BƏNÖVŞƏ KOLLARIN DİBİNDƏ QALDI

 

Qənbər Şəmşiroğlunun "Bir də görüşərik..." kitabını oxuyarkən

Kitab çörək, havasu kimi hər birimizin gərəyidir. Kitabsız ev suyu sovulmuş dəyirmana bənzəyir. Bu qiymətli sərvətin yaradıcıları isə cəmiyyətin seçilmiş nümayəndələri hesab olunurlar. Əlbəttə, söhbət quru, mənasız söz yığınından yox, həqiqi, dəyərli əsərlərdən gedir. Belə kitabların müəllifləri də adi insanlar kimi doğulur, böyüyüb, boya-başa çatır, bir ömür yaşayır, lakin adi insanlardan fərqli olaraq, heç zaman ölmürlər. Yazıb-yaratdıqları əsərlərlə tarixin bir parçasına çevrilərək, zaman-zaman yaddaşlarda, ürəklərdə, idraklarda yaşayır, cəmiyyət həyatının istiqamətverici qüvvəsini təşkil edirlər.

   Haqqında söhbət açacağımız Qənbər Şəmşiroğlu belə müəlliflərdəndir. Onun bu yaxınlarda şair Füzuli Ramazanoğlunun tərtibçiliyi və redaktorluğu ilə işıq üzü görmüş "Bir də görüşərik..." şeirlər toplusunu vərəqləyirəm. Hansı şeirdən nümunə göstərim, hansı misranın üstündə dayanım, fərq etməz. Hər biri müəllifin mənalı həyatının bir məqamından, ovqatının bir anından nişanədir. Burda sevincvar, fərəh, iztirab, nisgil, ağrı-acı da... Müəllifin hər şeiri, hər misrası öz ləyaqətinin, əsl-nəcabətinin, onu bu vətənə, bu torpağa, bu qədəm-qayım soykökə bağlayan tellərin zərrələri, tərkib hissələri olduğu açıq-aşkar duyulur. Onun qələmə aldığı ən poetik, dərin mənalı nümunələr də, nisbətən zəif misralar da, sadəcə, özüdür - öz ruhu, öz dəst-xətti, öz üslubudur.

   Ürək illər boyu müxtəlif müəlliflərin müraciət etdiyi mövzudur. Hər bir yaradıcı insanın həyatında elə anlar olur ki, o, öz ürəyi ilə baş-başa qalıb, dərdləşir, bu mövzuya poetik don geydirib, kağıza köçürür. Qənbər müəllimin aşağıdakı sətirləri də ürəyi ilə söhbətinin özünəməxsusluğu ilə yadda qalır:

 

   Bədəndə bir güvəndiyim sən idin,

   Sən də ki, naxələf çıxdın, ürəyim.

   Dostu kədər aldı, düşmən sevindi,

   Məni yanı üstə yıxdın, ürəyim.

 

   Mövzu nə qədər müraciət edilmiş, təkrarlanmış, hətta deyərdim ki, çeynənmiş olsa belə, Q. Şəmşiroğlunun deyim tərzi bir o qədər orijinaldır, yenidir. Demək, əsas məsələ hansı mövzuda, nədən yazmaqda deyil, necə yazmaqdadır. Göstərilən nümunədə, diqqətli oxucu fərqinə varsa, görər ki, sözlərin düzülüşü necə yerli-yerindədir, üslub necə rəvandır, deyiliş nə qədər həlimdir. Müraciətin səmimiyyətinin içindəki şipşirin şikayət, hətta qınağın özü belə, kədərqarışıq sevginin incə ifadəsidir.

   Qənbər müəllim həyatın şirinliyi ilə bərabər, ağrı-acılarını da görmüş insandır. Bu şirinlik və ağrı-acılar onun real ömür fəlsəfəsi ilə sıx əlaqəlidir. Əslində, ömür karvanına Murov boyda el-oba dərdi şələləmiş bu tale yiyəsinin praktik fəaliyyəti emosional-iradi əhvalla bağlıdır. Bu bağlılıq onun həyatla nə dərəcədə tən gəldiyini kitab boyu açıq-aydın göstərir. Topluda rəng-rəng fikirlər cəmdir. Hər fikir bir görkəmdə, bir biçimdə məna əxz edir. Lakin ümumi qənaət yalnız bir meyar üzərində bədqərardır; Qənbər müəllim kitab boyu şair baxışlarını insan-zaman, eşq-aləm faktorlarına, müdrik vətəndaşlıq mövqeyinə yönəldib. Onun ədəbi-bədii mövqeyi obyektiv gerçəklikdə təzahür edir. Şəxsiyyət kimi sığışa bildiyi həyat çoxşaxəli zəka və hisslərlə doludur. Nəticə etibarı ilə, ömrünün tale yolunda yorulmaz, cəfakeş sarvan kimi irəliləyən müəllifin İNSAN obrazı yaranır.

   Müdriklərdən biri deyir ki, insan başdan-ayağa etirazdan, təəssüf hissindən ibarətdir. Qənbər Şəmşiroğlu kimi insanlarsa, təkcə başqalarına, ətraf aləmə, taleyə, həyata, dünyaya deyil, bütün bunlarla yanaşı, eyni dərəcədə özünə, öz elədiklərinə və eləmədiklərinə görə öz keçmişlərinə də etiraz edərək, təəssüflərini etiraf eləməyi bacarırlar. Bu duyğular xalq şairi Nəriman Həsənzadədə

 

   Cavanlıq nadanlıqdır,

   Qocalıq peşmanlıq

   - şəklində, Musa Yaqubda

   Eləmədiklərim yandırar məni,

 

   - deyə ifadə olunursa, Qənbər müəllimin yaradıcılığında aşağıdakı kimi qələmə alınır:

 

   Yaman uduzmuşuq, zaman keçibdir,

   Nə üçün yazmadıq bir-birə məktub.

   Qatdı başımızı zalım vəzifə,

   Yatdıq kölgəsində, - möhkəmcə tutub.

  

   Lakin müəllifin özünü qınamasına baxmayaraq, uzun müddət yüksək vəzifələrdə çalışsa da, bir çoxlarından fərqli olaraq, heç vaxt el-obadan uzaq düşməmişdir. Sözümə qüvvət üçün onu deyim ki, Qənbər müəllimin elə bizim Gədəbəydə raykom katibi, icrakom sədri işlədiyi illəri yaxşı xatırlayırıq. Gədəbəy camaatı bu günonu gözəl insan kimi yad edir, adını həmişə hörmətlə çəkirlər.

   Özünə, şəxsiyyətinə hörmət qoyan hər bir insan ömrün müəyyən bir pilləsindən dönüb arxaya baxaraq, özünə "mən kiməm?" sualı ünvanlayır. Və yaşadığı illəri, gördüyü işləri, vətən, xalq, el-oba üçün göstərdiyi xidmətləri saf-çürük edib, bu suala cavab tapmağa çalışır. Fikrimizcə, Q. Şəmşiroğlu yaşadığı ömrün ötən illərini vərəqlədikcə, bu sualın cavabını bol-bol tapa bilən insanlardandır. Bununla yanaşı, insanın kimliyini təsdiq edən amillərdən birionun hansı ocaqda dünyaya göz açıb, tərbiyə alıb, boya-başa çatması, həyatının təməl daşının hansı soykök üzərində qoyulmasıdır. Bu mənada da Qənbər müəllim xoşbəxt tale sahiblərindəndir. Çünki o, müqəddəs bir ocaqda doğulub. Babası Ağdabanlı Qurbanın, atası Dədə Şəmşirin öyüd-nəsihətləri ilə böyüyüb. Öz mənəviyyat yükünü bu elm, ürfan sahiblərinin kamalından götürüb. Onun yüksək insani keyfiyyətləri ilə yanaşı, bədii yaradıcılığında da bu təsir açıq-aşkar duyulmaqdadır. Müəllif müxtəlif şeir formalarına müraciət etsə də, yaradıcılığında qoşma janrı aparıcı mövqeyə malikdir. Bu da onun kökə, əslə-soya, ustad Dədə Şəmşir ocağına qırılmaz tellərlə bağlılığını, ənənəyə sadiqliyini bir daha təsdiq edir. Xüsusilə, Aşıq Şəmşir şeirləri ilə Q. Şəmşiroğlu şeirləri arasındakı mənəvi bağlılığı, ustad-şagird əlaqəsini bir neçə istiqamətdən təhlil etmək olar. Öncə qeyd edək ki, şifahi xalq ədəbiyyatının, xüsusən aşıq poeziyasının yazılı ədəbiyyata bir o qədər də xas olmayan şəhdi-şirəsi, dadı-duzu Qənbər müəllimin bütün yaradıcılığı boyu hiss edilir. Eyni zamanda, "Bir də görüşərik..." kitabında Azərbaycan koloriti güclüdür. Bu da, təbii ki, Dədə Şəmşir bulağından su içmiş şairin milli, bəşəri xarakteristikasından irəli gəlir. Kitab oxucusuna milli zəmin, xalq mənəviyyatı, yüksək ideallar aşılayır:

 

   Bülbül bilər qönçə gülün qədrini,

   Mən də yar qədrini bilərəm belə.

   Sədaqətli gözəlimin yolunda,

   Fərhadtək dağları dələrəm, belə!

  

   Müəllifin lirik, aşiqanə, istərsə də duzlu-məzəli, nəsihətamiz, aforizmlərlə dolu şeirləri kitabda özünə geniş yer alıb. Məsələn, "Dözümünü sübut eylə" ifadəsi prinsipcə mənəviyyat təcəssümünə dəlalət edir, oxucunu, bir növ, mübarizəyə səsləyir.

   Etiraf edək ki, Q. Şəmşiroğlu az təbliğ olunsa da, elə bu az-az rast gəldiyimiz şeirlərində fikri, idraki və həyati təsəvvürlər canlandıran, bədii məna və fəlsəfi-ictimai xarakterlər aşkarlayan şairlərdəndir. Bəlkə də, çoxları onun yaradıcılığında ədəbi həqiqətə yönələn mahiyyətə önəm verə bilməz. Amma səmimi deyək ki, həyatı boyalı şəkildə deyil, əsl həqiqətdə olduğu kimi göstərə bilmək yalnız onun kimi təvazökar şairlərə xasdır. Zənnimcə, bu müəyyənlik şairin yaradıcılığı üçün xarakterik olan dialektik əlaqə və qarşılıqlı asılılığın bir-birinə nisbətini yarada bilir.

   Bütün bunlarla yanaşı, qeyd etdiyimiz kimi, Qənbər müəllimin yaradıcılığına elə Aşıq Şəmşir üslubuna da xas olan və şifahi xalq ədəbiyyatının ən dərin qatlarından gələn hadisəyə və predmetə ironiyalı yanaşma tərzi vardır. O, kifayət qədər ciddi hadisəni belə, ciddi olduğu qədər də məzəli ifadə etməyə çalışır. Bu məzəliliyin içində həmin ciddiliyi qoruyub saxlamaq kimi istedad tələb edən cəhətlərə tələbkarlıqla yanaşır. Aşağıdakı sətirlərə diqqət etsək, bunu bir daha aydın görə bilərik:

 

   Bir aylıq səfərə çıxırdım deyə,

   Arvad hazırlayıb , yola saldı.

   Əlində görmədim, yalan deyim,

   Dalımca tullayıb daş, yola saldı.

 

   Baş açmadım məzhəbindən, dinindən,

   Astaca yeriyib, keçdim genindən.

   Qəzəbindən, hikkəsindən, kinindən

   Axıtdı gözündən yaş, yola saldı.

  

   Bəli, bu, qadın təbiətidir. Yenə müdriklərin çoxunun qənaətidir ki, qadın paklıq, ucalıq, gözəllik mücəssəməsi olduğu qədər ən mürəkkəb, anlaşılmaz, ziddiyyətli, bəzən taledən, həyatdan istədiyini heç özü aydınlaşdıra bilməyən məxluqdur. Odur ki, bu mürəkkəb məxluqla olduqca ehtiyatlı rəftar etmək lazımdır. Qadının qisas almaq fikrinə düşməsi, Qənbər müəllimin yarızarafat, yarıciddi təsvir etdiyi kimi, hikkəsindən, kinindən axıtdığı göz yaşı bəzən nəinki bir kişi, bir ailə, bir nəsil, hətta qüdrətli bir məmləkət üçün böyük təhlükə mənbəyinə çevrilir. Sözümüzə qüvvət üçün M. S. Ordubadinin "Qılınc qələm" romanındakı Qətibə obrazını xatırlasaq kifayət edər. Onu da qeyd edək ki, söz adamları - əsasən şair aşıqlar çox vaxt qadına replika atmağın azarkeşi olur, arvad haqqında şəbədəvari şeirlər qoşurlar. Qənbər Şəmşiroğlu yaradıcılığına da xas olan bu xüsusiyyət, fikrimizcə, aşıq şeirinin, eyni zamanda, Dədə Şəmşir poeziyasının ruhundan mayalanmışdır.

   Q. Şəmşiroğlu tanınmış bir şəxsiyyət olaraq, həm "Bir görüşərik..." kitabından da göründüyü kimi, vətənə, doğma el-obaya, yurd-yuvaya qəlbən, ruhən, bütün varlığı ilə bağlı mənəviyyat sahibidir. Vətənin hər bir guşəsi, hər ağacı, hər daşı ona eyni dərəcədə doğmadır, əzizdir. Ana yurdun təbiəti, gülü-çiçəyi sanki onun ürəyindən rişələnib, boy atıb:

 

   Məndən bənövşəni xəbər alan dost,

   Bənövşə kolların dibində qaldı.

   Turşsu dərəsində, Sarı güneydə,

   Elə öz kefində, dəbində qaldı.

 

   Bizə elə gəlir ki, Turşsuda, Sarı güneydə kolların dibində qalan təkcə boynubükük bənövşələr deyil, müəllifin ürəyi tər çiçəklərlə birlikdə doğma Kəlbəcərdə, o gözəl, unudulmaz çağlarda qalıb. Şair artıq ömrünün ixtiyar çağlarını yaşayır. bu yaşdan dönüb, arxaya boylananda görür ki, gəncliyinin ən şirin xatirəsi, ən əziz nişanəsi bir zaman dərib, pencəyinin cibinə qoyduğu, artıq quruyub, ovxalanmış sevgili bənövşələrdir. Odur ki, dodağında aşağıdakı sətirlər səyriyir:

   ...Mənim gəncliyimin nişanəsitək,

   Pencəyimin qoltuq cibində qaldı.

   Yeri gəlmişkən, onu da vurğulayaq ki, aşıq Qurbanidən üzü bəri bu utancaq çiçək haqqında yüzlərlə şeir yazılmışdır. Onların içində daha təsirliləri var, nisbətən zəif olanları da, hətta həddən artıq bir-birini təkrarlayanları da. Qənbər müəllimin "Qaldı" rədifli bənövşə şeiri isə bunların içindən orijinallığı, özünəməxsusluğu ilə seçilir, kənd adamını, dağ adamını xəyalən gəncliyinin əlçatmaz, ünyetməz çağlarına, doğma yurd-yuvanın acısı da şirindən-şirin olan xatirələrinə qaytarır.

   Q. Şəmşioğlu yaradıcılığı, onun poetik dünyası, eləcə "Bir görüşərik..." kitabı haqqında çox söz demək, çox təhlillər aparmaq olar. Lakin sadə bir münasibəti qələmə alanda buna ehtiyac duyulmur. Çünki, kitabdakı şeirlər geniş bir monoqrafiyanın mövzusudur. Bu isə ədəbiyyatşünasların işidir.

  

Polad Qasımov

Ədalət.-2012.-18 fevral.-S.17.