XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

 

(mövzu əsasında VI yazı)

 

Dünya standartları səviyyəsinə doğru...

Son illər ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yeniləşən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir.

Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayondarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür.

 

Ölkə rəhbərliyinin diqqət və qayğısı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfərlərində, bütün görüş və çıxışlarında sosial-iqtisadi inkişafın effektiv nəticələri kimi əhalinin sağlamlığına göstərilən qayğını xüsusi vurğulayır.

Sitat: "Mən çox şadam ki, həm bölgələrdə, həm Bakıda böyük, yeni, müasir səhiyyə ocaqları tikilir. Bu proses uğurla davam edir və davam edəcəkdir. Azərbaycanda səhiyyə sistemi dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıdır və qalxacaqdır..."

Sitat: "Gərək bu mərkəzlərdə, xəstəxanalarda yaxşı tibbi xidmət göstərilsin. Onun üçün həkimlərin həm peşəkarlığı yüksəlməlidir, həm də onlar öz biliklərini artırmalıdırlar. Eyni zamanda beynəlxalq əlaqələr də genişlənməlidir..."

 

Özəl sektorun yeni nailiyyətləri

 

Bu gün dünyanın bir çox ölkələrində özünə böyük inam və etibar qazanmış Bioloji Təbabət adlı müalicələr sistemi Azərbaycanda da özünü təsdiqləməkdədir. Dünya səhiyyəsinin son nailiyyətlərindən olan Bioloji təbabətin respublikamızda ilk tətbiqini isə özəl sektor həyata keçirib.

 

Azərbaycanda bioloji təbabətin inkişafı Elxan Yaqubovun adı ilə bağlıdır

 

Elxan Yaqubov. Artıq bu soy-ad respublikada və bir sıra xarici ölkələrdə çoxlarına tanışdır. Humanitar sahənin iş adamı olmaq heç də asan məsələ deyil. Ancaq Elxan Yaqubovun ciddi səyləri artıq öz bəhrəsini verməkdədir. Dövlət dəstəyinə və ölkədə aparılan yeniləşmə proseslərinə arxalanan iş adamı qarşısına qoyduğu məqsədə nail olmaqdadır. Azərbaycanda 2001-ci ildən tətbiqinə başlanılmış Bioloji təbabət müalicələr sistemi artıq daha geniş miqyas almaqdadır. Bakıda mərkəzi klinika fəaliyyətə başladıqdan sonra bioloji təbabətə ilkin maraqlar daha geniş tələbata çevrildi. Klinikanın yerlərdə də filiallarının yaradılması ideyaları gündəmə gəldi. Və bir neçə regionda buna hazırlıqlar başlandı. Şirvan bölgəsi üçün Göyçay şəhərində müasir üslublu klinika tikilib Qurtuluş günü ərəfəsində - 14 iyunda istifadəyə verildi. Açılışda iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Azərbaycan səhiyyəsinin son illər yüksək templə inkişaf etməsindən, Prezidentimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan söz açaraq qeyd etdi ki, bu gün belə bir səhiyyə müəssisəsinin tikilib istifadəyə verilməsi də ən gözəl bayram hədiyyəsidir. Rayon rəhbəri səhiyyənin müasirləşməsi və xalqın sağlamlığı məsələlərinin Ulu Öndərin ən böyük arzularından biri olduğunu da xatırlatdı.

 

Baş həkimin söylədikləri...

 

Göyçay Bioloji Təbabət Klinikasının baş həkimi Elçin Bilalov söhbətimiz zamanı bizə maraqlı məlumatlar verir:

- Siz də şahidi oldunuz ki, bu klinika ən müasir avadanlıqlarla təchiz edilib. Eyni zamanda burada çalışanların əksəriyyəti ixtisaslaşdırılmış tibb işçiləridir. Mən özüm dəfələrlə Almaniyada - bioloji təbabət elminin formalaşaraq həyata vəsiqə qazandığı ölkədə və başqa xarici ölkələrdə elmi-praktik tədbirlərdə olmuşam. Bioloji Təbabət Klinikasının təsisçi direktoru hörmətli Elxan Yaqubov bir mühüm məsələni həmişə ön plana çəkir.

Yaradılan klinikalarda şərait ən müasir səviyyədə olmaqla yanaşı, onun tibb personalı da zəngin bilik və bacarığa malik olmalıdır. Azərbaycanda 2001-ci ilə qədər bu cür mütəxəssislər çox az idi. Bioloji təbabət tibbin yeni sahəsi olduğundan Elxan müəllimin təşəbbüsü ilə ilkin olaraq Almaniyadan, eləcə də artıq bu sahədə müəyyən qədər formalaşmış Rusiyadan və Ukraynadan yüksək ixtisaslı mütəxəssislər Azərbaycana dəvət edildi, seminar keçirildi. Bununla yanaşı rəhbərlik bioloji təbabətin elmi prinsiplərini öz təcrübələrində tətbiq edən həkimləri xarici ölkələrdə təşkil olunan müxtəlif elmi-praktik kurslara göndərdi.

Nəticə olaraq artıq 2005-ci ildən Azərbaycanda öz kurslarımız təşkil olundu, bu sahəyə maraq göstərən tibb işçiləri üçün əlverişli şərait yarandı. Bütün bunlar Elxan müəllimin böyük təşkilatçılıq bacarığı, zəhməti və inamı hesabına başa gəldi və indi də bu istiqamətin nə qədər düzgün, perspektivli olduğu qazanılan nailiyyətlərin timsalında aydınca hiss edilir. Mən burada aparılan müalicələrdən geniş söhbət açmaq istəmirəm. Hər şey göz qabağındadır. Ən doğru və optimal analizlər, diaqnozlar, müalicə üsulları, ən səviyyəli tibbi xidmət kompleksləri... Eyni zamanda ən əsası xəstəliklərin antibiotik, kimyəvi və hormonal dərman preparatlarından istifadə etmədən müalicəsi. Yəni tam təbii - bioloji üsullarla...

Həqiqətən belədir. Bioloji Təbabət Klinikasına müraciət edənlər onun ecazkar müalicə üsullarından həm şəfa tapır, həm də burada çalışanlardan, xidmətin səviyyəsindən razılıq edirlər.

 

 

Məzahir ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2012.-19 iyun.-S.7.