Ramiz Novruz: ""Azdrama"dan monstr düzəldiblər..."

 

  "Əgər hansısa aktyor deyirsə ki..."

 

  Xalq artisti Ramiz Novruzun Milli.Az-a müsahibəsi

 

  Dosye: Əsli Lerikdən olan Ramiz Kəvvam oğlu Novruzov 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə, Adil İsgəndərovun kursuna daxil olub. 1978-ci ildə ali məktəbi bitirərək təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor fəaliyyətinə başlayaraq bir neçə fərqli rolda çıxış edib. 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Bu teatrın səhnəsində Nəvvab və İran şahzadəsi, Sisyanov və Kərbəlayi xan, Seyton, Edmund, Kreon, İbn Yəmin, Səlim bəy, Andranik və Nostradamus, Ələs bəy, Qaçaq Süleyman, Cəbrayıl və başqa rolları yaradıb. Kinomanlar və teletamaşa həvəskarları Ramiz Novruzu Həzi Aslanov, Dərbənd elçisi, Divan bəyi, musiqi müəllimi, Antoni, Kənan, Nihad və s. rollarından tanıyırlar. R.Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdı.

   - Söhbətimizə hələlik son işiniz olan "Yaşlı xanımın gəlişi" tamaşasındakı Alfred İll obrazınızdan başlayaq. Bu əsəri, nəinki, teatrın tarixi, sizin yaradıcılığınız üçün də yeni səhifə hesab etmək olar.

   - Əlbəttə, həm bu obrazı, həm də "Xanuma"dakı Knyazı yaradıcılığımda yeni və maraqlı səhifə hesab edirəm. Belə bir əsərdə oynamaq hər bir aktyorun arzusudur.

   - Tamaşada improvizələr, əlavələr kifayət qədərdi. Sizin nəzərinizdə İll kimdir?

   - Alfred İllin cavanlıq səhvi o şəhərin kişi sakinlərinin hər birinin başına gəlib. Sadəcə olaraq, İllin bəxti gətirmir. Klara Veşer şəhərin dirçəlməsi üçün pullarını əsirgəməyəcəyini deyəndə bütün şəhər əhalisi rəqs edir, İlldən başqa. Deməli, Klaranın, üzr istəyirəm, onu fahişəyə çevirən dünyanı fahişəxanaya çevirmək niyyətinin həyata keçməsinə kömək edirlər. Bu səhnəni ictimai baxışda oynasaq da, premyera nümayişlərində çıxarılmışdı, amma ola bilsin ki, yenidən daxil edilsin. Klaranın özü ilə tabut, qəfəsdə qara bəbir (Klara gəncliyində Alfredi "mənim qara bəbirim" deyə çağırırmış - red.) gətirməsi rejissor (Rövşən Almuradlı - red.) yozumunun əlavələridi. Tamaşanın alınması üçün aktyorlar da müəyyən yollar tapmalıdırlar. Məsələn, mənim qəhrəmanım Klaranın əlini öpəndə o, deyir ki, bu qolu protezdi. Qucaqlayanda Alfred soruşur ki, Klara, sənin hər yerin protezdi? Bax, belə "tormozlar"ı aktyor özü tapmalıdı.

   Nurəddinlə (Burqomistr rolunda çıxış edən xalq artisti Nurəddin Mehdixanlı - red.) söhbətimizdə onun kresloların yerini dəyişməyi, son səhnələrin birində şəhər həkimi İllə ölümcül iynə vuranda Alfredin içini çəkə-çəkə, qırıq-qırıq nəfəs alması da improvizədi. Pyesin ideyası odur ki, Alfred İlldən başqa bütün şəhər satılır. Bütün bu improvizələr, əlavələr bu ideyanı çatdırmağa müəyyən mənada kömək edir.

   - Tamaşaçıların hansı reaksiyasını gözləyirdiniz? Ehtimal edirdiniz ki, zaldakıların əksəriyyəti, özü də kişi tamaşaçılar Klara Veşerin intiqamını o cür sürəkli alqışlarla qarşılayacaqlar?

   - Alqışlar gözləmədiyim yerdə, İllin qətli baş verəndə getdi. Mən gözləyirdim ki, Alfred bəbir kimi keşişin qabağında əlləri üstə diz çökəndə olacaq. Amma göründüyü kimi, siz, məsələn, bu məqamı tutmusunuz, biz də belə tamaşaçıları nəzərə alırıq. O tamaşaya baxan bəzi tamaşaçılardan eşitmişəm ki, birinci hissə darıxdırıcı idi. Məəttəl qalmışam, hadisələrin bir-birinin ardınca inkişaf etdiyi hissə necə darıxdırıcı ola bilər? Deməli, həmin tamaşaçılar əvvəlcədən özlərini darıxmağa kökləyiblər.

   - Sözün düzü, mən də o ehtimalla gəlmişdim ki, əsas sözü dramaturq deyəcək, yaradıcı heyət isə onun səsinə səs verməyəcək. Amma çox şad oldum ki, ehtimalım bu dəfə doğrulmadı.

   - Tamaşalarımıza gələndə xəbər verin ki, bir az da mobil oynayaq.

   - Ramiz Novruzun özünü növbəti dəfə dramaturq kimi sınaması üçün nə tələb olunur?

   - O vaxt mən "Hələ "sevirəm" deməmişdilər"i yazanda münbit şərait var idi. Qarabağ mövzusunda dram əsərləri az yazılırdı, arabir yazılanlar isə təsirli deyildi... Ona görə bu pyes yerinə və vaxtına düşdü. Həmkarlarım da, məsələn, rəhmətlik Mikayıl Mirzə təqdir edib ruhlandırmışdılar. Hələlik üzə çıxarmadığım bir-iki pyes var. Bir siyasi qrotesk yazmışam, baxıram ki, orda daha çox ağlım mənə təkan verib, nəinki, ilham, ilham bir az azalıb. Amma gərək bu pyesin üzərində bir az da işləyib axıra çatdırım. İstəyirəm ki, şəxsi həqiqəti Vətən həqiqətindən üstün tutanlara sözümü deyim.

   - "Azdrama"da çalışdığınız illər ərzində teatra ən müxtəlif şəxslər rəhbərlik ediblər. Teatr isə elə yerdir ki, rəhbərliyin şəxsiyyəti mütləq öz rolunu oynayır.

   - Teatr tamaşaçını bir addım qabaqlamalıdı. Bizim teatrda islahatların başlaması ilə ətalət yox oldu. İndi üç aya yeddi-səkkiz tamaşa hazırlanır. Əvvəllər belə tempi təsəvvür etmək çətin idi. Ən əsası isə "Azdrama" Azərbaycanda qapanıb qalmaqdan qurtuldu. "Xəcalət" tamaşası ilə Yaltada, Belqradda, Kişinyovda çox böyük uğurla çıxış etdik. Hətta bu tamaşaya görə müxtəlif nominasiyalar üzrə mükafatlar almasaydıq, teatrşünaslar Azərbaycan teatr sənətini, aktyorluq məktəbini yüksək qiymətləndirməsəydilər belə, Azərbaycanın taleyüklü problemlərindən bəhs edən tamaşanın əcnəbilər tərəfindən maraqla baxılmasının özü uğur deməkdi. Doğrudu, islahatlar insan amili ilə bağlı olduğu üçün bir az dayandı. Bir də teatrın öz tamaşaçı auditoriyası formalaşıb, bu çox vacib nailiyyətdi. Bəzi adamlar hərdən deyirlər ki, zal tam dolmamışdı. Məgər teatr sirkdi, nədi ki, bütün oturacaqlar tutulsun? Vaxtaşırı repertuardakı yeniliklərdən xəbər tutan üç yüz nəfər daimi tamaşaçımız var. Bu, teatr üçün kiçik rəqəm deyil.

   - İslahatların fonunda intriqalar, dedi-qodular da vaxtaşırı özünü göstərir.

   - Vallah, "Azdrama"dan monstr düzəldiblər..

   - Yəqin əsas teatr olduğuna görədi. Hətta bir müddət əvvəl sizinlə Nurəddin Mehdixanlının arasını vurmaq istəyənlər də tapılmışdı. Çox xoşagəlməz hal idi.

   - Bəli, çox xoşagəlməz hal idi. Bu məsələ artıq bağlanıb, mən bir də buna qayıtmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, bizim indi dost itirən vaxtımız deyil - Nurəddinlə isə otuz beş ilin dostuyuq. Bundan əlavə, onun kimi tərəf-müqabillərinə hər addımda rast gəlmir.

   Bizim teatr haqqında doğurdan söz-söhbət çox yayılıb. İndiyə qədər danışırlar ki, o vaxt kimsə Hökümə Qurbanovanın paltarının ətəyini qayçılayıb. Mən şəxsən buna inanmıram. Teatra gəldiyim ilk vaxtlardan indiyə qədər ancaq yaxşı münasibətlə qarşılaşmışam, ustadlardan həmişə xeyir-dua almışam. Hardasa düz deyirsiniz, intriqalar, dedi-qodular yox deyil. Qəribə qısqanclıq əmələ gəlib - məsələn, Bəsti xanımı tərifləyirsən, başqa bir aktrisa səndən inciyir. Tərəf-müqabili kimi Bəsti xanımın, Firəngiz xanımın... doğrudan da əvəzi yoxdu.

   Amma dəyişikliklərin yaxşı tərəfindən danışmaq daha xoşdur. Məncə, xüsusən indi gənclərin gileylənməyə, yaşlı nəslin onların potensiallarının açılmasına mane olduqlarını demələrinə heç bir əsas yoxdu. Çünki meydan yaradılıb, özünü göstərə bilən göstərəcək. Görün, bizə başqa teatrlardan nə qədər rejissor, aktyor dəvət olunur! Getdikcə bu sənətə münasibət lap yaxşı tərəfə dəyişəcək. Aktyor olmaq istəyənlərə deməyəcəklər ki, neynirsən aktyor olub, onlar qəpik-quruş qazanırlar. Akyorluğun çörəkli sənət olması fikri yaranmalıdı. Amma əgər görürsən ki, bura sənin yerin deyil, gərək vaxtında özünə uyğun sahə seçəsən. O dərəcəyə çatdırmaq lazım deyil ki, ömrünün yarısını bu işə sərf edəsən, axırda da heç qonşularının da sənin aktyor olmağından xəbərləri olmasın. 

   - Yaxın gələcəkdə tamaşaçılarınızla hansı rolda görüşməyə hazırlaşırsınız?

   - Hətta bir neçə rolda. Ehtimal var ki, "Napoleon və Jozefina" əsərində Napoleon rolunda, "İblis"də İblis obrazında çıxış edəcəm. Teatrın rəhbərliyinin bir qədər uzaq planlarında "Kral Lir"lə, "Maqbet" də var.

   - Bəs, böyük kinoda?

   - Böyük kinoda yeni filmin çəkilməsinə aparan yol çoxmərhələli olduğu üçün konkret söz deyə bilməyəcəm. Rövşən Almuradlı ilə bir kinoideyamız var, İsmayıl Şıxlının "Ölən dünyam" romanını ekranlaşdırmaq istəyirik. Belə. Deyir, aktyorun ürəyi oynamadığı rolların qəbiristanlığıdı...

   - Sizin ürəyinizdə çoxdu belə rollar?

   - Yox, o qədər də çox deyil. Düzdü, yaş ötdükcə bir çox personajlardan əlini üzməli olursan. Amma məsələn, Romeonu oynamaq arzum heç vaxt olmayıb. Əgər hansısa aktyor deyirsə ki, arzusunda olduğu rol qalmayıb, bu, qəribə düşüncədi. Deməli, onun ya klassiklərin əsərlərindən xəbəri yoxdu, ya da...

   - Ya da özünü sındırmır.

   - Bəli, ya da özünü sındırmır. Mənim ən çox sevdiyim rol Məmmədhəsən əmidi.

 

 

  Ədalət.-2012.-22 iyun.-S.7.