Musiqi məktəbindən Dövlət Filarmoniyasına qədər...

 

Vokal sənətinin gənc ulduzlarından olan Fəxri Kazım-Nicat "Uşaqlıqdan Rəşid Behbudovun pərəstişkarı olmuşam" deyir

1985-ci ildə Gəncə şəhərində anadan olan Fəxri Kazım-Nicat peşəkar ifaçılıqla məşğul olan istedadlı gənclərimizdəndir. Hələ uşaqkən musiqiyə xüsusi həvəsi olan Fəxri hazırda da bu istiqamətdə yolunu uğurla davam etdirir. Tanınmış vokal ustadlarından dərs almış Fəxrinin səs tembri və çalarları onu dinləyənləri valeh etməyə bilməz.

"Özümü anadangəlmə müğənni hesab edirəm" deyən gənc fokalçı bu sahədə nümunəvi və sevilən musiqiçi olmaq üçün öz üzərində çox çalışır. İstedadlı gənclərimizi oxuculara tanıtmaq isə bizim borcumuzdur. Odur ki, gəlin onunla yaxından tanış olaq.

5 yaşından efirdən eşitdiyi musiqiləri ifa etməyə çalışdığını deyən Fəxri musiqi məktəbində təhsil alarkən xalq mahnılarına daha çox maraq göstərib. Lakin sonradan onun klassik musiqi ifaçısı kimi də potensialı üzə çıxarılıb: "Səsimin tembri və çalarları vokal sənətinə də yaxındır. Daxildən gələn istək də vokal janrına istiqamətlənməyimə şərait yaratdı. Uşaqlıqdan Rəşid Behbudovun pərəstişkarı olmuşam. "Üzüyümün qaşı" nı həvəslə ifa edirdim".

İlk musiqi təhsilini Gəncə şəhər 1 saylı musiqi məktəbində alıb. Xalq artisti Şahnaz Haşımovanın sinifində oxuyub: "Eyni zamanda İncəsənət musiqi məktəbində də oxuyurdum. Heydər Əliyev Universitetinin nəzdində vokal kafedrası yaranmışdı. Orada iki il tanınmış vokalist Sevinc İbrahimovadan dərs almışam. Bakıda Asəf Zeynallı adına musiqi kollecini estradavokal ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 2009-cu ildə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşam. Hazırda 3-cü kursdayam. OperaBalet Teatrında çalışmışam. Hazırda Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının da solistiyəm".

Fəxri Rəşid Behbudovdan sonra sənətinə pərəstiş etdiyi digər sənətkarların da adını çəkib. Yaxşı oxuyan hər bir ifaçını dinlədiyini deyən gənc musiqiçi peşəkarları dinlədikdə çox şey öyrənir: "Əbülfət Əliyev, Şövkət Məmmədovanın ifasını həmişə həvəslə dinləyirəm. Dünya musiqisində isə bu sırada Pavarottinin, Xose Karerasın, Mario Lançonun, Frank Senatranın adını çəkə bilərəm. Adını çəkdiyim sənətkarlar müxtəlif janrların ifaçısı olsa da hər halda öz sözlərini demiş musiqiçilərdir. Dinləmək vokalçını inkişaf etdirir. İz qoymaq üçün okeana baş vurmaq lazımdır".

Fəxri həm də "Azəri Star" musiqi yarışmasının iştirakçısı olub və həmin müsabiqədə 4-cü yerə sahib çıxıb: "2008-ci ildə bu müsabiqədə iştirak etmişəm. İlk seçim turunda estrada musiqisi ifa etdim. Münsiflər heyətinin tərkibinə Faiq Ağayev, Sənubər İsgəndərli, Elmira Şabanova, Eldar Mansurov daxil idi. Eldar Mansurov ifamı çox bəyəndi. Yeri gəlmişkən, onunla ilk tanışlığımız yarışmadan başladı. Ondan sonra Eldar müəllimin silsilə mahnılarını ifa etmişəm. 10 həftəlik iştirakımın nəticəsində sms səsverməsinə görə 4-cü yerin sahibi oldum. Münsiflər heyətindən ustad dərsləri aldım. Efir səhnəsində çıxış etməyi öyrəndim. Opera Balet teatrında və Filormaniyanın səhnəsində dəfələrlə çıxış etməyə baxmayaraq efirin özünün ayrıca davranış qaydaları var və mən də onlara yiyələndim".

O, eyni zamanda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solistidir və tez-tez orkestrlə birlikdə sərhəd bölgələrinə səfər edir: "2007-ci ildən burda fəaliyyət göstərirəm. Orkestrdə hərbi vətənpərvərlik, sərhədçilərin həyatından bəhs edən mahnılar ifa edirik. Tez-tez sərhəd bölgələrimizə səfərlər təşkil olunur. Axırıncı səfərimiz Lənkəran-Cəlilabad bölgəsinə oldu. Hərbi hissənin bütün bölmələrində konsert verdik. Bu orkestrdə çıxış etmək mənə ayrıca qürur verir. Vətənimizi qarış-qarış gəzirik".

Müsahibimiz efirdə az-az görünməsinin səbələrindən də danışıb. Gənc musiqiçi hesab edir ki, bu sahədən uzaq, təsadüfi adamların bayağı mahnılarla dinləyicilərin qarşısına çıxmasına yol vermək olmaz: "Dinləyicilərə Azərbaycanın klassik musiqilərini, görkəmli bəstəkarların mahnılarını təqdim etmək üçü ən yaxşı vasitə efirə çıxmaqdır. Özəl telekanallara çıxmağın şərtləri mənim iqtisadi imkanlarımla üst-üstə düşmür. Gözləntilərim əsasən İctimai Televiziyadandır. Bir dəfə ansamblla birgə İctimai Televiziyanın səhər proqramında çıxış etmişəm. Tək özümün ifa etməyim üçün də müraciət etmişəm. Ümid edirəm ki, yaxınlarda televiziyanın rəhbərliyi bu müraciətimi də dəyərləndirəcək. Hər halda gerçəklikdir ki, İctimai Televiziyada gənc istedadlara, gənc ifaçılara xüsusi şərait yaradılır və biz bunu efirdən də aydın şəkildə görürük. Bu kanalın milli musiqiyə, peşəkar ifaçılığa verdiyi qiymət də təqdirolunandır".

Fəxri hazırda dövlət tədbirlərində də fəal iştirak edir. Dövlət Mahnı və Rəqs Ansamblının 75 illiyinə hazırlaşdıqlarını deyən gənc ifaçı fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilmiş gənc ifaçıların konsertində də çıxış edib: "Bu yaxınlarda "Gəncliyin səsi" adlı albomum da işiq üzü görüb. Fevralın 10-da isə yenə Beynəlxalq Muğam Mərkəzində əməkdar artist Elnarə Kərimovanın bədii rəhbəri olduğu "Buta" Kamera Xorunun konsertində çıxış edəcəm. Mən həm də "Buta"nın solistiyəm".

Qarşıdakı planlarından danışan müsahibimiz gələcəkdə pedaqoq kimi də fəaliyyət göstərmək istədiyini deyib: "Planlarım çoxdur. Çalışıram ki, onların hamısını reallaşdıra bilim".

 

Günel Türksoy

Ədalət.-2012.-11 fevral.-S.24.