Bir saat yol getdim, bir ömür yaşadım...

 

   (əvvəli ötən saylarımızda)

  

   ...Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm. 88-94-cü illərdə Mirqiyasla Füzulidəmi, Haramıdamı, Daşburundamı ara-sıra görüşmüşdüm. O zamanlar qaçda-qovdaydıq, ağır, faciəvi günlər yaşayırdıq. Bircə onu bilirdim ki, Mirqiyas vətənin o ağır günlərində könüllü olaraq milli ordu sıralarına yazılmışdı. Dəfələrlə ağır və üzücü döyüşlərdə iştirak etmişdi. Sonralar onu bacarıqlı bir zabit kimi irəli çəkdilər - Müdafiə Nazirliyinin aparatına gətirdilər. Və bir də eşitdim ki, Mirqiyası tələm-tələsik Naxçıvana, hərbi hissəyə göndəriblər. Niyəsini bilmədim. Artıq mən 99-cu ildən Azərbaycan ordusu sıralarından tərxis edildim. Amma, onunla əlaqələrimiz kəsilməmişdi.

   İndi, bax burada, Naxçıvan torpağında, Mirqiyas məni başqa bir qiyafədə, artıq o yüksək rütbəli zabitdi, yüksək hərbi vəzifəsi vardı, yaşa dolub, ömrünün belə çağında, mənə, Azərbaycan ordusunun ehtiyatda olan zabitinə, "Azərbaycan ordusu" qəzetinin keçmiş (1993-1999) bölgə müxbirinə, nəhayət, həmyerlisinə qonaqpərvərlik və qayğı göstərir. İndi dünya dəyişilib. İndi kimdi-kimin halına yanan, heç suda batana əl uzadan da yoxdur. Nə isə... həmyerlimin mənə qarşı belə həssaslığı, canyananlığı bəzi məqamlarda məni narahat etsə də, onun belə alicənab hərəkətlərini yəqin ki, qiymətləndirməyə dəyər.

   ... Zorbulağın başında, ətrafında aşağıların istisindən canlarını götürüb qaçmış xeyli adam vardı. Elə belə, yaşıl otların üstündə, şiş qayaların kölgəsində istirahət edirdilər. Dağın əzəməti, Zorbulağın buz kimi suyunun şırıltısı, bir az da o tərəflərdə - Batabat meşəsi, Əyridağ, Sısqatar dağı, Əyridağ, Səbətkeçməz keçməz, Üzən ada, Salvartı yaylağı "qonaqgörməz" - insan belə ecazkar mənzərələrdən gözlərini çəkə bilmir.

  

   Buludların bir səmtədir axarı,

   "Salvartının" xoş görünür baxarı;

   Biçənəkdən at səyriyib yuxarı,

   Yalmanına yata-yata gəlmişəm,

   Mərcan gözlü Batabata gəlmişəm.

 

   "Qonaqgörməz" düşmənidir təkliyin,

   Ayaqları xınalıdır kəkliyin.

   Çöl üstəki güllüyün, çiçəkliyin

   Xoş ətrinə bata-bata gəlmişəm,

   Mərcan gözlü Batabata gəlmişəm.

 

   Artıq dünyanın ağrı-acısını dadmış, Qarabağda gedən qanlı döyüşlərdə, qaçhaqaçda, qovhaqovda neçə-neçə qohum-əqrabasını, döyüşçü dostlarını itirmiş bu adam ətrafda gördüklərindən bərk təsirlənərək dönub olmuşdu əməlli-başlı şair, kövrək bir insan. İndi o Zorbulağın şırhaşırla axıb gedən sularının, bu suyun hesabına yaranan gölün, ətrafın gözəl mənzərələri fonunda o qədər ilhamlı, xoş ovqatda idi ki, onu bu pərdədən, şkaladan ayırmaq günahdı. Mirqiyas öz dünyasında, aləmindəydi. Belə məqamda o ilhamlı şairimiz İslam Səfərlini, onun "Batabat bulağı" şeirini də unutmamışdı.

 

   ...Mehmanınam on beşdə mən, beşdə mən,

   Gətirmişəm basdırmanı testdə mən.

   Neçə ocaq tüstülədib döşdə mən,

   Birini də çata-çata gəlmişəm,

   Mərcan gözlü Batabata gəlmişəm.

  

   Bu yerləri, gözlərim qarşısında açılan ponoramanı bir dəfəyə, bir dəfə baxmaqla həzm etmək mümkün deyildi. Zorbulaq tərəfdən hayana baxırdın - yaşıllıq, meşəliklər, göllərdi. Və təbiət, ilahi qüvvə, bütün bunları ətrafa o qədər gözəl, ölçülü-biçili səpələmişdi ki, bunları dərk etmək, - vallah, insan ağlından uzaqdı.

   Mirqiyas harasa zəng edirdi. Mircamal yorğun görünürdü. "UAZ"-mız da daha bayaq, yuxarılara çıxdığı kimi əziyyət çəkmirdi. Rahat asfalt yolla üzüaşağı - dərələrə sarı şütüyürdü.

   Deyəsən, Mirqiyasın yadına Məmməd Arazın misraları düşmüşdü:

 

   Ey dəvə yal, düşdüm daha belindən,

   Ovşar cıdır, çıxdın daha əlimdən.

   Balam çiçək, bir də öpüm telindən,

   Salamat qal,

   Salamat!

 

   ...İldırımlar buludların pələngi...

   Paslanacaq mənsiz şimşək üzəngim.

   Eh, ya qismət, a şəlaləm - a cəngim...

   Salamat qal,

   Salamat!

  

   ***

 

   Yüksək rütbəli zabitlə atüstü söhbət və ya son söz əvəzi

 

   Həmişə belə olur: hər şeydən əlin üzüləndə, ümidsizliyə qapılanda, haradansa heç gözləmədiyin yerdən zəif bir işıq gəlir, tədricən o işıq artır, gurlaşır və nəhayət, məşələ çevrilir. Əzizlərimin, ata və dayılarımın, əmilərimin qəbirləri, xatirələri erməni tapdağı altında qalan bir adam kimi hər dəfə Qarabağ və işğal altında qalan torpaqlarımız yadıma düşəndə sarsılıram, özümə yer tapa bilmirəm. Özü də bu ağrı və acıları kimsə mənə xatırlatmır, yada salmır, 88-ci ildən ta 94-cü ilin mayına kimi baş verənləri, ölüm-itimi, xalqımızın başına gələnləri şəxsən özüm, bir vətəndaş, hərbi jurnalist (1993-1999) kimi gözlərimlə görmüşəm. Ermənilərin Göyçə və Zəngəzur, Qarabağa bizim xalqın başına gətirdiklərini - gözləri alma kimi irilmiş qız uşaqlarını, dərdləri, harayları dərələrlə bir olan ana və bacılarımızı, yurd yerlərimizdə ulaşan sahibsiz itləri, top-tüfəng səsindən havalanmış qoyun sürülərini, at ilxılarını. Bütün bunları görmək, qəlbən yaşamaq çətindi. Amma, hələ 92-ci ildən, Füzuli və Cəbrayıl rayonlarının müdafiəsi vaxtından, o tərəflərdə gedən döyüşlərdən yaxşı tanıdığım, indi isə Naxçıvanda, "N" saylı hərbi hissədə qulluq edən, yüksək rütbəli zabit dostumla söhbət edəndən sonra bir az yüngülləşdim. Mənim iyirmi il bundan əvvəl gördüyüm zabit tamam dəyişilmişdi. Yüksək rütbəli zabit dostum Cəbrayıl və Füzuli istiqamətində (1992-1993-cü illər) gedən döyüşlər zamanı Azərbaycan ordusunun məğlubiyyətlərini, geriçəkilmələri kimi ağır anlarını yaşamışdı. Sonralar bir müddət o, Müdafiə Nazirliyində məsul vəzifədə, yenidən hərbi hissələrdə, ali hərbi məktəbdə çalışmışdır. İndi tale onu Naxçıvana gətirib çıxarmışdı.

   - Hələ mən indi-indi dərk edirəm ki, biz nələri itirmişik. Nə qədər bağışlanmaz səhvlərimiz olub.

   Nisbətən o, aram-aram, sakit-sakit danışır. Cavan olmasına baxmayaraq, elə bil yüz ilin kişisidi. Mən onun son iyirmi illik həyatına - sarsıntılarına, vəzifə pilləkənlərində qalxıb-enmələrinə, hətta bir zabit, insan kimi həyatının tükdən asılı mərhələlərini də görmüşəm. Kənar, orduya biganə adamları deyə bilmərəm, amma onu bilirəm ki, Azərbaycan ordusunda belə qeyrətli, vətənpərvər zabitləri barmaqla saymaq olar. Belələri üçün hərbi forma namus və qeyrət rəmzidir 

   - Atam ağır xəstə idi. Axşamlar evimizə gedə bilmirdim. Rəhmətlik evin kandarındaca məni elə qəzəblə süzürdü ki, xəcalətimdən az qalırdım yerə girəm. Deyirdi ki, siz hamınız Mehralısınız (atam xoşu gəlməyən, fərsiz adamlara belə ad qoymuşdu), torpaqlarımızı qoruya bilmədiniz. Mən o əzabla səni Nikolayevdən (Ukrayna) Azərbaycana nə üçün gətirmişəm? Biz ermənilərin qarşısından nə vaxta qədər qaçacağıq? Sən kimin, hansı nəslin oğlu olduğunu dərk edirsənmi? Susurdum.

   Hər dəfə mövqelərimizdən üzü o tərəflərə - qədim torpaqlarımıza tərəf baxanda o dünyaya gedib-gəlirəm. Axı, mən peşəkar hərbiçiyəm, mənim borcum torpaq qorumaqdı.

   Sonra da o, orduda baş verən müsbət dəyişikliklərdən, döyüş hazırlığından danışdı:

   - Biz həmişə, bütün sahələrdə ermənilərdən tarixin bütün mərhələlərində qat-qat üstün olmuşuq.

   O bu sözləri qəti söylədi. Sonra da, - sadəcə olaraq biz işlərimizi sahmana salmalıyıq. Ermənilərə sözün həqiqi mənasında layiq olduqları yeri göstərməliyik, - dedi.

   Şəhərin kənarında, Naxçıvanın axar-baxarlı yerindəyik. Hər tərəfi ağaclıq, güllük olan stolumuzun üstündə nələr yoxdur? Azərbaycanın, Naxçıvanın dadlı-duzlu, ətinə-qanına məhəbbət və səmimiyyət hopdurulmuş xörəklər. Amma bu zəngin süfrəyə heç kim əl uzatmır, onların ətri, təravətindən daha çox, başqa mətləblərdən danışırıq. Naxçıvanın iaşə ocaqlarında çalışan gülərüz, nəzakətli aşbazları süfrəmizə düzdükləri naz-nemətlər bir növ onun ürəyini boşaltmaq, fikirlərini söyləmək üçün idi. Sözün həqiqi və geniş mənasında ətrafın yaşıllığı, bol və zəngin süfrə, məişət qayğılarımız - onun içində qaynayan, onu neçə illərdən bəri narahat edən problemlərlə müqayisədə arxa plana keçmişdi. O, Qarabağda gedən döyüşlər, uğurlarımız və məğlubiyyətlərimizdən danışdığımız anda yadına nə düşdüsə, qəflətən başladı böyük əmisi haqda danışmağa.

   - Rəhmətlik necə mərd kişi idi. Xırda-para mətləblərə o qədər də əhəmiyyət verməzdi. Xırda işlərlə arası yoxdu. Həyatın, insanların cılızlaşmasını heç cür həzm etmirdi. Qadına, uşağa qarşı özünün xüsusi, fərdi qanunları vardı - kişi qanunları.

   Bu cür kövrək və səmimi söhbətdən sonra zabit dostumun gülər üzünə, göy gözlərinə qəlm çökür. Bir az susandan sonra nəhayət dillənir: - Gör indi biz nə günə qalmışıq, - deyir. O cür kişilərin kəndlərini, torpaqlarını qoruya bilmədik.

   Mirqiyas nadir hallarda söhbətə qoşulur. Söhbətimiz dağdan arana, Naxçıvandan başı bəlalı Qarabağa keçirdi. Allah rəhmət eləsin, duzlu-məzəli yazıçı İsi Məlikzadəyə, bir az ondan, onun əsərlərindən başına gələn qəribə əhvalatlardan danışdıq. Söhbətimiz tədricən qəmli notlardan, xoş nəqarətə keçdi. O, gülə-gülə:

   - Bir az döz, - dedi. - Gec-tez Qarabağı alacağıq, sizi də, söz verdiyim kimi, Martuniyə komendant qoyacam. Sizin ixtiyarınıza iyirmi beş nəfər əliavtomatlı əsgər, döyüş maşınları verəcəm. Hələ, o ağır günlərdə, 93-cü ildə sənə söz vermişəm, Allahın köməkliyilə, vədimi yerinə yetirəcəm, ürəyini sıxma.

   Düşünürəm: "Ya qismət".

   Hərdən qol saatıma baxırdım. Zabit dostum da bunu hiss etdi. O, harasa zəng vurdu.

   - 2353 saylı reys Naxçıvandan Bakıya nə vaxt uçur?

   Telefonda nə dedilər, bilmədim.

   - Qonağım var, yeddiyə on dəqiqə qalmış onu yola salarsan.

   Dostumun belə aydın və qısa danışığı ilə də mənim təyyarə ilə Bakı şəhərinə uçmaq məsələm həll edildi.

 

   ***

 

   Naxçıvanda cəmi beş gün qaldım. Bu müddət ərzində şəhərlə, onun adamları ilə, az da olsa, son zamanlar şəhərdə gedən bərpa və yenidənqurma işləriylə tanış oldum. Çox təəssüf ki, bütövlükdə Azərbaycan sənətsevərlərinə yaxşı məlum olmayan, müxtəlif səviyyəli, sənət baxımından müxtəlif allahlara səcdə edən yaradıcı adamlarla söhbət etdim. Görüşdüyüm, ünsiyyətdə olduğum adamların əksəriyyəti ölkəmizdə tanınmağa, təbliğ olunmağa layiqdilər. Bunlarla yanaşı, şəhərdəmi, respublikanın müxtəlif bölgələrində, çayxanalarda, kafe və iaşə ocaqlarında bəzən elə bəsit, primitiv detallara rast gəldim ki, onlar bütövlükdə Naxçıvanda gördüyüm, qürur duyduğum çoxlu-çoxlu dəyərlərin fonunda çox solğun görünürdülər. Bakıdan təyyarə ilə Naxçıvana cəmi bir saat yol qət etdim, amma mübaliğəsiz, filansız düz bir ömür yaşadım.

 

 

Nemət Veysəlli,

Azərbaycan Dövlət Rəssamlıq

Akademiyası, redaktor

 

Bakı-Naxçıvan, iyun, 2012

 

Ədalət.-2012.-9 avqust.-S.3.