"Yaxşı padşahın nağılı"

 

  (Hekayə)

 

   Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çində, ya Maçində bir yaxşı padşah varmış.

  

   Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil.

   Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş.

   Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış.

   Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi.

   Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi. Gecənin bir yarısı, görürsən, dururdu, çırağı yandırırdı, bir-bir birələri tuturdu, amma öldürmürdü.

   Onları arvadının çarpayısına atırdı. Padşah arvadıyçün əldən-ayaqdan gedirdi.

   Lap "getmə gözümdən, gedərəm özümdən" idi. Birələri də arvadının çarpayısına onu incitmək, ona əziyyət vermək üçün atmırdı.

   Yox, padşah bilirdi ki, birələrin arvadına heç bir ziyanı dəyməyəcək.

   Arvadı, maşallah, elə bərk yatırdı ki, istəyirsən üstünə bir qoşun birə, taxtabiti burax, vecinə deyildi.

   Arvad elə bərk yatırdı və həm də elə bərk xoruldayırdı ki, büllur - dəmir-beton sarayın sütunları tir-tir titrəyirdi.

   Padşah qaragün birtəhər canını birələrdən qurtarıb mürgüləyən kimi gözünün çimirini almamış təzədən dik atılırdı - onu arvadının xorultusu oyadırdı. Sübh tezdən arvad yuxudan dururdu - aya deyirdi sən çıxma, mən çıxım, günə deyirdi sən çıxma, mən çıxım.

    Amma padşah səhər, xorultu kəsiləndən sonra da yata bilmirdi - axı işi-gücü vardı.

   Bir məmləkətin ki, padşahı səhər yatıb yuxuya qala, o məmləkətin işləri nə sayaq olar?

   Padşah belə bədbəxt padşah idi.

   Sözün düzü, padşahın öz padşahlığı üçün də çox gözü atmırdı. Padşah olmaqdan lap bezmişdi.

   Ondan olsaydı çoxdan taxt-tacdan əl çəkərdi. Amma əl çəkmirdi. Çünki əl çəksəydi taxta vəziri çıxacaqdı. 

   İşdi şayiə vəzir şah olsaydı, o, nəinki məmləkətdəki bütün birələri, taxtabitiləri, milçəkləri və qarğaları qırıb öldürəcəkdi. 

   Vəzir həm də o biri vəzirləri, vəkilləri, kim bilir bəlkə elə padşahın özünü də cənnətə vasil edəcəkdi.

   Odur ki, padşah taxtı-tacdan əl çəkmirdi. Nə qədər yatmaq tamarzısı olsa da, həmişəlik yuxuya qərq olmaq istəmirdi.

   Padşah həm adil padşah idi, həm bədbəxt padşah idi, həm də çox ağıllı, tədbirli padşah idi. Hamıdan, hamıdan ağıllı. Hamıdan, hamıdan tədbirli.

   Deməli yaxşı padşah adil idi, bədbəxt idi və ağıllı, tədbirli idi. Amma padşah həm də yaman yalqız, təpə-tənha padşah idi. O səbəbdən ki, məmləkətdə hərənin bir babı, bir curu, bir dostu var idi.

   Padşahın səkkiz aşpazı, səkkiz faytonçusu, səkkiz dəlləyi, səkkiz vəzir-vəkili, bir qoşun qaravulçusu və bir qoşun saray şairi vardı. 

   Bir aşbazın o birindən zənd-zəhləsi gedirdi, çünki biri deyirdi ki, bu dünya bir puçdur, o biri deyirdi, xeyr, əsla belə deyil.

   Faytonçular elə hey bir-birinin ənginə qoyurdular. Sözləri çəp gəlirdi.

   Biri deyirdi həyatın mənası var, o biri deyirdi, dünyasında ola bilməz, yoxdur ki, yoxdur. Şairin biri o birindən danos yazırdı ki, bəs flankəsin işlətdiyi qafiyələr əzəl-axır məmləkətimizi bərbad edib xaraba qoyacaq.

   Qaraulçuların bir-birini görməyə gözləri yox idi.

   Vəzirlər, vəkillər bir-birinin ətini yeməyə hazırdılar. Amma buna baxmayaraq, onların heç biri tək, yalqız deyildi. Hərə öz həmpeşələrinin, işdaşlarının arasında idi. Bircə padşah tək idi. Padşahların həmpeşələri olmur.

   Padşahların həmpeşələri də olmur, arzuları da. Faytonçular şair olmaq istəyirdi, şairlər dəllək, dəlləklər vəkil, vəkillər vəzir, vəzirlər padşah. Yeni padşah olmağın hamı tamarzısıydı. Hamı, bircə padşahdan savayı.

   Padşah onsuz da padşah idi və odur ki, heç bir şey arzulamırdı.

   Hamı bir-birindən material verirdi, öz həmpeşələrindən padşaha qiybət qırırdılar. Amma padşah heç kəsə heç kəsdən material, danos verə bilməzdi, heç kəsdən heç kəsə şikayətlənə bilməzdi.

   Heç kəslə qiybət qıra bilmirdi. Ürəyini bircə arvadına aça bilirdi, amma arvadı da onu atdı. 

   Baş vəzirə qoşulub qaçdı, bilmirəm Yaponiyaya, ya da həbəşlər ölkəsinə. Bəlkə də Kanar adalarına.

   Günlərin bir günü baş vəzir papağını qoyub qabağına fikirləşdi, xeyli fikir edib anladı, qandı ki, padşah heç bir vaxt ölüb-eləyən deyil və deməli bu gərək taxt-tacdan gözünü çəksin.

   Baş vəzir isə yaman padşah olmaq istəyirdi. Padşah olmaqdan da artıq padşahın arvadına gözü düşmüşdü.

   Padşahın arvadı bir gözəl idi, bir gözəl idi, dilnən-söznən deyib qurtarmaq olmaz. Dünyayi aləmdə tayı-bərabəri yox idi: incəmiyan, nazikbədən, büllurbuxaq, almayanaq, gəl məni gör, dərdimdən öl. Ağzına qoşa badam sığmaz.

   Mərmər sinəsində naz-nazı ipək paltarın altından bir cüt şamama baş qaldırıb "mənəm-mənəm" .

   Yanaqlar - yaqutun qıraqları kimi, elə bil qar üstünə qan damıb, qaşlar - qurulu yay, kipriklər yaydan çıxmış ox kimi elə uzundu ki, tamam gözünün üstünü tutub, saçlar şəvə kimi. Beli elə nazik idi ki, gilas yesə deyərdin boyludur.

   Boğazı elə zərif idi, su içsə görünərdi, yeriyəndə yerə naz eləyir. Padşah da onu yaman istəyirdi. Yaman da qısqanc idi padşah. Lap arvadını xoruzdan gizlədəndi.

   Qoymazdı arvadının üstünə bir erkək milçək qonsun.

   Bəli, baş vəzir, nə fənd işlətdisə, fürsət tapdı, padşahın arvadıynan xəlvəti görüşdü. Nə dedi ona, nə boyun oldu, nə və"dlər verdi, deyə bilmərəm, əl-qərəz, günlərin bir günü qoşulub qaçdılar. Bilmirəm Məqribə, ya Məşriqə.

   Baş vəzir, daha doğrusu təzə padşah vədinə xilaf çıxmadı - arvadının xorultusunu maqnitofona yazdı bu xorultunu məmləkətinin himni elan etdi.

   Hər gecə təzə məmləkətin radiosu xorultu-himni verirdi təzə padşah ləzzətlə qulaq asırdı. Axı o cavan arvadını yaman sevirdi. Sevəndə isə xorultunu da musiqi kimi dinləyirsən. Bunlar burda sevişmədə olsun, sizə kimdən deyim, qoca padşahdan.

   Qoca padşaha arvadının vəfasızlığı baş vəzirin xəyanəti yaman yer eləmişdi. O öz rəiyyətinə yad radionu dinləməyi qadağan etmişdi. Amma gecələr xəlvətdə bütün əhali sabiq padşah arvadının xorultusuna qulaq asırdı.

   Bəziləri ona görə qulaq asırdılar ki, maraqlıydı: axı heç kim padşah arvadının xorultusunu bundan əqdəm eşitməmişdi. Başqaları acıqcan qulaq asırdılar: əcəb oldu bizim maymaq padşaha, yaxşı elədi arvad, onu qoyub qaçdı.

   Bəziləri ürək ağrısıyla dinləyirdilər: axı necə oldu ki, bizim müdrik padşahımız bu cür arvadı əldən verdi, bu cür məlahətli xorultunu himn eləmək ağlına gəlmədi.

   Amma yad radionu hamıdan gizlicə padşah özü tuturdu.

   Müəyyən saatlarda padşah kirimişçə aradan çıxırdı. Tranzistorunu götürüb sarayın məlum yerinə girirdi. O, radionu qurur, illərlə dinlədiyi əbədi itirdiyi xorultunu sanki yenidən eşidir uzaq gənclik günlərinin xatirələrinə dalırdı.

   Keçib gedənləri bir-bir yadına salırdı - arvadıyla rəqs meydançasında ilk tanışlığını, ulduzlu may gecəsində onu tramvaya ötürməsi, sevgilisinin saçlarının ağacların o axşamkı qoxusu ilk öpüş-büllur sarayın qaranlıq dəhlizindəki ilk öpüşləri... hər şey, hər şey bir-bir gəlib dururdu padşahın gözləri qabağında. Padşahın gözləri yaşarırdı.

   Axı padşah yaman yuxaürək padşah idi.

   Xorultu kəsilir gecə düşürdü. Qoca, yalqız padşahın yalqız yatağındakı yalqız uzun gecəsi. Yataqda artıq arvadı yox idi, birələr, taxtabitilər harasa qeyb olmuşdu. Amma onsuz da indi padşah yata bilmirdi.

   Bütün gecəni gözünü qırpmırdı. Yuxusuzluq bəlasına düçar olmuşdu.

   Qış düşəndə padşahın halı lap pis oldu. Uzun qış gecələri uzandıqca uzanırdı. 

   Yuxusuz padşah gözlərini dama zilləyirdi - naxışlı dam göylər qədər uzaq idi. Padşah çarpayısında uzanıb düşünürdü. Yaman düşünən padşah idi.

   O düşünürdü: olardı, heç olmasa bircə saat yataydım, yuxumda da arvadım vəfasızı görəydim. gözəl olardı, o vəfasız gələrdi yuxuma, yanıma, bu sarayıma, ölkəmə.

   Heç kəs bilməzdi, heç kəsin ağlına gəlməzdi, heç lazım olmazdı - danışıq, barışıq, söhbət, qeybət...

   Amma birdən padşahın ağlına gəldi ki, yaxşı, axı sabiq arvadı başqa birisinin yuxusuna girə bilər.

   Padşah bir az da fikirləşdi lap dəli oldu: birdən doğrudan arvadı kiminsə yuxusuna girir, bax elə bu saat rəiyyətlərindən biri onu yuxuda görür. Bəlkə lap elə təzə baş vəzirim görür onu. Padşahı od götürdü. O, yerindən sıçradı.

   Adil, rəhmdil sakit padşah lap özündən çıxmışdı. Belə xəyanəti o heç kəsə bağışlaya bilməzdi - arvadına, birinci vəzirinə, axırıncı faytonçuya. Padşah dərhal tədbir tökdü.

   O yaman tez-tədbir padşah idi: bütün rəiyyət - baş vəzirdən aşpaza qədər hər səhər yazılı surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim etməlidir. 

   Bu gündən etibarən padşahın işi-peşəsi yuxuların məzmununu oxumaq idi.

   Çoxusunun məzmunu qatmaqarışıq, dolaşıq səfeh idi. Tezliklə bu padşahın pisini vurdu. O qərara gəldi ki, bu axının qabağını alsın. Padşah yuxuları ixtisara salmaq haqqında fərman verdi.

   Ancaq bazar günləri yuxu görməyə icazə verilirdi. Bəzi imtiyazlı şəxslərin - vəzirlərin, vəkillərin - həftədə əlavə yarım yuxu görməyə icazələri vardı - cümə günləri.

   Padşah razıydı ki, heç kim, heç vaxt onun qanunlarını pozmur.

   Hamı ancaq icazəli günlərdə yuxu görür və gördükləri haqqında müfəssəl məlumat verirdi. Amma ortalığa təzə bir məsələ çıxdı. Yuxular az olsa da, hər halda yenə də biməna, biməzmun və səfeh idilər.

   Bu yuxuların məmləkətə heç bir xeyri yox idi. Padşah çox fikirləşib axırı tapdı.

   O, bir komissiya düzəltdi. Həmin komissiya yuxuları təyin və tənzim etməli, yoxlamalı, onlara icazə verməli və nəzarət eləməliydi - heç bir dolaşıqlıq, qatma-qarışıqlıq, məntiqsizlik olmamalıdır.

   O yana, bu yana yozulan şeylər görməməli, qara basmaq olan - qadağandır! Yuxular sağlam ruhlu, aydın və açıq olmalıdır.

   Yuxuların həftəlik icmalını oxuyanda padşahın üzü gülürdü. Axı hamı eyni şeyi görürdü, amma hərə öz üslubunda, ruhunda: biri padşahı uca dağın başında, biri güllü-çiçəkli bağda, biri ağ atın belində görürdü.

   Belə yuxuları padşah çox bəyənirdi - o yeknəsəklikdə müxtəlifliyi, müxtəliflikdə yeknəsəqliyi xoşlayırdı.

   Padşah öz-özünə düşünürdü: "nə qəribə yuxulardır. Mən - at belində! Axı mən ömrümdə at minməmişəm. Görəsən at belində necə görünürəm? Kaş özümü bircə dəfə yuxuda görəydim".

   Ancaq görə bilmirdi. Çünki yata bilmirdi. Yuxusuz gecələri uzandıqca uzanırdı.

   Bir gecə - ilin ən uzun gecəsi - arvadının hörükləri kimi uzun qara Şəbiyeldada - padşahın qəlbi kədər yalqızlıq qəmiylə lim-həlim doldu.

   Qəlbi daşa dönmədi, yox, amansızlaşmadı. Özünün özünə yazığı gəldi.

   Düşündü ki, bax indi bütün rəiyyətim arxayın-arxayın xoşbəxt-xoşbəxt yatır (yuxu görmürlər - çərşənbədir!) Amma mən gözümün çimirini ala bilmirəm. Rəiyyət bəxtiyardır rahatdır, çünki padşahları mənəm - adiləm müdrikəm.

  

 

   (Ardı var)

 

   ANAR

 

  Ədalət.-2012.-14 mart.-S.5.