Hacıqabul yeni inkişaf mərhələsində

 

  (əvvəli ötən sayımızda)

  

   Rayonun bütün ərazisi mavi qazla təmin ediləcək

  

   Hacıqabul rayonunda qış elə sərt keçməsə də payızın yağışı, qışın qarı elə soyuq deməkdir. Uzun illər odun-ocaq sarıdan korluq çəkən rayon sakinləri çox yaxın vaxtlarda bu qayğıdan tamam azad olacaqlar. Rayonun qaz təsərrüfatına 6 ildir başçılıq edən Hacıqabul Qaz İstismarı sahəsinin rəisi Elşən Rəhimov son vaxtlar gördükləri işlərdən həvəslə danışdı. Bildirdi ki, rayon mərkəzi artıq başdan-başa qazlaşdırılıb. Bu günə kimi Qarasu, Muğan, Rəncbər, Qubalıbaloğlan, Atbulaq, Qızılburun, Navahı kəndləri artıq bu təbii sərvətdən istifadə edir.

   Hətta rayondan 37 kilometr uzaqlıqda yerləşən, 7 para kənddən ibarət Udulu ərazisi qazlaşdırılıb. İyun ayında Pirsaat, Kolanı kəndləri, Navahı qəsəbəsi də mavi qaz ala biləcək.

   Bir sözləÜ çox yaxın vaxtlarda Hacıqabul rayonunun bütün ərazisinə qaz xətti çəkiləcək, insanlar istilik sarıdan əziyyət çəkməyəcəklər. Sahə rəisi onu da əlavə etdi ki, rayonun qazlaşdırılması ilə əlaqədar bu günə kimi 800 kilometr uzunluğunda müxtəlif diametrli polietilen boru çəkilmişdir. İstehlakçılara verilən mavi qazın dəyərinin toplanmasına da ciddi nəzarət edilir.

   Nə deyirik, kaş bütün evlərdə gur işıq, isti soba olsun.

 

   Söz işıqdan düşmüşkən

 

   Söz-sözü çəkər deyib ulularımız. Söz işıqdan düşmüşkən qeyd edək ki, rayonun elektriklə fasiləsiz təmin edilməsinə son vaxtlar xüsusi fikir verilir. Rayondakı abadlıq-quruculuq işləri ilə bərabər sosial-iqtisadi sahələrdəki uğurlarına görə rayon sakinləri icra hakimiyyətinin başçısı Əhməd Muxtarova xüsusi minnətdarlıq edirlər. Hacıqabulun elektrik enerjisinə də həssaslıqla yanaşan Əhməd müəllim bu təsərrüfatın daha çevik iş şəraitində fəaliyyət göstərməsinə nail olmuşdur.

   Bu ilin ilk aylarında rayondakı elektrik hava xətlərinin 5.8 kilometr məsafəsində təmir işləri aparılmışdır. Müxtəlif tutumlu 30 ədəd transformator da əsaslı təmir edilmişdir. Yeddisi isə yeniləri ilə əvəz olunmuşdur. Kollektiv çalışır ki, Hacıqabul şəhəri kimi rayonun bütün ərazisində fasiləsiz elektrik enerjisi olsun.

 

   "Yaxşı təhsil millətin gələcəyidir"

 

   Bu sözlərin müəllifi müasir Azərbaycanın qurucusu Heydər Əliyevdir. Həyatın bütün sahələrinə zərgər dəqiqliyi ilə diqqət verən Ulu Öndərin təhsil haqqında dediyi bu kəlamlar çox dəqiq, doğru və ibrətamizdir.

   Hacıqabul Təhsil şöbəsində uğurlarla bağlı söhbətdən həmişə yayınırlar. Çünki iddiaları daha böyük naliyyətlərdir. Ancaq bu sahədə də Hacıqabulda həyata keçirilən layihələr təqdirə layiqdir.

   Bu il Abdulabad kəndində 480 şagird, Şorbaçı kəndində 220, Xilə kəndində 80, Tağlı kəndində 80, Pirsaat qəsəbəsində 180, Qubalıbaloğlan kəndində 140 şagird üçün məktəb binası tikiləcək. Rəncbər kəndində 200 şagird üçün əlavə tədris korpusu inşa ediləcək. 320 şagirdin təhsil aldığı Navahı qəsəbəsindəki orta məktəb bu il əsaslı təmir olunacaq.

   Hacıqabul şəhərində fəaliyyət göstərən "Gündüz" uşaq bağçasının əsaslı təmir edilməsinə start verilmişdir. "Lalə" uşaq bağçası üçünsə yeni binanın inşa edilməsi planlaşdırılmışdır.

   İlin ilk aylarında Kolanı kənd orta məktəbi tam təmir edilmiş, 60 şagird üçün əlavə tədris korpusu tikilmişdir.

   Məktəblərin yeni invertar və avadanlıqla təmin edilməsi də, şagirdlərin daha yaxşı bilik almaları da rayon təhsil işçilərinin diqqətindədir. Təhsil şöbəsinin kollektivi bu auranı saxlamaq, genişləndirmək üçün yeni yollar axtarır.

 

    Sağlamlığı qoruyanlar - ağ xalatlılar

 

   Hacıqabul rayon Səhiyyə işçiləri bu günlər daha fəal işləməyə başlamışlar. Çünki isti yay günləri burda bir sıra yolxucu xəstəliklərin baş qaldırmasına səbəb olur.    

   Son vaxtlar Hacıqabul rayon səhiyyəsində də bir sıra uğurlara imza atılıb desək yanılmarıq. İndi Mərkəzi Rayon Xəstəxanası, Uşaq Sağlamlıq Mərkəzi daha müasir, daha şəraitli binalarda yerləşir. Yüksək peşə hazırlığı olan 59 həkim, 181 nəfər orta tibb işçisi Hacıqabul səhiyyəsini təmsil edir.

   15 çarpayılıq Udulu sahə xəstəxanası, 10 kənd həkim məntəqəsi, 12 tibb məntəqəsi də hacıqabullulara daim xidmət etməyə hazırdılar.

   Rayondakı 146 nəfər onkoloji xəstə, 780 nəfər diabetli xəstə daim həkimlərin nəzarəti və qayğıları altındadır. Hər biri 20 çarpayılıq cərrahiyyə, terapiya, doğum şöbələri olan Dəmir Yol Xəstəxanası da insanların sağlamlığı keşiyində dayanır.

   Rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayon ərazisində fəaliyyət göstərən yeyinti məhsulları istehsal edən müəssisələrdə, ictimai-iaşə obyektində sanitar nəzarətini havaların qızması ilə əlaqədar bir qədər də gücləndirmişdir.

   Hacıqabul rayonu müstəqil həyata qədəm qoymasından az keçməsinə baxmayaraq xeyli naliyyətlərə imza atmışdır. Yeni inkişaf mərhələsini yaşayan rayonda bu istiqamətdə aparılan işlər yaxın gələcəyin böyük uğurlarından xəbər verir.

 

 

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-8 iyun.-S.7.