ÖZÜNƏMƏXSUS ŞAİR

ƏDƏBİ HƏYAT

 

Poeziyamızda Ramiz adıyla çox şair tanıyıram. Heç şübhəsiz, onlardan ən məşhuru Ramiz Rövşəndir - sevdiyim şairlərdən biri...gBir başqa sevdiyim, həmişə şeirlərinin intizarında olduğum Ramizvar ki, Qubada yaşayır və müasir poeziyamızda onun da özünəməxsus dəst-xətti, səsi var.

Bir zamanlar əyalətdə yaşayan şairlərə birtərəfli, arzuolunmaz bir münasibət hökm sürürdü. Onların şeir kitabları çətinliklə çap olunur, böyük ədəbiyyatın ərazisinə buraxılmırdılar. Amma illər keçdi. Anlaşıldı ki, həqiqi sənətdə əyalət anlayışı yoxdurbu təsəvvürə son qoyuldu. Musa Yaqub, Qərib Mehdi, Məmməd Alim, İltifat Saleh, Əşrəf Veysəlli, Məmməd İlqar, Sabir Sarvan, Ramiz Qusarçaylı, Ağasəfa, Ofelya Babayeva, Ağamir Cavad, Barat Vüsal, Ədalət Salman, Əlirza Həsrət kimi yazarlar sübut elədilər ki, istedad üçün onun harada yaşamasının heç bir əhəmiyyəti yoxdur.

Ramiz Qusarçaylı Qubada yaşayır və bugünkü poeziyanın orta yaşlılar nəslini onsuz təsəvvür eləmək çətindir.

Nə vaxt çap olunursa, şeirləri gözdən iraq düşmür, bu mənada Ramiz populyarlığa yox, əsl, sərraf oxucu axtarışına can atır. Elə ilk şeirlərindən və ilk kitabından başlayaraq ustad şairlər Ramizin poeziyasına biganə qalmadılar. Onların bəzi fikirlərini xatırlatmaq istəyirəm.

Xalq şairi Osman Sarıvəlli yazırdı: "Sevindirici haldır ki, Ramiz ürəyinə yaxın hissləri, görüb-götürdüyü hadisələri qələmə alır. Şeirlərində bir istilik, səmimiyyət var, fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır". Ustad Bəxtiyar Vahabzadə isə yazmışdı: "Ramiz Qusarçaylının poeziyası büllur kimi saf, bulaq kimi dumdurudur". Başqa bir ustad - Nəbi Xəzrinin bir qədər obrazlı şəkildə sölədiyi fikirlər də maraqlı idi: "Mən poeziyamızın sabahına gedən yolda elə bil qaranlıq bir tuneldə idim. Çox az şeirlər məni isindirirdi. Lakin Ramiz Qusarçaylının şeirlərini oxuduqdan sonra mənim üçün qaranlıq tunel qurtardı. İşıqlı bir aləmə düşdüm". Xalq şairi Məmməd Araz isə belə söyləmişdi: "Gözəl şairimiz Ramiz Qusarçaylının şeirlərindən böyük zövq alıram". Burada Məmməd Aslanı da unutmaq olmaz: "Ramizin lirikası elə duyumlugörümlüdür ki, bir misrasını çəkib, arxasınca bütün şeirlərinə körpü salmaq olar". Belə misalların sayını artırmaq da olar.

Ustadların neçə il öncə cavan bir şair haqqında söylədikləri bu fikirlərin hamısını bir ümumi cəhət birləşdirir: RAMİZ QUSARÇAYLI ÖZÜNƏMƏXSUS ŞAİRDİR! Bəs bu özünəməxsusluq nədə təzahür edir?

Ramiz Qusarçaylı milli poeziyamızın ənənələrinə möhkəm bağlı olan, amma ənənəyə yenilikçi şair kimi yanaşan, necə deyərlər, köhnə havalarda təzə söz deyən şairlərdəndir. O, şeirləriylə sübut edir ki, Azərbaycan poeziyasının ilkinliyi, yaşarı ənənələri hələ öz gücünü itirməyib, qoşma, gəraylı, təcnis, bayatı üstündə bugünkü dərdimizi, sevincimizi obrazlı şəkildə ifadə etmək üçün heç bir maneə yoxdur. İlk şeirlərinin birində Ramiz yazmışdı:

 

Şeh düzülər tül iynəyə,

Arı kefim gül çeynəyər,

Dodaq yanar, dil göynəyər

Bir bulağın buz dilində.

xırman bir, dən birdi,

Döyən min-min, bədən birdi.

Mən ha deyim Vətən birdi

İkidi Araz dilində.

Üçü deyil, beşi deyil,

Haqdan dönən kişi deyil,

Hər oğulun işi deyil

Gəl oxuyaq saz dilində.

 

Ramiz Qusarçaylı bütün yaradıcılığı boyu bu poetik amala - "saz dilinə" sadiq qaldı. O sazın tellərindən kövrək, həzin səslər qopdu, çılğın, qəzəbli notlar da.

Mən Ramizin bu otuz illik şeir yaradıcılığını köhnə, şablon ölçülərlə "qiymətləndirib" mərhələlər üzrə izləmək fikrində deyiləm. sübut da eləmək istəmirəm ki, Ramiz Qusarçaylı indi əvvəlki illərdən daha yaxşı yazır necə deyərlər inkişafdadır. Ramiz təbii ki, yerində saymır, əsrin ahəngini, dünyanın gərdişini, gün-gündən dəyişilən dövranın istisini, soyuğunu ürəyindən keçirən ona poetik yozum verən şairlərdəndir. O, bənövşənin qoxusundan duruşundan məst olub onun qarşısında əyilən, yaşıl göz yaşlarında bir-birini öpüb qolboyun olan gülləri heyranlıqla seyr edən şairdir. O, mənsub olduğu xalqın əsrlər boyu yaşadığı faciələri içində yaşadan şairdir. O, həm bugünün şairidir-haqsızlığa, regionçuluğa, xaos hərcmərcliyə, mənəviyyatsızlığa qarşı dözümsüzlük göstərən şairdir.

 

 

Çiçəklər xəzəldir,

Xəzəllər çiçək,

Açıb yaxasını yağışa, çənə.

Yarpaqlar sapsarı xatirələr tək,

Səpilir payızın qədəmlərinə.

Özündən ayrılır bar ağacları,

Özünə yüklənir meşələr yenə.

Görən kim qarğıyıb qarağacları,

Dibinə qəm düşür yarpaq yerinə.

 

Gözəl şeirdir payız haqqında ən yaxşı şeirləri yan-yana düzsək, heç şübhəsiz, Ramizin şeiri öz poetik vəzninə görə seçiləcək, fərqlənəcək. Təkcə payız haqqında yox, təbiətin bütün fəsilləri, onun yağışı, qarı, gülü, çiçəyi, dağı, dərəsi, buludu, çəni haqqında şeirlərində Ramiz təzə söz deməyi bacarır.

Mən Ramizin təbiət şeirlərində küskün bir bənövşə obrazını da gözdən qaçırmıram. Qurbanidən üzü bəri bənövşəyə minlərlə şeirlər həsr edilib açığını deyim ki, bu şeirlərin əksəriyyətini bir yerə yığsan, bir bənövşə qəbiristanlığı yaranar. Çünki o şeirlər bədii səviyyəsinə görə bənövşəyə layiq deyillər. Ramizin "Qurudub göndərmə bənövşələri" şeiri isə sanki həmin şeirlərə bir qınaq kimi səslənir:

 

Əlimə alınca əlim qurudu

Qurudub göndərmə bənövşələri.

Nəfəsim qurudu, dilim qurudu

Qurudub göndərmə bənövşələri.

Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxart ürəyimi, üstə sər, saxla,

Mənə ölməyə bir az yer saxla

Qurudub göndərmə bənövşələri.

 

Ramizin şeirlərində antigözəlliyə etiraz elə ilk yazılarından başlamışdı. "Bir şeir ağladım gecə yarısı, bir şeir hönkürdüm vərəqlərə" deyən bir şair istər təbiətdə, istərsə cəmiyyətdə baş alıb gedən nizamsızlığa, ahəngsizliyə qarşı döyüşkən şair mövqeyində olub. Əlbəttə, "döyüşkənlik" deyəndə mən kəskin sərt publisistikadan qopub gələn bəzi üzdəniraq çığırtını, bağırtını nəzərdə tutmuram. Çünki Ramiz qışqıran, səsinə güc verib kürsü nəhənginə çevrilən "patriotlardan" deyil. Ötən illərimizi yada salaq Ramizin "İslahat" şeirini burada xatırladaq:

 

Torpağı bölürlər adam başına,

Adamlar torpağı özəlləşdirir.

Millət ac qarına, avam başına,

Dərdini bir az da gözəlləşdirir.

Dolmaz göz yaşıyla qəmin qobusu,

Yadlar başımızda kül dəyişdirir.

Bu millət özüylə dil tapa bilmir,

Bağlayan çox olur, açan tapılmır.

Bu bazar kimindi, bu mal kimindi,

Tapılır yandan da sür-sümük atan.

Sən kimin əlində qalmısan indi-

Mən kimin əlinə baxıram, Vətən..

 

Bu şeir yaxın illərin, lap elə bu günlərin əhval-ruhiyyəsini çox gözəl ifadə edir. illər keçəcək, həmin illərin bədii bir sənədi kimi xatırlanacaq. Ramizin bu tipli şeirləri az deyil. İki il öncə o, mənə "Eşşəknamə" adlı təzə kitabını bağışladı, hamı kimi mən çox təəccübləndim. İstər-istəməz ürəyimdən belə bir duyğu keçdi ki, bu ləfzi şeirə gətirmək olarmı? Amma Ramizin həmin kitaba yazdığı "Bax a, Eşşək" adlı geniş müqəddiməsini oxudum təəccübüm, heyrətim çəkilib getdi. Söhbət hər yükün altına girən, ömrü boyu işlək heyvan kimi tanınan eşşəklərdən getmir. Ancaq eşşək deyəndə biz təkcə ağır yük altına girən o zavallıları deyil, çox zaman qanmaz, nadan, millətin başına min oyun açan, ya da cəhalət, yekəbaşlıq nümunəsi olan adamcığazları düşünmüşük. Yazıq eşşəklər qalıb bir yanda, onlara verilən adları simvollaşdırmışıq. Ramiz bu mövzuya müraciətdə təzə deyil, "eşşək mövzusu" dünya ədəbiyyatından gələndir.

 

yolu var, məqsədi,

Bu eşşəyi kim göndərib?

qanır zəfəran nədi,

Bu eşşəyi kim göndərib?

Yox idimi arıqları,

Viran qoydu qoruqları,

Dalında da qoduqları,

Bu eşşəyi kim göndərib?

 

Bu Mirzə Ələkbər Sabir satirasından güc alan şeirdən sonra keçirəm Ramizin bir başqa şeirinə. "Mənə şeir yazdırır" şeirinə. O şeirin son bəndi belədir:

 

Hər misrada bir ah var,

Hər ahda bir günah var,

Başım üçtdə Allah var

Mənə şeir yazdırır...

 

Öz Allahına, Tanrısına inam onun şeirlərinin canına da hopub. Belə ki, Ramizin ən qəmli şeirində belə bir işıq var. Bu işıq heç zaman öləzimir, həmişə onu nikbin saxlayır. Mən bu yazıda Ramizin Qarabağ mövzusunda yazdığı neçə şeirini xatırlada bilərəm. Elə o şeirlərdə qəmlə bu qəmi, kədəri özündən uzaqlaşdıran nikbin bir ovqat görərsən.

Öncə dedim ki, Ramiz Qusarçaylı Qubada yaşayır. O, Azərbaycan Yazıçılar Birliyi Quba filialının sədridir. O bölgədə yaşayan yazarlara qayğı köməyini əsirgəmir. Hər ayın ikinci bazar günü Quba mədəniyyət evində "Ay işığı" ədəbi məclisinin toplanışı olur. Burada müxtəlif ədəbi nəsillərin nümayəndələri yeni şeirlərini oxuyur, bu şeirləri ya da kiminsə təzə kitabı çıxıbsa onu müzakirə edirlər. Çox canlı keçir bu toplanış mən bir neçə dəfə o məclisin qonağı olmuşam. "Ay işığı" ədəbi məclisində oxunan şeirlər, hekayələr, publisistik yazılardan ibarət bir neçə kitab da işıq üzü görüb.

Ramiz Qusarçaylıya bircə onu arzulayıram ki, həmişə bu iki misrasına sadiq qalsın:

Torpağa batıram dizimə qədər,

Şeir göyərdirəm kökümün üstə.

 

Vaqif YUSİFLİ

ədalət.-2012.-29 dekabr.-S.13.