AĞRI DAĞININ ƏTƏYİNDƏ

Hardansa, nədənsə bilmirəm, lap körpəliyimdən Ağrı dağının ağrılı, acılı əfsanəsi mənimlə iç olub yaşamışdı, mənimlə boy atmışdı və hələ də mənimlədi, mənimlə də yaşayır. Hardansa, nədənsə bilmirəm, körpəliyimdən Sara adlı bir gəlini qabağına qatıb aparan Arpa çayının əfsanəsi mənim dərdlərimlə qoşalaşıb, qoşa böyümüşdü, mənimlə boy verib ucalmışdı və həl də mənimlədi, mənimlə də yaşayır.

Göyçə gölünü balıqlarının dadından tanıyırdım. Bir də atamın söhbətlərindən. Göyçə mahalını yaylaqlarmızın ö üzündə olmasından, bir də atamın yanında at belində bazarlığımızı yapmağmızdan...

11-12 yaşımda olarkən Türkün təmiz şivəsini, ləhcəsini Mayıl əmimin evində ki, daş radionu təklənib də dalğalarından qulağım alan səslərin, sözlərin və şirin-şəkər kəlmələrin nöqtəsinə, düyününə varıb da yaşamıma çevirə bilməyimdən və bir də qanımın doğma bir qan üstündə çiçək açıb, çiçəklədiyinin şahidi olduğumdan özümü tanımışdım onda.

Onda, hələ Gəncə xanı Ziyad xanın oğlu, fani olmuş Kərəmin Ərzurum gədiyində qara-borana düşdüyü bir səfərin ağrılarından ağrıyırdıq.

Onda hələ Koroğlunun Ərzurum, Qars, Bolu, Toqat, Bağdad və s. səfərləri ilə paşalarmız, xanlarmız adıyla yerlə yeksan olmuş mədəniyyətimiz, mənəviyyatımız qəhrəmanlıq obrazı kimi köçürlürdü yaddaşmıza.

Onda hələ İrəvan adlı bir məmləkətin tarixi anlamı haqda bilgilərdən qulaqlarmız qapanmışdı. Heç bunun fərqinə varan da, saf-çürük edən də yox idi onda.

Onda hələ Naxçıvan adlı bir məmləkətə girişimiz-çıxışımız yadların, düşmənlərin əliylə nəzarətə götürülmüş xüsusi buraxılış tələb edirdi. Bütöv bir məmləkətin övladları yurddan-yurda nəzarət altında gedib gəlirdi. Tarixin və xüsusən də tarixən öz səhfimizin ağrılarını, özümüz bilmədən unuda-unuda, şuara çevrilmiş bir ağ yalanın altında, elə ağ umudumuza da sığınıb səhərlərdən səhərlərə varırdıq.

Bax onda o umud dolu ağ yalan və şuarlar bizi aldatsa da, gedənlərmiz, gələnlərmiz bizim ağrılarmızın çözülməsində bizə yar oldu, həmdərd oldu. Bax onda, Ağrı dağının ətəyində, Naxçıvanın Sədərək kəndində (indiki Sədərək r-nu), Kəmaləddin Qədim adlı bir şair qardaşımız öz ağrılarını belə ifadə edəcəkdir:

Bizim böldüyümüz bəs deyildimi

Dolu da ikiyə böldü bu kəndi.

O gün yada saldım Arazı niyə,

Niyə pıçıldadım Vətən, Vətəndi?

Unuda bilmirəm o yazı niyə,

O dolu yadımdan çıxmır nədəndi?

Tanrı ətəyindən dolaylanıb onu və onun kəndini öz ağuşuna alan bu dopdolu dolu yağış, təkcə bu kəndi iki yerə bölmür, həm də şairin yaddaşında gizlənib dərd olmuş ağrılarının üstünə yeni bir ağrı gətirir, yük gətirir. Və bu yük də, bu ağrı da Ağrı dağından Arazın üstünə enib gələn kölgənin civarında gizlənmiş bənövşəyi rəngli yaz bənövşələri kimi koluna-kosuna sığınıb qalmışdı hələ... Kəmaləddin Qədim adlı bir şair ömrünün ağrısının, acısının Təbrizə qədər, Kərkükə qədər yol-yolağanı ayaqlarına çarıq ipliyi edə-edə təzələnib, tər olduğu və sovet dönəminin bürkülü keçirdiyi bir zaman kəsiyində, vaxt kəsiyində gah üzü Araza, gah da üzü dağlara, ya da Gündoğana tərəf pıçıldadığı bu şeirlər hələ də təzə tər göründü mənə. Bu şeirlərin yazılma tarixindən düz beş il əvvəl Naxçıvanda, Ordubadda, Şərurda, Şahbuzda, Sədərəkdə olmuşdum. Onda Kəmaləddin Qədimlə tanışlığım yox idi. Həmin dövrlərdə istiqanlı el-oba camatının toy-busatlarında iştirak edirdim və onda ustadımız M. Arazın "Duman salamat qal, dağ salamat qal", Cavanşir Dərvişin "Əlincə qalasının başına dolanması", Əbülfəz Naxçıvanlının

Keçmə "Zabul"undan, "Şikəstə"sindən,

Qurbanın zilindən, Xanın səsindən,

Təpinsən uşağa Qarabağda sən,

Muğamat üstündə ağlar, deyərlər.

R.Behrudinin "çarmıxa çəkilmiş şairlər" kimi . o bölgədən bütöv Türk dünyasına pərvazlanmış şairlərin şeirləri yol yoldaşımız, təsəllimiz, məclislərdə nitqimizin damarlarında tarıma çəkilmiş ovqatmızın hal-əhvalında ilmələnmiş söz-şeir dünyasıydı onda.

Kəmaləddin Qədimin imzasıyla bu son on ildə, özüylə də bu son beş altı ildəki, tanışlığım, məni vadar etdi ki, onun söz-şeir dünyasından söz açım.

Kəmaləddin Qədim dərdimizin, ağrımızın o başından bu başına yol almış, Vətən, yurd həsrətini də bu ağrının-acının içindən canına can etmiş geniş diapozonlu bir şairdi. O, şeirlərində nəinki bədii söz oynatmalarından, çevrilmələrindən, eləcə də fəlsəfi tutumlardan geniş bəhrələnərək bizə ərmağan edən və söz dünyamızın müasir, bədii təfəkkür sahiblərindəndir. O, yolun ağına düşüb gedən şairlərdən fərqli olaraq "yolları özüylə çəkib aparan" şairlərmizdəndir.

Bizik bu yolları çəkib aparan-

İşə bax, vədəsiz bir ölümlə də,

Onları yarıda qoyub gedirik...

Şair yaxşı bilir ki, dünya əbədi, dünyanın belinə örkən olan bu yol əbədi, onun sərbanı olan insan ömrü fanidi və bu faniliyin içində sadəcə olaraq özünü darıxmaqdan, bezməkdən çox, fikirlərini, düşüncələrini saf-çürük etməyə, bədiiləşdirməyə və əbədiləşdirməyə çalışır. Və o da haqdı ki, şair; "baxmayın yaşımın böyüklüyünə, əsl böyüklüyü yaşamamışam" deməklə gələcəyə uzanan yolların ayrıcında yaddaşında yad olmuş dünənimizin, bu günümüzün çevrəsindəki, yanlışıqları, unutqanlıqları təkrar etmir, həm də təkrir formada oxucularına çatdıra bilir:

Bir günahkar dünənimiz bir gün beləcə,

Üzümüzü qaraldacaq, bilirəm, qardaş.

deməklə, aldana-aldana ömr etdiyimiz bu qosqoca dünyanın həndində-həndəvərində günahlarmızın da yer aldığını ürəyinin sarı simində yanıqlı-yanıqlı oxuya bilmişdi, dindirə bilmişdi.

Bu yazını Ağrı dağından başlamağım heç də təsadüfi deyildir, çünki Kəmaləddin Qədim bir şair olaraq göz açıb, gözünə təpər bildiyi bu ucsuz-bucaqsız məkanın bağlantıları Ağrı dağının yayın cırhacırında ərimək bilməyən qar laylarında tamamlanır və şair bu qar laylarında yeni bir iz açır, acısı acı kimi, şirini də şirin kimi...

İstək qəlbdə saxlanmasın,

Axtar, gözün bağlanmasın

Gözlə, sinən dağlanmasın,

Dağlandısa- bu dağ acı...

əslində Ağrı dağına aid olmayan "Söz ağacım" adlı şeirdən götürülmüş bu bir bənd şeirin çəkisi və qədəri öz bədii ruhu etibarı ilə dağ vadilərində gizlənib qalmış və açmasını gözləyən sözün qıfılbəndidir. Və bu qıfılbənd bəlkə də şairdən xəbərsiz bir "söz ağacı" olaraq öz dərin köklərilə həmin Ağrı dağının qar laylarından süzülüb gələn bumbuz suyuyla şirələnə-şirələnə onun yaddaşına çəkilmiş çəpərlərin aradan götürülməsini sürətləndirə bilmişdi. Belə olmasaydı 1984-cü ildə bu misraların çözümünə əl qata bilməzdi Kəmaləddin Qədim.

Sərhədə çevrilib qaldığı bəsdi,

İllərdi bir hava çaldığı bəsdi.

Bir xalqa göz dağı olduğu bəsdi,

Açın qollarını bu dirəklərin.

O, təkcə bu dirəklərin qollarını açmaqla kifayətlənmir, həm də bu qolların özü açılmasından şübhələnir, bir qorxu, vahimə içində gileyini gizlətmir.

Özü açılası günündən qorxun,

Açın qollarını bu dirəklərin..

Şair burda ümumsiyasi güc potensialına işarə edərək, zorla sinəmizdə yer almış bu oxa bənzər dirəklərin elə zor gücünə də yox edilməsini təsadüfi hesab etməməsidir. Çünki o, yaxşı bilir ki, azadlıq bağışlanılmır, azadlıq zor gücünə, qan bahasına əldə edilir. Azadlıq ağrılarmızın dan üzüdür, rahat nəfəs almağın, təmiz hava udmağın anoloji tərəfləridi.

Ağrılar qoymayır özümdən çıxam,

Ağrılar özümə qaytarır məni.

Ağrılar zaman kimidi. Şairlər isə zamanın çevrəsində təkcə yol yolçusu kimi deyil, həm də onun ziddiyətlərinin, qalmaqallarının, ağrılarının ölçüsünün-biçisinin barometri kimi çıxış edir. Və bu zaman kəsiyində "dünya bu kişiləri", bu şairləri çiynindən yerə salır, "yaşada bilmir". Və bunun poetik anlamı təkcə kişiləri yaşatmamağında deyil, eyni zmanda dərin poetik axtarışın son ucunda yer alması qənaətindədir.

Kişilər çiynində tutar dünyanı,

Dünya kişiləri yaşada bilməz.

Ümumiyyətlə, poeziyanı məhəbbət poeziyası kimi, satirik poeziya kimi, yurda, Vətənə bağlı poeziya kimi bölünmənin tərəfdarı deyiləm. Istər klassik, istərsə də müasir poeziyada sevgi, məhəbbət anlamında olan məfhum tamamilə siyasiləşmiş bir məfhumdur. Belə ki, məhəbbət şairi kimi tanınan istedadlı şairimiz mərhum N. Kəsəmənlinin məhəbbət şeirləri başdan-başa siyasi və vətəndaşlıq motivləri daşıyırdı. Bu gün yazıb yaradan ustad şairimiz S. Tahirin Vətənlə, yurdla bağlı bütün poetik baxışları qəmə, kədərə bürünmüş həsrətin, hicranın sevgi, məhəbbət fonunda Abbas Tufarqanlı zirvəsinə kimi ucalmış və ucalarda dayanmış çiçəkli bir yaz kimidi. Bu baxımdan Kəmaləddin Qədim poeziyasının zirvəsində dayanmış Vətən, yurd ağrıları onun məhəbbətinin bir istiqamətli sevgi motivləri deyil, çoxşaxəli və hərtərəfli, yəni üfiqi, horizontal, vertikal xətləri özündə ehtiva etmiş bir poeziyadır. Bu xətlərin çevrəsində məhəbbətə, sevgiyə çevrilmiş şair ağrısının mərkəzində, hətta riyazi təhlillər də mühüm yer tutur:

Ölkə var min ildi mötərizədə,

Arzu var, min ildi kökaltda qalıb...

Kəmaləddin Qədimin poeziyasındakı bu ənənəvilik və rəngarənglik onun yaşadığı və boya-başa çatdığı yurdla, el-obayla bağlı olan mühitin ona bəxş etdiyi ödül və töhfələridi ki, o, bunlarsız yaşaya bilməz, şeirlərində yenidən doğula bilməz... O, həm də doğulduğu mühitin, doğulduğu zamanın kəsiyində doğma yurdu olan Sədərəyin boz torpaqları kimi isti və xoşduyğulu təsirə malik şairlərmizdəndir:

Hər kəs yaşadığı yerə bənzər-

Rəngindən,

Üz-gözündən,

Söhbətindən-sözündən.

Hər kəs özüylə daşıyar

Yaşadığı yeri.

Ona bəxş edilmiş " bir ömrü künc-bucaqda, tində yaşamaqdan" vaz keçən şair dünyanın beynəlxalq təşkilatlarına etiraz əlaməti olaraq:

Bu nə Vətən, nə torpaqdı,

Sülhnən, silah arasında?

deməklə, ikiyə bölünmüş dünyanın ayrı-seçkiliyinə üsyan edir, poetik bir ifadə tutumu ilə etirazını, ağrılarını öz ünvanına istiqamətləndirir.

Azərbaycan Xalq şairi ustadımız M.Araz hələ keçən əsrin 70-ci illərində deyərdi ki, bir Fransada və bir də Azərbaycanda dahi olmaq çox çətindir. Kəmaləddin Qədim isə yazır:

Bu xalqın dərdindən ölə bilərsən,

Bu xalqın şairi olmaq çətindi...

Ümumiyyətlə, Kəmaləddin Qədim kövrək və duyğusal şairlərmizdəndir. Onun şeirlərində sərt yanaşmalar torpağmıza, suymuza, elmizə, obamıza yönəlmiş yad baxışlara qarşı nə dərəcədə köklənibsə, o, çıxdığı yolun civarında bir o qədər də kövrək baxışlarına köklənmiş görünə -görünə, ümidinə sarılıb addımlaya bilmişdi bu yolları.

Bir ömürlük səfərdəyəm yol boyu,

Kövrəkləşib, uşaqlaşıb gedirəm.

İnamımla, ümidimlə qol-boyun,

Qismətimdən uzaqlaşıb gedirəm.

Ancaq qismət anlamı həm maddi və həm də mənəvi forma daşıdığına görə, belə hesab edirəm ki, yuxarıda səsləndirdiyim bəndin axırıncı misrası mənəvi gücə malikdir və bu insanın alın yazısıdır, onunla doğulur, onunla da əbədiləşir. Odur ki, şair dostum inciməsin həmin misranı belə işlətmək daha mükəmməl olardı bəlkə-"qismətimə yaxınlaşıb gedirəm."

Şairin şeirlərində siyasi baxışlar daha qabarıq və rəmzi xarakter daşıyır və bu şeirlərin mahiyyəti ondan ibarətdir ki, o, qəhrəmanlarını bu arxayınçılıq vərdişində saxlmağın əksinə olaraq, bu arxayınçılığın sərhəddində, səddində bir az da ova tutub ovlandıra bilir, kinayə yolu ilə özünə dönməyə, mübarizəyə səsləyə bilir.

Nə Şuşa, nə İrəvan

Ay gor gəzən binəva.

Nə savaş var, nə dava,

Hələ barışıqdı, öl.

Və yaxud:

Yaşa, ölüncə yaşa,

Öl də, yaşadıqca öl...

Və bununla yanaşı "şeirin də qeyrətlisi, qeyrətsizi var axı" misralarına önəm verən istedadlı şairimiz qara rəngin içində ağ rəngin də ola biləcəyi ehtimalını ustalıqla öz yaradıcılıq süzgəcindən keçirməklə bu və ya digər stiuasiyalarda iynənin ulduzu boyda işığın da saxlanılmasını ehtiva edə bilmişdi. Yəni bizə bəxş edilmiş dünyanın incəliklərinə davranışda hər cür qabarıq və kobud yanaşılma prosesləri, namərdlik və s. elementlər şairin söz dünyasında lazımınca incələnə bilmişdir. Şairin ədəbiyyatımızın cəngavəri H,Cavidə həsr etdiyi şeirdə oxuyuruq:

Şairlər anadan şair doğulur.

Namərdi namərd,

Mərdi mərd,

Kövrəyi kövrək,

Sərti sərt doğulur.

Taleyinə, baxtına,

Alnına yazılmış dərd doğulur.

 

Ümumiyyətlə, şairlər doğulmamışdan qabaq. Kəmaləddin Qədimin yaradıcılığı geniş əhatə dairəsini təmsil etdiyindən bu yaradıcılığın bəzi məqamlarına toxuna bildim. Bu məqalədə şairin bu yaxınlarda mənə hədiyyə elədiyi "Vektor" nəşrlər evi tərəfindən 2009-cu ildə çap edilmiş "Allahdı, şeytandı, mənəm" və həmin nəşriyyat tərəfindən 2007-ci ildə buraxılmış "Yığış gedək, günahım" şeirlər toplularından istifadə edilmişdir. Kitabların redaktoru və ön sözün müəllifi dostumuz və qardaşımız, istedadlı şairimiz Adil Mirseyid olmaqla, bu kitablarda Azərbaycan Xalq şairi Türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadədən üzü bəri bir çox sənət adamları Kəmaləddin Qədimin yaradıcılığını lazımınca qiymətləndirərək, onun bu yaradıcılıqda tutduğu mövqeyə öz isti münasibətlərini bildirmişlər.

Yaradıcılıq və yaşam tərzində ulu Türk dünyasının övladı olması ilə fəxarətlənən dostum, qadaşım Kəmaləddin Qədimə, onun aşağıdakı misralarıyla yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Fizuli məzarı desəm az olar,

Qan çəkir İraqa-Kərkükə məni...

 

 

FƏXRİ MÜSLÜM

 

Ədalət.- 2012.- 3 aprel.- S.7.