Tarixi romanda milli özünüdərkin nümunəsi

 

Xalqın tarixinə, mədəniyyətinə, dəyərlərinə müasir dövrün tələbləri müstəvisindən nəzər salmaq, milli mənəviyyatımızı bu aspektdən bədii tədqiq obyektinə çevirmək çağdaş Azərbaycan ədəbiyyatının mühüm vəzifələrindəndir. Xalqın çoxəsrlik mənəvi və əxlaqi keyfiyyətlərini, həyat və məişət tərzini, adət-ənənələrini, yadelli işğalçılara qarşı mübarizəsini, ayrı-ayrı dövrlərdə ədəbi-mədəni yüksəlişini öyrənmək baxımından da tarixi mövzuda yazılan bədii əsərlərin xidmətləri az deyil.

Son dövrdə Hüseynbala Mirələmov öz əsərlərində Azərbaycan tarixinin müxtəlif dövrlərini işıqlandırmış, görkəmli dövlət xadimlərinin, sərkərdələrin tarixi xidmətlərini bədii sözün qüdrəti ilə təsvir etmişdir.

H.Mirələmovun "Sonuncu fateh" romanında Nadir şah Əfşar türk xalqlarının və vətəninin birliyi yolunda mübarizə aparan, öz amalı və əqidəsi uğrunda bütün varlığı ilə çalışan, xalq kütlələrinin böyük məhəbbətini qazanan bir hökmdar kimi səciyyələndirilmişdir. Sovet ideologiyasının təsiri ilə yetişən bəzi tarixçilərdən fərqli olaraq H. Mirələmov Nadir şahı qəsbkar kimi yox, vətəninin, xalqının birliyi yolunda dönməz və sarsılmaz iradəyə malik olan rəhbər kimi təqdim etmişdir.

Nadir şahın gələcəkdə böyük bir hökmdar olması tarixi faktlara əsaslanaraq müəllif tərəfindən ustalıqla aydınlaşdırılmışdır. Nadir şah hələ kiçik yaşlarından idarəetmə qabiliyyətinə malik olmuş və bu əsərdə maraqlı hadisələr zəminində canlandırlımışdır. Nadirin gəncliyində əsir həyatı ilə qarşılaşması, zamanın amansızlıqları onun təbiətinin formalaşmasına, mətin və mübariz bir şəxsiyyət kimi yetişməsinə təkan vermişdir. O, çox qabiliyyətli, ətrafında baş verənlərin mahiyyətinə düzgün vara bilən, illər keçdikcə həmin keyfiyyətləri daha da inkişaf etdirən dahi bir sərkərdə olmuşdur. Dövrün mürəkkəb hadisələri, taleyin acı həqiqətləri onu daha da mətinləşdirmiş və mübarizləşdirmişdir. Onun fitri istedadı, iti ağlı, dərin zəkası, yaşına uyuşmayan igidlik və cəsarəti əsərdə tarixi həqiqətlərə uyğun olaraq təsvir edilmişdir.

Tarixdə olduğu kimi əsərdə də Nadir şah Əfşar ölkədə hərc-mərcliklərin, pərakəndliklərin genişləndiyi, xalqın yadelli işğalçılara qarşı mübarizəsinin şiddətləndiyi, zülm, haqsızlıq, soyğunçuluq və talanın artdığı bir şəraitdə hakimiyyətə gəlmişdir. Lakin yazıçı Nadir şahı təkcə qılınc qəhrəmanı kimi təqdim etməmişdir. O, dərin bilik və zəka sahibidir, fəlsəfə və siyasətlə yaxından maraqlanır. Romanda Nadir Şah real tarixi obraz kimi, özünəməxsus fərdi cizgilərlə canlandırılmışdır. Müəllif, onun xarakterini dövrün mühüm hadisələri ilə bağlamışdır. Qəhrəmanın şəxsi duyğuları da, ictimai mövqeyi də konkret tarixi şəraitlə əlaqədə təsvir olunmuşdur. Nadir şah möhkəm iradəyə, iti düşünmə qabiliyyətinə malik olan, hadisələrdən ustalıqla baş çıxarmağı bacaran bir hökmdardır. Nadir şah öz qələbələrinə inamını axıra qədər itirmir. Heç bir qorxu, hətta ölüm təhlükəsi onu öz əqidəsindən döndərməyə qadir deyildir.

H. Mirələmovun digər əsərlərində olduğu kimi bu romanında da qəhrəmanının daxili-psixoloji aləmini təbii boyalarla açır. Xüsusilə Nadir şahın anaya, el-obaya, xalqına olan bağlılığını göstərmək üçün yeri gəldikcə tarixi mənbələrin məlumatı ilə yanaşı, onun haqqındakı rəvayətlərdən, ayrı-ayrı aşıq və şairlərlə görüşlərindən də məharətlə istifadə edir.

Romanda Nadir şahın mənəvi-əxlaqi keyfiyyətləri, anaya olan böyük məhəbbəti və vəfa duyğusu da onun qələbələrini, uğurunu şərtləndirən, oxuculara sevdirən amillərdəndir. Müəllif, hökmdarın ləyaqətini, mənəvi zənginliyini də ölkənin tərəqqisi, dövlətin qüdrətinin artması üçün olan mühüm şərt kimi mənalandırır.

Nadirin anasına olan sevgisi onu əsir həyatında yaşadan yeganə səbəb olur. Onun anaya olan bağlılığını hətta əsirlikdə olduğu Buxaralı Qəmbər də duyur: "Bir səhər Buxaralı Qəmbər Nadirlə Əmirqulunun öz işlərini səssiz-səmirsiz, vicdanla yerinə yetirdiklərini və üstəlik, Nadirin xəstə anasına bütün varlığı ilə bağlı olduğunu görüb, daha onların ayaqlarına kündə vurmadı".

Hadisələr inkişaf etdikcə biz, Nadirin anasına olan övlad sevgisinin bir daha şahidi oluruq. Anası vəfat edəndən sonra Nadir tez bir zamanda qardaşı və həmyerlisi ilə əsirlikdən qaçmağa müvəffəq olur. Lakin o hətta anası vəfat etsə belə bu ona olan sevgisini unutmur. Onu sevən Zöhrəyə-Buxaralı Qəmbərin qızına anasının qəbrini tez-tez ziyarət etməsini tapşırır. Baba Əli bəy Əfşarın müdafiə dəstəsinə daxil olar-olmaz Nadirin ilk işi də anasının qəbrini öz oymağına köçürtmək olur.

Ümumiyyətlə H.Mirələmovun "Sonuncu fateh" tarixi romanı vahid dövlət yaratmaq uğrunda Nadir Şah Əfşarın mübarizələrdə keçən ömrünün bədii salnaməsidir. Belə ki, tarixdə olduğu kimi əsərdə də Nadir şah Əfşar 1732-ci ilin avqustunda II Təhmasib şahı devirərək onun azyaşlı oğlu III Abbası şah elan etməklə real hakimiyyəti ələ keçmişdir. O, 1733-cü ildə Bağdad yaxınlığında osmanlıları məğlub etmiş, 1735-ci ilin martında Gəncə yaxınlığındakı düşərgədə Rusiya səfiri Sergey Qolitsınla müqavilə imzalamışdı. Bu müqaviləyə əsasən Bakı və Dərbənddən rus qoşunları çıxarılmışdı. Bu da onun mahir bir sərkərda olmaqla yanaşı, dahi bir siyasətçi kimi də məşhurlaşdırmışdır. Lakin hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini daim müharibələrlə möhkəmləndirmiş və onun hərbi dühası həmişə onun köməyinə çatmışdır.

Nadir şah mərkəzləşdirmə siyasəti yeritmiş, Əfqanıstana, Şimali Hindistana və s. yerlərə yürüşlər etmiş (1737-39), Dehlini tutmuş (1739), fəth etdiyi ərazilər hesabına böyük dövlət yaratmışdı. O, Şirvan, Qarabağ, Çuxur-Səd və Təbriz bəylərbəyiklərini ləğv edərək ilk dəfə olaraq Azərbaycan adı altında vahid inzibati bölgü yaratmışdı.

Romanda diqqəti cəlb edən məsələlərdən biri də müəllifin həmin dövrə xas olan xalq oyunlarına, folkloruna əsaslanmasıdır. Burada türklərin qədim xalq oyunlarından olan "Cirit oyunu"ndan bəhs edilmişdir. Bundan əlavə müəllif, "əfşar" sözünün və digər tarixi yer və tayfa adlarının etimologiyasını da tarixi mənbələrə istinadən əsaslandıra bilmişdir.

Yazıçı həm Təhmasib Mirzənin məğlubiyyətinin labüdlüyünü əsalandırmaq üçün, həm də Nadir şahın bir hökmdar kimi dahiliyini göstərmək üçün çox maraqlı üsuldan istifadə etmişdir. Belə ki, ətrafindakıların oyuncağına çevrilən Təhmasib Mirzənin Nadir xanın deyiklisinə elçi göndərməsi onu oxucunun qarşında nə qədər kiçildirsə, Nadir xanı bir o qədər yüksəldir. Çünki Nadir xan Əfşar hadisələrdən düzgün nəticə çıxardır, qardaş qırğınına yol vermir: "Bu sayaq namələr yazanda, ya da Nadir xan Əfşar kimi sərkərdəsini məhv etmək üçün ora-bura fərman yollayanda şah olan kəs gərək öz yurdunun sabahını da düşünsün... Gəzdirdiyi qızılbaş börkünü qabağına qoyub, yaxşı-yaxşı fikirləşsin. Namusla oynayan odla oynayar. Məhəbbət nifrətə dönəndə, həmişə dostlar arasında müharibə daha dəhşətli olur. Mənim bu qılıncım isə ona-paytaxtsız qalmış Səfəvi səltənətinin İrandan Turanacan düşmənlərini qırmaq üçün gərəkdi, qohum-əqrabamızı yox... Əqidə olan yerdə isə ədavət yox, ədalət zəfər çalar..."

Yazıçının Nadir xan Əfşarın dili ilə dediyi bu sözlər bütün əsər boyu öz təsdiqini tapır. Doğrudan da bir tərəfdən Osmanlı imperiyası, və digər tərəfdən Rus İmperiyasının təhlükə yaratdığı bir dövrdə tayfadaxili çəkişmələr, taxt-tac üstündəki mübarizələr dövləti çox zəiflədir və qəsbkarlara rəvac verir.

H.Mirələmov "Sonuncu fateh" əsərində artıq əsrlər boyu müsəlman xalqlarını narahat edən, bir din qardaşları arasında parçalanmaya səbəb olan sünni-şiə məsələsinə də toxunmuşdur. Çünki Osmanlı türkləri ilə və digər tayfalarla neçə-neçə müharibələrə səbəb olaraq məhz məhzəb ayrılığı bəhanəsi gətirilmişdir. Halbuki İslam birləşməyi, qardaşlığı, sülhü təbliğ edir və yazıçının Nadirin dili ilə dediyi "Müsəlmanlar arasında bu rüsvayçı məhzəb davasından ən çox yararlanan xaçpərəslərdir..." sözlər bunu bir daha təsdiqləyir.

Yuxarıda da qeyd etdiyimiz kimi, yazıçı Nadir şahın yalnız apardığı müharibələrindən, uzaqgörən siyasətindən bəhs etməmişdir. O, eyni zamanda Azərbaycanın ağrılı məsələlərindən olan Qarabağ probleminə də toxunmuşdur. Biz bunu H. Mirələmovun demək olar ki, həm tarixi, həm də ailə-məişət mövzusunda yazdığı bütün əsərlərində müşahidə edirik. "Sonuncu fateh" romanında da yazıçı Moskvaya-çar sarayına gedən və I Pyotr ilə görüşən İsrayıl Orinin görüşmələrindən, onun ölümündən sonra isə digər ermənilərin onun işini davam etməsindən bəhs etmişdir. Maraqlısı budur ki, H. Mirələmov həm "Gəncə qapıları" pyesində, həm də "Sonuncu fateh" əsərində də çar Rusiyasının ermənilərin yaltaq, ikiüzlü, xain olmalarından xəbərdar olmasını bildirir. Ruslar "Qafqazla bağlı arzularını gerçəkləşdirmək üçün ermənilərdən elə əmrə müntəzir qul kimi" gələcəkdə istifadə etmək üçün öz hüzurlarından qovmurlar.

H.Mirələmov burada tarixi faktları verməklə yanaşı həm də Çar Rusiyasının Qafqazı istila etməsində ermənilərin də bilavasitə əli olduğunu qeyd etmişdir. Çünki yerli adət-ənələrə, həmin yerin coğrafiyasına yaxşı bələd olmadan ölkəni işğal etmək mümkün deyil. Bundan əlavə yazıçı, ermənilərin məkrli siyasətinin mahiyyətini göstərməklə əsl niyyətlərini açıb göstərmişdir: "Bütün bu xidmətlərinin qarşılığında İsrayıl Ori ermənilərin üstündən qul adını götürməsini və Şərqə qapısı olan Qafqazın sərhəd guşəsində-Osmanlı imperiyası ilə Səfəvi dövlətinə aid olan torpaqlarda onlara dövlət yaratmaqda kömək etməsini istəyirdi...İsrayıl Ori çiskinli bir payız günü yenə I Pyotrun hüzuruna gəlib, ona ipək parça üzərində rəngli ilmələrlə işlənmiş qəribə bir xəritə təqdim etmişdi. Həmin qəribə xəritədə İrəvan şəhəri mərkəz kimi göstərilməklə Anadolunun bir hissəsi, Zəngəzur, Qarabağ mahalları və həmin ətraflardakı başqa yerlər İsrayıl Orinin təsəvvür etdiyi gələcək erməni dövlətinin ərazisinə daxil edilmişdi".

Romanda Bakının alınmasından sonra (26 iyul 1723-cü il) I Pyotrun ermənilərin Azərbaycana yerləşdirilməsi siyasəti də öz əksini tapmışdır. "Tamamilə məxfi qalsın" qrifi ilə işarələnmiş başqa bir məktubunda I Pyotr artıq general-mayor Matyuşkinə tapşırırdı ki, müsəlmanları ruslar tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarından köçürüb, əvəzində orada rusları, Osmanlı ərazisindən köçürülüb gətiriləcək erməniləri, yaxud digər xristian xalqlarından olan adamları yerləşdirsin".

"Sonuncu fateh" romanının uğurlu cəhətlərindən biri də budur ki, o həm öz dövrünün, həm də özündən sonrakı dövrlərin ictimai-siyasi mənzərəsinin hərtərəfli təsviri ilə tamalanır. "Nadir şahın ölümündən əlli il sonra Şərq dünyasında öz qılıncı ilə ad-san qazanmış Ağa Məhəmməd şah Qacar" da Nadir zirvəsinə yüksələ bilmir. Ağa Məhəmməd şah Qacar hər gün üstündən keçmək üçün Nadirin sümüklərini çıxartdırıb sarayının qarşısında basdırsa da onun zirvəsinə qalxa bilmir. Çünki Qacar yalnız İranın, Nadir isə Hindistandan tutmuş, Səfəvilərin vaxtilə fəth etdiyi digər torpaqlarının da hökmdarı olur. Bundan daha vacibi isə Nadir şah Əfşar müsəlmanların və türklərin bir bayraq altında birləşməsi uğrunda, vətəninin bütövlüyü uğrunda vuruşurdu. O, doğrudan da, iradə və əzmi ilə kütlələri öz ardınca aprmaq üçün, fateh olmaq üçün yaradılmışdı!

 

Məlahət Babayeva ADPU-nun "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının müəllimi

Ədalət.-2012.-26 dekabr.-S.6.