KİÇİK RAYONUN BÖYÜK UĞURLARI

 

   Gerçək nümunə: Qobustan  

 

   Hər dəfə bu rayon haqqında yazı hazırlayarkən xəyal məni çox uzağa deyil, 15-16 il əvvəllərə aparır. Yayda cadar-cadar, qışda isə dizəcən palçıqlı və miskin görüntü. İndi Avropanın abad əyalət qəsəbələrinə bənzəyən Qobustan rayonu, onun müasirləşən görkəmi insanda qürur hissi oyadır. Və mən belə məqamlarda həmişə rayon icra hakimiyyətinin başçısı, təcrübəli dövlət məmuru Adil Məmmədovun bu sözlərini xatırlayıram: "Bütün bunlar ulu öndərin arzuları idi. O, Azərbaycanın ən ucqar bölgələrinin, kəndlərinin də zaman-zaman inkişaf edib müasirləşəcəyinə inanırdı. İndi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqəti sayəsində Azərbaycan başdan-başa yeniləşir, insanların güzaranı yaxşılaşır. Bugünkü Qobustan da məhz sürətli inkişafı təmin edən dövlət siyasətimizin gerçək nümunəsidir..."  

   Elə Qobustan rayonunun timsalında mənim də bircə əlavəm var: yuxular kimi o ağ-qara rəngli yaxın keçmişimizi unutmayaq, çala-çuxurlu bərbad yollarımızı, miskin kəndlərimizi, bozarıb qaralan binalarımızı, yaşamaq üçün ən vacib olanlara ehtiyaclı günlərimizi yaddan çıxarmayaq...  

  

   Prezidentin xüsusi diqqəti  

 

   Yola saldığımız 2011-ci il Respublikamız üçün çox uğurlu illərdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qarşısında duran bütün sosialiqtisadi vəzifələr uğurla icra edilmiş, nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapmış və 2011-ci ildə də ölkəmizin sürətli inkişafı təmin olunmuşdur.  

    Ötən dövr Qobustan rayonu üçün xüsusilə uğurluyaddaqalan olmuşdur. 13 sentyabr 2011-ci il tarixdə Prezident İlham Əliyev rayona gəlmişdir. Cənab Prezident Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin, Qobustan Tinglik Mərkəzinin və müasir taxıl saxlama anbarı kompleksinin açılışında iştirak edərək ictimaiyyət nümayəndələri qarşısında çıxış etmişdir.   

   Prezidentin səfərdən dərhal sonra imzaladığı "Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən Qobustan rayonunun sosial-iqtisadi inkişafının yüksəldilməsi məqsədi ilə rayona Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına 13 min nəfərədək əhalini, 6 kəndi birləşdirən 23 km-lik Qobustan -Xilmilli yolunun 14 km hissəsinin əsaslı təmiri işləri aparılmışdır. Bu işlər davam etdiriləcəkdir.  

  

   Dövlət Proqramının icrası  

  

   Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası rayonda uğurla həyata keçirilir. Ümumilikdə Dövlət Proqramının icrası nəticəsində 2011-ci ildə ötən illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 14 faiz artmışdır. Bu artım sənayedə 30 faiz, kənd təsərrüfatında 15,4 faiz, nəqliyyatda 10,8 faiz, ticarətdə 34,8 faiz olmuşdur.   

   Şəhərdaxili küçələrin 4,2 km hissəsində təmir işlərinə başlanılmışdır. Ş.Şikarov küçəsinə və 1,2 km uzunluqda Tofiq İsmayılov küçəsinə və Koroğlu küçəsinin bir hissəsinə asfalt örtüyü vurulmuşdur.   

   Qobustan şəhərində Heydər Əliyev prospekti abadlaşdırılmış, prospektin 1,2 km hissəsində ikitərəfli səkilər çəkilmiş, 2 km-ə qədər yeni bordürlər qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Prospektin bu hissəsində köhnə işıq dirəkləri müasir işıq dirəkləri ilə əvəz edilmişdir.1 saylı məktəbə və uşaq bağçalarına gedən yola asfalt örtüyü çəkilmişdir.  

   Rayonun şəhər və kəndlərində içməli su təminatının yaxşılaşdırılması məqsədilə Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərinin içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir. Rayonun Nabur, Qurbançı, Qaracüzlü, Ərəbşahverdi kəndlərinin içməli su ilə təminatı üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır. Yaxın vaxtlarda Nabur kəndində su sayğaclarının qurulması işinə başlanılacaqdır. Hazırda Qobustan şəhərində su təchizatı və kanalizasiya sisteminin yaradılması məqsədilə layihələndirmə işləri aparılır.  

   Rayonda əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, Qarabağ əlilləri üçün 3 fərdi yaşayış evi, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Milli Elmlər Akademiyasının Seysmoloji Stansiyası, tutumu 10 min ton olan taxıl anbarı, Baytarlıq idarəsi və diaqnostika Mərkəzi, 1 baytarlıq məntəqəsi, vergi ödəyicilərinə xidmət terminalı, Cəngi kəndində müasir yanacaqdoldurma məntəqəsi, inzibati mərkəzdə yeməkxana binası tikilib istifadəyə verilmişdir. Rayon statistika idarəsinin yeni inşa edilən inzibati binasında tikinti işləri tamamlanmaq üzrədir.  

   Rayonun giriş qapısı olan Cəngi kəndinin kənarına gözəl memarlıq üslubunda daş hasar çəkilmiş, son tamamlama işləri aparılır. Ceyrankeçməz kəndində də yol kənarı köhnə uçuq tikililərdən təmizlənmiş, hasar çəkilmişdir. Rayonun "son" adlanan hissəsində müasir üslübda hasar çəkilmişdir.Qobustan şəhərində bazar kompleksinin fəaliyyəti bərpa edilmişdir.   

   Rayonun kəndlərində xeyir-şər məclislərinin təşkil edilməsi üçün ilkin olaraq Sündü, Ərəbşahverdi və Poladlı kəndlərində xeyir-şər evlərinin tikintisinə başlanmışdır. Bu tikililər may ayınadək istifadəyə veriləcəkdir.  

   2003-2011-ci illərdə Qobustan rayonunda 2031-i daimi olmaqla, 9126 yeni yeri açılmışdır. Ötən səkkiz ildə əhalinin orta aylıq əməkhaqqı 6,1 dəfə, pul gəlirləri isə 3,7 dəfə artmışdır.  

   

   Mühüm sahələrdə sürətli inkişaf  

  

   Rayon üzrə ümumilikdə 2236 nəfərə sosial müavinət, 302 ailəyə ünvanlı dövlət sosial yardımı verilir. 2010-cu ildə 138 nəfər aztəminatlı ailəyə 13 min 652 manat ünvanlı dövlət sosial yardımı verildiyi halda, 2011-ci ildə 302 ailəyə 28 min 889 manat ünvanlı dövlət sosial yardımı verilmişdir. Orta aylıq pensiyanın məbləği 2011-ci ildə əvvəlki illə müqayisədə 33,7 faiz artaraq 133,14 manat təşkil etmişdir. Hesabat dövründə pensiyalar tam şəkildə ödənilmişdir. 5 nəfər əlilə pulsuz avtomobil verilmişdir.  

   Bu il rayonda əlil və şəhid ailələri üçün 36 yerlik yaşayış binasının, məhkumluqdan azad edilmiş şəxslər üçün 50 yerlik adaptasiya mərkəzinin tikintisi də nəzərdə tutulur.  

   Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı və dəyərinin ödənişi daim nəzarətdə saxlanılmışdır. Rayon icra hakimiyyətində yaradılmış qərargahda bu məsələlər müntəzəm olaraq müzakirə edilir, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Hazırda rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunmuş, sayğaclaşma tam başa çatdırılmışdır.   

   Hazırda rayonun 16 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Xilmilli kəndində təbii qaz xətti şəbəkəsi yaradılaraq sayğaclaşma aparılsa da, hələlik həmin kəndə təbii qazın verilməsi mümkün olmamışdır. Cari ildə bu məsələnin öz müsbət həllini tapması gözlənilir. Hesabat dövründə Nabur kəndində qazlaşma tam başa çatdırılmış, abonentlər sayğacla təmin olunmuşdur. 2010-cu illə müqayisədə 2011-ci ildə əhali qrupu üzrə 310 nəfər əlavə olaraq təbii qazla təmin olunmuşdur.  

   Rayonun Bədəlli, Sədəfli, Poladlı, Təsi, Yekəxana, Cəngi, Şıxzahırlı, QaracüzlüNardaran kəndlərinin qazlaşdırılması üçün müvafiq aparılır.

  

 

   (ardı gələn sayımızda)

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

   Ədalət.- 2012.- 6 mart.- S.7.