Xocalı faciəsində 1003 nəfəri əsirlikdən alan qəhrəmanın nağılı

 

Milli Qəhrəman Allahverdi Bağırovun ömrünü və ölümünü Lent.az-a yadigarları danışır

 

Qarabağ müharibəsi tarixində iki ad həmişə qoşa çəkilir. Allahverdi və Eldar Bağırov qardaşlarının adları. Bütün həyatlarını canlarından çox sevdikləri Qarabağ üçün əridən, yalnız ölümün 7 aylıq məsafə ilə bir-birindən ayırdığı qardaşlar... Sağlıqlarında Qarabağın müdafiəsi üçün əllərindən gələn və gəlməyən hər şeyi etdilər, ölümlərindən sonra da həm ruhları, həm ailələri eyni taleni yaşadılar. O zaman Azərbaycan Ali Sovetinin deputatı olan Eldar Bağırov müəmmalı şəkildə qətlə yetirildi. Deyilənə görə, onun cibində Qarabağın bir neçə erməni kəndinin Azərbaycan tərəfə keçməsi ilə bağlı siyahı var imiş... Lakin bu ölüm açılmamış qaldı. Onun ardınca Ağdamın müdafiəsini və Ağdam Xalq Cəbhəsinə sədrliyi öz öhdəsinə götürən Allahverdi Bağırov Xocalı faciəsi zamanı misilsiz qəhrəmanlıqlar göstərdi. Lakin onun da ölümündə müəmmalar olmamış deyil...

***

 

Yeddi qız övladından sonra dünyaya gəlmişdi Allahverdi. Buna görə də Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Lakin o bütün həyatını millətin payı olaraq yaşadı. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələri formalaşmağa başlayanda da belə idi, 1991-ci ildən Milli Ordunun ilk hissələri yaradılmağa başlayanda da. Həmin ilin oktyabr ayında Ağdamdakı hərbi hissələr Şirin Mirzəyevin, Allahverdi Bağırovun və Yaqub Rzayevin komandirliyi altında yaradıldı. Şirin Mirzəyevin komandir olduğu hissə 836 nömrəli, Allahverdi Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli, Yaqub Rzayevin rəhbərlik etdiyi hərbi hissə isə 863 nömrəli Ağdam Ərazi Özünümüdafiə taborları adlandırıldı.

Əvvəlcə yararsız ov tüfəngləri ilə silahlanan könüllülər az sonra Qarabağın müdafiəçilərinə çevrildilər.

"Allahverdinin qəhrəmanlığını bizdən çox xalqımızın bilməsi lazımdır. Xocalı faciəsi zamanı o, 1003 nəfəri əsirlikdən sağ aldı. Bu qədər adama həyat vermək nə demək idi? Azərbaycan tərəfi yalnız Allahverdinin səbəbinə Xocalı faciəsində öldürülənlərin meyitlərini çıxara bildi. Ermənilərlə danışıqlar aparmaq, don vurmuş meyitləri çıxarmaq, onları Ağdama gətirmək, dəfn etmək, yaslarını vermək, əsirlikdən qurtaranları yerləşdirmək... bütün bunlar bəlkə də Xocalı dəhşətlərini görməyən kimsə üçün asan görünər. Lakin on günlərlə meyit gözləyən insanlara kömək əlini yalnız Allahverdi uzadırdı. Hamısını öz vəsaiti hesabına eləyirdi. Ölənlərin dəfninə də köməklik eləyirdi. Ağdam məscidində həmin insanların yaxınları onlara verilən işgəncələri görməsinlər deyə meyitləri yuyub kəfənləyirdilər. Ermənilərlə danışıq aparırdı, gedirdi sərhədə. Bu, hər oğulun işi deyildi ki, ermənilərlə belə danışıq aparsın. Allahverdi çox ürəkli adam idi".

***

 

"Qonşumuzda 7 bacı var idi, ataları Kamal kişini əsirlikdən Allahverdi almışdı, o deyirdi ki, heç olmasa, qoy Allahverdinin ailəsinin qarşısında baş əyim. 70-80 yaşlarında kişi olardı, deyirdi ki, elə bilirəm, əsirlikdən alındığım gün mənim anadan olduğum, doğulduğum gündü. Belə qiymətləndirənlər də var, qiymətləndirməyənlər də. Bu, bizi o qədər də narahat eləmir. Mənim oz qəlbimdə, övladlarının qəlbində, çox insanların qəlbində Allahverdi ucalardan ucadır. Onun elədikləri hamının gözünün qarşısında olub. Xocalı faciəsi zamanı üç uşağı əsirlikdən almışdı. Analarını ermənilər girov götürmüşdülər. Onları xeyli saxladıq. Sonra uzaq qohumları gəldi, onlara təhvil verdi. Belə şeylər çox olub həyatımızda..."

Allahverdi Bağırovun həyat yoldaşı Validə xanım, qızları Aynur və Zümrüd xatırlayırlar...

"Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində 16 Milli Qəhrəmanın barelyefi qoyulub. Yenə də sağ olsunlar. Yada salınıb. Başqa yerlərdə adı yoxdur. Elə biz də istəyərdik ki, onun adı əbədiləşdirilsin. Qəbrini ziyarət eləyə bilmiriksə, heç olmasa adına bir küçə olsaydı, bir şəkil vurulsaydı, bu da bir təsəlli olardı. Yəqin, gələcəkdə Ağdam alınanda bu olacaq. Bu yaxınlarda bağça uşaqlarını Şəhidlər Xiyabanına aparmışdıq. Nəvəm Əli də mənimlə idi. Uşaq orda gül aldırdı, istəyirdi qoysun qəbirləri üstünə. O, məndən babasının qəbrinin yerini soruşdu. Mən də istəyərdim Şəhidlər Xiyabanında heç olmasa rəmzi qəbir olaydı. Heç olmasa əlimizdə olan çiçəyi aparıb üstünə qoymaqla təsəlli alardıq. Bir neçə dəfə məktub yazmışıq ki, yaşadığımız küçəyə onun adı verilsin. Nə isə hələlik bu məsələ alınmayıb.

Müharibə hələ bitməyib. Bəlkə gələcəkdə Vətən bütövlükdə təhlükədə olacaq. Bir gündə 5 kəndi alan, Qarabağı, Ağdamı əldə saxlayıb erməniyə verməyən insandan gənclərimiz nümunə götürməlidirlər.

***

 

Allahverdi həlak olanda qızlarımın 4-5 yaşı var idi. Mən 28 yaşımdan onları atasız böyüdürəm. Mən belə zülmə düşüb o uşaqları saxladım, Allahverdi də xalq, Vətən yolunda getdi. O yalnız ailəsi üçün yaşamadı. Heç biz də bunu ondan istəmədik. Onun öz əqidəsi var idi. Heç nəyə də ehtiyacı yox idi. Ağdamda ictimai iaşə birliyində işləyirdi. Restoran, tikinti kooperativləri, dükanları var idi. Əksinə, olanlarımızı könüllü əsgərlərə və Xocalıdan əsirlikdən gətirilənlərə yedizdirirdi.

Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını, qızlarını görəndən sonra özünə gələ bilmirdi. 9 yaşlı qız uşaqının başına nə oyun açmışdılarsa, gəlib evdə hönkür-hönkür ağladı. Bizə sarı da çönüb baxmırdı. O cür möhkəm adam, 2 metr boylu, idmançı... Mən hələ onun kövrəldiyini görməmişdim. Son iki ayda evə gələ bilmirdi. Başı qarışıq idi. Amma 5-10 dəqiqəlik də olsa, gəlib qızları ilə görüşüb gedirdi. Çox zaman mən sulu xörək bişirib göndərirdim ki, bir isti xörək yesinlər. Bunlar da ağlaşırdılar ki, "ay dədə, apar bizi, apar bizi". Eldarın ölümündən sonra saqqal saxlayırdı. Zarafatla çıxarıb saqqalından bir neçə tük verirdi qızlarına ki, "Alın yandırın, zaman istəsəniz, mən gələrəm. Simurq quşu kimi..." Amma bir gün qızları qədər çağırsalar da, o gəlmədi...

Allahverdinin yoxluğunu, təkliyimi daha çox qızlarımı gəlin köçürəndə, onları çırağın başına dolandıranda hiss etdim...

Uşaqlar artıq 5-6 yaşlı qızlar deyil, böyüyüblər. Aynur həkimdir, Qanköçürmə İnstitutunda işləyir. Zümrüd hüquqşünasdır. Sərhəd Qoşunlarında işləyir, gizirdir. O çətin günlər artıq gedib, Amma hər xatırlayanda ürəyim sıxılır, onları qədər çətinliklə böyütdüm. Çox şükür yenə ... 3 nəvəm var. Eldar Bağırovun da iki qızı var. Bu yaxınlarda onun da bir oğlan nəvəsi olub. Adını Eldar qoyublar.

***

 

Döyüş dostları danışırdılar ki, neçə dəfə deyirdik döyüşə ayaq üstə getmə. Avtomatı ata-ata ayaqüstə gedirdi, uzanmırdı. Qorxusuz adam idi, 92-ci ilin 12 iyununda Qurban bayramı günü həlak oldu. Həmin gün 5 kəndi almışdı, ratsiya ilə əmimə demişdi ki, "Bütün Azərbaycanın oğlanları, soyuq bulaqlardan su içib gəlirik, gəlin siz , döyüşə qatılın". Milli Qəhrəman adını 93-cü ildə Əbülfəz Elçibəy vermişdi. Amma "Qızıl ulduz" medalını bizə Heydər Əliyev təqdim elədi...

***

 

İyunun 12-də Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Naxçıvanik üzərinə hücuma keçdi. Cəmi bir saat kifayət elədi Naxçıvanikə Azərbaycan bayrağının sancılması üçün. Növbədə isə düşmən qüvvələri xeyli güclü olan Aranzəmin kəndi idi.

100 erməni meyiti 10 düşmən əsiri bahasına alındı Aranzəmin. Daha sonra isə Pircamal, Dəhraz, Təkir, Miri kəndləri ermənilərdən təmizləndi. Bu əməliyyatın başa çatması erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi 2 saat lazım oldu. Lakin bu döyüş Allahverdi Bağırovun son döyüşü oldu. Təcili üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü ilə birlikdə həlak oldu.

***

 

O vaxt Qarabağda həlak olanların çoxunu Bakıdakı Şəhidlər Xiyabanında dəfn edirdilər. Allahverdi həlak olanda da burdakı Şəhidlər Xiyabanında qəbir qazılmışdı. Lakin sonradan məsləhət bilindi ki, Eldarın da qəbri Ağdamdadır, onların hər ikisi Vətən yolunda şəhid olublar, qoy qəbirləri eyni torpaqda olsun. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edildi. Amma indi fikirləşirik ki, heç olmasa, birinin qəbri burda olaydı...

 

 

Ədalət.-2012.-25 fevral.-S.9.