ŞƏKİ: QÜRURLU OLMAQ SƏLAHİYYƏTİ

 

   Şəkililəri sevindirən Prezident sərəncamları

  

   Təkcə Şəkinin koloritli adı və məşhur Xan Sarayı bəs edər ki, bu qədim yurd haqqında həmişə iftixarla danışasan. Ancaq şəkililər o qədər də konservator deyillər. Onlar qədim diyarın müasir inkişafını da arzulayan, daim yeniliklərə, uğurlara can atan səmimi insanlardır. Neçə illərdi ki, rayon rəhbərləri bu xoş niyyətə biganə münasibət göstərməkdə davam edirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəkililərin bütün istək və arzularına xüsusi münasibət göstərməklə onları sevindirdi. Son vaxtlar Şəkinin demək olar hər tərəfində davam edən çoxistiqamətli quruculuq işləri bunu bir daha sübut edir. Ən yaxşı və nümunəvi haldır ki, Elxan Usubov bu böyük rayona başçı təyin edilən vaxtdan hər gün kabinetindən daha çox tikinti meydanlarında, təsərrüfatlarda, müxtəlif tədbirlərdə camaatla bir yerdə olur. Rayon rəhbərliyi və sakinlər əlbir olaraq Prezidentin etimadını yüksək fəallıqla doğrultmağa çalışırlar. Bunun nəticəsi olaraq, Şəki gündən-günə dəyişir, müasirləşir, özünün yeni görkəmi ilə sakinləri qürurlandırır.

 

   Ölkə rəhbəri Şəkiyə gəlmişdi

 

   2011-ci il noyabrın 17-də Prezident Şəki şəhərinə səfərə gəlmişdir. Rayonumuzda olarkən o, bir sıra sosial təyinatlı obyektlərin açılışında iştirak etmiş, özünün tapşırıq və tövsiyələrini vermişdir. Şəkiyə səfəri çərçivəsində 100 çarpayılıq Mərkəzi Xəstəxananın açılışında iştirak edən dövlət başçısı Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Bu yaxınlarda Şəkinin inkişafı ilə bağlı xüsusi Sərəncam verilmişdir.

   Bu Sərəncamın çox böyük mənası vardır. Təkcə ona görə yox ki, bu Sərəncam əsasında Şəkinin abadlaşmasına və tarixi binaların bərpasına 5 milyon manat vəsait ayrılmışdır. Əvvəlki dövrdə də vəsait ayrılmışdır, bundan sonra da ayrılacaqdır.

   Bu Sərəncamın əsas mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi keçmişimizə, tarixi şəhərlərimizə daha da böyük diqqətlə yanaşmalıyıq. Elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir".

 

   Şəki inkişafın yeni mərhələsində

 

   2011-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 333 milyon 851 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2010-cu illə müqayisədə 37,4 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə 1898 manatlıq məhsul istehsal olunmuşdur. Bu 2010-cu illə müqayisədə 36,2 faiz çoxdur. 2011-ci ildə pərakəndə əmtəə dövriyyəsi 237 milyon 165 min manat olmuşdur ki, bu da 2010-cu ilə nisbətən 9,2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 54 milyon 740 min manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2010-cu ilə nisbətən 21,8 faiz artmışdır. Rayonda 2011-ci ildə 1184 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərinin 16,2 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 13,5 faizi mövcud müəssisə və təşkilatların, 70,3 faizi isə fiziki şəxslərin payına düşür. Rayonumuz üzrə 2011-ci ildə orta aylıq əmək haqqı 211,4 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 11,9 faiz çoxdur.

   2011-ci ildə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 88 milyon 16 min manat olmuşdur.

   Bu əvvəlki illə müqayisədə 2 dəfə çoxdur. İstifadə edilmiş investisiyanın 93,4 faizi dövlət mülkiyyətinin, 6,6 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 88,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir . Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 87,4 faiz çoxdur. 2011-ci ildə Şəki şəhərinin büdcəsinin yerli gəlirləri 100,8 faiz yerinə yetirilmişdir ki, bu da 2010- cu illə müqayisədə 8,3 faiz çoxdur.

   2011-ci ildə rayonda 2341 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 23 manat 84 qəpik , hər ailəyə düşən orta aylıq məbləği isə 105 manat 56 qəpik təşkil etmişdir.

    Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2011-ci ildə 25975 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2012-ci il yanvarın 1-i tarixinə bu rəqəm 135 manat 85 qəpik olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5 dəfə artım deməkdir.

 

   Ölkənin "çörək ağacı"

 

    Ötən illərdə olduğu kimi, 2011-ci ildə də rayonumuzda kənd təsərrüfatının inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkidə istehsal olunan taxıl ölkəmizin ümumi taxıl istehsalının 10-15 faizini təşkil edir. 2011-ci ildə Şəkidə 238 min 585 ton taxıl istehsal olunmuşdur. Bu, 2010-cu illə müqayisədə 100 min ton çoxdur.    

   Əkin sahələrinin yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədilə Küngüt, Daşağıl, Zəyzid, Şin və Kiş çaylarında 954 min kubmetr həcmində təmizlənmə işləri görülmüşdür.

  

 

   (ardı gələn sayımızda)

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

   Ədalət.-2012.-14 mart.-S.7.