"ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN XAN ÇİNARI"

 

Sabiq "Ədalət"çi Məhəmmədəli Mustafaya məktub

 

Qarşımda bir kitab var. Çox nəfis şəkildə çap olunub. Kitabın üz qabığındaki nəhəng xan çinarın fonunda işığa bürünmüş işıqlı bir fotoportret də yerləşdirilib. Bu portret fotonun sahibini Azərbaycanda demək olar ki, uşaqdan böyüyə hər kəs tanıyır. Xüsusi ilə söz, ədəbiyyat adamları bu insanın dəyərini yaxşı bilir.

   Elə bu dünyanın dəyərli adamı olan akademik Bəkir Nəbiyev haqqında olan kitabı gözdən keçirdikcə mən yaddaşımda onun işıqlı xatirələrini təzələyirəm, Onun müxtəlif tədbirlərdəki çıxışlarını, xoşməramlı təşəbbüslərini, iradlarını, təkliflərini özüm üçün təzələyirəm. Təbii ki, bütün bunların da əsas səbəbkarı, qarşımdakı kitab, daha doğrusu onun müəllifi Məhəmmədəli Mustafayevdir.

   Öncə müəllif barəsində. Yəqin ki, "Ədalət"in diqqətli, dəyərli oxucuları Məhəmmədəli Mustafa imzasını unutmayıblar. Uzun illər bizimlə çiyin-çiyinə "Ədalət"də yol gedən və özünün yazıları ilə, xarakteri ilə diqqəti çəkən Məhəmmədəli Mustafa mətbuatımızda öz yerini müəyyənləşdirə bildi. Və hətta onunla bağlı xatirələr dilə gələndə hər kəsin üzünə bir təbəssüm də qonur. Bu mənada keçmiş həmkarımın, yoldaşımın mənə doğma olan bir insanın belə bir sanballı kitabının işıq üzü görməsi hamımızı sevindirdi. Hələ onun "Ədalət"dəki günlərində "Alim" deyə müraciət etdiyimiz Məhəmmədəli Mustafayev bir neçə il bundan öncə bizim ona verdiyimiz qeyri-rəsmi titulu gercəkləşdirmək üçün öz elmi yaradıcılığının səhifələrini vərəqləməyə getdi. Çünki filologiya elmləri namizədi olan Məhəmmədli Mustafayev özünün əsas sahəsini çoxdan müəyyənləşdirmişdi. O, Pedaqoji Universitetin filologiya fakültəsini bitirmişdi, kənddə müəllim işləmişdi, sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdu. Qəzetdə çalışdığı zamanlarda da elmi araşdırmalarını davam etdirir, doktorluq dissertasiyası üzərində işləyirdi. 

   Bu gün bir vaxtlar aspirantı olduğu institutda aparıcı elmi işçi vəzifəsində çalışan Məhəmmədəli Mustafayev çoxlu sayda məqalələrin, monoqrafiyaların, elmi - nəzəri yazıların müəllifidir. Bax elə onun mənə təqdim etdiyi bu kitabı da Məhəmmədəli müəllimin çalışdığı institutun xeyir-duası, AMEA-nın müxbir üzvü, elm xadimi Nizami Cəfərovun redaktorluğu, AMEA-nin müxbir üzvü Teymur Kərimli, elmlər doktoru Məhərrəm Qasımlı, elmlər doktoru Nizaməddin Şəmsizadənin məsləhətçiliyi ilə işıq üzü görüb. Mərhum akademik Bəkir Nəbiyevə həsr edilmiş bu monoqrafiya bir neçə fəsildən ibarətdir. 

   Kitaba ön söz yazmış professor Nizami Cəfərov vurğulayır ki, Məhəmmədəli Mustafayev çox dəyərli bir görüb. "Onun bu monoqrafiyasında Bəkir Nəbiyevin elmi irsi həmişə dinamik inkişaf prosesində verilir". Yəni buradan da aydın olur ki, müəllif bu monoqrafiyasında görkəmli alimin həyat yolunu, alim ömrünü zaman-zaman izləyir, onun müəyyən şəcərəsini, yaşadığı mərhumiyyətləri, ona qarşı edilmiş ədalətsizlikləri bir publisist, bir araşdırmaçı qələmi ilə oxucuya çatdırır.

   Şəxsən mən görkəmli alimimizin həyat yolu barəsində bilmədiyim çox şeyləri bu kitabda mütaliə etdim və gördüm ki, Bəkir müəllim son dərəcə gərgin əmək, yuxusuz gecələr, haqsızlıqlara qarşı dözümlülük və mübarizə aparmaq hesabına bu gün sahibi olduğu ucalığa yüksələ bilibdir. Məhəmmədəli Mustafayevin kitabın adı ilə bağlı açıqlaması da maraqlıdır. Müəllif vurğulayır ki, görkəmli alimimiz xalq şairi Məmməd Arazı "Poeziyamızın xan çinarı" adlandırıb. Məhəmmədəli Mustafayev də həmin prizmadan çıxış edərək Bəkir müəllimi "Ədəbiyyatşünaslığımızın xan çinarı" kimi qiymətləndirib. Zənnimcə müəllifin bu paralel axtarışı çox uğurludu. Çünki Məmməd Arazın Azərbaycan sözündə, Azərbaycan poeziyasında danılmaz yeri kimi Bəkir Nəbiyevin də ədəbiyyatşünaslığımızda, ədəbi tənqidimizdə, bu sahənin inkişafında yeri mübaliğəsizdi, danılmazdı.

   Böyük oxucu ictimaiyyəti üçün nəzərdə tutulan bu monoqrafiya əslində ədəbiyyatşünaslıqla maraqlanan, məşğul olan hər kəs üçün də dəyərlidi.

   Çünki bu kitabda müəllif Bəkir Nəbiyevin Azərbaycanın müxtəlif simaları ilə bağlı araşdırmaları, onlara münasibətdə verdiyi qiymət də bir xətt kimi keçir və aydın olur ki, Bəkir Nəbiyev klassiklərimizlə yanaşı, çağdaş ədəbiyyatımızın nümayəndələrinə qarşı da həmişə diqqətli olub. Onun araşdırmaları, ortaya qoyduğu ədəbi düşüncə bütün zamanlar üçün keçərlidi.

   Məhəmmədəli Mustafayevin bu kitabı ədəbiyyatla maraqlanan bir oxucu kimi mənim üçün yaxşı bir vəsaitdir. Düşünürəm ki, obrazlı desək ""Ədalət"in şinelindən çıxan" Məhəmmədəli Mustafayevin elmi uğurları bundan sonra da davamlı olacaq və biz onun yaradıcılıq nailiyyətləri ilə qürur duyacağıq.

 

 

  Əbülfət MƏDƏTOĞLU

 

  Ədalət.-2012.-1 iyun.-S.4.