilirdim astaralıdı. Sən demə belə deyilmiş. O vaxtların cavan şairi Qarabağ elindənmiş; Ağcabədi rayonundan.. 13 dekabr 2006-cı ildə doğmaca ata-baba torpağında, Salmanbəyli kəndində dəfn olundu. Atası məşhur Molla Misirin, böyük qardaşı Əlinin, kiçik qardaşları yazıçı Əbülfət Misiroğlunun, jurnalist Yusif Misiroğlunun uyuduğu Salmanbəyli qəbiristanlığı bir nur parçasını da bağrına basdı... Şair Əhməd Elbrusun ürəyində Qarabağ dərdi, taleyin vurduğu acı yaralar qaldı. Amma dünyada tanıdığım Əhməd Elbrus yaşardı bir zamanlar: 1975-ci ildə Rəna Əşirzadə ilə ailə həyatı qurmuşdu. Onda o, artıq SSRİ Yazıçılar İttifaqının üzvü idi. "Elm" nəşriyyatının baş redaktoru idi. 1993-cü ildə Azərbaycan Dövlət nümayəndəliyinin Çin Xalq Respublikasına ilk səfəri zamanı müdrik ağsaqqal, o vaxtının prezidenti, indinin ulu öndəri Heydər Əlirza oğlu Əliyevin başçılıq etdiyi nümayəndə heyətinə şair Əhməd Elbrus da dəvət almışdı. Poeziya həvəskarının böyük Çin səddində oxuduğu, ulu öndərə ithaf etdiyi "Heydər marşı" şeirini Azərbaycan Dövlət Televiziyası vasitəsilə bütün tamaşaçılar eşitdi, gördü, Əhməd Elbrus vətənpərvərliyinin şahidi oldular. Heç vədə unudulmayan ulu öndərimizin başçılığı ilə növbəti il nümayəndə heyətinin üzvü kimi Əhməd Elbrus Fransa İngiltərəyə rəsmi səfərlərin iştirakçısı olmuşdur. Bəli, Dünyada bir Əhməd Elbrus yaşardı... O, dünya şöhrətli Heydər Əliyevin yaxınlığına elə-belə çatmamışdı. Bir zamanlar hörmətli akademik Əliyevlər nəslinin tanınan insanı Həsən Əliyevə həsr etdiyi "Əlirza ocağı" adlı çox sanballı kitabına görə 1980-cı ilin axırlarında, ümummilli lider Heydər Əliyev artıq Moskva şəhərində işləməyə getdiyi zamanlarda şair Əhməd Elbrusun başı bəlalar çəkdi.

Hələ 1979-cu ildə rus dilində nəşr etdirdiyi "Poetika və riyaziyyat" kitabı beynəlxalq arenada tanındı. 1000 səhifəlik "İnam və İdrak poetikası" əsərinin çapını gözləyirdi. Bu doktorluq işi qədim və orta əsrlər Şərq poeziyasında hürufi rəmzlərinin açılış sistemləri idi. Ə.Elbrus bu kitabı ulu öndərimizin əziz və unudulmayan xatirəsinə həsr etmişdi. Kitabın təzə nüsxələri işıq üzü görəndə artıq Əhməd Elbrus dünyasını dəyişmişdi, ruhlara qovuşmuşdu. Bəli, dünyada bir Əhməd Elbrus vardı... Azərbaycan Yazıçılar İttifaqının Natəvan adına klubuna, şairin xatirə işığına toplaşanlar bütün bunlar haqqında, Azərbaycan Yazıçılar Birliyinin üzvü barədə ürəkdən, könüldən söz danışdılar. Şair Əhməd Elbrus vədinə xilaf çıxmadı. O mənfur düşmənlərimiz ermənilərlə bizim aramızda beş yüz metrliyində, sərhəd dirəklərindən aralı torpağa tapşırıldı Ağcabədidə.

Tədbir iştirakçılarına "Əhməd Elbrus dünyası..." kitabı paylandı.

Bəli, şair Əhməd Elbrusun biri-birindən gözəl, kövrək misraları qaldı və hələ yaşayacaq. Bəli, bu dünyada bir Əhməd Elbrus yaşadı...

Əlihüseyn Şükürov

 

Ədalət.- 2011.- 6 yanvar.- S. 7.