ALLAHA APARMAYAN YOL-YOLSUZLUQ (N.ƏBDÜLRƏHMANLININ "YOLSUZ" ROMANI HAQQINDA)

 

   (əvvəli ötən şənbə sayımızda)

  

   N.Əbdülrəhmanlının yaradıcılığında əsərdən-əsərə keçən obrazlar var. Bunlardan biriAna obrazıdır. "Yolsuz" romanında da Psixoloqun anası və bacısı ilə münasibətləri diqqət çəkir. Ana heç vaxt oğlnun qərarlarının əleyhinə getmir, onu nədənsə çəkindirmir, ancaq illərin sınağından çıxmış, özünü doğrultmuş məsləhətlərini də verməyi unutmur

   "...amma yadında saxla, kişiyə baş yoldaşı lazımdı, artistdən-filandan ev qadını çətin olar, dünyanı görə-görə gəlmişik, öz sözümüzü demişik, mən istədim, oğlum etibarlı əllərdə olsun, yaşayışından nigaran qalmayım, bilim ki, təkcə arvadı yox, həm də arxası-dayağı var..."

   İndi - mənəviyyatın korlandığı, əxlaqın aşındığı zamanda qadının arxa-dayaq olması haqqındakı fikirlər "köhnəlmiş" sayıla bilər. Ancaq mənəvi-əxlaqi dəyərlər də elə ail əvə başqa məsələlər haqqındakı "köhnə" fikirlərə söykənib yaşayır...

   Anası və bacısının məqsədi yenə də (heç nə güdmədən) Psixoloqa arxa-dayaq tapmaqdır. Ananın təbii arzusunu da başa düşmək olar - Ana nəvə görmək istəyir! Ən azı, nəslinin davamı üçün...

  

   ***

 

   4) "Yolu... getməmiş dərk eləyə bilməzsən" - bu da Psixoloqun qənaətidir.

   Ekzistensial fəlsəfənin mühüm müddəalarından biri də seçim variantıdır. Necə edəsən kt, seçimdə səhv etməyəsən, necə edəsən ki, düzgün hesab etdiyin seçim səni məqsədə çatdırsın. Axı məlumdur ki, çox vaxt düzgün seçim insanı xoşbəxt edə bilmir, sənin düz hesab etdiyin YOL (həqiqətən də düz olan YOL) başqalarına - səni əhatə edənlərə, işlədiyin kollektivə, geniş mənada cəmiyyətə sərf etmir, onlar istəyir ki, onların getdiyi YOLla gedəsən (əslində, düzgün olmayan, əyri YOLla)...

   Psixoloq əyalət filosofu haqqında düşünür: "...əyalət filosofu romantik düşünüb, pafoslu danışmağı xoşlasa da fürsətdən xirtdəyindən yapışmağı bacarır, adama elə gəlir, həyat ondan ötrü irili-xırdalı fürsətlər aləmidi; üstəlik, o fürsətlərdən ən sərfəlisini seçmək qabiliyyəti var, seçim eləmək qarşısında qalanda şişi də, kababı da yandırmamağı bacarır, buna görə də bütün burulğanlardan diri çıxır..."

   Cəmiyyətin formalaşdırdığı və hamıya qəbul etdirdyi fikirlərdən biri də budur: düzgün seçim - sərfəli seçimdir, şişi də, kababı da yandırmamaq bacarığıdır. Bütün dolanbaclardan çıxmaq üçün düzgün YOLu yox, sərfəli seçimi etmək lazımdır...

   Tamamilə zərərli fikirdir - ancaq gerçəklik də budur...

   Psixoloq aktrisanın qastrolda olduğu yerlərə getmək üçün səfərə çıxır. Getdiyi əyalət şəhərində yaxın tanışı ilə rastlaşır, bu adam da onu Dərvişlə görüşdürür. Dərviş Psixoloqun yaxın tanışının rəhbəri olduğu teatrın aktyoru olub, iki əvvəl qəzada ailəsini itirib, o vaxtdan da hövllənib, tərki-dünya olub. Dərd aktyoru Dərviş edib...

   Dərvişlə teatrın rəhbərinin dialoqu romanı maraqlı epizodlarındandır. "Biz olmayan yerləri" görən Dərviş oralarda "gələnləri və gedənləri" görür, gələnlər də, gedənlər də ağlayır. Gələnlər gələcəklərini bilib, gedənlər özlərindən sonra gələnlərin gələcəklərini görüb ağlayırlar. Dərviş göy üzündə sərgərdan, öz cisimlərini axtaran ruhlar gördüyünü deyir. O cismlərin bir hissəsi torpağın altında, bir hissəsi də torpağın üstündəymiş. Dərvişin öz cismisə yolayrıcında oturub yollara baxırmış. Çox uzaqlardan YOLunu azan adam da gördüyünü deyir və həmin adamı da Psixoloqa oxşadır...

   Dərviş Psixoloqun iç dünyasını da "oxuya" bilir. Psixoloq qorxur ki, Dərviş onun iç dünyasını "oxuyub", xarakteri, əməlləri haqqında hər şeyi deyə bilər - həyatın cismani şeylərlə doldurmağa can atdığını, dünya nemətlərindən qopa bilmədiyini, cismlə ruh arasında əlavə yaratmaq istəyini, ancaq hər cəhddə uğursuzluğa düçar olduğunu, səkkiz il qadını olmuş kəsn ruhuna bələd olmadığını, qəlbinə yol tapa bilmədiyini, qadının ehtiyac duyduğunu başqalarında axtarmasına yol verməməyi bacarmamasını, Dərvişin dərk etməyə çalışmasını, ancaq onu dərk etmək məqamına çatmamasını... Ancaq Dərviş bütün bunları Psixoloqa demir..

   Dərviş yeməyini də dünyanın ən əzablı işini görən adam kimi yeyir, cisminə qulluq göstərməyə məcbur olduğuna görə özündən də, Psixoloqdan da, teatrın rəhbərindən də zəhləsi gedir...

   Psixoloq Dərvişdən soruşur ki, səhnədə oynadığı rolları xatırlayırmı? Dərviş də cavab verir ki, özgələrinin sözlərini əzbərləyib çığır-bağır saldığı günləri çoxdan unudub. İnsan gərək öz sözlərini söyləsin.

   Dünyada ən böyük dərdlərdən biri öz sözünün olmaması, öz sözünü deyə bilməməkdir...

   İnsan başqalarının sözünü deyəndə mövqeyi, ad-sanı, hörməti olur, cəmiyyət ona hörmət edir. Öz sözünü demək üçün ya özünü dəliliyə vurmalısan, ya da həqiqətən dəli olmalısan ki, heç kəs sənin sözünü ciddi qəbul etməsin...

   Dərviş dünyanın faniliyini dərk etmiş insandır, başqalarını da buna inandırmağa cəhd edir...

   Dərviş cismin dərdini çəkib ruhunu itirənlərdən deyil...

   Dərviş yanıqlı səslə dünyanın faniliyindən, ömrün ötüb-keçəcəyindən, insandan bir ovuc torpaq, bir də sərgərdan ruh qalmasından oxuyur...

   Psixoloq Kor Səyyah haqqında əsər yazmaq istəyir, o əsərin bəzi parçalarını yaddaşında canlandırır. Dərvişlə Kor Səyyahı birləşdirən məqamlardan biri də insan ömrünün mənasıyla bağlıdır. Bu dünyada Kor Səyyah nələr görməyib? Sonda gəldiyi nəticə isə budur: içində hara baxırsa, YOLlar görür, bütün YOLların sonunda isə ÖLÜM var. "...cavanlığımda bunu sezə bilməzdim, yetkinliyimdə yaxına buraxmaq istəmədim, qocalığımdasa qaçılmazlığını duydum, amma artıq gec idi, keçmişi geri qaytara bilməzdim... ...insanın öz keçmişindən canını qurtara bilməməsi, bəlkə də ən böyük əzabdı, yaxşı da olsa, pis də olsa, sənin yaşadığın ömürdü, artıq nəyisə dəyişdirə, çıxarıb ata bilməzsən, ağrılarını da torpağa gömülənəsən daşımağa məhkumsan..."

  

   ***

 

   5) "Yolda... ...uğuruna kimin, yaxud nəyin çıxacağım bilən varmı?" - sualının cavabı yoxdur. Əgər olsaydı, insan həyatında bu qədər hadisə baş vermişdi. Psixoloq belə nəticəyə gəlir: həyat məlumluğu, aydınlığı ilə yox, məchulluğu, bilinməzliyi ilə maraqlıdır. 

   Kurort şəhərinə gedəndə Psixoloq aşiq-məşuqu xatırlayır. Aşiq əvvəlsə sonu bilinməyən YOLa düşsə də sevdiyi qızla görüşmədən sonra qərara gəlir ki, hər şeyi yenidən başlayacaq: iş tapacaq, evlənəcək, ev tikəcək, bu sevginin atəşi onu uzun illər yandıracaq, ancaq o, yavaş-yavaş gerçəkliklə barışacaq - YOLu təzədən başlayacaq. Psixoloq bu məqamda da Aşiqə həsəd aparır - olub-bitənlərlə barışmasına, hər şeyi yenidən başlamaq istəyinə və ümidinə görə...

   Kurort şəhərində - kafedə Psixoloq daha bir bəxtsiz insanla tanış olur - şirindil ofisiant qadınla. Qadının əri yaxşı sənətkardır, yaxşı gəliri də olur, ancaq içkiyə qurşanıb, çox vaxt elə küçələrdə yıxılıb qalır və qadın onu axtarıb tapmağa gedir... Ofisiant qadının dərdini biləndən sonra Psixoloq ondan cismani yaxınlıq umduğuna görə utanır...

   Kor Səyyahın taleyi Psixoloqa rahatlıq vermir, daimi onu düşünür: "...ölümün nəfəsini duyanda anladım ki, əriş-arğac elədiyim uzun-uzun YOLLar SƏNə qovuşmaq üçünmüş, SƏNin nurunda yox olmaq üçünmüş, SƏN-də dinclik tapmaq üçünmüş; SƏNin nurunu tutub gələndə anladım ki, SƏNə gətirib çıxarmayan YOLLar əslində, YOLSUZLUQdu, fani dünyanın dolaşıqlığında azmaqdı, ilahi NURundan məhrum olmaqdı, bir də onu anladım ki, için korluğu gözün korluğundan betərdi..."

   Məncə, romandakı ideyalardan biri budur. Bu, həm bütün zamanların ən böyük ideyasıdır...

 

   ***

 

   6) "Yoldan... ...gileylənmə, YOLu gedənlərdən danış" - bu, Psixoloqun müəlliminin sözüdür.

   "Yolsuz" romanını bəxtsiz, talesiz insanlar romanı da adlandırmaq olar. Əsərin sonunda daha bir bəxtsiz insan taleyi təsvir olunur - bu, Psixoloqun YOLundan azmış qardaşıdır. İçkiyə qurşanmış bu zavalı anasına, bacısına, qardaşına, öz ailəsinə uşaqlarına dərd, başıaşağılıqdan başqa bir şey verməyib. Nəticəsi bəlli - insult.

   İnsan bəxtini, taleyini seçə bilməz - bu, məlumdur. YOLu isə seçə bilər və seçməlidir. Psixoloqun içkiyə qurşanmış qardaşı da YOLsuzdur. Psixoloq belə düşünməkdə haqlıdır ki, dərviş də, kor səyyah da, ofisiant qadın da, qardaşı da YOLSUZ idilər. Psixoloq El Şairini də, özünü də bu siyahıya daxil edir...

   Həqiqət işığını hamı görür, o işıqda hər şey olduğu kimi görünür, ancaq heç kəs onu bir cür qavrayır.

   Psixoloqa görə, adamın bu dünyada yaşamağının mənası yoxdursa, onun ölümü bir-iki doğmasından başqa kimsəni ağrıtmır, çünki o zavalı Allahın möhlət verdiyi qədər yaşayacaq, ancaq məsləhət gördüyü kimi ömür sürməyəcək...

   Həyatın təkrarı, danışıqlar, söhbətlər, zarafatlar... insanın yaşadığı günlər kimi oxşardır, ancaq bunu dəyişmək də mümkün deyil, başqa YOL yoxdur, alnımıza yazılan elə budur...

   Payız günlərinin birində redaktor qohumu zəng edib Psixoloqa deyir ki, aktrisa qadın - Psixoloqun keçmiş həyat yoldaşı intihar edib...

  

   ***

 

   "Yalqız" romanında bir neçə ideya var. Bunlardan birini əvvəldə qeyd etmişəm: Allaha aparan YOLDAN, Allahın YOLUNDAN başqa yol yoxdur. Əgər YOL Allaha aparmırsa o, YOLSUZLUQDUR. Qeyd etdiyim kimi, bu, bütün zamanların ən böyük ideyasıdır. İkincisi, insan dünyanın faniliyindən yapışıb cisminin dərdini çəkməməlidir. Üçüncüsü, həyat, dünya məlumluğu, aydınlığı ilə yox, məchulluğu, bilinməzliyi ilə maraqlıdır...

   Dördüncüsü, Azərbaycan ədəbiyyatında (M.F.Axundovun "Aldanmış kəvakib" povesti istisna olunmaqla) ayrı-ayrı əsərlərdə bəxtdən, taledən danışılır, ancaq bütövlükdə insanın taledən asılılığı N.Əbdülrəhmanlının yaradıcılığında ifadəsini tapır. Bu əsəri dili, üslubu, təhkiyəsi cəhətdən ancaq "Yalqız"la müqayisə etmək olar. Bu baxımdan N.Əbdülrəhmanlı çağdaş nəsrimizdə sayılıb-seçilə biləcək bir əsər yaratmağa nail olub...

   Bu fikri bir dəfə yazmışam: 80-cilər ədəbi nəslinin bir sıra nümayəndələri, o cümlədən N.Əbdülrəhmanlının əsərlərini, xüsusən romanlarını oxuyanda (60-cıların - Ə.Əylisli, Anar, Elçin, İ.Məlikzadənin... əsərləri kimi) Azərbaycan türkcəsinin çox nəhəng potensialı haqqında düşünməli olursan: qədər səlis, sərrast, axıcı, ən mürəkkəb fəlsəfi fikirləri ifadə etməyə qadir olan dilimiz var!..

   Kədərlisi budur ki, "Yolsuz" romanı ölüm sükutuyla qarşılandı. Halbuki, ən azı, 2011-ci il Milli Kitab Mükafatının qaliblərindən biri kimi əsər haqqında yazılmalıydı...

   Ancaq Nəriman heç nəyə məhəl qoymadan (ən azı, ədəbi tənqidin susqunluğunu nəzərə almadan üzülmədən) Ədəbiyyat Vətənində görməli olduğu, həm yalnız onun görə biləcəyi işləri vicdanla ləyaqətlə görməkdə davam edir...

 

 

   SABİR BƏŞİROV,

   fəlsəfə doktoru

 

  Ədalət.-2012.-10 mart.-S.9.