Əhməd Cavadın 120 illik yubileyi qeyd olundu

 

    Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, görkəmli şair və tərcüməçi, repressiya qurbanı Əhməd Cavadın 120 illik yubileyi qeyd edilib.

   APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyin sədri, xalq yazıçısı Anar, xalq şairi Nəriman Həsənzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Türkiyə Cümhuriyyətindən gəlmiş Azər Elmas çıxış ediblər.

   Tədbirdə Əhməd Cavadın şeirləri və onun şeirlərinə bəstələnmiş "Can Azərbaycan" "Gəncədən gəlirəm yüküm xurmadır", "Çırpınırdı qara dəniz" mahnıları səsləndirilib. Yubiley mərasimində tanınmış sənət adamları şair haqqında danışıb, onun şeirlərindən parçalar oxunub, sözlərinə bəstələnmiş musiqilər səsləndirilib. Tədbirin aparıcısı millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov olub.

   Qeyd edək ki, Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. O, sovet-kommunist rejiminin repressiyasına məruz qalaraq 1937-ci ildə güllələnib.

 

 

   Ədalət.-2012.-6 iyun.- S.7.