Şirvan şəhəri 2011-ci ilə yekun vurdu

 

  Yığıncaqdan qeydlər

 

  Çoxumuz deməsək də etiraf etməliyik ki, yığıncaqlar, iclaslar rəsmi tədbir olduğundan çox zaman belə məclislərin iştirakında sərbəst olmaq bir qədər absurddu. 1963-ci ildə Əli Bayramlı şəhəri statusu alan, 7 may 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə Şirvan şəhəri adlandırılan, haqqında danışacağımız bu sənaye ocağında bu ilin 17 fevralında keçirilən hesabat yığıncağı xeyli səmimi xarakter daşıdığı üçün necə yekunlaşdığını bəlkə də heç kəs hiss etmədi.

   Əslində yığıncaqların belə keçirilməsi yaxşıdır çünki, əvvələn bu şəhərdə hansı işlərin görüldüyü, hansı qayğıların yaşandığı demək olar ki, hamıya məlumdur. Sonra da səmimiyyətə söykənən belə yığıncaqlarda insanlar daha sərbəst olmaqla fikirlərini, düşüncələrini də ifadə etməkdən çəkinmirlər. Hesabat arxada qalan bir ildə qazanılan uğurlara diqqət çəkməklə bərabər həm də, qarşıdakı illərdə qayğıların, problemlərin həllində daha fəal iştirak etmək məsuliyyətidir.

   Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Talıb oğlu Camalov həm də səmimi dialoq əsasında qurduğu hesabatında uğurlardan daha çox danışdı. Çünki, Prezident Aparatının məsul işçisi Habil Əzənmədovun da iştirak etdiyi hesabat yığıncağında söhbət arxada qalan 2011-ci ildə ictimai-siyasi və sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən gedirdi.

 

   Şəhər iqtisadiyyatı rəqəmlərin dili ilə

 

   Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun məruzəsindən məlum oldu ki, 2011-ci ildə şəhərdə istehsal olunmuş məhsul və xidmətlərin həcmi 2010-cu illə müqayisədə real qiymətlərlə 22.7 faiz artaraq 366.2 milyon manata çatmışdır. Bu sənaye şəhərində istehsal edilən sənaye məhsullarının həcmi də xeyli artaraq 304.5 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 70.5 milyon manat çoxdur. Haqqında danışılan sahədə istehsal edilmiş məhsulun 30 faizi dövlət, 70 faizi isə qeyri-dövlət müəssisələri tərəfindən istehsal edilmişdir.

   Hər gün simasını dəyişən Şirvan şəhərində tikinti işlərinin sürəti azalmamışdır. 2011-ci ildə bu sahədə aparılan işlərin həcmi 2010 -cu ildəkindən 2.2 dəfə çox olmaqla 16.7 milyon manata çatmışdır.

   Şakinlərin sosial-iqtisadi vəziyyətləri yaxşılaşdığı üçün onlar şəxsi vəsaitləri hesabına 3 milyon manatlıq tikinti işləri aparmışlar. Fərdi yaşayış evlərinin ümumi sahəsi orta hesabla 40 min kvadrat metrə çatdırılmışdır. Şəhər nəqliyyatında çalışan hüquqi və fiziki şəxslər tərəfindən 2011-ci ildə 434 min ton yük, 1.8 milyon nəfər sərnişin daşımışdır. Yeni əvvəlki illə müqayisə aparılsa bu, 10-12 faiz artım deməkdir.

   Şəhərdə fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki " Telemexanika", "Araz" zavodlarında işlərin miqyası xeyli genişləndirilmişdir. "Telemexanika" zavodunda proqnozlaşdırılmış plan 100 faiz yerinə yetirilmiş,4 yeni növ məhsul istehsalına başlanmış, nəticədə 56 yeni iş yeri yaranmışdır. Yaxın gələcəkdə "Araz" zavodunda da 4 yeni istehsal sahəsi istifadəyə veriləcək.

   "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" daxilində Şirvan şəhərində bir sıra layihələrin həyata keçirilməsi uğurla davam etdirilmişdir. Hesabat ilində məhəllələrə 16 kilometrdən çox asfalt örtüyü vurulmuşdur.

 

   Xidmət sahələri sakinlərin xidmətində

 

   Yəqin ki, Respublika əhalisi bu ilin fevralındakı qarlı-şaxtalı hava şəraitini uzun müddət unutmayacaqlar. Qeyri-sabit hava şəraiti bir çox bölgələrdə çox ciddi fəsadlar törətsə də Şirvan şəhərində qaz və işıq problemləri yaşanmamışdır.

   Məruzəçi də bu sahədəki uğurlu işlərdən danışaraq bildirdi ki, təbii qazla şəhər əhalisini daim təmin etmək üçün "Azəriqaz" QSC tərəfindən 77.4 min p/metr müxtəlif diametrli qaz xətləri, Hacıqabul AQRS-dən sakinlər üçün 7.5 min p/ metr orta təzyiqli qaz kəməri çəkilmişdir. Şəhərin Bayramlı qəsəbəsini qazla təmin etmək üçün Kür çayının altından 245 metr uzunluğunda qaz borusu keçirilmişdir.

   "Şirvan Regional Elektrik Şəbəkəsi" MMC öz işlərini günün tələbləri səviyyəsində qurduğundan heç bir fasiləyə yol verməmişdir. Qarlı qış günlərində Şirvan şəhəri bir gün belə elektrik enerjisiz qalmamışdır. Əhaliyə satılan enerjinin də dəyəri 108.7 faiz ödənilmişdir.

   Şirvan şəhərini, eləcə də regionu elektrik enerjisi ilə daim və daha səmərəli təmin etmək üçün şəhərin M.Aydınov küçəsində Sənaye və Energetika Nazirliyinin sifarişi ilə "Dövlət Enerji Nəzarət" idarəsinin Şirvan Regional Sektorunun 2 mərtəbəli binası inşa edilmişdir.

   2011-ci ildə şəhərin yaşayış massivlərində 4 yeni və nümunəvi məhəllələrdəki sosial-tikililər də elektriklə təchiz edilməklə meydançalar sakinlərin istirahət yerinə çevrilmişdir.

  

   (ardı gələn sayımızda)

 

 

  Səxavət Məmmədli,

  Azərbaycan Respublikasının

  Prezidenti yanında kütləvi informasiya

  vasitələrinin inkişafına dövlət dəstəyi fondunun

  maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-1 mart.-S.7.