ALLAHA APARMAYAN YOL-YOLSUZLUQ (N.ƏBDÜLRƏHMANLININ "YOLSUZ" ROMANI HAQQINDA)

 

   Eyni ədəbi nəslə mənsub sənətkarların bənzərsizliyi bir də ondadır ki, gerçəkliyi ən müxtəlif tərəflərdən təsvir edirlər, biri digərini təkrar etmir, hətta eyni mövzudan yazanda da müxtəlifliyin çox mükəmməl birliyini yaradırlar...

   80-cilər ədəbi nəslinə mənsub olan Nəriman Əbdülrəhmanlı həmin nəslin simasını müəyyən edən nasirlərdəndir. Onun qəhrəmanlarının əksəriyyəti dönəlgəsi dönən, bəxtsiz, yalqız adamlardır. Bu ədəbi qəhrəmanlar sırasına bu dəfə yolsuzlar əlavə olundu: "...hər kəs öz yolunu-izini tapmağa çalışır, getdiyi YOLun düzgünlüyünə inanır, amma çoxları bütün YOLların O-na apardığını dərk eləmir, daha doğrusu, son məqamacan hara getdiyindən xəbəri olmur, bunu da ömür adlandırır..."

   Görkəmli dilçi alim, professor Tofiq Hacıyev yazır: "Sənətkarın varlığı, həqiqətə münasibəti və bu münasibətin fəallıq dərəcəsi onun üslubu ilə müəyyənləşir. Üslubun yaranmasını həyati zərurət şərtləndirir; bu zərurəti gerçəkləşdirənsə yazıçının öz şəxsiyyətidir. Bu üslubun məzmununu həyat özü diktə edir. Onun formasının müəyyənləşməsində, məzmun tərəfilə forma tərəfinin vəhdətə salınmasında isə başlıca faktor yazıçıdır". (T.Hacıyev "Molla Nəsrəddin"in dili və üslubu. Bakı, "Yazıçı", 1983, səh.5) 

   Görkəmli alimin bu fikirləri N.Əbdülrəhmanlının yaradıcılığına və şəxsiyyətinə da aiddir...

   Üslub - insanın özüdür. N.Əddülrəhmanlının bir bənzərsizliyi də üslubudur. Mübaliğə etmədən demək olar ki, bu, ədəbiyyatımızda oxşarı olmayan üslubdur.

   İctimai formasiyanın dəyişməsinin mənfi nəticələri bütün sahələrdə özünü göstərdi. Bu mənfi təsir ədəbiyyatdan da yan keçmədi. Ən vacib məsələlərdən biri - oxucu itirildi..

   80-cilər ədəbi nəslinin digər bir istedadlı nümayəndəsi Baba Vəziroğlu müsahibələrinin birində deyir: "...Bu gün çox adam çox söz deyir, amma nəticə ortadadır, ədəbiyyat oxunmur. Ciddi ədəbiyyat heç oxunmur. Əgər görsəm ki, ədəbiyyata bizim şövqlə yaratdığımız illərdəki qədər maraq var, hamıdan yaxşı yazaram..." ("Kaspi" qəzeti, 7-4 yanvar 2012-ci il)

   Yazıçının bu fikirləri ilə razılaşmamaq çətindir. Ancaq o da faktdır ki, ciddi ədəbiyyatın hər zaman öz oxucusu olur (sayca az olsa da) və o az oxucu bu gün bir az da azalıb, ancaq var...

   N.Əbdülrəhmanlının əsərləri də ciddi ədəbiyyat örnəkləridir və təbii ki, oxucusu da azdır...

 

   * * *

 

   Bəlkə də dilimizdə ən çox deyimlər yolla bağlıdır...

   Yol başlanğıcı və sonu olan bir anlayışı ifadə edir...

   Yol - körpüdür...

   Yol təkcə məkanları, dünyaları birləşdirmir, həm də ürəkləri birləşdirir.

   Yollar həm də ayrılır və ayırır...

   Yol insan ömrünün başlanğıcı və sonudur..

   N.Əbdülrəhmanlının "Yolsuz" romanı ÖMÜR YOLU, insanın bu ÖMÜR YOLUnu necə getməsi haqqındadır. Əgər insan bu ÖMÜR YOLUnu düzgün gedirsə, ömrünün mənası olur, ona verilmiş ömür möhlətini düzgün yaşayır, əgər başqa YOLla gedirsə, bu... YOLSUZLUQ olur...

   Bu əsərdə dünya, həyat, hadisələr, ömür... haqqındakı fikir - qənaətlər ya psixoloqun özünün, ya da onun müəlliminin düşüncələrinin təsdiqidir.

   Roman müqəddəs 7 rəqəmi üzərində qurulub: yol isminin altı halı və Yolsuzdan bəhs edir, hər bölüm 7 fəsildən, hər fəsil 7 epizoddan, hər epizod 7 cümlədən ibarətdir. Bölümlərin əvvəlində Qurani-Kərimdən ayələr, sonra müəllimin, ya da psixoloqun nəticə - qənaətləri ilə başlayır. Psixoloq bu təsdiq formasında ifadə olunmuş fikirləri özünün və başqalarının hərəkətləri, hadisələr, anımlar, ən xırda detallar və s. vasitəsilə izah edir, münasibət bildirir... Ayələr, psixoloqun və psixoloqun müəlliminin düşüncələri bölümlərdəki hadisələrlə, insan xarakterləri ilə çox dəqiqliklə və məntiqi ardıcıllıqla əlaqələndirilir.

   Belə üslub və dəqiq məntiqi ardıcıllıq yazıçının bədii təfəkkürünün bənzərsizliyidir...

   Roman bu sadə cümlə ilə başlayır: "Bir neçə ay qabaq qadınım evdən getdi".

   Bu gedişin səbəbləri, nəticələri fonunda Psixoloqun və onu əhatə edənlərin ÖMÜR YOLUna nəzər salınır.

 

   * * *

 

   Doğulduğu yurdu, konkret coğrafi məkanı - kəndi, bulağı, mərzi, təpəni, dağı, meşəni... sevməyən adam böyük Vətəni də sevə bilməz...

   Ailədə xoşbəxt ola bilməyən adamın da (xoşbəxtlik nisbi anlayış olsa da) xoşbəxtliyindən, mənalı ömründən danışmaq absurddur...

   Psixoloqun 37 yaşı var və bu ömrün 8 ilini aktrisa ilə yaşayıb. Ancaq ayırılıqlarından 3 il əvvəl Psixoloq hiss edir ki, qadın artıq ona məxsus deyil.

   Qadın Pırtlaşıqsaç Rəssamın yanına gedir, psixoloq da bunun səbəbini araşdırmağa çalışır.

   1) "...Yol... ...gedilməsə, dərk olunmaz" - Psixoloqun müəllimi belə deyirmiş və baş vermiş hadisələri dərk etmək üçün Psixoloq YOLa çıxır. Psixoloqun ilk səfəri teatradır. Psixoloq xaraktercə 8 il yaşadığı aktrisadan tamam fərqlidi.

   İlk tanışlıqdan bir həftə sonra aktrisanın oynadığı (işlədiyi) teatra gedir, aktrisa aldadılıb atılmış qız rolunu oynayır.

   Psixoloq sonuncu dəfə teatra gedəndəsə aktrisa ərini atıb başqasını sevən qadın rolunu oynayır - sanki psixoloqla öz həyatını səhnədə "yaşayır"...

   Televizorda hardasa baş verən zəlzələnin dağıntısı göstərilir. Psixoloq isə düşünmür ki: "...insanın içində, taleyində, düşüncəsində baş verən zəlzələnin dağıntıları daha qorxuncdu..."

   Ailənin dağılması da zəlzələdir və onun təsirindən Psixoloq uzun müddət xilas ola bilmir. Ancaq bu zəlzələnin səbəbi Psixoloq yox, YOLundan azmış aktrisadır. Aktrisa deyir: "...həyat başdan-ayağacan itkilərdən ibarətdir, qazandıqların itirdiklərinin müqabilində o qədər azdı ki, az qala, yaşamağa mənasızlığını qəbul etməli olursan..."

   Həyat və insanın həyatda itirdikləri baxımından aktrisanın bu fikri doğrudur. Psixoloq sonralar hadisələri tutuşdurarkən aktrisanın bu fikrə gəldiyi günü də dəqiq müəyyən edir. Ancaq aktrisa düşüncələrindən düzgün nəticə çıxara bilmir. Psixoloq bu məqamda da özünü günahkar bilir: əgər o vaxt, aktrisa o sözləri deyəndə Psixoloq ona kömək etsəydi (Psixoloq bu qərara gəlir ki, aktrisa atacağı addımı götür-qoy edirmiş, "keçid" mərhələsindəymiş) bəlkə də onlar ayrılmazdılar...

 

   * * *

 

   2) "Yolun... ...doğruluğunu - əyriliyini yolçu bilər" - bu qənaət Psixoloqun özünə məxsusdur.

   Psixoloq hər addım atanda, atdığı addımın (gedəcəyi YOLun) düzgün olub-olmadığını dəfələrlə ölçüb-biçir. 8 il əvvəl evlənəndə də gecəni səhərəcən yatmayıb verdiyi qərarın düzgün olub-olmadığı haqqında düşünür. Ancaq elə məsələlər var ki, onu əvvəldən müəyyən etmək çətin, bəzən mümkün olmur: "...birgə həyatımızın necə olacağınısa, yaşamamış bilmərik, onsuz da həyatda qeydsiz-şərtsiz zəmanət veriləcək bir nəsə tapmaq çətindi, hər şey də olmasa, çox şey təsadüfdən, bizim alın yazısı, bəxt, qismət adı qoyduğumuz olacaqlardan asılıdı..."

   Psixoloq təmasda olduğu insanları həmişə "öyrənir", axı onlar həm də Psixoloqun əsərinin ədəbi qəhrəmanlarıdır...

   Psixoloq qəbuluna gələcək Şair haqqında fikirləşir, Şairi daha yaxşı tanımaq, iç dünyasına bələd olmaq, nələr haqqında düşündüyünü bilmək üçün kitabını tapıb şeirlərini oxuyur. Bədbin ruhlu şeirlərdən belə qənaətə gəlir ki, Şairin həyatında çox şey qaydasında deyil. Şeirlərini oxuması və görüşəndə haqqında danışması, şeirlərini bəyəndiyini etiraf etməsi, yadında qalan misralardan nümunə gətirməsi Şairi kövrəldir və aralarında səmimi söhbət üçün zəmin yaranır. Psixoloq çalışır ki, şairi həyatla barışmağın daha vacib olduğuna inandırsın, düşüncələrlə gerçəklik arasındakı bağların qopmasına imkan verməsin.

   Psixoloqun işlədiyi klinikanın baş həkimi olan professor da şeir yazır və qələm adamı kimi Psixoloqun rəyini soruşur. Psixoloq nəzakət xatirinə bir-iki tərifli söz deyir və "xüsusi status" qazanır - baş həkim Psixoloqun yığıncaqlara-filana gəlməkdən də azad edir ki, yazı-pozusu ilə məşğul olsun. Baş həkim alababat şeir yazsa da (ancaq "ürək bulandırmır") düz deyir ki, bu dünyada danışılan yox, yazılan qalacaq...

   Baş həkim və Şair timsalında Psixoloq qələm adamının (hətta zəif yazsalar da) Sözə, xüsusən xoş sözə necə həssas olduqlarını göstərir.

   Psixoloq müxtəlif xarakterli insanlarla təmasda olur, ancaq ünsiyyətdə olduğu adamlar onun içini bürümüş və getdikcə böyüyən boşluğu doldura bilmir. Şairlə görüşü isə istisnadır (Digər biri - rəsam-şair də bu qismə aiddir...) Psixoloq Şairi gerçəkliklərlə barışmağa təhrik etdikcə, özünü də olub-keçənlərlə barışmağa hazırlayır...

   Digər tərəfdən Psixoloq düşünür ki, sonsuzluğacan davam edən bir şey yoxdur, hər şey hardasa, nə vaxtsa sona yetir, yaxud başqalarıyla əvəz olunur. Buna baxmayaraq, bir-birinə mənəvi ehtiyacı olan insanlar da var, onların münasibətisə sona - ölümə qədər davam edir...

   İnsan dərk etdiyi vaxtdan öz ömrü, həyatının mənası, yaşamının məqsədi haqqında düşünülüb. Nə qədər ki, insan, cəmiyyət var, bu düşüncələr də olacaq. Psixoloq da həyatının mənası, məqsədi haqqında düşünmür, ancaq burada da insanın özündən daha çox, taleyin, qismətin, qədərin rolu var...

   Dünyanın, həyatın sirrinə vaqif olmaq istəyən şah müdrik alimə insanlığın tarixini bir cümləyə sığışdırmağı tapşıranda o müdrik alim bir parça kağıza yazır: "İnsan doğulur, əzab çəkir və ölür..."

   Psixoloq da düşünür ki, yaşamaq - elə əzab çəkməkdi...

 

   * * *

 

   3) "Yola... ...çıxanda tələsmə, hara gedəcəyini dərk eləməyə çalış" - bu, Psixoloqun müəlliminin sözüdür.

   N.Əbdülrəhmanlının romanlarında ("Yalnız" və "Yolsuz"da) əgər belə demək mümkünsə, aktiv bədii obrazlar yoxdur. Onun ədəbi qəhrəmanlarının mübarizəsi öz içlərindədir, daxili mübarizədir. Bu ədəbi qəhrəmanların daxilində aramsız və amansız seçim mübarizəsi gedir: hər addım atanda, hər hansı bir qərar qəbul edəndə, iki variantdan, yaxud da çox variantdan birini seçəndə.

   Bu ədəbi qəhrəman tipi bizim müasirimizdir, bizə çox tanışdır: gerçəkliklə barışmağa məhkum edilmiş, heç nəyi dəyişə bilməyən, demək olar, çox şeyi taleyin, qismətin, qədərin öhdəsinə buraxan insanlar!..

   Ancaq bu ədəbi qəhrəman tipi mübarizə aparmamaq, kor-koranəlik ovqatı da yaratmır. "Yaşamaq - elə əzab çəkməkdi" - qənaətinə gələn Psixoloqun bu fikri passivlik, mübarizə aparmamaq anlamına gəlmir, elə növbəti bölümdə Psixoloq düşünür ki, ömür də elə səfər kimidir, uğursuzluqları da olur, uğurları da, yaşamaq - gözlənilməzliklərə hazır olmaq deməkdi, maneələri adlamaq deməkdi, nələrisə təzədən başlamaq deməkdi...

   Yolda maşınına mindirdiyi kişinin də oğlu YOLundan azıb, YOLsuzluq edib, dələduzlara qoşulub və ona dörd il iş kəsiblər, indi əziyyətini atası, anası, arvadı və iki uşağı çəkir...

  

 

   (Ardı var)

   SABİR BƏŞİROV,

   fəlsəfə doktoru

 

  Ədalət.-2012.-3 mart.-S.9.