İNKİŞAFIN AZƏRBAYCAN MODELİ

 

    Ağcabədi Avropa şəhərləri ilə müqayisə oluna bilər

 

    Bu gün həyatın inkişaf sürəti istər-istəməz bizi arxaya-dünənlə bu günün təmas nöqtəsini tapmağa, əlaqələrin tellərini yenidən yoxlamağa və bütövlükdə keçmişdən gələcəyə boylanmağa vadar edir. Biz dünəndən bu günə və sabaha baxdıqca təbii ki, dünəni təkcə dəyərləndirmirik, həm də dünənimizdə olanları yenidən saf-çürük edib hardan hara gəldiyimizi, inkişafımızı, uğurumuzu, çiçəklənən arzularımızı yada salmaqla özümüzə bir yeni dünya açır, onu daha da gözəl etmək üçün ruh yüksəkliyi ilə, inamla, ilhamla qurub yaradırıq... 

   Təbii ki, bizim 20 ildə keçdiyimiz yolun kifayət qədər çətinlikləri, problemləri olub. Bu çətinliklər və problemlər xüsusilə döyüş bölgəsinə yaxın ərazilərdə özünü göstəribdi. Bu da səbəbsiz deyil. Yəni cəbhə xəttinə yaxın ərazidə qurub-yaratmaq müəyyən məsələləri nəzərə almaqdan keçir. Burada düşmənin təxribatı, eləcə də qəfil hücum məqamları xüsusilə nəzərə alınır. Elə etmək, elə qərarları gerçəkləşdirmək lazım gəlir ki, bu, həm insanları ruhlandırsın, onları torpağa daha çox bağlasın, həm də düşmənin özünə də bütün mənalarda göz dağına çevrilsin, Azərbaycan vətəndaşı cəbhə xəttində yaşayıb-yaratmaqdan qürur duysun, düşmən isə bizim bütün sahələrdə qazandığımız nailiyyətləri özünün gələcək məğlubiyyətinin ilk və böyük zərbələri kimi qəbul etsin. Bax, bu mənada cəbhə xəttində yerləşən Ağcabədi rayonunun real durumu, real həyatı, real mənzərəsi kifayət qədər sevindirici və ümidvericidir. Həmin o göz oxşayan mənzərəni ifadə etmək, onu olduğu kimi oxucuya çatdırmaq üçün çəkinmədən, dayanıb gözləmədən həmin o inkişafın ünvanına, gözəlliyin tərənnümçüsünə doğru üz tuturam.

   Beyləqandan keçib Ağcabədi istiqamətində hərəkət etdiyim bu narahat yolun Ağcabədi sərhəddinə çatıram. Necə deyərlər, artıq rahat nəfəs almaq olar. Özü də təkcə yolun rahatlığına görə yox, həm də yol boyu salınmış yaşıllıqların, pöhrələnən tinglərin gözə, könülə gətirdiyi xoş əhval-ruhiyyəni də bu rahatlığa tərəddüdsüz əlavə edəndə adamın ovqatı necə deyərlər, əməlli-başlı durulur. Göz oxşayan səliqə- səhman açığını deyim ki, gözlərimi elə dincəldir ki, sanki qaranlıqdan işığa çıxır. Elə bu işığın ucundan tutub rayon mərkəzinə doğru irəliləyirəm. Ağcabədi şəhərinin girişindən içəri daxil olanda yolun sağ və sol tərəflərində sıralanmış sosial obyektlər, ticarət və yanacaqdoldurma mərkəzləri özünün gur lampaları ilə ətrafı əməlli-başlı süd rənginə boyayıb. Çayxanalardan birinin qarşısında maşından enirəm. Elə bu çayxananın girişindəki bir-birindən fərqli lampalar yadıma məşhur bir filmi salır. Həqiqətən də gözəl gecədir, həqiqətən filmdə deyildiyi kimi, mavi gecələrdi!!! Doğrudur, mən nə Parisdə, nə də Avropanın keçmiş SSRİ hüdudlarından kənardakı şəhərlərindən heç birində olmamışam. Amma fəhmlə Ağcabədinin bu mavi gecələrini ekrandan müşahidə etdiyim Parislə müqayisə etməyə çalışıram. Yadıma Badembadeni salıram. Ola bilsin ki, mənim bu müqayisəm kimlər üçünsə mübahisəli görünsün, amma dəxli yoxdur. Çünki yaxın onillikləri xatırlayanda mənim etdiyim müqayisə çox real və həqiqi görünür. Ən azı Ağcabədiyə tez-tez gedib-gələn bu bölgənin müstəqilliyimizin ilk illərindəki durumunu müşahidə edən bir vətəndaş kimi mən tam səmimiyyətimlə və əminliklə Ağcabədini Avropanın şəhərləri ilə müqayisəmdə özümü haqlı sayıram. Bu təkcə zahiri gözəllik deyil, bu həm də daxili bir inkişafın, tərəqqinin diqtəsidi. Yəni Ağcabədi kosmetik bir bəzənmə yaşamır. O, özü özünü bəzəyə-bəzəyə həm də iç dünyasının bəzəyini zənginləşdirir.

   Bir zamanlar bərbad yolları, acınacaqlı görkəmi ilə insanda nisgilli notlar yaradan bu şəhərin açılmış təzə güllər kimi göz, könül oxşaması məndə xatirələri təzələyir. Yaddaşıma üz tuturam və həmin o yaddaşın işığında sovet dönəminin son illərini, Ağcabədidəki daxili gərginliyi, ermənilərin Ağcabədi istiqamətindəki hücumlarını, bu şəhərə pənah gətirən soydaşlarımızın həyat şəraitini, bütövlükdə həmin o illərin ağrı-acısını kino lenti kimi seyr edir və öz-özümə pıçıldayıram:

   - Doğrudan da bugünkü Ağcabədi təkcə bölgə yox, rayon mərkəzi yox, həm də şəhərdi. Özü də inkişaf edən və çiçəklənən bir şəhər! Deməli, insan hər şeyə qadirdi. İstəyi, arzusu olsa, səhranı da, bərbad əraziləri də gülüstana çevirə bilər. Necə ki, bu gün Ağcabədi faktiki olaraq ölkənin baş şəhərləri ilə yarışa girib və bu yarışda da önə çıxmaq, seçilmək imkanı qazanıb. Təbii ki, bütün bunlar ağcabədililərin, bu torpağa bağlı insanların, xüsusilə bu bölgəyə canıyananlıqla, peşəkarlıqla, dövlətə və xalqa sədaqətlə, ən vacibi isə ölkə prezidenti cənab İlham Əliyevin tələb və tapşırıqlarını, etimadını yüksək səviyyədə doğruldan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun öz komandası ilə birlikdə yorulmadan gördüyü işlərin gerçək üzüdür. Bu gerçəklik Ağcabədinin daxilindəki ocağın alovlanması, işığın şölələnməsidir.

   Ağcabədidə gecə gəzintisi mənə xüsusilə zövq verir. Demək olar ki, bütün küçələr al-əlvan işıqlara bürünmüşdü. Şəhərin ən arxa planda olan küçələrində belə yollar rahat, işıqlı, səkilər təmirli, yol boyunca fəaliyyət göstərən obyektlər isə tikinti və arxitektura baxımından göz oxşayan və müasirg İnsan üçün fəaliyyət şəraiti nə qədər rahat olsa, onun ortaya qoyduğu nəticə də yüksək olar. Yəni əlinə-ayağına dolaşan, sənə problem yaradan olmasa, sən də öz işini könül rahatlığı ilə, özü də səmərəli bir şəkildə görə bilərsən. Bundan ailə də, ətraf da, cəmiyyət də faydalanar. Bax, elə Ağcabədidə həmsöhbət olduğum adi vətəndaşların dilindən eşitdiyim sözlərin böyük əksəriyyəti rayondakı işgüzar mühitlə, qarşılıqlı anlaşma ilə icra strukturlarının tələbkar və qərəzsiz fəaliyyəti ilə. Xüsusilə icra başçısı Şahin Məmmədovun adamları dinləmək, qayğı göstərmək, onların müsbət işlərini qiymətləndirmək peşəkarlığı da əldə edilən bütün uğurların səbəblərindən biri kimi dilə gətirilirdi. Bunu etiraf edən sadə adamlar bugünkü Ağcabədinin bütün inkişafını, nailiyyətlərini ölkə rəhbərlərinin və onun rayondakı təmsilçisinin əməyi ilə bağlayırdılar.

   Görülən işləri konkret faktlarla dilə gətirən və özünü Ağcabədi şəhərindəki məktəblərdən birinin müəllimi kimi təqdim edən həmsöhbətim mənim maraqlarımı bir az da cilaladı. Necə deyərlər, onun dedikləri mənim üçün həm konkret rəqəmlər və göstəricilər oldu, həm də reallığın təqdimatı.

   Həmsöhbətim bildirdi ki, bu gün Ağcabədidə görülən işlərin ümumi siyahısını kağıza köçürsək, rəqəmlər öz-özlüyündə sözünü deyə bilər. Özü də bu rəqəmlərin arasında nə pafos, nə də kosmetika dayanmır. Ən azı ona görə ki, bu gün deyilən, yazılan hər bir sözün, faktın arxasında gerçəklik dayanmayanda, o sabun köpüyü kimi dərhal əriyib gedir. Sevindirici haldır ki, Ağcabədi gerçəkliyi köklü-köməcli bir xan çinarı xatırladır. O çinarın qol-qanadı, budaqları isə görülən işlərdi. Bu mənada Ağcabədi rayonunda 2010-ci illə müqayisədə 2011-ci ildə orta aylıq əməkhaqqının 205,7 manat olması, 2729 yeni iş yerinin açılması artıq görülən işlərdən xəbər verir. Özü də açılan iş yerlərinin böyük əksəriyyəti mövsümü xarakter daşımır. Yəni işlə təmin edilmiş insanlar elə sahələrdə çalışırlar ki, bu sahələr kənd təsərrüfatı ilə, sənaye ilə bağlıdır və daimidir. Yəni 2011-ci ilin may ayının 6-da Ağcabədi şəhərində smeta dəyəri 10 milyon manatdan çox olan, sutkada istehsal gücü 20 tondan artıq və 7 çeşiddə məhsul istehsal edən Süd Emalı zavodu istifadəyə verilmişdi. Elə həmin gün istehsal gücü sutkada 250 ton, smeta dəyərə 40 milyon manat olmaqla 22 çeşiddə məhsul istehsal edən Ağcabədi Süd Məhsulları Kombinatı istifadəyə verilmişdi. Hər iki müəssisənin açılışında ölkə rəhbəri şəxsən iştirak etmiş və burada məlum olmuşdu ki, açılan müəssisələrdə 230 nəfərdən artıq insan işlə təmin olunub.

   Həmçinin Ağcabədidə 5000 ton tutumu olan Ağabəyli taxıl məhsullarının təmizlənməsi və saxlanması anbarı, Aşağı Avşar kəndində 1000 ton tutumu olan soyuducu anbarı, Hinarxı qəsəbəsində "Aqrolizinq" ASC, istehsal gücü 15 min ton olan Xocavənd kəndindəki Ət Kəsmə Kombinatı, Ağabəyli kəndində 3000 başlıq heyvandarlıq kompleksi, Rəcbərlər kəndində 5000 tonluq soyuducu anbarının tikintisi görülən işlərin adi bir siyahısı deyil. Çünki Ağcabədidə 205 çarpayılıq xəstəxana binasının, 4 mərtəbəli 36 mənzilli şəhid ailələri və Qarabağ əlilləri üçün binanın tikintisi, 14 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən 24,5 kilometrlik Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun əsaslı təmiri, Şahmat məktəbi, Muğam evi, qaçqınlar üçün 5 mərtəbəli on yaşayış binasının tikintisi, Heydər Əliyev parkının salınması, şəhid məzarlığının abadlaşdırılması Ağcabədinin inkişaf səviyyəsini göstərən faktlardır.

   Xatırlatmaq lazımdır ki, Ağcabədidə aparılan abadlıq işlərinin arxasında işıq, su, qaz, təmir-tikinti xüsusi yer tutur. Yəni insanların təkcə müəyyən problemləri deyil, bütövlükdə kompleks tədbirlər əsasında həyatının bütün sahələrinin yenidən qurulub müasir standartlar səviyyəsində inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Buna görə də kanalizasiya xətlərindən tutmuş, elektrik dirəklərinin təmiri, yenidən qurulması, müasirləşdirilməsi, yeni transformator ötürücülərinin ayrı-ayrı məhəllələrdə, kəndlərdə qurulması günün gerçəkliyidir.

   Bu gün Ağcabədidə hər kəsin içməli su, suvarma suları, elektrik, qaz təminatı ilə bağlı qarşılaşdığı problemlər ötən illərlə müqayisədə xeyli azalıbdır. Təbii ki, bir gündə və yaxud bir-iki ilin içərisində bütün çatışmazlıqları aradan qaldırmaq qeyri- mümkündür. Ən azı ona görə ki, Azərbaycanın bir güşəsi olan Ağcabədi cəbhə xəttində yerləşməklə yanaşı, burada da sıradan çıxan, zamanla uyğun gəlməyən və yaxud artıq öz ömrünü başa vuran qurğular, obyektlər, istehsal sahələri var. Bunlar yeniləri ilə əvəz olunur və yaxud da onlardan imtina edilib yeniləri tikilib qurulur. Həmçinin insanların tələbatı zamana görə, inkişaf edən dünyaya görə bir az da artır, bir az da müasirləşir. Təkcə təhsil, səhiyyə sahələrinə nəzər yetirsək, söylədiklərimizin bir gerçəklik olduğunu aydınca görmək olar. Əgər Ağcabədidə 2006-cı ildə ali məktəblərə 65 nəfər, 2010-cu ildə 173 nəfər qəbul olunmuşdusa, 2011-ci ildə isə bu rəqəm 196 nəfər olmuşdu. Deməli, hər il qəbul olunan şagirdlərin sayının artması təhsilin keyfiyyətinin yüksəldilməsindən xəbər verir. Ağcabədi idmançıları beynəlxalq yarışlarda 19 medal və diploma layiq görülmüş, elm, mədəniyyət sahəsində çalışan insanları öz yaradıcılıq uğurları ilə təkcə doğulduqları torpağı deyil, bütövlükdə Azərbaycanı şərəfləndirmişdilər. Burada bir məqamı da xatırladım ki, bu gün Ağcabədi rayonunun sakinləri könüllü olaraq ölkənin silahlı qüvvələrinə yardım fonduna 376 min 438 manat vəsait köçürmüşdülər. Necə deyərlər, düşmənlə üz-üzə yaşayan ağcabədililər bu xeyirxah təşəbbüsdən də geridə qalmayıblar.

   Bəli, bu gün bütün regionlarda yeni iş yerlərinin açılması istiqamətində müəyyən addımlar atılır. Bu işlərin görülməsində təşəbbüskarlıq missiyası daha çox rayon strukturlarının üzərinə düşür. Bu mənada Ağcabədidə təkcə dövlət sektorunun deyil, o cümlədən də kənd təsərrüfatı rayonu olan bu bölgə üçün xarakterik olan sahibkarlığın, fermer təsərrüfatının genişləndirilməsi üçün də müvafiq addımlar atılır. Məhz sahibkarlara göstərilən qayğının nəticəsidir ki, Ağcabədidə özəl sektor inkişaf edir, kənd təsərrüfatı məhsullarının istehsalı və çeşidi günbəgün çoxalır. Bu da öz növbəsində sakinlərin büdcəsinin artımına, onların maddi imkanlarının genişlənməsinə şərait yaradır. Bunu hiss etmək üçün rayondakı sosial-məişət obyektlərinə baş çəkməklə, rayonda fəaliyyət göstərən iş adamları, fermerlərlə həmsöhbət olmaq yəqin ki, kifayət edər. Mən Ağcabədidə olarkən millət vəkili, ağcabədililəri parlamentdə ləyaqətlə təmsil edən Tahir Rzayevlə də həmsöhbət oldum. Onun bir ziyalı, bir şair, bir ağcabədili kimi doğma yurdu haqqında söylədikləri, qazanılan uğurlardan fərəh duyduğunu aydınca hiss etdirirdi. Bu da təbiidir. Axı yaxşı iş, yüksək nəticə həmişə insanı üzüağ, başıuca edir. Elə Tahir müəllimin söylədikləri də xüsusi olaraq, rayon rəhbərliyinin sakinlərlə anlayışlı münasibəti ilə əlaqəli dedikləri məni öz təəssüratımda yanılmadığımı bir daha təsdiqlədi.

   Doğrudan da bu gün Ağcabədi özünün çiçəklənən, inkişaf edən və hər kəsə nümunə olacaq bir zamanını yaşayır. Bu zamanın davamlı və hər kəsə xoşbəxtlik gətirməsini biz də ürəkdən arzu edirik. İnanırıq ki, elə məhz belə də olacaqdır.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Yazı Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

Ədalət.-2012.-19 iyun.-S.6.