"Dolu"nun yaradıcı heyəti məktəblilərlə görüşdü

 

Yazıçı, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun çəkdiyi "Dolu" filminin yaradıcı heyəti Xətai rayonu 265 saylı məktəbin müəllim və şagirdləri ilə görüşüb.

Məktəbin direktoru Yeganə Qurbanova müəllim və şagirdlərə filim haqqında geniş məlumat verərək bildirib ki, "Dolu"nun aşıladığı vətənpərvərlik hissi gənclərimiz üçün nümunə ola biləcək səviyyədədir. Y.Qurbanova filmin yaradıcı heyətinin hər birini ayrı-ayrılıqda məktəbin kollektivinə təqdim edib.

Görüşdə iştirak edən yazıçı-dramaturq,Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov əsərin psixoloji, fəlsəfi qatlarını şagirdlərin nəzərinə çatdırıb və qeyd edib ki, "Dolu" filmi beyinlərdə vətənpərvərlik hissinin daha da təşəkkül tapmasına təkan verəcək.

Sonda "Dolu" filmi nümayiş olunub və məktəbin kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıb.

 

Sübhan

Ədalət.-2012.-15 dekabr.-S.9.