"HEÇ KİM GÜLLƏLƏNMƏSİN..."

 

Bunu Nərimanov qəti şəkildə tələb etdi

 

(əvvəli ötən saylarımızda)

Sual: Siz Azərbaycan ordusunda xidmət edəndə ağqvardiyaçı general Denikinlə neçə dəfə görüşmüsünüz? Söhbətiniz hansı mövzuda olub?

Cavab: Mən heç vaxt Denikinlə görüşməmişəm. Söhbətimiz də olmayıb.

Sual: Yox, görüşmüsünüz. Polkovnik Sokolov, istintaqa yalan məlumat verirsiniz. Suala düzgün cavab verin. General Mehmandarov və Şıxlinski sizi ona görə qulluğa götürüblər ki, general Denikin Bakıya girməsi haqqında danışıqları siz aparasınız. Rus olduğunuza görə sizdən istifadə ediblər. Hətta, ağqvardiyaçı general Vladimir İrmanovun Kutaisi şəhərindən Mehmandarov və Şıxlinskiyə 31 mart 1920-ci ildə göndərdiyi surğuclu məxfi məktubu siz gətirmisiniz. Həmin məktub sizin seyfdə saxlanılıb.

Cavab: Ağqvardiyaçı general İrmanovdan gələn məktubu mən oxumuşam. Onu mənə Cavad Şıxlinski verdi. Oxu - dedi, - gör əmimə İrmanov nə yazır. O da sənin kimi iş axtarır. Oxudum. Məndən alıb yavəri Əfəndiyevə verdi. - Qoy seyfində qalsın, gələndə əmimə verərik.

Mənim seyfimdə belə məktub olmayıb. Əslində belə məktub qərargah rəisinin seyfində saxlanılmalıdır. Cavad onu mənə vermədi. Görünür rus olduğuma görə etibar etmədi. Siz deyirsiniz ki, Azərbaycan generalları Denikinin Bakıya gəlməsini istəyiblər. Əksinə, hər ikisi - həm Şıxlinski, həm də Mehmandarov ağqvardiyaçı Denikinə nifrət edirdilər. Hələ mənim bildiyimə görə Mehmandarov Azərbaycan parlamentində çıxış edib deyib ki, Denikin məni keçmiş rus ordusundan yaxşı tanıyır. O heç vaxt mənim komandanlıq etdiyim ordunun üstünə yeriməyə cəsarət eləməz. Elə də oldu, tarixin gedişatı bunu sübut elədi.

Sual: Yaxşı, general İrmanovun məktubunu siz oxumusunuz, nə yazırdı?

Cavab: Əvvəla general İrmanov Port-Artur və Cahan müharibəsi illərində hər iki Azərbaycan generalları ilə çiyin-çiyinə vuruşub. Bunu məktubunda da yazırdı. Qısa bir tanışlıqdan sonra yazıb yalvarır ki, işsizəm, Azərbaycan ordusunda vicdanla xidmət etməyə hazıram. Lap kiçik vəzifə də olsa işləyərəm. Ailəm çox böyük maddi ehtiyac içindədir.

Məktubda general Denikini və general Şkuronu söyür, onlarla mübahisə edib işdən çıxdığını yazır. Bir müddət Şkuronun Kuban ordusunda xidmət etməsini, ac-yalavac, ordunun dağılıb stanitsalarına getməsini, Denikinlə siyasi baxışlarının barışmaması haqqında qısaca qeyd edir. Məktubda siyasi məzmunda heç nə yox idi. Hətta, qızlarından və həyat yoldaşından salam söyləyir. Görünür, ailəvi yaxın olublar.

 

AZƏRBAYCANA ETİBAR OLUNMUR

 

Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırırg Onlar həmişə Əlheydər Qarayevi irəli çəkirlər, onu isə bütün Azərbaycan hər cəhətdən satqın adam kimi tanıyır. Azərbaycanda namuslu türk işçiləri partiyanın bu üzvlərinin simasında RKP MK tərəfindən Azərbaycana olan belə etinasızlığı heç vaxt yaddan çıxarmayacaqlar.

 

Nəriman Nərimanov

1924-cü il, 27 may, Moskva.

 

29 iyun 1920-ci ildə müstəntiq A.Qubin təxribatçılıqda günahlandırılan rotmistr İlyas Əliqulu oğlu Şahtaxtinskinin dindirilmə protokolundan (İş 717) çıxarış:

General Əli ağa Şıxlinskini Azərbaycan Ordu Qərargahında xidmət eləyəndən tanıyıram. Onun Sovet hökumətinə münasibəti barədə deyə bilirəm ki, o, heç də bundan razı deyildi. Əksinə, bu qoca general Qırmızı ordunun bəzən düçar olduğu məğlubiyyətdən razı qalırdı. Şıxlinskinin Könüllü orduya rəğbəti vardı. Bolşevik terroristləri Könüllü ordunun nümayəndələrinə mərmi atdıqlarına görə tutulan zaman Əli ağa Şıxlinski sevinc və məmnunluqla yavəri kapitan Stanislav Mixayloviç Çayevskiyə deyib: "Siz bu əclafları artıq həbs etmisiniz. Çox yaxşıdır". Bu sözlərini mən özüm eşitmişəm. Qırmızı ordu Dərbənddə olarkən Azərbaycan ordusunun qərargah komandiri Qədimova silahı təmizləyib həmişə qərargahda olmaq və heç yerə getməmək əmrini vermişdi. General Şıxlinski bu əmri verməyin səbəbini Qırmızı ordunun yaxınlaşmasını və bu səbəbdən də bolşeviklərin Bakıya girə bilməsi təhlükəsi ilə izah edirdi.

1920-ci il təxminən aprelin 15-də mən Qarabağ ordusunun Şuşadakı qərargahında ezamiyyətdə idim. Bu zaman müvəqqəti hərbi nazir vəzifəsini icra edən general Əli ağa Şıxlinskidən general Həbib bəy Səlimovun adına şifrəli teleqram gəldi. O, Quba və Tatar süvari alayları vəziyyətinin ciddi olmasını nəzərə alaraq göndərilməsini tələb edirdi. Bu teleqramın şifrəsini mən açdım. General Səlimov alayları göndərdi və cavab verdi ki, Azərbaycan iki cəbhədə vuruşa bilməz. General Əli ağa Şıxlinskinin Sovet hökumətində yaxşı xidməti barədə heç nə deyə bilmirəm. Ona görə ki, bu vaxtlarda mən həbsdə olmuşam.

İmzaladı: İlyas Şahtaxtinski

İş icraçısı:

***

 

Canüzücü, yalan və iftiralarla dolu protokolları oxuyub qurtardıqdan sonra Nəriman Nərimanov xüsusi şöbə rəisi Semyon Pankratovu vəzifəsindən azad etdi. Şübhəsiz ki, bu qədər cinayətindən sonra onun özü güllələnməyə məhkum olundu. Bu barədə 1920-ci il mayın 30-da menşevik Gürcüstanında dərc olunan "Qruziə" qəzeti daha dəqiq məlumat verir. Qəzet yazır: "Fövqəladə komissiya qırğına ehtiyatla başlamışdır, lakin sonradan sərt şəkildə fəaliyyət göstərərək ucdantutma həbslər etdi. Komissiya xüsusi ilə matros Pankratovun rəhbərliyi altında "daha müvəffəqiyyətlə" işləmişdir. Lakin Nərimanovun Bakıya gəlişindən sonra Semyon Pankratov aradan götürüldü"

Azərbaycana "azadlıq" gətirən XI ordu 79 nəfər hərbiçilərimizi 1920-ci il iyunun 6-da həbs edib, Nargin arasında məhz matros Semyon Pankratovun sərəncamı ilə güllələmişdir. Onların arasında Gəncə general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər polis idarəsinin rəisi Quda Qudiyev, milyonçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və başqa Azərbaycan ziyalıları vardı.

 

***

 

Nərimanov nə qədər yorğun olsa da, indi başından bir fikri qova bilmirdi. Bu qırğınlardan sonra qalan iki generalımızı necə qorumalı?...

Köməkçisi Nurməmmədi çağırıb bir fincan çay istədi.

- Başım bərk ağrıyır, - dedi, - sonra generalların harada olmasını soruşdu. Şahsuvarov cavab verdi ki, onların üst-başı pis gündə idi. Neçə günlük türmə həyatından çox sınıxıblar. Belə görkəmdə özləri də sizin qəbulunuza gəlmək istəmədilər. Bilirdim ki, Pankratovla söhbətiniz uzun çəkəcək. Evlərinə göndərdim. Amma, yoldaş Nərimanov, etibarlı bir nəfər mənə zəng edib xəbər verdi ki, generalları izləyirlər. Deyəsən başlarında yenə qovğa var.

- Mənim adımdan daxili işlər komissarı Həmid Sultanova zəng elə, hər ikisinin Nikolayev küçəsindəki mənzilinə gözətçi qoysun. Özün də get, onlara baş çək, həm də xəbər ver ki, səhər saat onda onları gözləyəcəm.

Həmid Sultanov, Muxtar Hacıyev, Çingiz İldırım və bəzi yaxın adamlar, Nərimanovun Azərbaycana gəlməsinə sevinənlər ona bildirmişdilər ki, gələn Qırmızı ordunun sıralarında çoxlu saydı daşnak əsgəri və zabiti var. Onlar da havadarları Levon Mirzoyana, Anastas Mikoyana, Sərkis Danilyana, Serqo Orconikidzeyə arxalanıb minbir fəndlə, yerli-yersiz burjuy, müsavatçı damğası ilə Azərbaycanın oğul və qızlarını həbs edir və güllələyirlər. Xüsusilə Gəncə üsyanından sonra Azərbaycanlılara düşmən gözü ilə baxırlar.

1920-ci il aprelin 27-də yeni gələn bolşevik hökuməti Çingiz İldırımı Hərbiyyə və Bəhriyyə komissarı vəzifəsinə təyin etdi. Aprelin 30-da səkkiz saylı əmrlə o, özünə müavin general Əli ağa Şıxlinskini götürdü. Çingiz İldırımın sənəti inşaat mühəndisi olduğuna görə hərb işini o qədər də yaxşı bilmirdi. Sonralar Ə.Şıxlinski xatirələrində yazırdı: "Komissar mənim yanıma gəlib, onun müavini vəzifəsini qəbul etməyimi təklif etdi. Mən razı oldum. Onda o, gülümsəyərək mənim paqonlarımı göstərib dedi:

- Bunları çıxarmaq lazımdır.

Mən belə cavab verdim:

- Madam ki, mən sizinlə işləməyə razılıq verirəm, bu o deməkdir ki, məndə hər şeydən əvvəl daxili bir dəyişiklik əmələ gəlir; bu isə əlbəttə, zahiri əlamətdən daha əhəmiyyətlidir (Ə.Şıxlinski "Xatirələrim", Bakı, 1984-cü il, səh. 191-də).

İki ay yeddi gün Hərbi-Dəniz Komissarı vəzifəsində işləyən Çingiz İldırım gördü ki, bolşeviklər keçmiş milli ordunun əsgər və zabitlərini məhv edib dağıdırlar. Onda hərbi müşavirədə sərt şəkildə bolşevik rəhbərlərinə bildirdi ki, siz açıq-açığına bizim ordunu dağıdırsınız. Niyə və niyə görə, səbəbi məlum deyil. Axı, aprelin 27-də biz kommunistlər Azərbaycan Parlamentinin fövqəladə iclasına qərar təqdim etmişdik. Səs çoxluğu ilə qəbul edilən səkkiz şərtin birinci bəndində: "Sovet hakimiyyətinin idarə etdiyi Azərbaycanın tam müstəqilliyi qorunub saxlanılacaqdır". Yeddinci bəndində isə "Azərbaycan ordusu olduğu kimi qalacaq". Bu gün ordunu dağıdan, zabitlərimizi güllələyən yoldaşlar bu vədi, bu bəndləri niyə unudublar?

Sizin ordunu qırıb-çatmağınız Azərbaycan xalqının, Azərbaycan bolşeviklərinin arasında bərk narazılıq yaradır. Xalq bolşevik hökumətinə inamını itirir. Əgər belə davam edərsə, mən bu vəzifədən istefa verəcəm.

İyulun 4-də elə həmin müşavirdə Çingiz İldırımı etibarsız komissar kimi vəzifəsindən çıxartdılar. Əvəzində rusların sadiq bolşeviki, onların marağını sadiq qul kimi həyata keçirən Əlheydər Qarayevi iyulun 26-da Azərbaycan Hərbi-Dəniz Komissarı təyin etdilər. Əlheydər Qarayevin təyinatından bir az sonra müavin Əli ağa Şıxlinski də istefa verdi. Əli ağa Şıxlinski bilirdi ki, Əlheydər Qarayevin Hərbi-Dəniz işlərindən zərrəcə başı çıxmır. Deyilən məsləhəti də eşitmək istəmir. Hətta, həmin vaxtlarda Azərbaycan ziyalıları Qarayevə qəddarlığına görə istehza ilə "səfeh malçişka" ayaması vermişdilər.

Əlheydər Qarayevin təyinatından sonra Azərbaycanda qarətlər, sərxoş rus və erməni əsgərlərinin özbaşınalığı, sürgünlər, güllələnmələr daha da artdı.

Əlheydər Qarayevin həmin illərdəki fəaliyyətinin şahidi olan, 1939-cu ildə kommunist rejimindən idarə etdiyi təyyarə ilə birgə qaçıb canını qurtaran təyyarəçi-zabit Məmməd Altunbəy Türkiyədə qələmə aldığı "Azadlığa uçan türk" kitabında Əlheydər Qarayevin qəddarlığı haqqında yazır:

"Gəncə basqınından sonra yeni gələn bolşeviklərin ən yaxşı adamı olmuş Əlheydər Qarayev öz millətinə ermənidən və rusdan daha çox zülm etmişdi. Ruslar bir sıra azərbaycanlıların öldürülməsində, sürgün və həbs edilməsində məhz Əlheydər Qarayevin köməyindən istifadə etmişlər. Hətta, iş o yerə çatmışdı ki, Gəncədə bir-birinə qarğış edənlər "Əlheydər Qarayevin qəzəbinə gələsən" - deyərdilər. Əlheydər Qarayev çox zalım, qəddar bolşevik nökəri və amansız bir adam idi".

Nərimanov heç vaxt gözləmədiyi, ağlına belə gətirmədiyi vəziyyətə düşmüşdü. Neyləməli, indiki vəziyyətdə bu iki generalı necə qorumalı sualı ona rahatlıq vermirdi. Dərdini deməyə sirdaş, sadiq dost axtarırdı. Kiminləsə dərdləşmək, ürəyini boşaldıb məsləhət almaq istəyirdi. Uzun götür-qoydan sonra yox, - deyə fikirləşib qəti qərara gəldi. Bu qarışıq vaxtda onları Bakıda qorumaq mümkün olmayacaq.

***

 

Səhəri gün tezdən onları qəbul edib xeyli söhbət elədi. Respublikada bu günkü vəziyyətin çətinliyindən danışdı. Haqsız həbs olunanlardan, özbaşınalığın baş alıb getməsindən, mərkəz Moskvanın onu bir xeyli gec göndərməsindən təəssüfləndiyini bildirdi.

Ağsaqqal kimi hörmətlə ilk dəfə Səməd bəy Mehmandarova müraciət etdi:

- Səməd bəy, Gəncə hadisəsindən sonra hiss edirdim ki, qəzalarda vəziyyət o qədər də yaxşı deyil. Yerlərdən çoxlu şikayətlər gəlirdi. Şikayətlərin hamısı da Qırmızı ordunun yerli əhali ilə pis davranışı barədə idi. Məktublardan bir neçəsini yerində yoxlamaq üçün xüsusi komissiya ilə bölgələrə səfər etdim. Yevlaxda, Şəkidə, Zaqatala və başqa yerlərdə Qırmızı ordunun əsgər və zabitlərinin özbaşınalığını bəzi yüksək rütbəlilər adi hal kimi qəbul edir. Mən bunlara dözməyib onları tənbeh edir və cəzalandırırdım. Ordan bir başa sizin ata-baba vətənimiz Şuşaya gəldim. İnanın, orada vəziyyəti lap acınacaqlı gördüm. Ona görə də götürüb mərkəzə şikayət xarakterli belə bir teleqram vurdu:

"Respublikanın kəndlərinə səfərin zamanı mənə kütləvi şikayətlər daxil oldu və indi də bunlar davam edir. Kəndlilər şikayət edirlər ki, inqilab komitələri, ərzaq agentləri və XI Ordu hissələrinin nümayəndələri tərəfindən onların sonuncu tikə çörəyi, əllərindən alınır.

Mən hesab edirəm ki, bu inqilab komitələrinin öz işlərinə laqeyd və öz vəzifələrinə cinayətkarcasına yanaşması deməkdir. Bu irad XI ordu hissələrinə aiddir və qısa müddətdə bu biabırçılığa son qoyulmalıdır".

Moskvada Azərbaycanın səlahiyyətli müvəkkili Behbud bəy Şahtaxtinski bizim şikayət xarakterli daha bir məktubumuzu RSFR XKS sədri V.İ.Leninə çatdırıb. Orda da XI ordunun qüvvəsi ilə Ermənistan sərhədindəki müsəlman əhalisinin tərk-silah edilməsini, daşnak hücumlarının təhlükəsi qarşısında qoymasını yazmışıq. Yazmışıq ki:

"Müsəlman əhalisi tərk-silah edilir, daşnakların silahlı dəstələri isə müsəlman kəndlərini amansızcasına qılıncdan keçirir və məhv edirlər. Kəndlilər bağlarını, əkinlərini və avadanlıqlarını ataraq dağlara qaçır. Müsəlman əhalisi daimi müsadirələrə və xüsusilə də mənzillərin kommunallaşdırılmasına görə ümidsizliyə qapanırlar. Çünki bu axırıncı xalqın məişət tərzinə və şəraitə tamamilə əksdir. Buna əsrlərlə davam edən adət-ənənələrin ağır təhqiri kimi baxılır.

Qızıl ordu əvvəlcə özünü yaxşı aparırdı, indi isə özünü irticaçı kimi göstərir. Yerlərdən sarsıdıcı məlumatlar alınır. İş o yerə çatıb ki, qızlar və qadınlar açıq şəkildə zorlanır. Öz çörəyi ilə dolanan Azərbaycan indi çörəksiz qalıb" (Sitat B.Rəfiyevin "Aysberqin sualtı hissəsi" kitabından götürülüb. Bakı, 1995, səh. 14-də).

Bunların başında gələn komandirlər və rəhbərlər yerlərdəki inqilab komitələrinə elə bir səlahiyyət veriblər ki, Azərbaycan hökuməti ilə qətiyyən hesablaşmır, ordu hissələrinin komandirləri müstəmləkəçilik siyasəti yeridirlər. Şuşada olanda "ordu klubu" deyilən bir binaya baş çəkdim. Nə görsəm yaxşıdır? Kef məclisinin şahidi olum. Qarabağ xanı Mehdiqulu xanın mülkünün böyük zalında xalı-xalçanın üstündə əyləşən sərxoş zabitlər erməni qadınları ilə musiqi dinləyir, rəqs edib, çalıb oynayırlar.

Nərimanov danışdıqca Səməd bəy son dəfə gördüyü Şuşadakı dədə-baba mülkünü xatırında canlandırırdı. Ürək eləyib soruşa bilmirdi ki, bizim Mehmandarovlar mülkünə baş çəkdinizmi. Ehtiyat elədi, qorxdu ki, "Sizin mülkü də əsgərlər üçün kazarma eləyiblər" cavabını eşidər. İndi dağlar mələyi Şuşanın istilaçı əsgərlər tərəfindən nə kökə düşdüyünü xəyalında canlandıran Səməd bəy az qala sarsılardı. Nərimanov Əli ağaya nəyisə izah edirdi. Onların söhbətindən heç nə eşitməyən Səməd bəy öz aləmində idi. Lənkərandan iki-üç günlüyə Şuşaya gələndə atası Sadıq bəy həmişə balaca Səməd bəyi də özü ilə gətirərdi. Əlindən tutub enişli-yoxuşlu şəhərdə gəzdikcə bir-bir məhəllələri, əzəmətli mülkləri ona göstərib deyərdi: "oğlum, bura Köçərli məhəlləsidir, bu Vəzirovların evidir, bura xan qızı Natəvanın mülküdür. Bura isə qırx ildən çox Qarabağ xanı olan İbrahimxəlil xanın sarayıdır. Oğlum, bunlarda yaşayanların hamısı sənin yaxın-uzaq qohumlarındır.

Xəyallardan ayılan Səməd Bəy: "Yaxşı ki, sədrdən mülkümüzün nə kökdə olduğunu soruşmadım, birdən deyərdi ki, mülkümüzü əsgərlər at tövləsi eləyiblər. O da mənə bir dərd olardı", - deyə düşündü.

Nərimanov bolşeviklərin güllələdiyi on iki Azərbaycan generalının dadına çata bilməməsinə heyfslənib dedi ki, onların hər birini yaxşı tanıyırdı. Səməd bəy başını qaldırıb ilk dəfə onun üzünə baxdı. Kövrək, hüzünlü səslə:

- Heç bilirsinizmi general Əbdülhəmid bəy Qaytabaşının neçə yaşı vardı, - dedi, - özü də təəssüflə, - otuz dörd, - cavabını verdi. Çox istedadlı cavan bir sərkərdəni Azərbaycan xalqı itirdi. Otuz doqquz yaşı tamam olmamış general Həbib bəy Səlimov isə heç evlənməmişdi. Hər dəfə ona ata ərkilə deyəndə ki, niyə evlənmirsən, ömür-gün keçir, oğul; bircə cavabı olardı: "Səməd bəy, qoy dünyamız düzəlsin, sonrag". Bu da düzələn dünyanın sonu, - deyib, göz yaşını dəsmalına hopdurdu.

Nəriman Nərimanov:

- Əli ağa, - dedi, - sizi hansı günahınıza görə ittiham etdiklərindən xəbəriniz var? Matros Semyon Pankratov o qədər qara yaxıb ki, guya ağqvardiyaçı Denikini Azərbaycana çağıran Siz olmusunuz. Həbs olunma sənədlərinizdə o qədər cəfəngiyat yazılmışdı kig

Sədr sözünü bitirməmiş çılğın təbiətli Əli ağa Şıxlinski soruşdu:

- Ay Nəriman, niyə bizə başağrısı verirlər. Siz Azərbaycana gələnə qədər bizi üç dəfə həbs ediblər. Qoy güllələsinlər canımız qurtarsın. Nə qədər bitli-sirkəli türmələrdə çürümək olar?

Nərimanov günahkar adamlar kimi:

- Əli ağa, - dedi, - görünür, sən özünü qiymətləndirə bilmirsən. Axı, səni hamı "rus artilleriyasının allahı" adlandırır. Biz onu da başa düşməliyik ki, bizim xalq üçün bir generalı yetişdirməyə əlli il vaxt lazımdır! Bəs onda niyə biz öz generallarımızı güllələməliyik?

Sonra Səməd bəyə müraciətlə:

- Özünüz, - dedi, - bu saat respublikadakı vəziyyəti bilirsiniz, hazırkı vəziyyətə ziyalılarımızın, əsgər və zabitlərimizin əleyhinə qəsd-qərəzlik var. Mən bunu sizdən gizlətmirəm. Ona görə belə qərara gəlmişəm ki, sizi bir illiyə, burda sabitlik olana kimi, Moskvaya, Lenin yoldaşın sərəncamına göndərim. Əgər razısınızsag Hərçəndi, burada daha çox lazımsınız. Yenə deyirəm, vəziyyət belə tələb edir. Başqa çarəmiz yoxdu.

Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov onların razılığını alandan sonra V.İ.Leninə yazdığı məktub və keşikçi dəstəsilə ayrıca vaqonda hər iki generalı Moskvaya göndərdi. Nərimanov məktubunda yazırdı:

"Əziz Vladimir İlyiç!

Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdır. Bu məktubu Sizə təqdim edən məşhur generallar - Mehmandarov və Şıxlinski də onların arasında idi. Diqqətli yoxlama nəticəsində məlum oldu ki, bu generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə kimi və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik ki, onları qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək, çünki onlar, hərbi mütəxəssis olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri - Şıxlinski Nikolay ordusunda "artilleriyanın allahı" sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər. Sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır.

Kommunist salamı ilə: N.Nərimanov

01 avqust 1920-ci il".

Qayğıkeş Nəriman Nərimanov hər iki generala iyulun 31-də öz imzası ilə belə bir vəsiqə də vermişdir:

"Bu vəsiqənin təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan İnqilab Komitəsi tərəfindən gələcəkdə döyüş cəbhəsinə yola düşmək üçün Moskvaya - RSFR inqilabı Hərbi Şurasının sərəncamına göndərilir.

Bütün hərbi və mülkü idarələr, ayrı-ayrı şəxslər yol boyu Əli ağa Şıxlinski yoldaşa mənzil başına maneəsiz çatmağa və ona qanuni kömək göstərməyə çağırılır.

Əli ağa Şıxlinski yoldaşa olan əşyalar və ərzaq məhsulları müsadirə və rekvizisiya oluna bilməz

Azərbaycan İnqilab Komitəsinin sədri

Nəriman Nərimanov

İdarəsi işləri rəisi gggg. imza".

Bu minvalla hər iki general Azərbaycanda olan daşnak-bolşevik təhlükəsindən xilas oldular. Onlar bir il iki ay Moskvada yaşayıb Ali Topçuluq məktəbində müəllim işlədilər.

1921-ci il noyabrın 18-də hər iki generalı Nəriman Nərimanov xahiş və minnətlə Bakıya qaytara bildi.

 

***

 

Bəli, istəyirsiniz adınız baqi qalsın, tək özünüz üçün, öz nəfsiniz üçün yaşamayınız, ümumi və müştərək məqsədə çalışınız.

Nəriman Nərimanov

Nəriman Nərimanov yalnız bu iki məşhur generallımızı bolşevik qətlindən xilas etməmişdir. Az müddət Azərbaycan Respublikası Xalq Komissarları Sovetinin sədri olanda general Firidun bəy Vəzirovu, general-qubernator Xosrov bəy Sultanovu, polkovnik Gəray bəy Vəkilovu və onlarla hərbiçiləri, ziyalıları güllələnməkdən xilas etmişdir.

1920-ci il bolşevik-daşnak işğalından sonra Bakıda qalmağa ehtiyat edən Məmməd Əmin Rəsulzadə Lahıca getdi. Həmin il may ayının 16-da Moskvadan Bakıya gələn Nəriman Nərimanov M.Ə.Rəsulzadənin də bolşevik-daşnak təhlükəsindən xilas olması üçün təşəbbüs göstərmişdir. Məmməd Əmin Rəsulzadə "Stalinlə ixtilal xatirələri" əsərində (səh. 23-də) bu qayğını etiraf etmişdir. O, yazır:

"Kommunist" qəzetinin 1920-ci il iyun ayı nüsxəsində Azərbaycan Sovet hökumətinin sədri doktor Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı: "Məmməd Əmin Rəsulzədəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət (qorunması) altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik".

Həmin kitabın 24-cü səhifəsində yenə Məmməd Əmin Rəsulzadə yazır: "gBaşda doktor Nəriman olmaqla Sovet Azərbaycanın bütün nüfuzlu şəxsləri "Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!", - demişdi.

Həmin dövrdə Nəriman Nərimanov ziyalılarımıza da qayğısını əsirgəməmişdir. Məşhur alim-ədəbiyyatşünas Salman Mümtazın qızı Şəhla xanım atası ilə bağlı şahidi olduğu əhvalat haqqında yazır:

"1920-ci ilin əvvəllərində atama yaxın bir dostu deyib ki, Biləcəridə kimdəsə nadir bir əlyazması var. Atam tələsik evə xəbər verib gedib. O, vağzala gələndə qatar tərpənib. Yüyürüb bir əlilə vaqonun dəstəyindən tutub. İkinci əli dəstəyə çatmayıb və qatar onu sürüyüb. Camaat xəbər tutub qatarı saxlatdırır.

Fayton səsi gələndə darvazaya yaxınlaşdım. Gördüm ki, atamın paltarı cırılıb. Tozun içindədir. Onu faytondan bir neçə nəfər qucağında düşürüb evə gətirdi. Bir aydan çox yataqda qaldı. Sonra çətinliklə gəzdi.

1921-ci ildə yenə Biləcəriyə əlyazmaların dalınca gedəndə isə atam yatalaq xəstəliyinə tutulmuşdu. Bunu eşidən Nəriman Nərimanov bizə gəlmişdi. O gedəndən sonra atama baxmaq üçün həkim təhkim etdi, evimizdə vanna otağı düzəltməklə yanaşı telefon da çəkdirdi. Nərimanov işinin çoxluğundan atamın yanına gələ bilmirdisə də, hər gün telefonla atamdan xəbər tuturdu. Nəriman Nərimanov atamı "Şərqin ədəbiyyat açarı" adlandırmışdı (Şəhla xanım Mümtazzadə "Xatirə" məqaləsi, "Ədəbiyyat və incəsənət" qəzeti, 30 noyabr 1974-cü il).

 

 

Şəmistan Nəzirli

 

Ədalət.-2012.-13 aprel.- S.6.