"Milli təhlükəsizliyin keşiyində"

 

  Müstəqilliyin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun təhdidlərdən qorunması, vətəndaşların hüquq və mənafelərinin təmin edilməsi milli təhlükəsizlik siyasətinin ən vacib elementləri və əsas məqsədləri kimi hər bir dövlətin qarşısında dayanan başlıca vəzifələrdir. Təsadüfi deyil ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölməsi öz fəaliyyətinə erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başlamışdı.

 

   Xalq Cümhuriyyətindən başlanan yol

 

   Müstəqil Azərbaycanın ilk xüsusi xidmət orqanları fəaliyyət göstərdikləri çox qısa müddətdə dövlətimizin milli təhlükəsizliyinin təmin olunması istiqamətində müəyyən işlər görə bilmişdilər. Məhdud imkanlara baxmayaraq, milli mənafelərə qarşı yönəlmiş təcavüzkar qəsdlərin qarşısının alınması istiqamətində effektiv qabaqlayıcı əməliyyat tədbirləri həyata keçirmişdilər. Lakin bu şərəfli missiya, yeni yaranmış təhlükəsizlik sisteminin inkişafı və təkmilləşdirilməsi işləri 1920-ci ilin aprelində bolşevik-daşnak müdaxiləsi və Azərbaycanın işğalı nəticəsində yarımçıq qaldı.

   Azərbaycanda sovet hakimiyyəti formalaşdırılandan sonra respublikanın digər dövlət strukturları kimi, təhlükəsizlik sisteminin də fəaliyyəti sovet ideologiyasının tələblərinə uyğun qurulmuşdu. Lakin Sovet İttifaqının dövlət siyasətini həyata keçirən təhlükəsizlik orqanları həm də xalqların milli dəyərlərinə və onların daşıyıcıları olan insanlara qarşı repressiv qurum kimi çıxış edirdilər. Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı adlanan bu orqanın 50-ci illərin əvvəllərinədək yüz minlərlə azərbaycanlını fiziki və mənəvi terrora məruz qoyması xalqımızın sovet tarixinin keşməkeşli dövrüdür.

 

   Milli prioritetlərlə xarakterizə edilən dövr

 

   Ötən əsrin ortalarından etibarən tədricən respublika təhlükəsizlik orqanlarında tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli iş görülməyə başlandı. İftixar doğuran haldır ki, bu prosesdə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanları sıralarında öz xalqına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Ulu öndərin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində DTK-da əvvəlki dövrlərdən köklü surətdə fərqlənən ab-hava yaranmış, kadr potensialının milli təməllər üzərində formalaşdırılması, təhlükəsizliyin təminatında respublikamızın və xalqımızın milli maraqlarının ön plana çəkilməsi, qorunması və özünüdərkinin dirçəldilməsi məqsədilə ümumən Azərbaycanın gələcəyinə hesablanmış mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndər xalqımızın mənafelərini, milli-mənəvi irsini, milli təfəkkür və dəyərlər sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, dəyanət nümayiş etdirmişdir. Bu baxımdan Heydər Əliyevin repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Bunun üçün ulu öndər mərkəzin təzyiqləri ilə üz-üzə dayanmaqdan çəkinməmiş, müəyyən qüvvələrin ciddi müqavimətlərinə baxmayaraq, qətiyyət və cəsarət nümayiş etdirərək Azərbaycanın görkəmli elm, mədəniyyət, ictimai xadimlərini siyasi təqiblərdən, amansız repressiyalardan qorumaqla milli maraqların müdafiəsi sahəsində hələ o illərdə xalqımıza tarixi xidmətlər göstərmişdir.

   Heydər Əliyev hər zaman dövlət strukturlarında, o cümlədən xüsusi xidmət orqanlarında azərbaycanlı kadrların sayının artmasını istəyirdi. Məhz o böyük insanın Azərbaycanın təhlükəsizlik orqanlarında rəhbərliyə irəli çəkildiyi dövrdə bu quruma milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması geniş vüsət almışdır. Ulu öndər Heydər Əliyevin milliləşmə siyasəti ötəri, keçici və ya epizodik hal olmamış, bütöv bir sistem təşkil etmişdir. Milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc əməkdaşların xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad və Kiyev şəhərlərinə göndərilməsi, ümumiyyətlə, milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə də şərəfli və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin bu spesifik sahədəki ölçüyəgəlməz və milli hisslərə söykənən zəngin fəaliyyəti daim böyük ehtiramla xatırlanacaq, onun peşəkarlıq məktəbindən dönmədən bəhrələnəcəklər.

 

   Milli təhlükəsizliyin təminatı dövlətin başlıca vəzifələrindəndir

 

   Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızın təhlükəsizlik orqanlarının fəaliyyətində yeni mərhələ başlamış, Milli Təhlükəsizlik Nazirliyi təsis edilmişdir. Artıq qarşıda duran vəzifələr yeni dövrün və ictimai-siyasi formasiyanın mahiyyətinə uyğun olaraq fəaliyyət göstərmək, müstəqilliyimizə və ölkəmizin maraqlarına qarşı olan təhdidlərlə mübarizə idi. Lakin 1991-1993-cü illərdə ölkə həyatının digər sferalarında olduğu kimi, bu sahədə də ciddi problemlər, boşluqlar yaranmışdı. Hakimiyyət uğrunda çəkişmələrin aparılması, ictimai-siyasi sabitliyin olmaması digər orqanlar kimi, Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyətinə mənfi təsir göstərmiş, beləliklə, dövlət maraqlarının qorunması işi xeyli zəifləmişdi. Bundan istifadə edən pozucu qüvvələr ölkədə milli-etnik münasibətləri süni şəkildə qızışdırmağa çalışır, ekstremizmin müxtəlif formalarda təzahür etməsinə rəvac verirdilər.

   Həmin ağır günlərdə - 1993-cü ilin iyununda xalqın təkidli və israrlı tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu başlıca məsələlərdən biri ölkəmizin milli maraqlarına cavab verə biləcək düzgün siyasi-strateji kursun müəyyən olunması əsasında müstəqil Azərbaycan dövlətinin etibarlı təhlükəsizlik siyasətinin hazırlanması və həyata keçirilməsi idi. Bütün bu işləri son dərəcə mürəkkəb daxili siyasi vəziyyət və xaosun mövcudluğu, Ermənistanın Azərbaycana olan hərbi təcavüzü, müəyyən xarici təzyiqlər şəraitində həyata keçirmək lazım gəlirdi. Mövcud reallıqları - Azərbaycanın mürəkkəb coğrafi məkanda yerləşməsini, dünyanın müxtəlif fövqəlgüc mərkəzlərinin Cənubi Qafqazda toqquşan iqtisadi və hərbi-siyasi maraqlarını, cəmiyyətimizə yad olan müxtəlif radikal dini təsirləri müdrikliklə nəzərə alan Heydər Əliyev ilk günlərdən milli təhlükəsizliyin təminatı sahəsində işləri əzmlə və cəsarətlə davam etdirdi. Ulu öndər təhlükəsizlik orqanlarının fəaliyyətinin yüksək səviyyədə qurulmasını incəliklərinə qədər gözəl bilirdi və bunun sayəsində ciddi islahatlar həyata keçirildi. Həmin dövrdən etibarən ölkədə hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının qarşısında duran başlıca vəzifələrin müəyyənləşdirilməsi və reallaşdırılması, xarici xüsusi xidmət orqanlarının həyata keçirmək istədikləri kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması istiqamətində ciddi işlərə başlandı və tədricən, lakin qətiyyətlə mühüm nailiyyətlər əldə olundu.

   Ümummilli lider Heydər Əliyev özünə əziz və doğma saydığı təhlükəsizlik orqanlarından diqqət və qayğısını heç bir zaman əsirgəməmiş, Azərbaycan xalqına qarşı yönəlmiş qüvvələrlə mübarizənin ön sıralarında dayanan və ölkənin milli təhlükəsizliyini təmin etmək kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetirən bu strukturun möhkəmlənməsini dövlətin qarşısında dayanan ən mühüm və başlıca vəzifələrdən biri kimi dəyərləndirmişdir. Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" Sərəncamı da bu diqqət və qayğının, xüsusi xidmət orqanlarının müstəqil dövlətçiliyimiz qarşısındakı xidmətlərinə göstərilən böyük ehtiramın təcəssümüdür. Bu sərəncamla hər il mart ayının 28-i ölkəmizdə milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

   Azərbaycanı inkişaf etdirmək, onun müstəqilliyini əbədiləşdirmək və təhlükəsizliyini etibarlı təmin etmək üçün xalqımıza və dövlətçiliyimizə son dərəcə sədaqətli, vətənpərvər, sağlam milli düşüncəyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, geniş təfəkkürə və dünyagörüşünə malik milli kadr potensialının yetişdirilməsi ölkəmizin milli maraqlarının təmini baxımından vacib məsələdir. Hələ sovet dövründə respublikamızın təhlükəsizlik orqanları üçün peşəkar milli kadrların hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşan ulu öndər Heydər Əliyev vacib dövlətçilik təsisatlarından olan milli təhlükəsizlik orqanlarının formalaşması və inkişafında mühüm rol oynayan yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirə biləcək təhsil ocağının yaradılmasını zəruri saymış və 1 dekabr 1998-ci il tarixdə imzaladığı sərəncamla Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını təsis etmişdir. Bununla da Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin təməli qoyulmuşdur. Bu gün ümummilli lider Heydər Əliyevin adını daşıyan akademiya Milli Təhlükəsizlik Nazirliyi üçün xüsusi ali təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

 

   Çağdaş dövrümüz təhlükəsizlik tədbirlərinin adekvat olmasını tələb edir

 

   Qloballaşma proseslərinin vüsət aldığı çağdaş dövrümüz milli təhlükəsizlik sahəsində adekvat ixtisaslı tədbirlərin həyata keçirilməsini zəruri edir. Geostrateji mövqeyi baxımından beynəlxalq maraqların kəsişdiyi bir məkan olan Azərbaycanın son illərdə dinamik inkişafının, tranzit əhəmiyyətinin artmasının, beynəlxalq neft-qaz kəmərlərinin işə düşməsi, dünya nizamının dəyişkənliyi, mürəkkəbliyi və ziddiyyətli olması, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır və mübarizənin yeni formada, müasir tələblərə uyğun aparılmasını vacib edir. Digər tərəfdən, fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirməsi, dini və milli tolerantlığı ilə tanınan Azərbaycan üçün bu faktor xüsusilə aktualdır. Azərbaycan üçün təhlükəsizlik məsələlərinin önəm kəsb etməsi həm də Ermənistanın respublikamıza qarşı hərbi təcavüzünün bu gün də davam etməsi ilə şərtlənir. Bu münaqişənin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən həllini tapmaması, zəbt olunmuş torpaqlardan terrorçuların hazırlanması, narkotik vasitələrin kultivasiyası, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki Cənubi Qafqaz regionu, hətta beynəlxalq aləm üçün təhdidlər doğurur.

   Lakin iftixarla qeyd edirik ki, bu gün ölkəmizin milli təhlükəsizlik strategiyası təhlükəsizliyimizə yönələn hər cür təhdidlərə qarşı möhkəm və sarsılmaz sipər yaratmağa imkan verir. Ümummilli liderin Azərbaycanın milli təhlükəsizliyinin, maraq və mənafelərinin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir, çağdaş dövrün tələblərinə uyğun olaraq zənginləşdirilir. Prezident İlham Əliyevin fəaliyyətində milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması əsas yerlərdən birini tutur və dövlət başçısı sürətlə inkişaf edən, müxtəlif sahələrdə böyük uğurlara imza atan müstəqil respublikamızın milli təhlükəsizliyinin qorunmasını hər zaman vacib məsələ kimi daim önə çəkir, bu sahəni diqqət mərkəzində saxlayır.

   Ölkə rəhbərinin təhlükəsizlik məsələlərinə həssas münasibəti bu yönümdə qanunvericilik bazasının xeyli genişlənməsində və təkmilləşdirilməsində də özünü göstərir. Qəbul olunmuş "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları, Prezident tərəfindən 23 may 2007-ci ildə təsdiq edilmiş Milli Təhlükəsizlik Konsepsiyası ölkəmizin təhlükəsizlik siyasətini müəyyən edən mühüm sənədlərdir. Bu sənəd və aktlarda milli maraqların və təhdidlərin anlayışı verilmiş, təsnifatı aparılmış, milli təhlükəsizliyin təminatı sahələri və sistemin əsas elementləri, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi çərçivəsi, ölkənin milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində vəzifə və səlahiyyətləri dəqiq müəyyənləşdirilmişdir.

 

   Diqqət və etimad məsuliyyətimizi artırır

 

   Milli təhlükəsizlik orqanları ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin diqqətini və qayğısını daim hiss edir. Dövlət başçısı dəfələrlə milli təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşmüş, xidmətdə fərqlənənləri təltif etmiş, ali rütbələrin verilməsi ilə bağlı sərəncamlar imzalamış, xalqımızın ümummilli liderinin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının binası qarşısında ucaldılmış abidəsinin və burada şöhrət muzeyinin açılışı, Döyüş bayrağının təqdim edilməsi mərasimlərində iştirak etmişdir. Dövlət başçısı MTN-in "N" saylı hərbi hissəsində də ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı və hərbi hissəyə döyüş bayrağının təqdim edilməsi mərasimində iştirak etmiş, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin əsaslı təmir edilmiş binası ilə tanış olmuş, "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalamışdır.

   Bütün bunlarla yanaşı, Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılması üçün zəruri işlər görülmüşdür. Fəaliyyətimizin yeni üsul və formalara uyğun təkmilləşdirilməsi müasir texniki təchizat işimizi mükəmməl və səmərəli qurmağa imkan vermişdir.

   Ötən dövr ərzində dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində milli təhlükəsizlik orqanlarının şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlər davam etdirilmişdir. Bir sıra ərazi orqanları üçün yeni inzibati binaların inşası, habelə zəruri təmir-tikinti və bərpa işləri ardıcıl surətdə aparılmışdır. Hərbi hospitalda və İstirahət evində tikinti-quruculuq işlərinin yaxın vaxtlarda başa çatdırılması sosial müdafiənin gücləndirilməsi istiqamətində növbəti addımlar olacaqdır. Əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin də davam etdirilməsi qeyd olunmalıdır. Prezident İlham Əliyevin imzaladığı "Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə (2007-2011-ci illər üçün) Dövlət Proqramı"nda da milli təhlükəsizlik orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması kimi vacib məsələlər əksini tapmış və həyata keçirilmişdir. Bütün bunlar fəaliyyətimizə göstərilən yüksək diqqət və etimad olmaqla yanaşı, əməkdaşları daha yaxşı işləməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə səfərbər edir. Prezident İlham Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü münasibətilə milli təhlükəsizlik orqanlarının əməkdaşlarına və veteranlarına ünvanladığı təbrikdə ölkənin xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin Azərbaycanın həyati maraqlarına qarşı yönəlmiş destruktiv fəaliyyətinin qarşısının alınması, ölkəmizin daxili və xarici siyasətini həyata keçirmək üçün əlverişli şərait yaradılması məqsədi ilə təhlükəsizlik orqanlarının gördükləri tədbirlər, qlobal informasiya məkanında erməni təcavüzünə qarşı apardıqları işlər, terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə daha səmərəli və sistemli xarakter almışdır".

 

   Uğurlarla zəngin ötən dövrdə milli maraqlara və mənafelərə qarşı təhdidlərlə mübarizə peşəkarlıqla aparılmışdır

 

   Müstəqilliyimizin bərpasının 20-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz 2011-ci il bütövlükdə Azərbaycan xalqının, dövlətinin həyatında möhtəşəm uğurlarla yadda qaldı.

   Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi müstəqillik illərində xarici siyasətdə nail olduğumuz böyük uğurlardandır. Bu ilin fevralında Azərbaycanın "Böyük iyirmiliy"in xarici işlər nazirlərinin toplantısına dəvət edilməsi isə dünyada artan nüfuzumuzun növbəti beynəlxalq etirafıdır. Bütün bunlar həm də onun göstəricisidir ki, müasirləşmə və yeniləşmə mərhələsində böyük nailiyyətlərə imza atan, önəmli sosial-iqtisadi göstəricilərə malik olan, regionda və beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən, gündən-günə qüdrətlənən Azərbaycan öz dövlətçilik tarixinin mühüm dövrünü yaşayır və yüksək inkişaf etmiş ölkələr sırasına qədəm qoymaqdadır.

   2011-ci il Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olmuşdur. Ulu öndər Heydər Əliyevin "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun" fikrini öz xidməti fəaliyyətlərində rəhbər tutan milli təhlükəsizlik orqanlarının şəxsi heyəti üçün il müvəffəqiyyətlə nəticələnən əməliyyatlarla və xidməti fəaliyyətdə mühüm nəticələrlə yadda qalmışdır.

   Ötən peşə bayramından keçən dövr ərzində Azərbaycanın siyasi, hərbi və iqtisadi maraqlarına qarşı yönələn təhdidlərə, terror-təxribat və kəşfiyyat-pozuculuq niyyətlərinə qarşı məqsədyönlü mübarizə aparılmış və önəmli nəticələr əldə edilmişdir  

   Azərbaycan Respublikası, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat və digər pozuculuq fəaliyyətinə qarşı bir sıra effektli preventiv əks-kəşfiyyat tədbirləri keçirilmişdir. Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 2 nəfər hərbi qulluqçu barəsində Cinayət Məcəlləsinin "Dövlətə xəyanət" maddəsi ilə cinayət işləri başlanmışdır.

   Müharibə şəraitində yaşayan Azərbaycanda əks-kəşfiyyat xətti üzrə sayıqlıq və fəaliyyətin intensiv gücləndirilməsi həmişə aktualdır. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi səmərəli əks-kəşfiyyat tədbirləri nəticəsində, Azərbaycanın suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanət, habelə terror aktına hazırlıq görən, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatı əldə etmiş və digər təhlükəli cinayətdə təqsirli bilinən, İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş 2 ayrı-ayrı qrup, bütövlükdə 24 nəfər ifşa olunaraq tutulmuşlar.

   Terrorçuluqla mübarizə uğurla davam etdirilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində Pakistan-Əfqanıstan ərazilərində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər tutulmuşdur. 

   Mütəşəkkil transmilli cinayətkarlıq bütün dünya ölkələri, o cümlədən əlverişli geostrateji mövqeyə malik, dinamik inkişaf edən Azərbaycan üçün narahatlıq doğurur. Bu məqsədlə ötən il Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan ticarəti, "çirkli pulların yuyulması", kibercinayətlər və mütəşəkkil cinayətkarlıqla bağlı digər sahələrdə mübarizə ardıcıl davam etdirilmişdir. Ötən müddətdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə və qrup ifşa olunmuş, ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Həmin narkotik vasitələrdən 353 kiloqramı Rusiya, Ukrayna və Tükiyədən olan tərəfdaşlarla birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsadirə olunmuşdur. Faktlarla bağlı 40 cinayət işi başlanmış, Azərbaycan, Ukrayna, Rusiya, İran və Gürcüstan vətəndaşlarından ibarət 137 nəfər istintaqa cəlb olunmuşdur. Qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində təyinatına görə nüvə sənayesində istifadə edilən avadanlığın qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstə də zərərsizləşdirilmişdir. Eləcə də dərman və dərman preparatlarının, külli miqdarda qiymətli daş-qaşın və qızıl məmulatlarının, spirtli içkilərin, radioaktiv və zəhərləyici maddələrin qaçaqmalçılığının qarşısı alınmış, ümumilikdə bu faktlar üzrə 8 cinayət işi başlanmış, 16 nəfər məsuliyyətə cəlb olunmuşdur.

   İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan vətəndaşları olan qadınların cinsi istismar məqsədilə xarici ölkələrə göndərilməsinin qarşısı alınmış, faktla bağlı cinayət işi başlanmışdır. Milli Təhlükəsizlik Nazirliyinin materialları əsasında Baş Prokurorluq tərəfindən "İnsan orqanlarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə" maddəsi ilə başlanmış cinayət işi üzrə 2 nəfər Azərbaycan Respublikası vətəndaşı məsuliyyətə cəlb olunmuşdur.

   2011-ci il ərzində Gədəbəy Qızıl-mis Emalı Zavodundan xam qızılın oğurlanması ilə məşğul olan Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompyuter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstə yaxalanmışdır. Bundan başqa, saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlama, nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən yayınma, insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənimsəmə və digər cinayətlər üzrə 27 cinayət işi başlanmışdır.

   Ümumən əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılır, hər bir amil ciddi nəzərə alınır, qabaqlayıcı tədbirlər görülür. Qarşıya qoyulmuş vəzifələrin icrası zamanı Milli Təhlükəsizlik Nazirliyi digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir və bu, uğurlu nəticələr verməkdədir.

 

   Effektiv fəaliyyətə xidmət edən hər bir məsələ diqqət mərkəzindədir

 

   Xarici tərəfdaşlarla işgüzar əlaqələr də mühüm əhəmiyyət daşıyır və bu sahədə aparılan işlər uğurla davam etdirilir. Burada effektli informasiya mübadiləsi vacib faktordur. Bu gün Milli Təhlükəsizlik Nazirliyi onlarca xarici xüsusi xidmət orqanı ilə qarşılıqlı əlaqələri həyata keçirir. Eyni zamanda, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi çərçivəsində Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin bir sıra ölkələrə səfərləri olmuş, həmin ölkələrin müvafiq orqanlarının rəhbərləri ilə görüşlər keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində 5-7 oktyabr 2011-ci il tarixdə Türkdilli dövlətlərin xüsusi xidmət orqanları Konfransının 14-cü iclası, 26-28 oktyabr 2011-ci il tarixdə isə MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 31-ci iclası keçirilmişdir. Həmçinin əməkdaşlarımız BMT, Avropa Şurası, NATO, ATƏT, MDB və GUAM çərçivəsində transmilli mütəşəkkil cinayətkarlığa, terrorçuluq, narkotiklərin yayılması və digər təhlükəli cinayətlərə qarşı fəaliyyətə həsr olunmuş tədbirlərdə iştirak etmişlər.

   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması hər zaman fəaliyyətimizin prioritet istiqamətidir. Dövlət başçısı cənab İlham Əliyevin Ermənistanın təcavüzkar və riyakar siyasətinə qarşı informasiya mübarizəsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində hücum taktikası ilə bağlı tövsiyələri rəhbər tutularaq ötən ildə də məqsədyönlü kompleks tədbirlər həyata keçirilmişdir. Bu sahədə informasiya mübarizəsinin effektivliyi artırılmışdır. Bir çox xarici ölkə alimlərinə, politoloqlara və konfliktoloqlara münaqişənin tarixi, əsassız erməni iddiaları, erməni tarixçilərinin saxtakarlıqları barədə ətraflı məlumatlar çatdırılması təmin edilmişdir. Bu işdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məqsədyönlü fəaliyyəti qeyd edilməlidir. Dövlət Komissiyası tərəfindən Ermənistanın terrorçuluq siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, 25 mindən çox kitab, CD və müvafiq vasitələr paylanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri bir sıra xarici ölkələrdə keçirilən silsilə tədbirlərdə fəal iştirak etmişlər.

   Müəyyən qüvvələrin internet resurslarından istifadə olunmaqla əməliyyat şəraitinə təsir göstərmə imkanları, kibercinayətkarlıq, informasiya təhlükəsizliyi bugünün reallıqlarıdır. Məhz bu aktuallığı nəzərə alaraq Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü ilə 12-13 mart 2012-ci il tarixlərdə Bakı şəhərində Avropa İttifaqı ilə birlikdə "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilmişdir. Seminarda informasiya təhlükəsizliyi sahəsinə aidiyyəti olan digər dövlət qurumlarının da ekspertləri iştirak etmişlər.

   Milli Təhlükəsizlik Nazirliyində ictimaiyyətlə əlaqələrin səmərəli təşkilinə, fəaliyyətin işıqlandırılmasına, görülən tədbirlər və əldə edilən nəticələr barəsində cəmiyyətin operativ məlumatlandırılmasına xüsusi diqqət yetirilir. Hər bir şəxs həm gündəlik mətbuat səhifələrində, həm də nazirliyin rəsmi internet səhifəsində lazımi məlumatlarla tanış ola bilir.

   Sözsüz ki, uğurlu fəaliyyətin əsas şərtlərindən biri kadrların düzgün seçilib yerləşdirilməsi, peşə hazırlığı və irəli çəkilməsidir. Kadrların seçilməsi zamanı vətənpərvərlik və peşəkarlıqla yanaşı, onların müasir informasiya texnologiyaları üzrə vacib sahəvi biliklərə malik olmasına ciddi önəm verilir. Kadrların yetişdirilməsində müstəsna rolu olan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında əməkdaşların hazırlığı və ixtisas artırılması ilə bağlı bütün imkanlar yaradılmışdır.

 

   Təhlükəsizliyimizin və dövlətçiliyimizin qorunması işində daim ön sıralarda

 

   Son illər Azərbaycanda geniş regional və beynəlxalq layihələr həyata keçirilir. Eyni zamanda, ölkəmiz ardıcıl olaraq irimiqyaslı beynəlxalq siyasi, dini, mədəni, idman tədbirlərinin həyata keçirildiyi bir məkana çevrilmişdir. Bütün bu layihələrin və tədbirlərin təhlükəsizliyinin təmin olunmasında milli təhlükəsizlik orqanları da yaxından iştirak edir.

   Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dönməz ictimai-siyasi sabitlik, aparılan fəal hüquq mühafizə siyasəti nəticəsində son 15 ildə Azərbaycan və Bakı şəhəri davamlı olaraq cinayətkarlıqla mübarizənin səviyyəsinə görə MDB-də ən yaxşı göstəricilərə malik respublika və paytaxt sayılır. Təhlükəsizlik imici tərəfdaşlığa, etibara, xarici sərmayə qoyuluşuna geniş yollar və imkanlar açır. Qürur hissi ilə qeyd edirik ki, cari ilin may ayında ölkəmizdə "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcəkdir. Bununla əlaqədar respublikamıza onlarca dövlətdən rəsmi nümayəndə heyəti və iştirakçıların, yüzlərlə xarici jurnalistin və minlərlə turistin gəlişi gözlənilir. Tədbirin keçirildiyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında bütün aidiyyəti strukturlar kimi, milli təhlükəsizlik orqanlarının qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunmuşdur.

   Milli təhlükəsizlik orqanlarının əsas vəzifəsi təhlükəsizliyin və sabitliyin təmin edilməsi, müstəqilliyin və dövlətçiliyin qorunmasıdır. Bizim vəzifəmiz dövlətin daxili və xarici siyasəti üçün əlverişli şərait, inkişaf üçün etibarlı təminat yaratmaqdır. Əlbəttə, bu məsələdə hər bir vətəndaş da ayıq-sayıq olmalı, dövlətçilik mövqeyindən çıxış etməli, təhlükəsizliyin təmin olunmasında dövlət orqanlarına yardımını əsirgəməməlidir.

   İndi keçid dövrünü arxada qoyan Azərbaycan dövlət quruculuğunun yüksək inkişaf, müasirləşmə və yeniləşmə mərhələsini yaşayır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinə sadiq, möhtərəm Prezident İlham Əliyevin əmr və tapşırıqlarının icrasına hər an və dönmədən hazır olan milli təhlükəsizlik orqanlarının şəxsi heyəti Azərbaycanın qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir.

   Milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı münasibətlə əməkdaşlarımızı və veteranlarımızı təbrik edir, xidməti fəaliyyətlərində və bütün işlərində uğurlar arzulayırıq. Bir daha bəyan etmək istəyirəm ki, milli təhlükəsizlik orqanları müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işində daim öndə gedəcək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində ən yaxın silahdaşlarından olacaqdır.

  

 

   Eldar MAHMUDOV,

   Azərbaycan Respublikasının milli

   təhlükəsizlik naziri, general-leytenant

 

   Ədalət.-2012.-29 mart.- S.4.