ZİYALI OLMAQ

 

Ziyalı olmaq, bu adı daşımaq çox çətin, şərəfli, məsuliyyətli bir işdir. Hamı ziyalıya bir örnək, şəxsi nümunə, məhək daşı kimi baxır. Həlli müşkül, çıxılmaz vəziyyətlərdə ondan məsləhət, kömək umur. Bəli, ziyalı olmaq çox çətindir, xüsusən bu ziyalı cəmiyyətin diqqət mərkəzində fəaliyyət göstərən telejurnalist ola.

 

Yusif Günaydın hər şeydən əvvəl çox gözəl insan, sözün əsl mənasında yüksək mədəniyyətə, zövqə malik bir Azərbaycan ziyalısıdır. Xalqını, Vətənini, onun tarixini, mədəniyyətini, adət və ənənəsini, dilini bütün varlığı ilə sevən, peşəsinin, işinin-sənətinin vurğunu olan bir ziyalı - Yusif müəllim yüksək peşəkarlığı ilə telejurnalistika məkanında xüsusi bir yer tutur. Yusif Günaydın - Ustaddır. Onunla işləmək adama zövq verir, böyük ləzzət bağışlayır. Bu xoşbəxtlik mənə nəsib olub. Elə ilk tanışlığımızdan bu insan öz sadəliyi, təvazökarlığı, yüksək mədəniyyəti, zövqü və qeyri-adi peşəkarlığı ilə məni heyran qoydu. O böyük bir məktəbdir. Təsəvvür edin, o hazırladığı verilişlərin bütün məsuliyyətini öz üzərinə götürməkdən çəkinmir. O həm müəllifdir, həm aparıcıdır, həm də gözəl rejissordur. Çəkiliş zamanı ortaya çıxan hər problemi böyük ustalıqla həll edir. İşıq məsələsini qaydaya salır, kadrı qurur. Fikrimcə Azərbaycanın İctimai televiziyasında efirə gedən "Qərib axşamlar" verilişinin belə uğur, populyarlıq qazanmasında Yusif müəllimin böyük zəhməti, rolu vardır!

Yusif müəllim tariximizə, ədəbiyyatımıza təsviri sənətimizə, musiqimizə, teatrımıza, elmimizə, maarifimizə bir sözlə, geniş mənada bütöv mədəniyyətimizə çox yaxşı bəllidir, yüksək səviyyədə bilir. İstənilən bir məsələyə, hansısa bir rəsm əsərinə, ədəbi əsərə, musiqiyə elə şərh verir ki, düşünürsən o jurnalist olmasaydı, necə gözəl alim, tənqidçi, sənətşünas və s. ola bilərdi. Bu təsadüfi deyil, o çox gözəl rejissordur. Verilişlərində maraqlı obrazlar tapa, hətta ən sadə şeyləri obrazlaşdıra bilir. Gözəl aparıcılığı var. İpək kimi yumşaq, həzn səsi tamaşaçını dərhal ələ alır. Onun ekrana çıxması kifayət edir ki, maraqlı bir veriliş görəcəyimizə ümid yaratsın. Yusif müəllim nəcib, mərd xüsusiyyətlərə malik insandır. Heç nəyə laqeyd deyil.

Başqasının uğuruna səmimiyyətlə sevinən, kiminsə dərdinə şərik olmağa çalışan xeyirxahdır. Ehtiyacı olana öz kömək əlini uzatmağa çalışır. İndi cəmiyyətimizdə belə alicənab xüsusiyyətlərə malik, yüksək səviyyəli ziyalılara çox ehtiyacımız var. Yusif Günaydın qiymətli insandır! Ona böyük hörmətim var! Xətirini çox istəyirəm!

Heç yadımdan çıxmaz. Biz birlikdə veriliş-müsahibə hazırlayırdıq. Mən doğulduğum, boya-başa çatdığım Laçından danışanda Laçınla bağlı rəsmlərimi ona göstərəndə necə təsirləndiyinin, həyəcanlandığının, kövrəldiyinin şahidi oldum. Mənim yazdığım "Laçına qar yağır" şeirində həmin verilişində necə məharətlə, necə ustalıqla istifadə etmişdisə, bu şeiri necə emosionallıqla oxumuşdusa, o kadrlara sakit, həyəcansız baxmaq mümkün deyildi!

Tanrı Yusif Kənana peyğəmbərlik, yuxuları yozmaq istedadı bəxş eləyib. Hərdən mənə elə gəlir ki, Yusif adı daşıyan insanlara Tanrı öz səxavətini əsirgəmir və böyük istedad bəxş eləyir. Tanrı səni qorusun əziz dostum, adaşım Yusif!

Yubileyin münasibəti ilə səni ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və bol-bol yaradıcılıq uğurları arzulayıram!

 

 

Yusif Mirzə

 

Ədalət.- 2011.- 22 yanvar.- S. 5.